Author: Emil (page 2 of 4)

Dəyişdim

Hava soyuqdur,

Kefim də yoxdur…

Dedim nəyisə dəyişim

Kefimi açım…

Fikirləşdim,

Fikirləşdim,

Fikirləşdim,

Dəyişdim…

Yox….

Nə peşəmi,

Nə şəhəri,

Nə ölkəmi,

Nə də bir ay öncə

Aldığım paltonu…

Dəyişdim…

Evimdən işə gedən,

İşdən evimə gələn

Yolumu…

08/04/2025

Gün

Səhər saat doqquzun yarısı oyanmışdım. Əl-üzümü yuyub, idman etdim. İdmanı edəndən sonra, mətbəxə keçib. üç kənd yumurtasını qaynatdım. Bir stəkan çay, üç yumurta, şor, kərpic çörəklə səhəri yola verib, qardaşımın işlətdiyi obyektə getmək üçün hazırlıq gördüm. Saat on birdə orada olmalı idim. Yediyim qab-qaşığı yuyana, pişiyin yeməyini, suyunu hazır edənə, evə lazım olan şeyləri alıb evə qoyana kimi saat on ikini keçdi. Birə iyirmi dəqiqə işləmiş evdən çıxdım. Evdən çıxan kimi, üzü Nəsimi bazarına tərəf getdim. Bazara gedən yolda, iki gün əvvəl şalvarımın sağ cibini tikdirdiyim dərzi dükanının açıq olduğun gördüm. İki gün idi ki, evdə Rafiq Tağının “Keçmişə yaxın yer” hekayələr kitabını axtarırdım. Fikirləşirdim ki, bəlkə, burada qoyub getmiş olaram. İçəri girdim.Yaşlı bir kişi ilə cavan bir qadın söhbət edirdi. Yanlarından keçib dərziyə tərəf gəldim. Kitabı soruşmaq istəyirdim ki qəhvəyi şkafı üstündə kitabı gördüm.

-Mən də iki gündür bunu axtarırdm.

Kitabın arasına, həm itməsin deyə, həm də əlfəcin kimi konsert bileti qoymuşdum. Cavan xanım biletə baxıb gülə-gülə dedi:

-Deyəsən, bileti axtarırdınız?

Mə də gülə-gülə cavab verdim:

-Elə hər ikisini.

Dərzi məndən soruşdu:

-Nə biletidir o?

-“Duman” qrupu var. Onların konsertinə bilet almışam.

Dərzi dükanından çıxıb, bazara tərəf yol aldım. Bazara çatan kimi, tanıdığım bir taksi sürücüsü ilə görüşdüm. Adını bilmirdim, soruşmamışdım da. O da mənim. O mənə salam verirdi, hal soruşurdu. Mən də onun kimi. Nə mən ona “əmi” deyirdim, nə o mənə “qardaşoğlu”. Bir-birimizə müraciətimiz salam, hal-əhval tutmaqdan ibarət idi. Arada bir-birimizə “siz” deyirdik. Bu dəfə də salamlaşıb, bir-birimizin kefini soruşduq. Cavablar da eyni.

-Yaxşıyam

Oğlunu soruşdum:

-Necədir oğlunuzun vəziyyəti? Hamama su gəlir?

-Hə…yox…indi də Gəncədən Gədəbəyə gedib. Deyir hava yaman qəşəngdir burada. Öz-özümə deyirəm, indi bir az keçsin, qaldırsınlar dağa, gör nə olan şeydir.

-Orada su gəlir?

-Vallah dedim, su gəlmir. gəlməsin də. Çimmə. Çinqa-çuqlar necə, sən də elə, Monqollar necə, sən də elə. Çimmə. Nə məsləhət görürsən?

-Məsləhət odur ki, dövlət baxmalıdır əsgərə.

Ağsaqqal acı-acı üzümə gülümsündü.

Sağollaşıb yola düzəldim. “Music Gallery”-nin qarşısına çatdım. Qardaşımın Whatsappla mənə göndərdiyi ünvanı açıb, yoluma davam etdim.

Xəritənin göstərdiyi yolla obyektə çatdım. Özüm orada bir-neçə dəfə olsam da, ünvan yadımdan çıxırdı. Obyektə çatmamış, “Bazarstore”-dan dörd ədəd “Bonaqua” aldım. Həm özüm üçün, həm də orada işləyən aşpaz-Kamilə bibi üçün.

Suları alıb, gəldim obyektə. Qapını döydüm. İçəridən səs gəldi:

-Kimdir?

-Elnurun qardaşı

Kamilə bibi qapını açdı. İçəri girdim. Salamlaşıb ikinci otağa keçdim.

Obyekt iki otaqdan ibarətdir. Birincisi mətbəx, ikincisi istirahət otağı. Mətbəx otağına keçən kimi, otağın sağında kondisioner, yemək üçün işlənən qabların, qaşıqların, düyü paketlərinin qoyulduğu rəf sırası və soyuducu var. Qaz plitəsi, mikrodalğalı soba da mətbəx otağının solunda yerləşir. Mətbəxin sağ tərəfində düzbucaq şəklində qara və ağ rəngdə iki masa var.

İstirahət otağı da bir böyük, iki kiçik masadan, üç oturacaqdan və yemək üçün işlənən ləvazimatların yığıldığı böyük ölçülü rəflərdən ibarətdir.

-Qardaşım, yəqin, sizə deyib. O gələn ay əsgərliyə gedir, işləri tapşırır mənə.

-Hə, lap yaxşı.

-Elə siz mənə bu işləri öyrədərsiniz. İndən belə mən olacağam.

-Nə deyirəm. Öyrədərəm.

Qadın işi mənə öyrətməyə başladı. Woltla, Boltla necə işlədiyini, hansı yeməklərin menyudan çıxarıldığını, hansıların qaldığını mənə başa saldı. Qaldı o yeməklərin hazırlanması.

Qardaşımın buradakı işləri də elə yaxşı getmirdi. Sifariş verən az idi.

Mən də gördüm iş yoxdur, başladım Rafiq Tağının “Şəkilləri böyüdülənlər sağdılar” hekayəsini oxumağa. Kamilə bibi də telefonunu açıb, seriala baxırdı.

Mənim oxumağımdan, onun baxmağından on beş dəqiqə keçən kimi, sifariş gəldi.

“Toyuqlu plov, ayran”

Sifarişin hazırlanması üçün on dəqiqə vaxt qoyub, keçdik mətbəxə. Bibi, toyuqlu plovu hazırlamağa başladı. Hazırladıqca da, mənə də başa salırdı.

Yemək hazır olan kimi, sifarişin nömrəsini paketə qeyd edib, kuryer gələnə qədər istirahət otağına keçdik. Mən kitab oxuyur, o da seriala baxırdı. Bibinin telefonundan azan səsi gəlməyə başladı.

-Serialdan gəlir azan səsi?

-Yox, telefondan.

-Allah qəbul eləsin.

-Çox sağ ol.

Namaz mənə söhbət yeri verdi.

-Nə vaxtdan bəri namaz qılırsınız? Özünüz öyrənmisiniz, ya öyrədəniniz olub?

Qadın videonu saxlayıb. eynəyini masaya qoyub söhbətə başladı.

-Yox, özüm öyrənmişəm. Otuz ildir ki, namaz qılıram.

-Ailədə sizdən başqa qılan var?

-Böyük, bir də kiçik oğlum.

-Allah qəbul eləsin.

Qapı döyüldü. Qapıya yaxınlaşdıq.

-Kimdir?-mən soruşdum

-Kuryer.

Qapını açdım. Sifarişini nömrəsini soruşdum

-092.

Paketi verdim kuryerə.

Yenə keçdik istirahət otağına. İş doğrudan da zəif idi. Sifarişlər qırx dəqiqədən bir gəlirdi. Kitabı kənara qoyub, özümlə gətirdiyim noutbuku açdım. Dedim, filmə baxım, bir az da vaxtımı belə xərcləyim.

Noutbuku açdım. Başladım filmlər axtarmağa. Neçə aydır ki. detektiv janrında ssenari yazmaq istəyirdim. Elə o mövzuda da filmlər axtarırdım. “Google”-da ingiliscə “Sirli cinayətlər haqqında filmlər” adı ilə filməri axtarışa verdim. Baxdığım, baxmadığım filmər rastıma çıxdı. Mən də baxmadığım filmə-“The Strangers” filmini açdım. Bibi də serialına baxırdı.

On dəqiqə olardı ki, filmə baxırdım. Bir də gördüm, bibi dilə gəldi

-Bu da bir azardır ey…telefonsuz dayana bilmirik. Deyirəm otuz il əvvəl başımızı necə qatırdıq?

Başımı noutbukdan qaldırıb, ona baxdım

-Necə qatırdınız?

-Vallah, nə bilim qatırdıq da birtəhər. Söhbətlə, onunla-bununla

-Söhbət edək də.-deyib, noutbuku bağladım.

-Harada doğulmusunuz?-mən soruşdum

-Saatlıda.

-Saatlıda? Mən sizi İsmayıllıdan bilirdim.

-İsmayıllıdan? Hiss olunur?

-Hə, danışığınızdan. İsmayıllıdansınız?

-Anam oradandır. Atam Saatlıdan.

-Hansı kəndindən?

-Ooo…ucqar kəndindən, Azadkənddən. Əvvəlki adı Beşdekabr idi.

Təəcüblə soruşdum

-Beşdekabr? Niyə elə ad veriblər?

Qadın dodaqlarını büzdü

-Vallah nə bilim. Kənd o vaxt salınıb yəqin. Türmədən qaçan, müharibədən qaçan ora sığınıb. Elə-elə olub kənd.

-Orta məktəbi orada oxumusunuz?

-Orada oxumuşam.

-Ali məktəb?

-Lənkəranda. Tibb bacısı təhsili almışam

-İşləmisiniz tibb bacısı kimi?

-Yox…ailə qurdum, övlad-uşaq…day alınmadı…o vaxt da əlli manatla işə düzəldim…qabağa düşmüşdüm…o vaxtdan bu yana aşpazlıq edirəm…amma, kaş üstünə düşəydim…diplomum yatır kənddəki evimizdə…Allaha şükür, əsas odur ki, uşaqlarım işləyir. Biri hərbçidir. Daxili Qoşunlarda xidmət edir, biri də rabitədə.

Arvad söhbəti qardaşımdan saldı:

-Elnur da Daxili Qoşunlara düşər, boyuna görə.

-Görək də.

-Sən əsgərlikdə olmusan?

-Yox, gedə bilməmişəm. Onurğa sütunumda əyrilik var deyə, göndərməyiblər.

Bibi əsgərlikdən söhbət salanda, mən də səhər taksi sürücüsü ilə etdiyim söhbəti ona danışdım. O da dediklərimə sakitcə cavab verdi

-Dövlətə nə var ey…Oturub-duranda da vətənpərvərlikdən dəm vururlar…Vətənpərvərlik deyəndə də. kasıbın balalarını qabağa verirlər… Müharibə vaxtı iki oğlunu itirən ana-ata var idi…ürəyim də gəlmədi baxmağa…adam nətəhər dözsün axı…min əziyyətlə iki övlad böyüdəsən, şəhid ola…Bizə müharibə lazım idi…

Söhbət ki bundan düşdü, (söhbəti də salan mən oldum) mən də onun dediklərinə qüvvət verdim:

-Hələ neçə qazi də müharibədən sonra haqqını ala bilmədi…intihar etdi…

Qadın köks ötürdü

-Elədir…Allah qalanları saxlasın…

-Sözün düzünü deməyə də imkan vermirlər…deyən kimi, qolu qandallı aparırlar…

Bunu deyəndə, bibinin ürəyi açıldı:

-Bilirsən, bala, bunu da çox yerdə deyə bilmirəm…mən Əli Kərimlinin qohumuyam…

-Hə, o da Saatlıdandır…

-Hə, oradandır…çox savadlı oğlandır…eyni məktəbdə oxumuşuq, məndən iki sinif aşağı idi, onun bacısı ilə bir sinifdə oxumuşam…bilikli idi, riyaziyyat müəlliminə də səhv tuturdu…

-İxtisasca hüquqşünasdır, deyəsən

-Hə, oranı qurtarıb…Ailəlikcə çox insan adamdırlar…ona da imkan vermirlər…nə burada imkan verirlər sözünü desin, nə imkan verirlər xaricə getsin…

-Ona görə, sizə, qohum-əqrabanıza dəyən olmayıb?…

-Olub..bacım oğlu, polisə düzəlmişdi…yaxşı da işləyirdi…məsuliyyətli idi, əliəyriliyi yox…heç nə, biləndə ki. Əlinin qohumudur, şərləyib çıxartdılar…

-Bəs sizin oğlanlarınıza necə?…

-Yox…onlara dəyən olmadı…ərim Biləsuvarlıdır…Mübariz İbrahimova qohum düşür…böyük oğlum o adla Daxili Qoşunlara düzəldi…

Yenə sifariş gəldi

“Qovurmalı plov”

Qadın mətbəxə keçdi.

Beləcə sifarişləri hazırlaya-hazırlaya, söhbət edə-edə vaxtımız keçirdik.

Bu gün üçün həm də tələbə yoldaşım Sərxanla görüşəcəkdim. Saat altının yarısı idi. Qardaşıma zəng vurdum:

-Elnur, axşamın xeyir.

-Axşamın xeyir, Elşad. İşlər necə gedir?

-Yaxşı gedir. Mən saat altı üçün çıxacağam. Sərxanla görüşəcəyəm. Dedim xəbərin olsun.

-Hə, yaxşı.

Xala ilə sağollaşıb obyektdən çıxdım. Sərxana zəng vurdum:

-Alo, Sərxan?

-Salam, Elşad.

-Mən, Azadlıq tərəfdəyəm. Sahil tərəfdə görüşək?

-Alınar.

-Yaxşı. Gələcəyəm ora.

-Oldu.

Obyektdən çıxandan sonra, üzü Koroğlu parkına kimi piyada getdim. Oradan da “88”, “85”, “4” nömrəli avobusların gəldiyi dayancağa. Mən ora çatandan beş dəqiqə sonra, “88” nömrəli avtobus çatdı.

“28 May” metro stansiyasında düşüb, piyada Heydər Əliyev parkına, oradan da Nizami küçəsi tərəfə getdim. Küçəyə çatan kimi, “Sahil” metro stansiyasının yolunu tutdum. Yol gedə-gedə Sərxana da zəng vurdum

-Alo, Sərxan? Çatırsan?

-Taksidəyəm. Çatıram.

Metroya çatan kimi, Sərxanla qabaqlaşdım. Görüşüb yola düzəldik.

-İş-güc necə gedir?-mən soruşdum

-Sən canı, işdən danışma…

-Yaxşı, özün necəsən?

-Yaxşı, sən?

-Belə də…

Danışa-danışa tikilməkdə olan Molokan bağına çatdıq. Addım-addım hasarı keçib “Xaqani” Ticarət Mərkəzinin qarşısına gəldik. “Xaqani” Ticarət Mərkəzinin aşağısı ilə addımlayıb, üzüyuxarı-KFC restoranına sarı qalxdıq. Oradan da yuxarı qalxıb düz “Garden Loft” barına çatdıq. Çatan kimi, Sərxan məndən soruşdu:

-Olmusan burada? Tanıyırsan buranı?

-Hə, niyə tanımıram? Tanımadığım yerə adam gətirərəm?

Keçdik içəri. Səhnədə Şahin Əlizadə “Pəncərə”mahnısını oxuyurdu. İçəri keçən kimi bizi Turan qarşıladı. Turan, deyəsən, bu barın yiyəsi idi. Çünki barın köhnə ünvanında da, mən həmişə Turanı icraçı kimi görmüşdüm.

-Elşad. axşamın xeyir!-Turan dedi

-Axşamın xeyir, Turan! Tələbə yoldaşımdır. Sərxan.

Turan Sərxanla salamlaşıb. bizə yer göstərdi. Barın tən ortasında yer istəmirdik. Səhnədən bir az kənarda, sırf ikiadamlıq masalar var idi. Biz də o ikiadamlıq masalardan birini seçdik. Oturandan iki dəqiqə sonra. ofisiant xanım masaya iki menyu gətirdi. Mən menyudakılara sıra ilə baxsam da, Sərxan eləcə göz gəzdirdi.

-Xırdalan pivəsi içək? Qədəh yox ha, şüşədə.

-İçək.

-Yanında?

Çərəzlərə baxdım

-Yanında…suxarı.

-Yaxşı.

Gözlədik ki, yanımızdan ofisiant keçsin. Üçcə dəqiqə sonra. elə yanımızca. bizə bayaq menyuları gətirən xanım keçdi. Onu çağırdıq.

-Xanım, bizə iki şüşə pivə, yanında suxarı gətirərsiniz.-Sərxan dedi.

-Yaxşı.-xanım bara tərəf getdi.

Şahin indi də türk müğənnisi Yalının “Zalim” mahnısını oxuyurdu.

Masaya pivələrə də, suxarılar da gətirildi. Pivə şüşələrini toqquşdurub, “məclis”sə start verdik.

“Məclis”imizin başlamağından yarım saat keçmişdi. Mən pivəni yavaş-yavaş içirdim. Sərxan yarılamışdı. Təzədən pivə də sifariş vermişdi. Şahin oxuduqca da. Sərxan da zümzümə edirdi. Pivə Sərxanı tutmuşdu.

-Kefin açıldı, deyəsən?

-Açıldı nədir ey….sağ ol ey, Elşad! İndən belə məni belə yerə çağırsan, mən gəlməsəm, məndən əclaf adam yoxdur!

Gülümsündüm

-Yaxşı…sən deyən olsun. Gəl toqquşduraq.

-Bunu içirəm, səni tanımağımın şərəfinə!

-Sağ ol!

Qabda qalan suxarıları da mədəmizə ötürdük. Onsuz da. düz-əməlli pivə içən deyildim, suxarı ilə güclə ötüşdürürdüm. O da qalmamışdı. Sərxan bunu hiss edib. dedi

-Saçaqlı pendir deyək?

-Hə. de gətirsinlər.

Sərxan, bayaq bizə qulluq edən xanıma işarə etdi. Xanım beş dəqiqə sonra, masaya yaxınlaşdı.

-Bizə, zəhmət olmasa, saçaqlı pendir gətirərsiniz. Bir də iki şüşə pivə.

Xanım , başı ilə işarə edib, masadakıları yığışıdırdı. Bara getdi. Mən Sərxandan soruşdum:

-Ə, iki şüşə niyə? Birincisini zorla yarıladım…

-Ə, heç nə olmaz…içərsən…

Şahin fasiləyə çıxmışdı. Mahnıları aparatdan oxudurdular. Oxudulan mahnılar da Tarkanın mahnıları idi. Hamı oynayırdı. Biz də hamıya qoşulub, oxudulaan mahnıları müşayiət etməyə, oynamağa başladıq. Pivə, Sərxanı əməlli-başlı tutmuşdu.

Xanım, masaya sifariş verdiklərimizi gətirdi. Oturduq. Pivə şüşələrini toqquşdurduq.

-Bunu da içək, bu günün şərəfinə!-mən dedim.

-İçək!

Yadıma qardaşım düşdü. Dedim,bəlkə, o da buralarda olar, qoşular bizə. Zəng vurdum qardaşıma

-Alo, Elnur, necəsən? Biz şəhərdəyik Sərxanla. Bardayıq. Həvəsin var, qoşul bizə

-Ə, yox, hamamdayam. Sən neynirsən barda?

-Pivə içirəm.

-Yaxşı, ə…

Sərxan da pivə içməyin başını buraxıb mənə qulaq verdi

-Buna bax ey, mənə inanmır. Deyirəm, pivə içirəm. Gələ bilsən, gəl.

-Yox, başqa yerə gedəsiyəm.

-Özün bilərsən.

Zəngi bağladım.

-Elşad, Elnur yüz faiz başqa işlə məşğuldur.-Sərxan bunu deyib, göz vurdu.

Gülümsündüm.

Bardakı ab-hava canlanmışdı. Hamı rəngli işıqların altında, oxuyur, oynayırdı. Sərxan da kefi istəyən vaxt məndən üzbəüzdəki masada oturan üç nəfər qızdan alışqan istəməyimi xahiş edirdi:

-Bir dənə o qızlara de, alışqan versinlər.

Mən də üzümə salıb, onlara deyirdim:

-Bağışlayın, alışqanı olar?

Məndən sağda oturan qız da da, alışqanı mənə verir, mən də Sərxana ötürürdüm

Sərxan qarşımızda oturan xanımlara baxıb, mənə dedi

-Elşad, o qızı görürsən, qara paltarlı. balaca boy qızı…

Üzbəüzümüzdəki masaya baxdım.

-Hansını deyirsən? Ortada oturanı?

-Hə, onu. O qız səndən kəsir…

Qıza tərəf baxdım. Simaca pis qıza oxşamırdı. Bir də gördüm onlardan sağdakı masadan bir oğlan qızlara yaxınlaşdı. Onlarla söhbətə başladı. Nə danışdıqlarını eşitməsəm də, gülə-gülə söhbət etməklərindən bilinirdi ki, qızlar oğlanı əməlli-başlı tanıyır. Tanış olmağa həvəsim öldü.

Fasilə bitdi. Şahin səhnəyə qayıdıb “Oyuncaq kimi” mahnısını oxumağa başladı. Yenə pivə toqquşdurduq.

-Bunu da içək, burada olmayanların şərəfinə!-Sərxan dedi

-İçək!

Sərxanı kefi ala buludda idi

-Elşad!
-Hə?

-Pivəni içək qurtaraq, gedək dincəlməyə!

Bunu deyib, göz vurdu.

-Sərxan, o dincəlməyi özün bilərsən. Mənə bu günlük pivə bəsdir.

-Ə di, yaxşı da. İçmişik, gəl axıra kimi gedək…

-Sərxan, özün də bilirsən, gedən deyiləm…zorla deyil ha…

-Axır-əvvəl gedəcəksən, xeyri yoxdur…

-Nə isə ey…getmək istəyərsən, gedərsən özün. Gəl çıxaq havaya. Ürəyim sıxıldı.

Çantalarımızı stullara qoyub, çölə çıxdıq. Hava mülayim idi.

Sərxan əlindəki siqareti çəkə-çəkə mənimlə söhbətə başladı.

-Elşad, bu gün olmasa, sabah gedəcəksən. Axır-əvvəl gedəcəksən. İndidən get ki, təcrübən olsun.

-Ay kişi, get də. Sənin qabağını ki almıram.

-Tək gedim?

-Tək deyəndə…tək qoymaram. Day bir gəlmişik, bir qayıdarıq.

-Mənə görə gözləmə.

-Yol getdiyim adamı, yarı yolda qoyan deyiləm. Bir qayıdarıq.

-Sağ ol Elşad…

-Sən sağ ol.

Danışa-danışa, xeyli yol getmişdik. “Old School” kafesindən üzü bara tərəf yol aldıq.

Bardakı ab-hava əvvəlkindən də canlı idi. Oturan adam gömədik. Bardakı işçilər də müştərilərə qoşulmuşdu. Bu dəfə də “oxuyan” aparat idi. Aparatdan, Aygünün “Sağ-salamat” mahnısı gedirdi.

Saat on ikiyə on beş dəqiqə qalmışdı. Sərxan üçüncü şüşəni boşaltmış, mən ikincini birtəhər yarılamışdım. Hesabımız verib, Turanla sağollaşıb, bardan çıxdıq. Bardan çıxan kimi, Sərxana dedim:

-Dincəlmək istəyirdin. Odur bax…

Barın yaxınlığında “Hamam” adlı yer var. Oranı göstərdim.

-Elşad, işdir qalsam, yazacağam sənə.

-Yaxşı

Sərxan içəri girdi.

Getdiyi iki dəqiqə çəkmədi ki, geri qayıtdı.

-Nə oldu?

-Əşi başın burax…mən istəyən deyil…

Səbəbini də dedi.

-Tanıdığım başqa yer də var. Ora gedək.

-Yaxşı.

İslam Səfərli küçəsindən üzü Tolstoy küçəsinə tərəf getdik. 1 saylı tam orta məktəbi keçib, oradan da üzüyuxarı qalxdıq. Bir xeyli yol getdik. Gəlib massaj salonunun qarşısına çıxdıq. Salonun girişində ard-arda “KARAT” “MASSAJ” yazıları gedirdi.

Sərxan içəri girdi. İki dəqiqə keçməmiş, geri qayıtdı.

-Xoşuna gəlmədi?

-Yox.

Salonun üzbəzündə “Play” sağlamlıq mərkəzi var. Ora getdik. Sərxan içəri keçdi.

Bu dəfə tez qayıtmadı. Deyəsən, xoşuna gəlmişdi. Çölə çıxdı.

-Elşad, sənə sürpriz göstərim?

Alnımı qırışdırdım

-Nə sürpriz?

Sərxan əli ilə kimisə çağırdı. Çağrılan da gəldi. Gələn qardaşım idi. Üçümüzü birdən gülmək tutdu.

-Elşad, Elnura deyəndə ki, qardaşın da buradadır, inanmadı.

-Elə mən də inanmadım ki, bu gecə onu burada taparam.

-Sənə dedim, məşğuldur-Sərxan gülə-gülə dedi.

Bir də gördüm ki, ikisi də dirəşib məni içəri dartır.

-Ayə, ay kişi, işinizlə olun, mənimlə işiniz olmasın.

-Ə. gəl, xoşuna gəlməsə, qayıdarsan-Sərxan dedi

-Bir gəl, gör.-Elnur da Sərxanın sözünə qüvvət verdi

Əl çəkmədilər. Girdim içəri.

Növbədə azından on adam dayanmışdı: azərbaycanlı, hindistanlı, pakistanlı…üzbəüzlərində də, arıq, dolu, uzun, balaca boy “ət yığını”… “Ət yığını”nın şefi də, yapışmışdı hindistanlının qolundan. Qabağındakıları ona göstərə-göstərə deyirdi:

-Yalla, habibi, yalla.

Arxa da, barmen içki seti hazırlayırdı. Ekranda da, xarici klip gedirdi.

Sərxana, Turana əlimlə işarə edib, çıxdım.

“Sağlamlıq mərkəzi”ninin üzbəüzündə ağacın altında oturdum. Mən ora oturandan bir az sonra, biri uzunboy, biri ortaboy iki cavan oğlan mənə tərəf gəldi.

-Oturmaq olar?-uzunboy oğlan soruşdu

-Olar.

Oturub, şaftalı yeməyə, “Sirab” içməyə başladılar. “Nuş olsun” dedim.

-Sənə də olsun.-ortaboy oğlan dedi.

-Yox sağ ol.

Uzunboy oğlan mənə şaftalı uzatdı.

-Gəl, qonaq ol

-Sağ ol, yemiş qədər varam.

-A kişi, qonaq ol,

Təzədən “sağ ol” deyib, şaftalın götürdüm. Başladım söhbətə

-Lənkərandansınız?

-Yox, Naxçıvandan-uzunboy oğlan cavab verdi.

-Hə, lap yaxşı…Vəziyyət necədir ey, orada? Vasif xan Talıbovdan sonra?

Ortaboy oğlan cavab verdi:

-Vasifi əli çıraqlı axtarırlar…

-Lap elə…

-Həə…

Uzunboy oğlan dilə gəldi:

-Görürsən Bakını? Sağı-solu fahişəxanadır…Naxçıvanda fahişəxana görmək olardı? Vasif imkan verərdi? İndi Naxçıvanı da Bakının gününə salmaq istəyirlər…

Bunu deyəndə “Chevrolet” markalı maşın yaşıl işığı gözləməyib keçdi. Bu dəfə də ortaboy oğlan dilə gəldi.

-Vasifin vaxtında, qayda-qanun var idi. Vasif getdi, qayda-qanun da getdi.

Elə bu məqam, yanımızdan on səkkiz-iyirmi yaşlarında saçı boyalı, qıvrımsaç, qulağına sırğa taxmış, şortik geyinmiş, qolu döyməli oğlanlar keçdi. Bu dəfə də uzunboy qızışdı:

-Vasifin vaxtında, oğlanlar saat on ikidən sonra eşiyə çıxmırdı! Vasif getdi, oğlanlar eşiyə çıxmağa başladı!

Öz-özümə dedim “Vasifə bax ey, oğlanların da namusunu qoruyurmuş”…

-Yaxşı bu indiki, əvvəl Vasifin yanında işləyib?

Uzunboy oğlan cavab verdi:

-Yox, Bakıda işləyib. Özü də deyəsən, Şərurdandır, ya da Şahbuzdan.

Naxçıvanın Vasif Talıbovun dövrü və onun dövründən sonrakı ictimai-sosial vəziyyətini müzakirə edəndən sonra, söhbəti Naxçıvanın havasından saldım.

-Naxçıvannın istisi məlum…qışı da sərt keçər…

Uzunboy cavab verdi:

-Bə nə…Batabatın qışını görəsən..Naxçıvanda əsgərlik çəkənlər qalın-qalın geyinəndə, bizim dünya-aləm vecimizə olmurdu ey…uşaqlıqdan vərdişkar olmuşduq.

-Burada yaşayansınız?

Uzunboy oğlan cavab verdi:

-Hə.

Bundan sonra da, sırf söhbət getsin deyə, biz-birimizin yaşını, evli, subay olub-olmadığımızı soruşduq. Söhbət bu qədər qıt idi.

Şaftalılar qurtarmış, Sirab içilmişdi. Danışmağa söz yeri də qalmamışdı. Onlar mənimlə sağollaşıb, yollarına düzəldilər. Mən də ağacın altında, qardaşmı, tələbə yoldaşımı gözləyirdim. Saat gecə birə iyirmi dəqiqə qalmışdı. Gün başa çatmış, təzə günün ilk qırx dəqiqəsi başlamışdı. Vaxt keçsin deyə, Rafiq Tağının hekayələrini oxuyur, playlist-də yüklədiyimi mahnılara qulaq asır, “sağlamlıq mərkəz”inə gedən, oradan çıxan adamlara baxırdım…

Saat ikiyə on dəqiqə işləmiş, bir saat əvvəl mənim yola saldığım “pasiyent”lər də, mərkəzdən çıxdılar. Sapsağlam çıxdılar. Sifətləri qıpqırmızı qızarmışdı. Mənim oturduğum yerə gəldilər.

-Necə keçdi?

-Əla!-Sərxan dedi.

-Lap yaxşı.

Qardaşımın maşınına tərəf getdik. Sərxana bizimlə getməyi təklif etdim

-Yox, narahat olma. Taksi ilə gedəcəyəm.

Qardaşıma baxdım. Gördüm ona da sərf etmir, razılaşdım.

-Necə məsləhətdir.

Sərxan bizimlə sağollaşdı.

Qardaşım məni evə yola salıb, təzədən sağlamlıq mərkəzinə qayıtdı…

30.06.2024-02.08.2024

Arzular

Xoşniyyətli insanların, xoş niyyətlərinə çatması aruzusu ilə…

Gecə keçmiş, yastıq başında

Başlayır xəyallar,

Boy verir arzular…

Arzular ümid cücərdir,

Ümidlər cəhd tomurcuqlayır…

Çatmaq ümidi ilə yaşayırsan,

Çatmaq həvəsi ilə çapırsan

Ümidini, arzuların üstünə…

Ya yetirsən arzuna

Ya da gedir tərsinə…

İl gəlir il üstünə…

Sonra da görürsən ki,

Məktəb də bitirmisən,

Əsgərlik də çəkmisən,

Təzə işə girmisən

(Nə fərqi var, yaxşı, pis)

Axır ailə qurmusan,

Ər evinə köçmüsən…

***

-İstəklidir?

-Yox əşi..elə birin tapdılar,

Dedilər: Məsləhətdir!

-İxtisasın?

-Atam deyən, anam istəyən…

-Bəs peşən?

-Nə bilim “nə”

-Maaşın?

-Pis deyil də…

-İşindən razısanmı?

-…Başımı girləyir də…

-Köçəsiydin Berlinə?

-Qalıram Əhmədlidə…

Yaş gəlir yaş üstünə…

***

Bir ölkənin içində

Bir şəhər dəyişmisən,

Ya bir şəhər içində

Dörd otaq dəyişmisən,

Üç otaq əvəzinə…

Xeyirli olsun, bacım, qardaşım!

Arzu. dilək tutmağa

Ya da peşman olmağa,

Bir otaq yerin artıb

Bir şəhər yerin artıb

Bu ölkənin içində!…

Yenə şükür bu günə!…

…Hə?!…

…Arzular harada idi?

Arzular diri idi,

Arzular cəsur idi…

Ümidlər şirin idi…

Diri arzular ölür,

Arzular qorxaqlaşır,

Ümidlər acılaşır…

Ya sən qurban verirsən,

Keçirsən hünərindən,

Ya da ki sənli, sənsiz,

Eləcə itir, gedir…

Arzular şəhərində

Arzular dəfn edilir…

Ayılırsan fikirdən,

Yan otaqdan səs gəlir:

-Ay oğul, araq hanı?

-Ay qız, bizə çay gətir!

04/01/2025-05/01/2025

SƏFƏR

Həftənin şənbə günü idi. Səhər tezdən oyanmışdım. Şamaxıda baş tutacaq texno musiqi festivalı üçün hazırlıq görməyə başladım. İşlərin yarısı geridə qalmışdı. Tədbir üçün bir, nəqliyyat üçün ayrı-ayrılıqda iki nəfərlik bilet almışdım. Bircə qalmışdı iki nəfərlik çadır, mat, yuxu kisəsi almaq. Onları da “Yonja Outdoor” mağazasından iyirmi dörd manata kirayə götürdüm. Hə, bir də tədbirin geyim kodeksi qara dəst idman paltarı idi. Dəst idman paltarını da “Gənclik Mall”-un yaxınlığında yerləşən “Sportline” mağazasından aldım.

Mənə yazmışdılar ki, səfər avtobusu saat yeddidə, Avtovağzaldan Biləcəriyə gedən yolda, “Bazarstore”-un qarşısından yola düşəcəkdi. Həm də məsləhət gördülər ki, saat yarım, bir saat tez çıxım. Dedikləri kimi də etdim. Beşin yarısı evdən çıxdım. Mağazaya çatanda saat altı idi. Mənimlə ora gedəcək dostuma zəng vurdum

-Arif, çatırsan?

-Hə, Emil, indi çıxıram.

-Çalış, tez çıx. Tıxacdır.

-Yaxşı.

Susamışdım. Yola düşməmiş, evimə yaxın mağazadan iki butulka su almışdım. Birinci butulkanı, elə dükanın qabağında, az qala birnəfəsə boşaltdım. Üçüncüsünü də, mağazadan aldım. Saat yedddinin yarısı idi. Avtobus hələ də gəlməmişdi.

Vaxt keçsin deyə, olduğum yerdə var-gəl etdim. Bu mağazadan o mağazaya tərəf getdim. Bir də gördüm ki, elə mənim kimi geyinmiş, beli çantalı bir oğlan yolun qarşısında dayanıb. Yaxınlaşdım

-Bağışlayın, siz də səfər avtobusu gözləyirsiniz?

-Bəli.

-Elə mən də.-deyib. əlimi uzatdım.

-Adınız?-mən soruşdum

-Qəzənfər.

-Mənim də Emil. Şad oldum. Bilet almısınız, ya sizə də hədiyyə veriblər?

-Hədiyyə veriblər.

-Yarışmadan?

-Yarışmadan.

-İntellektual yarışmadan?

Ağlıma birinci bu gəldi.

-Yox. Özləri təşkil etmişdi. Dedi, izləyin, paylaşın, dostlarınızı işarələyin, hədiyyə bilet qazanın. Siz necə?

-Şeir yarışmasından.

-Lap yaxşı

-İşləyirsiniz?

-Xeyir

-Oxuyursunuz?

-Bəli. Üçüncü kurs tələbəsiyəm.

-Harada?

-Bakı Dövlət Universitetində.

-Hansı ixtisas?

-Filologiya

-Ədəbiyyata marağınız var, deməli.

Qəzənfər gülümsündü

-Var idi…öldürdülər…

-Düz etməyiblər…müəllimlər yaxşı dərs keçmir?

-Maraqsız keçir dərslər…müəllimlərin çoxu da yaşlıdır.

-Qismət Rüstəmov dərs keçir sizə?

-Rüstəmov yox. Cəfərov keçir. Cavandır, yaxşı müəllimdir.

Saat yeddiyə on beş dəqiqə qalmışdı. Avtobus hələ də gəlməmişdi. Bu nəqliyyat işini təşkil edən adama-Elvinə zəng vurdum.

-Alo? Biz bayaqdandır ki, avtobus gözləyirik. Nə vaxt gələcək?

-Salam. Avtobus gələcək. Səbirli olun.

-Səbir edirik ey, nə vaxt gələcək?

-Səbirli olunb, gələcək.

On beş dəqiqə də səbir etməyə getdi.

Saat yeddiyə on beş dəqiqə qalmış, Arif “Whatsapp”-dan yazdı

“Avtobusa mindin?”

“Yox”

“Nə axmaq sistemdir”

“Çatmısan sən?”

“Yəqin, gəlməyib. Çatıram. Nə idi ki?”

“Ümumiyyətlə soruşuram”.

“Həə. Avtobus çatanda de”.

“Haradasan sən?”

“Burada, Biləcəri kruqunda. İki dəqiqəyə çatar? Avtobus gəlib?

“Gəlməyib avtobus”

“Həə. Yolda taksidən iki qız düşdü. Yəqin bizim tədbirə gedirlər. Avtobus gələndə de, düşüb piyada gəlim :)”

“Yaxşı…yaman yerdə düşdüm dilinə…”

“Niyə düşdün dilimə ? 🙂 Avtobus görür Arif gəlməyib. ona görə gəlmir”

Yazışmağımızdan beş dəqiqə keçmiş, Arif mənə zəng vurdu

-Emil, avtobus çatdı.

-Çatdı? Haradasan?

-Göndərirəm olduğum yeri.

Olduğu yeri göndərməsə də, olardı. Onunla danışanda təcili tibbi yardım maşının səsi gəlirdi. Səs bizə də yaxınlaşdı. Onda bildim ki, avtobus yolun sağ tərəfindədir. Qəzənfəri, bizdən kənarda dayanan cütlüyü əl edə-edə çağırdım.

Qaça-qaça çatdıq avtobusa. Arifi də düz avtobsun qabağında gördüm. Salamlaşdıq. Qəzənfəri də onunla tanış etdim.

-Bu cavan oğlan da tələbədir.

Arif də mənim ondan soruşduğum sualları, bir-bir soruşdu. Sonra üzünü mənə sarı çevirdi.

-Bu da bizim qalibimiz. Bilet qazanb. gedirik rayona.

Baqaj açıldı. Hamımız yüklərimizi baqaja daşıdıq, mindik avtobusa. Saat səkkizə iyirmi dəqiqə işləyirdi. Avtobus hərəkətə keçməmişdi. Hələ də gələnlər, yüklərini baqaja qoyanlar var idi. Yoldan da maşınlar sürətlə keçir, yeri gəldi-gəlmədi siqnal verir, Əli Vəlini, Vəli Pirvəlini çağırır, kimsə də. düz avtobsun qabağında tütəklə “Dolya Vorovskaya” mahnısını zümzümə edirdi. Bir də gördük ki, həmin tütək çalan girib avtobusa.

-Allah rızası üçün, mənə kömək edin…

Bunu deyib “Dolya Vorovskaya”nı təzədən zümzümə etməyə başladı. Nəzarətçilərdən biri onun dalınca gedirdi. Tütək çalan, təxminən yeddi-səkkiz yaşında, qara saçlı. qarayanız oğlan uşağı idi.

-Ay qaqaş, ay qaqaş, gəl görüm bura…

Nəzarətçi uşağı güc-bəla ilə avtobusdan düşürtdü. Avtobus hələ də hərəkətə keçməmişdi. Birdən qapı açıldı və nəzarətçilərdən biri bizə dedi:

-Uşaqlar, düşün aşağı.

Tütək çalan da onun çağırışına hay verdi:

-Ala, nə diyanmusunuz?! Çıxun! Çıxun!

Təzədən başladı “Dolya Vorovskaya”nı oxumağa.

Mahnının müşayiəti ilə aşağı düşdük. Nəzarətçi də “Dolya”nın həzin sədaları altında adlarımızı yoxlamağa başladı. Elə bil, bizi festivala yox, Qaradağ təcridxanasına aparırdılar. Birinci mənim adım gəldi

-Emil İsmayılov?

-Buradadır.

-Arif Qulamov?

-Buradayam.

-Oldu. Qalxın yuxarı.

Qalxdıq yuxarı. On dəqiqə də yoxlamaya getdi. Mən və Arif də məqamdan istifadə edib yolun üzbəüzündəki “Rahat” marketə getdik. Mağazadan özümüzə su, cipsi aldıq. Alış-verişimizi edib avtobusa qayıtdıq. Biz qalxandan beş dəqiqə sonra. sürücü avtobusu işə saldı və tütək çalan oğlanın ifa etdiyi mahnının sədaları altında yola düşdük…

Uzun yolun dərmanı söhbətdir. Mən də Ariflə söhbətə başladım.

-Arif, bilmək olmaz, bir də gördün. cüt qayıtdım. Düzü…

Arif gülümsündü

-Düzü. ona görə gəlmisən hə?…ay, Emil…deməli, qız tapmadın, mənimlə getdin hə…sərbəst ol əşi…kimlə tanış olmaq istəsən, tanış ol.

Ürəyim açıldı

-Görək də…Zarafat bir yana, biri gərəkdir…belə subay dolanmaq da bir iş deyil…həm də deyək ki lap tapdım..demirəm ha, Allah eləməsin burada tapdığımla…gərək düz-əməlli işim, maşınım, evim olsun…

-Elə şeyləri çox fikirləşmə…evlənməkdə də bir xeyir var…bir də gördün evləndin. iş də oldu. rahat ev də, maşın da…

-Xeyir işdə xeyir var deyirsən? İnanırsan elə şeyə?

-İnanıram. Bəlkə, gəlinin ayağı düşərli oldu?

Belə şeyə inamım yox idi. Arifin də buna inanmağı mənə qəribə gəldi. Hüquqşünaslıq təhsili hara. belə şeylərə inanmaq hara…Söhbət ki evlənməkdən, məhəbbətdən düşdü, mən başıma gələn öz haqq-hesabımdan. o özününkündən danışdı…Beləcə söhbət edə-edə Xırdalanı keçdik. İkimizi də bərk yuxu tutmuşdu. Elə təzəcə yuxuya keçmişdik ki, maqnitofondan texno musiqilər səslənməyə başladı, arada Eyyub Yaqubovun da mahnıları oxudulurdu. Gördük ki, yuxumuz gəlmir, aldıqlarımızı açıb, yeyib-içmək məclisi düzəltdik. Siftə bizdən oldu, avtobus arxa sıralarından da , ön sıralarından da paket səsləri gəldi.

Vaxt dəqiq yadımda qalmasa da, təxminən qırx dəqiqəyə, bir saata Sumqayıtın “Qold Qayalı” supermarketinin qarşısına çatdıq. Avtobusdan düşdüm. Suyumuz qurtarmışdı. Həm su, həm də çərəz almaq üçün mağazaya getdim. Getməyimlə qayıtmağım on dəqiqə çəkdi. Avtobusa qalxan kimi də, avtobus hərəkətə keçdi.

Saat on birin yarısı Şamaxıya, daha doğrusu “Demirchi Shamaxi” sözləri yazılmış lövhənin qarşısına çatdıq Avtobusdan düşüb, üzüyuxarı, tədbirin keçirildiyi yerə doğru piyada yola düşdük. Lövhənin qarşısından ora kimi təxminən yüz pilləkən yol var idi, bəlkə də, ondan da çox. Amil yüküm yüngülləşsin deyə, əlimdəki matları götürdü. Pilləkənlərin sayı artdıqca, Amili gülmək tutdu.

-Elə bil, texno festivala yox, pirə gedirik.

Axır doxsanıncı, ya yüzüncü pilləkəni aşandan sonra, girişə çatdıq. Növbədə xeyli adam var idi. Bizdən qabaqda azı on nəfər, arxada qırx-əlli. Gələnlərin hamısının adları soruşulur, telefonda adlarına baxılır, sonra da təlimatlar verilirdi.

-Qaydaları, yəqin ki, bilirsiniz. Rəqs meydanında video, foto çəkiliş etmək olmaz, içəri yemək, içki daşımaq olmaz. Heç kəsi narahat etməyin, sizi də narahat etməsinlər.

Axırda da çantalara baxır, cipsi, peçenye, şokolad, su ki gördülər, çantadan çıxardıb kənara qoyurdular.

Bizə də növbə çatdı. On beş manatlıq bazarlığımız da, daş üstündə qaldı.

-İçəridə yemək verilir.

Öz-özümə dedim:

-Kaş yolda yeyib-qurtaraydıq.

Addımlaya-addımlaya barı, rəqs meydanının keçib meşəyə çatdıq. Çadır qurmağa yer axtarmağa başladıq. Meşəlikdə bəziləri elə burada çadır kirayə götürmüş, bəziləri də bizim kimi şəhərdən alıb, burada qurmağa başlamışdı. Arif belə tədbirlərdə əvvəllər də olduğundan, məndən fərqli olaraq, çadır qurmaq təcrübəsi var idi. Köməkləşib çadırı qurmağa başladıq. Çadırı qurub, aşağı düşdük.

Rəqs meydanı bardan yuxarıda idi. Bar da üç hissədən ibarət idi. Birinci hissə-pivələrin, araqların, çaxırların verildiyi yer, oradan sağda sendviçlərin, şirniyyatların, çayların verildiyi piştaxta, ondan da sağda xüsusi reseptlə hazırlanan çayların verildyi masa. Bar da, rəqs meydanı da adamla dolu idi. On səkkiz yaşında da iştirakçı var idi, iyirmi yaşında da, otuz yaşında da, qırx yaşında da. Əksəriyyəti də bura tez-tez gedib-gələnlər idi.

-Ooo..nə var, nə yox?

-Üzünü görək! Haralardasan?

-Bəs deyirdin, sabah üçün olaram burada?

Tədbirin geyim kodeksi qara paltar olduğundan, çoxu elə qara geyinmişdi. Elələri də var idi ki, festival üçün xüsusi paltar tikdirmişdi. Bəziləri də köynəklərini bu tədbiri təşkil edənlərdən almışdı. Çünki bir çox qonağın və burada işləyənlərin köynəyinin qabağında “IN Club”, arxasında isə kiçik şriftlə “əbədilik xeyirxahlığa xidmət etməkdədir” cümləsi yazılmışdır. Hərə bir işlə məşğul idi. Bəziləri sakitcə ətrafına baxır, bir başqası təkbaşına pivə içir, yeyir, bəzisi elə bardaca oynayır, bir neçəsi pilləkənin üstündə oturub, meşəliyə baxır, kimlərsə tək-tək, cüt-cüt rəqs meydanına qalxır, qalanları bir-biri ilə söhbət edirdi. Mənlə Arif də müşahidəçi idik. Biz müşahidədə ikən, bizi bura dəvət edən tanışımız Orxan bizə yaxınlaşdı

-Nə dayanmısınız? Oynayın da!

-Baxıram, Orxan. Bəlkə, buradan şeir, hekayə çıxdı-mən dedim

-Bura şeir, hekayə çıxartmaq yeri deyil. Ye, iç, oyna! Siz burada heç kimin vecinə deyilsiniz! Heç nəyi də vecinizə qoymayın! Deyin, gülün, kef edin!

-Orxan, vəziyyətin yaxşıdır?-mən soruşdum.

-… günündəyəm. Qızdan ayrılmışam. Amma, vecimə də deyil! Gəlin yuxarı!

-Gələrik bir azdan-Amil dedi.

Orxan rəqs etməyə getdi. Qayıtdıq yenidən müşahidəmizə. Mənzərə bir az da aydınlaşdı. Bardan solda, üç nəfər qız gözümüzə sataşdı. Yan-yana dayanmışdılar. Kimisi cibindən, kimisi çantasından nələrsə çıxartdı, düzdü taxtanın üstünə. Düzdüklərini şəffaf paketlərə doldurdular. Doldurduqlarını burunlarına çəkdilər. Arif onlara baxa-baxa dedi:

-Şəhərdə də belə festivallar keçirirdilər, bunlardan da var idi. Sonra polis xəbər tutdu, bazarları bağlandı.

-Bəs burada niyə dəyib-dolaşmırlar?

-Şəhər polisi ilə rayon polisi birdir ki?…

Rəqs meydanına qalxdıq. DJ musqini bir az da qızışdırır, musiqi qızışdıqca, rəqs edənlərin ritmi də yüksəlirdi. Başlar aşağı enib, əllər və ayaqlar bir dəfə və bir yerdə sağa və sola hərəkət edirdi. Dəli kimi oynayırdılar. Meydandan yuxarıda, hündürlüyü az qala səkkiz-on metrə yaxın ağaca tərəf proyektor qoşmuşdular. Yaşıl rəngli işıqlar budaqların içindən dairəvi şəkildə işıqlanırdı. Meydanın içində yaşıl, qırmızı rəngli işıqlar, aşağıdakılar kimi sağa-sola fırlanırdı. Beş dəqiqəyə bu səhnəyə baxdım…Arif dedim:

-Arif, belə baxıram…həmyaşıdlarımız boş yaşayır…

Arif gülə-gülə əlini çiynimə uzatdı.

Düşdük aşağı. Bara yaxınlaşdıq. Menyu barın yuxarısından asılmışdı. Menyu da su da var idi, meyvə suyu da, pivə də, viski də. İstədim meyvə suyu götürəm. Gördüm ki, ətrafımda hamı əlində pivə gəzir. Çoxluğa tabe oldum. Arif də özü üçün Xırdalan pivəsi götürdü. Barın sağ tərəfinə keçdik. Arif qədəhi qaldırdı

-Emil, bunu içək bu günün şərəfinə!

Toqquşdurduq. Təzə söhbət də tapmadıq danışmağa. Başladıq yenə ətrafa baxmağa. Eyni adamlar, eyni sifətlər…ürəyim sıxıldı.

Düşdüm aşağı. Yolun aşağısında. daha doğrusu sağında ayaqyolu, solunda boş meşəlik ərazi, bir az da aşağı getdikcə, işlənməyən bar var idi. Hər yanından keçdikcə də, bardan it hürürdü. Bir az da aşağı getdim. Girişə çatdım. Təzə gələnlər var idi. Bura gələndə özümlə gətirdiklərimə baxdım. Bircə vafli qutusu qalmışdı. Paketlərə baxdığımı görən nəzarətçi soruşdu:

-Nə lazım idi?

-Gətirdiklərimizi axtarıram.

-Müdiriyyət deyib, təmizləyiblər.

Müdiriyyət yeyib. Təmizləyiblər.

Aşağı düşməyə həvəsim olmadı. Qayıtdım geri.

Bara çatanda Arifin bir nəfərlə danışdığını gördüm, Dediklərini aydın eşidə bilməsəm də, arada “Nəsimi” “Hələb” adı eşitdim dedi. Amillə danışan təxminən iyirmi yeddi-iyirmi səkkiz yaşında, qarasaqqallı oğlan idi. Oğlan onunla sağollaşandan sonra. Arifin yanına gəldim:

-Kim idi danışdığın?

-Suiriyalıdır. O məni tanımadı, mən onu tanıdım. Onu bir-iki dəfə Flora Hosteldə görmüşəm. Bir-iki dəfə də yox ey. bəlkə də çox, Tanışlıq verdim, o da məni tanıdı.

-Qonaq gəlib?

-Yox əşi..beş ildir burada yaşayır. Qaqan dedi ki, Nəsimi adlı şairmiz var, Hələbdə basdırılıb, onu görməyə gedəcəyəm. Dedi, bu saat vəziyyət orada yaxşı deyil. Sonra gedərsən. Dedim, ə gedəcəyəm ey. sonra-monra bilmirəm…

Arif, deyəsən, pivədən sonra, başqa şey də içmişdi.

-Emil, qalxaq yuxarı ey. kef edək.

Qalxdıq rəqs meydanına. Arif oynamağa başladı. Məni də qoşdu özünə. Mən də xala xətri qalmasın deyə. qoşuldum Arifə. Amma, çox oynaya bilmədim. Oynayanlara baxdım, musiqiyə qulaq asdım…texno musiqi məni o qədər darıxdırdı ki, Tünzalə Ağayevanın “Axar çaylar” mahnısı düşdü yadıma…tərslikdən qulaq asa da bilmirdim, meqabayt yox idi, hələ qulaqlığımın birini də bura gələndə meşədə itirmişdim.

Saat gecə üçə qalmış çadıra qayıtdıq. Səs-küy əlindən yata da bilmirdik. Başımı ora-bura çevirirdim, barmaqlarımı qulağıma tıxıyırdım ki, birtəhər yuxu alam.

Səhər saat doqquz olardı. Arif məndən tez oyandı. Mən də yarı oyaq, yarı yuxulu idim. O çadırdan çıxandan təxminən bir saat sonra mən oyandım. Arif çadırın yanında, altına çadırın qoyulduğu paketi sərib oturmuşdu.

-Day keçmişdi, on ikidə oyanaydın.

-Yata bildim ki…

Mən də paketlərdən birini yerə sərib oturdum. Hava sərin idi. Heç nəyi olmasa da. havasına görə bura gəlməyə dəyərmiş. On-on beş dəqiqə meşənin sərin havasını ciyərlərimizə çəkib, aşağı endik.

Təzə nə isə yox idi. Eyni musiqi. eyni ab-hava…Arif yuxarı-rəqs meydanına qalxdı. Mən də pilləkənin üstdə oturub ətrafa baxdım. Orxanı gördüm. Salamlaşdıq.

-Gecə rahat yata bildin?

Orxan ağzındakı siqareti yerə atdı.

-Hə, rahat yatdım. Sən?

-Mən də rahat yatdım.

-Təsəvvür edirsən, cibimdə bir qəpik də qalmayıb. Dünya-aləm də vecimə deyil!

-Xoşbəxt adamsan.

-Yaxşı, mən gedirəm uşaqların yanına.

-Yaxşı.

Gecə enməyə həvəsim qalmamışdı. Dedim, gündüzkən, görüm aşağıda nə var, nə yox.

Çıxışa çatanda, yenə orada qoyulan yeməklərə baxdım. Paket belə qalmamışdı. Aşırmışdılar. Otuz-qırx pilləkən də enib, avtobusun bizi düşürtdüyü yerə çatdım. İndi orada taksilər dayanmışdı.

-Şamaxıdan Bakıya taksi.. Şamaxıdan Bakıya…ayıq sürücü…

“Ayıq sürücü” deyəndə mənə tərəf baxdı. Mən də gülə-gülə cavab verdim.

-Ayığam.

Sürücülərdən biri dedi:

-Ayığa oxşamırsan.

-Ayığam. Araq-filan içməmişəm.

Bir başqası da söhbətə qoşuldu:

-Çay içmisən?

-Hə, çay içmişəm.

Üçüncüsü də dilə gəldi:

-Hə…bəs edir də…yüz faiz çayına qatıblar…

Gülə-gülə cavab verdim

-Qatsaydılar, bilərdim…

Dördüncüsü başladı danışmağa:

-Haradan bilərdin? Heç xəbərin də olmayıb…qatıblar…

-Dadmısan, deyəsən?

-O qədər…

-Şamaxılıların buradan xəbəri var?

Beşincisi söhbətə qoşuldu:

-Sən öl, deyəsən zır kayfdasan haa…

-Söz soruşuram, xəbəri var. ya yoxdur?

-Niyə olmasın?

-Bəs niyə imkan verirsiniz?

-Biz kimik imkan verməyək?

-Bura kimindir ki?

Beşincinin qaşları qalxdı. Sağ əlini yuxarı qaldırdı:

-Arxalı adamındır.

Onlarla söhbətimi tamamlayıb, yoluma davam etmək istəyirdim ki mənimlə indicə danışan taksi sürücüsü məni çağırdı:

-Qaqaş! Görürəm yaxşı oğlana oxşayırsan. Get yuxarıdan mənə viski təşkil elə də.

-Mən özüm içən deyiləm.

-Demirəm ki özünə, mənə. Yekə oğlansan, səndə qolbaq var, girə bilirsən, mən girə bilmirəm.

Başqa bir sürücü də onun dediyinə qüvvət verdi:

-Yox, yaxşı oğlana oxşayır…alacaq.

Almadım. Yaxşı oğlan olmadım. Yolumu getdim.

Maşın yoluna çıxdım. Burada hava yuxarıdakına nisbətən isti idi. Mənzərəsi yox idi. Bir az da irəli getdim. Yanımdan keçən maşın mənə yaxımlaşdı.

-Salam, qaqaş. Toydur orada?

Özüm də çaşdım. Ora baxdım, sonra da maşına. Sürücü ailəsi ilə bir yerdə idi.

-Yox, festivaldır.

-Hə. Xoş istirahətlər.

-Çox sağ olun.

Yoluma davam etdim. İki lövhə çıxdı rastıma. Birində “Dəmirçi”, digərində də. Çikilçay (deyəsən, adı belə idi) adı yazılmışdı. Körpünün altından da çay axırdı. Körpüyə tərəf gəldim. Axan çaya baxdım.

-Adam burada başını da qata bilmir-öz-özümə dedim

Çox da irəli getmədim ki, həm festivaldan uzaq düşməyim. həm də Arif məni axtarmasın. Geri qayıtdım.

Bara çatanda yenə Orxanı gördüm.

-Emil, mənimlə internetini paylaşa bilərsən?

-Olar.

Mən onunla interneti paylaşandan təxminən on dəqiqə sonra, Orxan bara yaxınlaşdı. Özü üçün pivə götürdü. Yanıma gəldi.

-Çox sağ ol.

-Buyur. Bəs dedin, cibimdə bir qəpik də qalmayıb?

-Evdən istədim, göndərdilər.

Orxan mənimlə uzaqlaşıb, dostlarının yanına getdi. Öz-özümə dedim.

-Xoşbəxt adamsan.

Rəqs meydanına qalxdım. Ön sırada Arifi gördüm. Oynayanları bu dəfə də gündüzkən müşahidə etdim…dediyimə qayıtdım…boş yaşayırdılar…bəlkə də, yaxşı səslənmir. Deyə bilmərəm ki, problemləri yoxdur. qayğısızdırlar…amma. bunların stresini pivə içib, narkotik çəkib, oynaya-oynaya atmaq əxlaqsız istirahət idi. Guya onlardan, ya məndən daha problemlisi. dərdlisi yoxdur? Elə bu Şamaxıda, Bakıda, ya başqa yerdə…bəs onlar necə eləsin? Onlar dərdini-bəli sözün əsil mənasında dərdini, stresini yox-hara at…yox, deyəsən, səhv oldu…onlar dərdinə nə çarə qılsın? İfadələrdəki fərqlərə bax ha..Stressini atmaq, dərdinə çarə qılmaq….. Onlar dərdin yox ey, bəlkə, heç əsil stresin də nə olduğunu bilmirdilər…Onların çoxu üçün stress, səhər doqquzda işə gəlib axşam saat altıya kimi kompüter qarşısında işləmək, iş yoldaşından, idarə rəhbərindən, şöbə rəhbərindən artıq-əksik söz eşitmək, onlarla ağızlaşmaq, ağızlaşa bilməmək, sonra da üzünün suyu süzülə-süzülə işdən çıxıb, stresini atasan deyə, bara gedib musiqiyə qulaq asa-asa pivə içmək, araq içmək, sevdiyin qızdan, ya kişidən ayrılmaq, bunun stresini həftələrlə yaşamaq, sonra bu stresi ya siqaret çəkmək, bəlkə də elə bundan sonra, dost və ya rəfiqə məsləhəti ilə siqaretə başlamaqdan, ya dost-tanışınla görüşüb haradasa doyunca yeyib-içib, işinə, yaşayışına, köhnə sevgilinə, vəziyyət bir az da “ağırdırsa”, ailənə, ölkənə ağır-ağır söyüşlər yağdırmaqdan, ya da “sağlamlıq mərkəzi”nə gedib (bunu sadəcə kişilər edə bilir) “özünü müalicə etmək”dən , ya da yeni sevgili tapmaqdan ibarətdir…

Bəs həqiqi dərdi olanlar. dərdinə necə çarə qılır?…Bəs sözün əsil mənasında dərd nə olan şeydir? Buna verə biləcək cavabım var, amma, heyif ki bu hekayəlik deyil…

Saat iki idi. Çadırı indidən yığışdırmaq üçün yuxarı qalxdım. Arif çadırın yanında. altına matları gətirdiyim paketi sərib yatmışdı. Mən çadırı yığışdırmağa başlayanda, Arif oyandı.

-Haradam bildim burdayam?

-Nə barda gördüm, nə yuxarıda. musiqi oxunan yerdə. Dedim uzağı burada olarsan. Həm də bir saat qalıb. Dedim indidən yığışdırım.

Başladım yğışdırmağa.

Çadırı, yuxu kisələrini. matları yığışdırıb, paketlərə qoyanda saat üçə on beş dəqiqə işləyirdi. Bəzilərini çantaya doldurdum. Matları Arif daşıdı. Aşağıya-bara endik.

Bara çatanda Orxanla rastlaşdıq.

-Orxan, avtobus nə vaxta gələcək?-mən soruşdum.

-Üç üçün. Mənə elə deyiblər. Hələ vaxta var.

Ariflə mən, pilləkənin üstündə oturduq. On dəqiqə sonra. yavaş-yavaş aşağıya doğru getdik. Aşağıda restoran var idi. Arif restorana tərəf baxıb mənə dedi:

-Emil, mən yemək yeyəcəyəm, acam. Sən də istəyirsənsə. qoşul, hesabı mən ödəyim. sonra sən mənə qaytararsan.

-Yox, çox sağ ol. Ac deyiləm

-Yaxşı, sən avtobus gələndə zəng edərsən, ya da yazarsan da mənə.

-Yaxşı.

Düşdüm aşağı.

-Şamaxıdan Bakıya…Şamaxıdan Bakıya…

Bizi Bakıya aparacaq avtobus gəlib çatmışdı. Arifə zəng vurdum.

-Arif, avtobus çatıb.

-Gəlirəm.

Arif beş dəqiqəyə avtobusun qabağına çatdı. Avtobus Arif çatandan beş dəqiqə sonra, dördə iyirmi dəqiqə qalmış. yola düşdü.

Bir saaata yaxın idi ki, yolda idik. Şamaxının çıxışına çatmağımıza təxminən beş-altı dəqiqə qalmışdı. Avtobus dayandı. Sürücü avtobusdan düşüb, təkərlərin yanına gəldi. Ardınca, səfəri təşkil edənlər də onun dalınca düşdü. Onlardan sonra biz də yavaş-yavaş aşağı düşdük.

Dörd nəfər-sürücü və səfəri təşkil edən üç nəfər avtobusu sazlamağa çalışdılar. Kimisi işə salır, o biri mühərrikə baxır, digəri “Whatsapp” qrupuna mesaj yazıb. yolu buralardan keçən sürücülürdən kimisə çağırmağa çalışır, başqa biri də tanış sürücülərə zəng vururdu. Sərnişinlər də , avtobusun üzbəüzündəki daşın üstdə oturub özünü günə verirdi.

Tədbirin və səfərin təşkilatçıları guya problemi həll etmək istəyirdi. Yanımdan keçən oğlana yaxınlaşdım:

-Necədir vəziyyət? İşləyəcək avtobus?

-Çalışırıq ki, işləsin.

-Çalışırıq ki? Tədbiri bəri başdan görəydiniz gərək.

-Fors-major haldır da olub…

-Fors-major….bəs yaxşı, gələn qonaqların yeməklərini götürdünüz, birinin vəziyyəti pisləşsəydi, təzyiqi qalxsaydı, düşsəydi, aldığını yemək istəsəydi, yerində görməsəydi ? O fors-major sayılmırdı?

-Qardaş, malı mala qatma da. O ayrı, bu ayrı, Axı sizə əvvələcədən deyilmişdi ki, yemək gətirmək olmaz.

Oğlan bunu deyib yanımdan getdi. Gedən kimi də, tədbirin mühafizəçisinə mənimlə etdiyi söhbəti xəlvəti ona çatdırdı. O da Firdovsiya xəlvətcə dedi

-Firdovsi, sözü olan gəlsin mənə desin.

Təxminən bir saat, saat yarım vəziyyəti düzəltməyə çalışdılar. Əmələ gəlmədi. Axırda sərnişinlər bir-bir, iki-iki yoldan keçən taksiləri çağırıb yola düzəldi. Arif taksi çağırdı. Taksi gələn kimi məni də çağırdı. Nə vaxtdan nə vaxta səsini eşidib taksiyə çatdım

-Emil, bayaqdan səni çağırıram. Hamı eşitdi. bir sən eşitmədin.

-Fikrim gedib avtobusa, dedim, bəlkə, düzələr.

-Nəyisə. tez ol şeyləri qoy minək, gedək.

Bizimlə bərabər iki xanım da taksiyə mindi və beləcə Şamaxıdan Bakıya olan qayıdış səfərimiz başladı. Sürücü radionun səsini artırdı. Radioda Sara Qədimovanın ifasında “Nə vaxta qaldı?” mahnısı gedirdi.

Yolboyu heç kəs bir-biri ilə söhbət etmirdi, arada mən Ariflə danışdım.

-Emil, bayaqdan çağırırdım səni, heç eşitmədin?

-Vallah, eşitmədim. Fikrim qalmışdı avtobusda… Sən də üzrlü say…mənimlə gəldin Şamaxıya kimi…o da belə…

-Ürəyini sıxma…yaxşı keçdi…Olan şeylərdir…

Söhbətimiz bundan ibarət oldu. Yanımızdakı qızlar telefonla başını qatır, biz də pəncərədən Şamaxı-Bakı yolu boyunca rayon, şəhər mənzərələrinə baxırdıq…

MP3

“Emil, sənin mp3-ün var idi ey, içi mahnı olan, ona bir qara nauşnik alıb (ucuz) onu gətirə bilərsən cibində? Gətirəndə qəti vermə nbmə, cibinə qoyarsan yoxlayan olmayacaq.

-USB var, MP3 yoxdur.

-Hə o. Patrul çıxacağam, tək olanda mahnıya qulaq asmağa. Ya da 7, 8 manatdır. Mp3 ala bilərsən mənə?

-Alaram, niyə almıram.

-Mp3 içində sd kart olur maraqlı mahnılardan yükləyərsən. amma USB kimi olmasın. Çalış qara rəngdə olsun

-Nə mahnılar yükləyim? Nə tərz?

-Kurtlar Vadisi, fars tar musiqisi ondan

-Yaxşı”.

Qardaşımla Whatsapp-la yazışanda saat günorta üçü keçmişdi. İki saat sonra işdən çıxıb “28 May” metro stansiyasına getməyi planlaşdırırdım. Nahar fasiləsinə çıxanda da, mağazada söhbətimin tutduğu satıcılardan biri ilə danışıb MP3 satılan yerləri tanıyıb-tanımadığını soruşdum. O da “28 May” metro stansiyası tərəfdə telefon aksesuarlarının satıldığı mağazalarda tapa biləcəyimi dedi. Beləcə iki saatı gözlədim.

Saat altı olan kimi, WPS-dəki sifariş cədvəlini bir də yoxlayıb şöbə rəhbərinə təhvil verdim. Ofisdən çıxıb, Çıraq Plazaya tərəf getdim. Mən gələn kimi, 65 nömrəli avtobus yaxınlaşdı. Mindim avtobusa.

Avtobus “Nizami” metro stansiyasının qarşısında saxladı. Düşdüm. “Nizami Mall”-un aşağısı ilə “28 May” metro stansiyasına tərəf yol aldım. Sıra boyu telefon aksesuarlarının satıldığı dükanları gördükcə də mağazalara yaxınlaşırdım

-Qardaş, MP3 var?

-Yoxdur.

Dəqiq yadımda qalmasa da, təxmini üç mağazaya yaxınlaşdım. Üçündən də “yox” aldım.

-Cəhənnəmə, uzağı 28 Mayda olar.

Keçidə düşüb, Akademik Milli Dram teatrının qabağından metro stansiyaya kimi pay-piyada yol getdim. Metronun qabağına çatan kimi, rastıma çıxan mağazalara yaxınlaşırdım

-Qardaş, MP3 var sizdə?

-Yoxdur

-Salam, MP3 var sizdə?

-Nə?

-MP3.

-MP3 yoxdur.

-Qardaş, MP3 var?

Gülə-gülə cavab verdi:

-Heç onu axtarma.

Axtarmaya bilməzdim. Qardaşıma söz vermişdim.

Başqa bir mağazaya da yaxınlaşdım.

-Salam, qardaş, MP3 var mağazanızda?

Oğlan gülə-gülə soruşdu:

-Əsgər yanına aparırsan?

Gülə-gülə cavab verdim:

-Hə. Bütün 28 Mayı axtardım, tapa bilmədim. Sən haradan tapmışdın?

-Mən də iki-üç ay olar, əsgərlikdən qayıtmışam. Mənə də uşaqlar tapmışdı,

-Haradan?

-20 Yanvardan.

-20 Yanvardan? Tbilisi tərəfdə idim…bəxtə bax ey…qaqa, gör bir tanış-bilişdə var? İmkan varsa, buradan alım.

-Yaxşı. Qoy zəng vurum görüm.

Üç yerə zəng vurdu. Üç adamdan da eyni cavab gəldi

-Yoxumuzdur.

-Qaqa, salamatı get 20 Yanvara. Azərsu-dan əks istiqamətdə get, orada mağazalalar çıxacaq rastına. Yüz faiz tapacaqsan.

-Yaxşı. Çox sağ ol.

-Sən sağ ol.

Sağollaşıb çıxdım dükandan. 28 Mall -un istiqamətini tutub üzü metroya tərəf getdim. Elə təzəcə yola çıxmışdım ki, qabağımdan skuterlə bir oğlan keçdi. Tez yoldan geri döndüm.

-Dayı, yavaş!

“Dayı”, “əmi” xitabını küçədən keçən çox uşaqdan eşitsəm də, bu dəfəki mənə toxundu. Uşağın deməyi ilə də, getməyi bir oldu. Cavab da verə bilmədim.

Çatdım metro stansiyaya.

Eskalatordan düşüb, Dərnəgül qatarının gəldiyi platformaya yaxınlaşdım. Platformada azından altmış nəfər olardı.

Mən platformaya çatandan beş dəqiqə sonra, qatar gəlib çatdı. Məndən qabaqda gözləyən təqribi on nəfər, məndən arxada da təxmini on nəfər və mən-hamımız BİR NƏFƏR kimi özümüzü qapıdan içəri itələdik. Bir-birimizi itələyə-itələyə keçdik içəri. İçəri keçəndə də, hərmişə adət etdiyim kimi, başladım ciblərimi yoxlamağa. Maşinistin səsi gəldi:

-Qapını saxlama. Saxlama qapını, qatarı gecikdirirsən.

İyirmi ikincinin bəxti gətirmədi.

Qapını saxlayan, qapını buraxdı, Cavab da gəldi.

“Qapılar bağlandı, Növbəti stansiya, Nizami”

Üç stansiya sonra, “20 Yanvar” metro stansiyasına çatdım. “Azərsu” ASC-nin əks istiqamətində gedən yolu tutdum.

Keçidə çatan kimi, keçiddən yuxarı gedən iki cavan oğlandan soruşdum:

-Burada, telefon aksesuarları satılan yerlər var?

-Hə, yuxarıdadır.

-Çox sağ olun.

Qalxdım yuxarı. Azərbaycan Taksi Ansamblı axşam xoruna başlamışdı

-Cəlilabad! Cəlilabad! Biləsuvara iki nəfər! Biləsuvara! Beylaqan! Beylaqan!

Bir-bir mağazaların qapılarını açdım, bağladım.

-Qardaş, MP3 var?

-Yoxumuzdur.

-Qardaş, MP3 var?

-Yoxdur.

Beləcə beş mağazaya “salam-əleyküm” etdim. Axırda altıncı mağaya girdim.

-Qardaş, salam MP3 var?

-Əleyküm-salam. Yox, vallah, yoxumuzdur.

-Qardaşım əsgərdir. Onun yanına aparıram. Heç tapılmaz?

-Hə, qardaşın üçün istəyirsən? Nə olar, taparıq. Biz də əsgər olmuşuq.

Başladı tanışlarına zəng vurmağa. Kimə zəng vurdu “yox” dedi.

-Qardaş, xanım gəlsin, biz çıxaq, tanıdığım bir dükan var, bəlkə, orada olar.

Xanım əlində dönər gəldi, biz çıxdıq.

Təxmini ondan yuxarı obyekt-mağaza, dönərxana, kafe sırası keçib, satıcının dediyi dükana çatdıq. Dükan nə çox böyük idi, nə çox balaca. Telefon kabrosundan tutmuş, Airpods-da kimi mal var idi. Gözüm MP3-ü axtarırdı.

-Qardaş, MP3 var?

Təxminən iyirmi yeddi-iyirmi səkkiz yaşında, saçına çeçensayaq stil vermiş, qara paltarlı, qara jaketli bir oğlan mənə MP3-lərin olduğu sıranı göstərdi. İki formada MP3 var idi; pişik formalı, göy və çəhrayı rəngdə birdə “Minion” cizgi filminin qəhrəmanlarının oyuncaq modelləri.

Düzdür, qardaşıma oyuncaq almırdım, amma, hər necə olsa, oğlan üçün alırdım. Dedim heç olmasa, yaraşan bir şey olsun.

Qardaşıma minionu yaraşdırdım.

Məni bu mağazaya gətirən satıcıya dedim:

-Yenə minion uyğun olar hə?

-Oğlan yanına aparırsan?

-Qaqa, əsgərlikdə qız olur?

-Hə, doğrudan ey…

Götürdüm. Qiyməti altı manat idi. Qalırdı bircə SD kartını almaq. Geqabayt-geqabayt qiymətlərini soruşdum. Axırda on altı geqabayt-da razılaşdım.

-Allah xeyir versin.

Beş manat MP3 üçün, on altı manat SD kart üçün ödədim. Bircə qalırdı, SD kartın işləyib-işləmədiyini yoxlamaq.

Məni bu mağazaya gətirdən satıcı ilə mağazadan çıxdıq. Başladıq proqramçı axtarmağa.

Bayaq MP3-dən qıtlıq çəkirdimsə, indi də proqramçıdan qıtlıq çəkməyə başladım.

-Qardaş, proqramçı var?

-Yerində yoxdur.

-Qardaş, proqarmçı yerindədir?

-Başqa yerdədir.

Axır bir mağazadan bizə “hə” gəldi. Satıcıya-Samirə də mənim üçün çəkdiyi əziyyətə görə, qızıl beşlik verdim. Nömrəsini də aldım.

Elə təzəcə sözə başlayırdım ki, qara saqqallı, qara paltarlı, ortaboy bir kişi, əlində telefon içəri girdi

-Axşamınız xeyir. Telefon satıram.

-İstəmirik.

-Sağ olun

Söz növbəsi mənim idi.

-Qardaş, MP3-üm SD kartının işləyib-işləmədiyini yoxlamaq istəyirəm

-Vallah, bizdə o işdən başı çıxan yoxdur. Sən, ən yaxşısı, Afət xanımın yanına get, altıncı mağazada oturur. Bundan sonra altı mağaza say, oradadır.

-Yaxşı, sağ olun

Çıxdım dükandan, Üzüyuxarı altı mağaza saydım.

…Dörd, beş, altı. Girdim dükana

-Afət xanım buradadır?

Satıcılardan biri sağ tərəfi göstərdi. Göstərdiyi tərəfdə böyük hərflərlə “PROQRAM TƏMİRİ” yazılmışdı, Yaxınlaşdım.

-Afət xanım sizsiniz?

Afər xanım tərs-tərs mənə baxdı:

-Sir-sifətdən kişiyə oxşayıram?

Bir-sıfır. Amma, kişiyə oxşayırdı.

-Nə lazımdır?

-SD kartı yoxlamaq istəyirəm, işləyir, işləmir

-Ver, baxım.

Verdim, baxdı. Səbrim də çatlayırdı. Tezcə bilmək istəyirdim ki, işləyir, işləmir. Bir saata yaxın olardı ki, dükan-dükan daban döymüşdüm. Dözmədim.

-Yanınıza gəlsəm, olar?

Afət xanım bu dəfə gözlərini bərəldə-bərəldə mənə baxdı:

-Yanıma nəyə gəlirsiniz?

-Görüm işləyir, işləmir?

Afət xanım səsini ucaltdı:

-Nə?!

Mən də qarşılıq verdim

-SD kart!

-Yanıma nəyə gəlirsiniz? Hələ heç açılmayıb.

Açıldı. SD kartın o üz-bu üzünə baxıb dedi:

-Format olunmalıdır.

-Nəyə görə?

-Format olunmalıdır da…

-Nəyə görə də?

-Nəyə görə nədir ey…format olunmalıdır….

-Ay xanım, hansı səbəbə görə?

-Yordun ey məni…get başqa yerdə düzəltdir, düzəltmirəm.

Güc-bəla ilə tapmışam səni, hara buraxıram!

-Xanım, nə qədərdir qiyməti? Deyin, verim.

-İşlərim var, başqasına gördür.

-Ay xanım, qiyməti nədirsə, deyin. Əsgər yanına aparıram

-Məşğulam, başqa mağazaya get.

-Qiyməti nədirsə, deyin də?

-Başım qarışıqdır.

İki-bir. O mənə pul ata bilmədi, mən də işimdən qaldım. Təzədən, Samirlə sağollaşdığım dükana girdim.

-Qardaş, Afət xanım yaxın durmadı. Heç başınız çıxmır SD kartdan?

-Vallah başımız çıxmır. Bizdə onu bilən yoxdur.

Nə işə keçdik!….

MP3-ü aldığım mağazaya tərəf getdim. Girdim dükana. Mənə bunu satan satıcıya yaxınlaşdım.

-SD kartı yoxlada bilmədim. Yaxın duran olmadı.

Satıcı MP3-ü götürdü. SD kartı çıxartdı.

-Mobil telefonunu ver.

Verdim telefonu. Telefonumun SD kart giriş yerini mizlə açdı. MP3-ün SD kartını taxdı. Ekranda SD kartın taxılması ilə bağlı bildiriş gəldi.

-Telefonunda mahnı var?

-Yoxdur.

-Səs yazısı var?

-Var.

Səs yazılarından birini SD karta yüklədi. SD kartı çıxartdı, taxdı MP3-ə. Qulaqlığı MP3-ə qoşdum. Səs gəlmədi.

-Səs gəlmir.

-Ver, mən də qulaq asım.

Verdim.

-Səs gəlir?-mən soruşdum

-Gəlmir.-o cavab verdi.

Heç nə…axırıncı qardaşımın dediyi variant olacaqdı. Fləş-kartımı verməli idim.

-Qaqa, onda qaytarıram. Day olmur olmur da. Neynək.

Bayaqdan bəri, daha doğrusu, mən yarım saat əvvəl bu dükana girəndən bəri, mənimlə təmkinlə danışan satıcı, yenə təmkinin pozmadı.

-Qaytarırsan?

-Hə, qaytarıram.

-Yaxşı, onda səni bura gətirənə de ki, qaytrarıram.

Samirə zəng vurdum. Cavab verdi.

-Samir, mənəm. Sənlə MP3 üçün dükana gələn. Mən MP3-ü qaytarıram.

-Qaytarırsan?

-Hə, qaytarıram, işləmir.

Samir duruxdu. Sonra birdən cavab verdi.

-Qardaş, gözlə sənə beş dəqiqəyə yığıram.

-Yaxşı.

Beş dəqiqə dükanı o baş-bu baş gəzdim. Zəng gəldi

-Qardaş, gəl bizim dükana.

Getdim onların dükanına.

Dükanlarına çatdım. Samir dükanında işləyən xanımı mənə qoşdu.

-Xanım, səni proqramçının yanına aparacaq.

Xanım qabağıma düşüb, mağazadan sağ tərəfə getdi. İki dükandan sonrakı dükana girdi. Proqramçıya yaxınlaşdı. Tələm-tələsik nə isə deyib, dükandan çıxdı.

Mən də ona yaxınlaşdım.

-MP3-ün SD kartını yoxlamaq istəyirəm.

MP3-dən SD kartı çıxartdı. Noutbukuna qoşduğu fləş-karta taxdı. Noutbuka bildiriş gəldi.

-Hə, nə istəyirsən?

-Mahnı yükləmək.

-Nə mahnılar?

-Kurtlar Vadisi, fars tar musiqisi. Bir nəfər istəyir. Əsgər yanına aparıram.

-Əsgər yanına aparırsansa, mən mahnıları düz-qoş edərəm.

-Nə mahnılar var səndə?

-Azərbaycan, türk, qarışıq…

-Birini aç görüm.

Açdı. Niyaməddin Musayevin “Dünya sənin, dünya mənim” mahnısı oxunurdu.

“Bir taleyin oyununa cütlənmiş zərik

Yüz il qoşa atılsaq da, qoşa düşmərik…”

Mahnı təzəcə başlamışdı ki, içəri bir nəfər girdi. Saqqallı, qəhvəyi paltarlı, qara jaketli. Əlində telefon.

“Bir zərrənin işığına milyonlar şərik”

-Telefon satıram

“Dünya sənin, dünya mənim

Dünya heç kimin…”

-Neçəyə satısan?

“Bu get-gəllər bazarına dəvədir, dünya”

-Yüz əlli manata

“Bu ömür-gün naxışına həvədir dünya”

-Ver, baxım.

Oğlan telefonu proqramçıya verdi. Proqarmçı telefonun o üz-bu üzünə baxdı

“Əbədiyə qəh-qəh çəkər əbədi dünya”

-Çox bahadır. Dəymir. Yüz iyirmi manat

“Dünya sənin, dünya mənim

Dünya heç kimin”

-Sərf eləmir. Şəhərdə yüz otuz manat verdilər, satmadım.

“Çevrəsindən çıxsa əgər, sevda fırfıran”

-Get şəhərdə sat.

“Bir ümidin ətəyindən tutub da fırlan”

-Sağ ol.

“Eşidirsən pıçıldayır yıxılan, duran”

“Dünya sənin, dünya mənim

Düny heç kimin”

Proqramçı mahnını söndürdü.

Getdi.

-Belə mahnı desəm, yükləyə bilərsən?

-Sifarişlə mahnı yükləmirəm. Özümdə hazır yüz iyirmi səkkiz mahnı var. Onları yükləyərəm.

-Yüklə.

-Yaxşı.

Mən də boş yer tapıb oturdum. Saat doqquzun yarısı idi. İki saat idi ki, bir MP3-ün üstündə oyun gedirdi. Proqarmçıdan başqa, mağazada, iki nəfər də satıcı var idi. Biri dükana getdiyini deyəndə, o biri ona pul uzatdı.

-Əkbər, mənə dükandan “Fanta” ala bilərsən?

-Alaram.

-Al. Vallah çay mənlik deyil. Day burada başqa şey yoxdur deyə, çay içirəm. Yoxsa, çayla heç aram yoxdur. Mənimki sərin sudur.

Əkbər dükandan çıxdı. Kişi təzədən dilə gəldi

-Vallah, Eltun, uşaqlıqdan dədəmi buzluqdan su içən görmüşəm. Elə iyirmi yeddi yaşı olardı, mən körpə olanda. Buzluqdan su içirdi. O necə , mən də elə.

-Dağ adamısızınız?-mən soruşdum

-Yox, dağ adamı deyiləm. Əslimiz zənglianlıdır, amma, mən şəhərdə böyümüşəm.

Beləcə on dəqiqə keçdi.

-Eltun, mahnılar hazırdır?

-Hazırdır.

Noutbukun yanına gəldim. Eltun SD kartı çıxartdı, MP3-ə qoşdu. Qulaqlığı MP3-ə taxdım. Qulaqlıq işləmirdi. Gözüm SD kartın çıxdığı fləş-karta sataşdı.

-Ondan var?

-Var.

-Neçəyədir qiyməti?

-Dörd manata.

-Mahnıların qiyməti?

-İki manat verərsən.

MP3-ü götürüb qutusuna qoydum. Pul qabımı gödəkçəmin iç cibindən çıxartdım. İki manat götürüb Eltuna uzatdım.

-Sağ ol, qaqa, cibinə bərəkət.

Yerə qoyduğum çantanı qoluma vurub, mağazadan çıxdım. Birdən düşdü yadıma

-Fləş-kart alasıydın!

Əkbər torbasında “Fanta”, “Çiko” , “Lays”, “Coca-cola” girdi içəri.

Arxasınca girdim dükana.

-Eltun, fləş-kartı dörd manata dedin də?

-Kart oxuyucunu deyirsən? Hə.

Dörd manatı verdim Eltuna.

Eltun Əkbəri çağırdı.

-Əkbər, qardaş kart oxuyucu alır. Dörd manat demişəm qiymətini.

Əkbər kart oxuyucuya baxdı.

-Mən bunun qiymətini vurmamışam axı…

-Narahat olma, mənlikdir.

-Yaxşı.

Dörd manatı verdi Əkbərə. Onlarla sağollaşıb dükandan çıxdım. MP3-ü aldığım dükana qayıtdım.

-SD kart düzəldi. İndi də qulaqlıq işləmir.

Oğlan gülə-gülə cavab verdi:

-O bekara qulaqlıqdır. Var məndə iki manatlıq, üç manatlıq. Verim?

-Ver.

-Neçə manatlıq?

-İki manatlıq.

Vitrinə keçdi. İki manatlıq qulaqlıq seçib mənə gətirdi.

-Yoxlayım, baxım.

-Yoxla, bax.

Yoxladım, baxdım. İşləyirdi.

-Allah xeyir versin.

-Sağ ol.

Üç saat Tbilisi prospektindən “28 May” metro stansiyasına, oradan “20 Yanvar” metro stansiyasına, və iki saata yaxın mağaza-dükan gəzintimin nəticəsində MP3 işini həll etdim. Həll edib metronun yolunu tutdum. “Həzi Aslanov” qatarı ilə “Gənclik” metro stansiyasına, oradan da piyada evə getdim.

Ac idim. On beş gün əvvəl çıxıb getdiyimiz obyektdən gətirtdiyimiz plovu soyuducudan çıxartdım. Plovdan köhnəlmiş pendir iyi gəlirdi. Çox da vecimə idi. Ac idim

-Uzağı üstündən qatıq içərəm.

Plovu qızdırdım, mal ətini də ayrıca. Plovu qızdırdıqca, tünd iyi əməlli-başlı otağa yayılırdı. Yayıldıqca, aclığım bir az da artırdı.

Yeməklər qızdı. Qab götürüb, plov, üstünə mal ətini qoydum. İkisinin üstündən qatıq tökdüm. Obyektdə sifariş üçün işlətdiyim ayranı da qoydum yanıma. İştahla yeməyə başladım.

Axşam yeməyimi bitirib-axşam saat on birə qalmışdı-getdim otağıma. MP3-dən SD kartı çıxarıb, kart oxuyucuya qoşdum. Qardaşımın yazdığı mesaja yenə baxdım

“Kurtlar Vadisi, fars tar musiqisi ondan”

-Qələt edir, ağır mahnılardır.

Başladım şux mahnılar axtarmağa. Polad Bülbüloğlunun “Həştərxandan gələn gəmi”, Tünzalə Ağayevanın “Axar çaylar”, Aygün Kazımovanın “Bu sevgi”…harada şən-şux mahnı var idi, onları sayıb-seçib karta yüklədim.

Beləcə iki saat keçdi. Saat bir idi.

Arxayınlaşdım. Həm də sevindim. Əlləşib-vuruşub MP3 tapmışdım, mahnılar da yükləmişdim. Bircə qalırdı, qulaq asmaq.

Qulaqlığı taxdım. Səs gəlmirdi. Düymələri işlətdim. Səs gəlmədi. Peşman oldum. Əziyyətim zay oldu. Əsəbiləşdim də.

-Ay, şərəfsizlər! Dedim axı mən bunu əsgər yanına aparıram!

Kor-peşman yer-yatağımı hazır edib girdim yerimə. .

-Sabah Toğrul soruşsa, nə deyəcəyəm axı…

03/12/2024

SU AYDINLIQDIR

Elnur və Köçəriyə

Su aydınlıqdır…
O gecə, o aydınlıq,
İki evin iki kişisini
O dünyanın aydınlığına,
Külfətini, qaranlığa apardı…
Altıca hərflik “Rəhmət” qopdu
Adamların dilindən…
Vəzifəli, rütbəli, bivec
Altı, altmış altı
HƏRİFİN ƏMƏLİNDƏN!…
İki evin iki kişisi

Köçünü götürdü
O gecə,
Tunelin altında
Bu şəhərdən…
23.10.2024

MÜBARİZƏ

səs…səs..səs..

…sus…sus…sus…

səs…söz…söz…

.söz..sÖz..Söz..

sus…sUs…Sus…

Söz…Söz…Söz…

Söz…Söz…Söz…
Söz..Söz…Söz…

Sus…Sus…Sus..

Söz…Söz…Söz…

SÖZ…SÖZ…SÖZ..

SUS!….SUS!,,,SUS!,,,

SUS!…SUS!…SÖZ!..
SÖZ!…SÖZ!…

SOS!…

20/05/2024

Səkkiz saatlıq maska

Bəlkə də, işə qəbul zamanı

İlk tələb belə olmalıdır:

-İşə maska ilə gəlin!

Səhər saat doqquz olan kimi,

Geyinin maskanızı!

Qapıdan keçən kimi…

Kininiz varsa, udun!

Nifrətiniz varsa, unudun!

Şərəfinizi, ləyaqətinizi

Qapıdan çöldə qoyun!

Ən çox nifrət etdiyiniz insana

Salam verin!

Üzünə tüpürmək istədiyiniz adamın

Üzünə gülə-gülə

“Sabahın xeyir!” deyin,

Gözünüzün görmək istəmədiyi

İnsanın, gözünün içinə baxıb

Əlini sıxın…

Narahat oldunuz, deyəsən?

Narahat olmayın.

Vərdiş edəcəksiniz…

Öyrəşdirəcəklər,

Öyrəşəcəksiniz…

Belə də insan deyilsiniz?

Bir tikə çörək üçün

Hər sifətə düşəcəksiniz!…

Bilirsiniz necədir?

Daxili duyğuları,

Mənəvi dəyərləri

Dərin, ali hissləri…

Bunları…bunları

Saat altıdan sonra

Özünüzlə götürərsiniz…

Hə, bu arada, qapının

Qabağında qoyduqlarınızı da

Unutmayın ha…

O şərəfinizi, ləyaqətinizi deyirəm,

Hə, onları…

Gedəndə götürərsiniz…

Çünki iki yüz kvadrat metrlik

Bu kvadratın içində

Heç nə mənəviyyatla ölçülmür!

Çünki, bir-birimizdən

Keçir işimiz!

Çünki, İŞÇİYƏM!

İŞÇİSƏN! İŞÇİDİR!

İŞÇİYİK! İŞÇİSİNİZ!

Və yaxşı işçisinizsə,

Yaxşı qadın, yaxşı kişisiniz!

…Fərq etmir, alçaqsınız,

Qorxaqsınız,

Satqınsınız, yaltaqsınız!

Amma,

Sadəcə və sadəcə

Yaxşı işçisinizsə,

Yaxşı qadın, yaxşı

Kişisiniz!

Aydın oldu dediklərimiz?!

-Aydın oldu.

-Eşitmədim?!

-Aydın oldu, dediklərimiz?!

-Aydın oldu!

Başqa sualınız var?!

-Yoxdur.

-Yaxşı, oldu. Gedə bilərsiniz.

Hörmətli, bəlkə də,

Hörmətsiz namizədlər,

Unutmayın ha!

Sabah işə maska ilə

Gələrsiniz…

17/03/24

Gəmi

Axşam saat səkkizə on dəqiqə işləmiş, işdən çıxıb Çıraq Plazanın qabağından “79” saylı avotbusa mindim.

Avtobus dördüncü dayanacağa- “Nizami” metro stansiyasına çatan kimi, oradan düşüb üzü yeraltı keçidə tərəf getdim. “Nizami Mall”, “Cafe Meydan”, “Grandmart” market, “Fərid Optik” və bir neçə belə, kafe, mağaza, aptek sırasından sonra yeraltı keçidə çatdım. Keçidə enib sağa buruldum. Paltar, ayaqqabı, hədiyyə satılan dükanların sırasını ötüb sağ pilləkənlə yuxarı, “Bessini” paltar mağazasının üzbəüzünə gəldim. Mağazanın qarşısından aşağı- qaranlıq binaları keçib yenə sağ tərəfə, “Flora Hostel”ə çatmamış, yolun yuxarısı ilə qalxdım. Quliyev küçəsinə çatdım. Axşam işdən sonra, yorğunluğumu almaq üçün tez-tez baş çəkdiyim bara gəldim. Ənənəvi olaraq, hər axşam şəhərdəki barlarda, restoranlarda, elə burada da konsert saat səkkizdə başlayırdı. Konsertin başlamağına beş dəqiqə qalmışdı. Dekabrın otuz birindən on səkkiz gün keçsə də, barın səhnə ilə üzbəüz olan yerində, Yeni il ağacı yığışdırılmamış, oturacaqların üstünə qoyulmuş Şaxta baba papaqları hələ də götürülməmişdi. Sahəsi böyük idi. Burada oturmaq üçün iki yer var idi. Masaların olduğu hissə, depozitlə verilirdi. Bar adlanan yerdə isə, oturacaqlar pulsuz idi. Pulsuz oturacaqların olduğu yerdə, dörd rəngdə stul yan-yana düzülmüşdü; biri qara , o biri sarı, digəri qırmızı, o birisi də göy rəngdə. Sarı rəngli stula oturdum. Oturduğum yer, taxtadan düzəldilmiş rəflərə baxırdı. rəflərdə araqlar, şərablar, pivələr yan-yana qoyulmuşdu. Oturan kimi, narıncı papaqlı, sarı paltarlı, eynəkli, uzun bığlı, qısa saqqallı, təxminən iyirmi altı-iyirmi yeddi yaşında olan barmen menyunu mənə uzatdı. Menyunun bir üzündə fast-food, çərəzlər, salatlar, o biri üzündə isə alkoqullu, alkoqolsuz içkilərin siyahısı var idi. Çox vaxt burada yemək üçün, şaurma, yanında da portağal meyvə suyu seçirdim. Bu dəfə menyunu az da olsa, dəyişdim. Şaurmanın əvəzinə toyuq burgeri, portağal meyvə suyunun əvəzinə də şaftalını seçdim. Sifariş verdiklərim gələnə kimi, bu axşam səhnədə çıxış edəcək müğənni də gəldi. Barmenlərlə görüşüb, məndən arxa oturacaqda oturdu. Onların hal-əhvalını soruşdu.

-Necəsiniz?

Onlardan biri cavab verdi;

-Yaxşı. Sən?

-Nasazlamışam bir az.

Müğənni həm onlarla hal-əhval tutur, həm də telefonla başını qatırdı. Səkkizdən on beş dəqiqə keçmişdi. Yeməyi sifariş verməyimdən də.

Sifariş masaya gəldi. Meyvə suyu ilə boğazımı yaşlayıb, toyuq burgerini yeməyə başladım. Yeməklə məşğul ikən, müğənni gördüyü bir videonu barmenlərdən birinə göstərdi:

-Elcan, sən canı buna bax. Murad Arif klipi başqa səviyyəyə daşıyıb ey…

Göstərdiyi videoda, Murad Arifin “Möhtəşəm” klipi gedirdi. Elcan videoya baxa-baxa dedi:

-Murad Arifin səsi olmasa da, bacarığı var..necə deyirlər…hə! Əzmi var.

Müğənni gülə-gülə qarşılıq verdi:

-Hə! Əzmi! Ronaldo kimi!

Müğənni söhbətini bitirib səhnəyə getdi. Barmen mənlə söhbətə başladı:

-Necəsiniz?

-Şükür. Siz?

-Belə də, yavaş-yavaş. İşlər necə gedir?

-Özünə görə. Sizdə?

-Şükür Allaha, pis getmir.

-Yeni il konserti necə keçdi?

-Ooo…səhər saat altıda çıxdıq bardan…

Araqları stəkanlara doldurandan sonra, ofisiantı çağırdı:

-Elvin, gəl götür bunları!

Elvin araq setini götürüb, oturduğum yerdən üzbəüzdəki dörd nəfərlik masaya tərəf getdi. Elcan qabağına kiçik taxta məcməyi qoyub, balaca stəkanları məcməyinin üstünə düzdü. Bu dəfə də söhbətə Elcan davam etdi:

-Harada qalırsınız?

-Azadlıq prospketində

-Qardaş, Azadlıq prospekti Səməd Vurğun küçəsindən başlayır, Nəsimi metrosuna kimi. Azadlıq prospektinin harasında qalırsan?

-Koala parkın yaxınlığında.

-Hə…Koala park. Neçə ildir ki, orada qalırsan?

-Dörd ildir. Siz harada qalırsınız?

-Beş mərtəbənin yanıda. Əvvəl harada qalırdın?

-Əlizadədə. Təbriz küçəsində. Köhnə adı ilə Çapayev

-Yerazsan? Orada mənim tanıdığım xeyli yeraz var.

-Yox.

-Ya gürcüstanlı?

-Gürcüstanlı da deyiləm.

Söhbətmizin şirin yerində, cavan bir oğlan bara yaxınlaşdı. Elcan onunla salamlaşdı:

-Vay! Ömer kardeşim kendine gelmiş!

Ömər də gülə-gülə cavab verdi:

-Kardeşinə varsa, bir dənə pivə. Həminki pivədən.

-Kak vseqda. Bu saaat. Burada oturursan?

Ömər, oturduğum yerdən sağdakı masanı göstərdi:

-Yox, uşaqlarla gəlmişəm. Orada.

-Yaxşı. Cavad! StaraPraga! Filtirsiz! Beşinci masaya!

Cavad kassadan ona cavab verdi:

-Oldu!

Elcan, Öməri yola salıb, mənimlə söhbətinə davam etdi:

-Haradansan?

-Laçından. Siz?

-Sisyandan.

-Bizim də bir tərəfimiz Dərələyəzlidir.

-Day de ki, yerazam da. Elə-belə demirəm ki. Laçının o tərəfi də Sisyandır.

Bu vaxt ofisiantlardan biri Elcanı çağırdı:

-Elcan, Ceyhun gitaranı qoşa bilmir! Bir kömək elə də!

Elcan, Ceyhunun yanına getdi. Mən də yeməyimə davam elədim. Ceyhun gitara problemini də həll edib, ifaya başladı. İlk oxuduğu mahnı da “İçerim ben bu akşam” mahnısı oldu.

Konsert gec başladığından, barda qalmağa həvəsim öldü. Neçə gündür ki, Stevan Şvayqın novellarını axtarırdım. Bakı Kitab Mərkəzinin vebsaytına girib, kitabı axtarışa verdim. Kitabın anbarda olduğunu gördüm. Elcanla sağollaşıb, oradan çıxdım.

Bardan üzüaşağı gedib Preziden Kitabxanasının yaxınlığına çatdım. Oradan sağa dönüb Xaqani Ticarət Mərkəzinin yolunu tutdum. Yanından keçdiyim restoranların birində türk mahnısı oxunurdu. Mahnıda təxminən belə deyilirdi:

Kızlar, sizi öpemmi?

Yanınıza gelemmi?

Siz ana kucağında,

Ben soğuktan ölemmi?

Mahnını səsini o qədər yüksəltmişdilər ki əlli addım aralıdan keçən adam da. mənim eşitdiklərmi eşidə bilərdi. Restoranların sırası ilə addımlayıb, McDonalds-ın qabağında çatdım. Konstruksiyaları hələ də yığışdırılmamış, Novruz bayramında, Yeni il ərəfəsində açılan yarmarka yerinin qarşısında, kimsə qarmonda “Nənəm, nənəm!” mahnısını ifa edirdi. Bir xeyli adam da qarmon ifaçısının başına yığışmışdı. Mən adamların yanına çatanda, ifaçı repertuarını dəyişdi. Qarmon çalan təxminən on dörd-on beş yaşında, qara gödəkçəli, qara paltarlı, qara papaqlı, qara ayaqqabı geyinmiş, qarayanız bir oğlan idi. Oğlanın, qara qarmonunda ifa etdiyi mahnı mənə tanış gəlsə də, adını yadıma sala bilmədim. Yanımda qulaq asan oğlanların birindən soruşdum:

-Qaqa, mahnının adı nə idi?

Oğlan mənə tərəf çevrildi:

-Olmuşam məsti-xumar , yenə gözlərim axır

-Hə…yadıma düşdü…

Bayağı mahnıdır, avtovağzal, “Jiquli” mahnısı. Amma köpəkoğlunun “Tarqovı”sında , üç restorandan bir oxudulan türk, ərəb, rus mahnılarını eşidib o qədər bezmişdim ki, qarmonda oxunan Allahın bu “Olmuşam məsti-xumar”ı mənə ləzzət elədi. Gör nə günə qalmışıq ki “müxtəlif mədəniyyətlərin” sırındığı bu şəhərdə, beləsini dinləyəndə də, adam azərbaycanlı olduğunu yadına salır. Nə olsun ki ey, bayağıdır! Hər nədir! Əsas odur ki, öz dilimdədir! O ifa edə-edə, yanımdakılar da, mahının nəqarətini oxuyurdular:

Olmuşuq məsti-xumar

Yenə gözlərimiz axır,

Yenə gözlərimiz axır

Məncə, göy guruldayır,

Göydən ildırım çaxır,

Göydən ildırım çaxır…

Yanımdakı oğlana sarı döndüm:

-Qaqa, yuxarıdan gəlirəm. Türk, ərəb mahnısından basıblar ey, özüm ölüm.
Ə, bu boyda şəhərdə, biri yoxdur ki, bizim mahnımızı oxusun?

Oğlan narazı-narazı dilləndi:

-Nə veclərinədir ey…neftin pullarını basıb yeyiblər…oğraşdır…kafe, restoranın yiyəsi də yüz-iki yüz qabağa düşsün deyə, onlara girir…

Qarmon çalan oğlan, “Olmuşam məsti-xumar”ı bitirib, “Bakılı balası” mahnısını ifa etməyə başladı. Təzəcə başlamışdı ki yolun o üzündən, qara paltarlı, qara paltolu, sərxoş bir kişi, qarmon çalanın üzbəüzünə gəldi. “Bakılı balası” , bu keflinin sümüyünə düşmüşdü. Ritmə uyğun oynamağa çalışırdı. Ona baxa-baxa bayaq danışdığım oğlana sarı döndüm:

-Nə qəşən oynayır!

-Var-yoxuna lənət! Zor edir! Borcu yox, xərci yox…ayə, ay, kişi! Əlindəkini yerə qoy, rahat oyna!

Kişi əlində çanta ilə, qollarını asta-asta qaldırıb, ağır-ağır oynayırdı. Qarmon çalan da həvəsə gəlib, mahnını ürəklə ifa edirdi. Kefli, mahnıdan cuşa gəlmişdi:

-Ay can, ay can! Çal ey, çal!

Mahnını dinləyə-dinləyə sağa-sola baxdım. Özümüzünkülərdən savayı, çinli, türkiyəli, ərəblər də də bura toplaşıb “Bakılı balası”na qulaq asır, həm çalanı, həm də oynayanı videoya çəkirdi. Oynayan cibindən bir manat çıxarıb qarmon çalanın, qabağına qoyduğu çantaya atdı. Sonra əlindəki paketdən oyuncaq gəmi götürüb, çantanın üstündə tarazlamağa çalışdı. Tarazlayıb, gəminin başına dolana-dolana, “Bakılı balası” na oynamağa davam etdi. Onlara tamaşa edənlər də, oynayanın böyür-başından ehiyatla keçib çantaya qəpik, manat atırdılar. Keflinin kefi, qarmon çalana bərəkətli gəlmişdi.

Bu şux məclisi yarımçıq qoyub, Xaqani Ticarət Mərkəzinə tərəf üz tutdum. Oradan sağa burulub, Bakı Kitab Mərkəzinə sarı getdim.

Beş dəqiqə sonra, mərkəzin qapısının qabağına çatdım. İçəri keçib, çantamı şkafa qoyandan sonra, kassaya yaxınlaşdım. Kassanın qarşısında bir nəfər var idi.

-Salam, axşamınız xeyir. Stevan Şvayqın novellaları var sizdə?

Satıcı başını kompyuterdən qaldırıb mənə baxdı:

-Salam. Bağışlayın, hansı kitab?

-Sevan Şvayqın novellaları

Oğlan kompüterdə kitabı axtarmağa başladı;

-Stevan Şvayq…olmalıdır….azərbaycanca istəyirsiniz, rusca?

-Mümkündürsə, azərbaycanca.

Kassir qabağımızdan keçən satıcını çağırdı:

– Фарид, помагай клиента. On хочет Стеван Цвейг, на азербайджанский.

-Ладна. Gəlin

Mən, satıcı ilə bərabər, kassanın arxasındakı kitab rəflərinə sarı getdim. Satıcı kitabı axtarmağa başladı. Rastına çıxmadı. Veb-saytda tapdığım kitabı ona göstərdim. Üzbəüzdəki rəfə yaxınlaşıb, orada axtardı.

Kitab tapılmadı.

Oradan çıxıb, “Passaj” mağazasına tərəf getdim. Mağazanın qabağında dayanmış , özü də burada satıcı işləyən ağsaqqalla salamlaşdım. Kitab satışı ilə məşğul olan kişnin adı yadımdan çıxmışdı. Adını yadıma salmağa çalışdım:

-Kitab satanın adı nə idi?…

-İlkin?

-Hə, İlkin. Aşağıdadır?

Kişi, əli ilə pilləkənləri göstərdi:

-Keç, aşağıdadır.

Dükana girdim. İlkin, başında Sovet İttifaqı əsgərlərinn geyindiyi papaq, dirsəyini şüşəli vitrinə söykəyib, ərəb müştəri ilə danışırdı:

-Ten manat.

İlkinlə salamlaşıb, ondan istədiyim kitabı soruşdum:

-Keç ora, bax gör. Orada olmalıdır.

Orada dediyi, suvenirlərin satıldığı sıradan arxadakı kitab sırası idi. Ora keçib, sağa-sola eləcə göz gəzdirdim. Kitabı axtarmağa hövsələm yox idi. İlkinin yanına qayıtdım.

-İlkin, yox idi ey orada.

İlkin qaşlarını çatdı:

-Yoxdur? Orada olmalıdır ey, yaxşı bax. Odur ey, o sırada.

-Orada baxdım, Orada da yoxdur

İlkinin dediyi yerə baxmamışdım.

-Düzü heç özüm də kitabların yerini əzbər bilmirəm. Sabah Maksim gələr, ondan soruşarsan

-Elə… yaxşı. Di sağ ol.

-Sağ ol.

Dükandan çıxıb “Sahil” metrosuna tərəf getmək istədim. Fikrimdən döndüm. Geri-Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyi tərəfə getdim.

Muzeyin binasına çatana kimi, kafe, restoran, mağaza sırası keçib, binanın qabağına çatdım. Ora çatanda, muzeyin qabağında iki cavan oğlanın “Ötən günlərimi qaytaraydılar” mahnısını oxuduğunu eşitdim. Yaxınlıqdakı restorandan da Fares Karamın “El Tannoura” mahnısı oxudulurdu. Küçənin ortasında iki mahnı, iki mədəniyyət yarışırdı.

Mənə bircə kəlmə “can” söyləyəsəydin,

O bircə kəlmənə min can verərdim.

Ömrünü, gününü, dərd eyləsəydim,

Ömrümü, günümü qurban verərdim.

***

Le be assir tannoura?

Billha ayyoun il sabab

Heye bi alla mağrura

İşıq dirəyinə söykənib, həvəslə gənclərin oxuduğu mahnını dinləyirdim. Məndən başqa, onlara qulaq asan yox idi. Uşaqlar əllərindəki səs gücləndirici ilə mahnını daha ucadan oxumağa çalışırdılar. Restoranın yiyəsi də, üç-beş yağlı ərəb müştəri tutsun deyə, “El Tannoura” mahnısının desibelini artırırdı.

Mahnını dinləyəndə, bir də gördüm ki, bayaq “Bakılı balası”na oynayan kefli, indi buna oynamağa gəlib. Ağır-ağır addımlayıb, oğlanların üzbəüzünə gəldi. Mahnıya qulaq asmağın başını buraxıb, ona tamaşa elədim. Ayaqlarını yan-yana qoyub, iki addım qabağa, iki addım arxaya getməyə başladı. Yerində sağa-sola fırlandı. Kefli, cibindən bir manat çıxarıb, oxuyanların qabağındakı çantaya atdı. Bayaqkı oyuncaq gəmini yenə paketdən götürüb, pul qoyulan çantanın üstündə tarazlamağa çalışdı. Tarazladı. Gəminin başına dolana-dolana oynamağa davam elədi…

O çağlar necə də mənə haydılar!

Könlümə, gözümə şəfəq yaydılar…

Ötən günlərimi qaytaraydılar,

Gələn günlərimi qurban verərdim!…

Oradan ötən bir ərəb turist oxuyanların qabağından ərəbsayağı oynaya-oynaya keçib, yoluna davam etdi. Kefli , oynayıb qurtarıb, gəmisini paketinə qoydu, İçərişəhərə tərəf qalxdı. Mən də uşaqların çantasına bir manat qoyub, keflinin getdiyi yolla, üzüyuxarı qalxdım. Yanvarın ortasında, bu şaxtalı havada, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası binasının qabağında , pilləkəndə oturub ləpə satan yaşlı xala sakit səslə müştəriləri çağırırdı:

-Gəlin, a bala , ləpə götürün, ləpə…

Necə fikirli idimsə, heç xalaya sarı dönüb, ondan ləpə də almadım. Kaş alaydım. Heç nəyin xətrinə yox, bircə onun xətrinə ki. o yaşlı qadın müştəriləri azərbaycanca çağırırdı. Yazanda fikir verdim. Azərbaycanca. Öz dilimdə. Muzeyin qabağında “Ötən günlərimi qaytaraydılar” mahnısını oxuyan cavanların, qara qarmonla “Olmuşam-məsti xumar” “Bakılı balası” ifa edənin, bu mahnılara oynayan keflinin dilində…

Bayaq dinlədiyim gənc ifaçıları pilləkənlərdə gördüm. “İçərişəhər” metrosuna tərəf gedirdilər. Kefli də qabağımızda sağa-sola səndirləyə-səndirləyə addımlayırdı. Az qalsın ki yıxılmışdı. Hərəmiz bir tərəfdən yaxınlaşıb, qollarından tutduq. Əlindən saldığı gəmini ona verdim. Kefli bizə tərəf baxıb gülümsünə-gülümsünə dedi:

-Allah canınızı sağ eləsin.

Yolumuza davam etdik. “El Tannoura” nın səsi kəsilmişdi. İndi başqa bir restoranda, Kanqinin “Найти тебя” mahnısınını oxudurdular.

Где ты? Мой человек

Что мне oстaнaeтся верным

Тот самый eдинственный, близкий

Чтo станет примером…

18.01.2024