Month: Sentyabr 2026 (page 1 of 1)

YAĞIŞ

İş təlimindən qayıtmışdım. Günorta idi. JMR Plazadan aşağı düşüb, üzü Nizami küçəsinə tərəf yol aldım.

Hava yağışlı idi.

Pay-piyada çatdım Nizami kinoteatrının üzbəüzündəki keçidə.

Ac idim.

Keçid aşağı düşüb, keçid yuxarı qalxdım.

Bravo marketə girdim. Un məmulatları satılan bölməyə keçib, qoğal, xaçapuri, samsar aldım.

Dükandan çıxıb Gənc Tamaşaçılar Teatrı istiqamətində yol aldım.

Keçid aşağı düşdüm, keçid yuxarı qalxdım.

Hava yağışlı idi.

Oturmağa quru yox, çox da yaşlanmamış yer axtarırdım.

Axır, tapdım.

Üstündə “1952” yazılmış, geniş arkalı binanın sağ tərəfində, pizza kafesinin üzbəüzündəki oturacaqlardan birində oturdum.

Aldıqlarımı yeməyə başladım.

Xaçapurini nuş etdim. Keçən həftə, məsihçilərin toplaşdığı bazar duasından sonra, mənə hədiyyə verilən ağ üz qapaqlı, üzərinə qızılı hərflərlə yazılmış “İncil, Xoş Xəbər” adlı kitabından Peter və Andreyin hekayəsini oxumağa başladım.

“İlk şagirdlər

(Mark 1:16-20; Luka 5:1-11)

İsa Qalileya gölünün sahilində gəzərkən, suya tor atan iki qardaşı-Peter adlanan Şimonu və qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi. İsa onlara dedi: “Ardımca gəlin, Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız”.

Səs eşitdim.

Səsə səksəndim.

Skuter səsi idi.

Hava yağışlı idi.

Skuter düz ayağımın altına düşdü. İncili çantama qoydum. Qoğalı ovcumda sıxdım. Samsarı çantaya qoydum.

Skuteri yerindən götürdüm. Skuter sürənin qabağınca qaçdım.

“Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız”

Mark 1:16-20; Luka 5:1-11

Yağış, diri insan ovuna çıxmışdı.

Məndən sonra, bir-iki nəfər də başımıza toplaşdı.

Uşağı yıxıldığı yerdən götürdük. Oturacağa oturtduq.

-Su lazımdır, qaqa?-bir nəfər soruşdu.

Uşağın danışmağa halı yox idi. Başını qaldırıb, sağ əlini iki dəfə ürəyinə sarı apardı.

-Nə isə kömək lazımdır, qardaşım?-biri də soruşdu.

-Yox, qaqam çox sağ ol-uşaq cavab verdi.

Ovcumdakı qoğalı, uşağa uzatdım.

beş barmağının beşini də qaldırıb, əlinin içini qoğala sarı uzatdı.

Başımıza yığılanlardan biri, qollarını çirmələdi. Əlini, uşağın burxulan dizinə toxundurdu.

-Dizin burxulub. Bax, sıxasıyam dizini. Qışqırmayacaqsan?

Uşaq, başı ilə razılıq verdi. Əlini sıxdım. Kişi, uşağın burxulmuş dizini sıxmağa başladı. Sinəsini sıxdım. Uşaq qışqırmasın deyə, dişini dişinə bərk-bərk qıcırdı.

Kişi, uşağın dizini boşladı.

-Dizini dəbərtmə ha.-kişi dedi.

Uşağın başını qatım deyə, sorğu-suala başladım.

-Adın nədir?

-Musa.

-Neçə yaşın var?

-On altı.

Duruxdum. Kişi soruşdu.

-On altı?-kişinin qaşları çatıldı.

Uşaq, başı ilə təsdiq etdi.

-Bax, bu yağışlı havada, nə sürürsən bu skuteri?-kişi soruşdu.

Uşaq cavab vermədi.

-Evin böyük oğlusan?-mən soruşdum.

Başı ilə təsdiq etdi.

-İndi bildin niyə?-üzümü kişiyə sarı çevirdim.

Kişi susdu.

Sonra təzədən sözə başladı.

-Yağışlı havadır, canından artıq deyil ha.-kişi dedi.

-Neyləsin ey! On altı yaşında, evinə çörək qazanır, yaşıdları da şəhərin ortasında yekə bir dənə burgerxana açır, var-yoxunu…

-Dizini dəbərtdin-kişi dedi.

Kişi təzədən qollarını çirmələdi.

Əllərini dizinə toxundurdu.

Əlini sıxdım. Əlimi sıxdı. Sinəsini sıxdım. Dişini dişinə qıcdı.

On altı yaşındakı ürəyi ilə dözürdü ağrıya.

Hava yağışlı idi.

Kişi, uşağın dizini boşladı.

-Harada oxuyursan?

-Peşə məktəbində.

-Nə üzrə?

-İnformasiya texnologiyaları.

Gözüm skuterinə, “Wolt” yazısı yazılmış göy çantaya sataşdı.

-Neçə aydır “Wolt”da işləyirsən?-mən soruşdum.

-Altı ay.

-Nömrəni de görüm.

Nömrəsini dedi.

-Sənəd işi görə bilərsən?

-Nə sənəd işi?

-Kağız-kuğuz işi, ərizə-filan…

-Nə bilim, qaqa…

-Ə, yox, oxumağa gedir ey bu, nə sənəd işi?

-Bilirəm ey, kuryer işləməkdən ki yaxşıdır.

şaq cavab vermədi.

-Gəl, burada oturma. Yaşlanacaqsan. Gəl, keçək o üzə.

İkimiz, “Ya, Allah” deyib, uşağı qaldırdıq. Uşaq da güc toplayıb, güclə yeriməyə başladı.

Asta-aram, “Brooklyn 1952” kafesinə çatdıq.

Kafenin üzbəüzündə üç oturacaq vardı.

Ortasında, Musa, solunda qarasaqqal kişi, sağında mən oturdum.

Kafe işçilərindən biri, bizə yaxınlaşdı.

-Kömək lazımdır, qardaşım?

-Uşaq başını sağa-sola çevirdi.

-Çox sağ olun.-Musanın əvəzinə dedim.

Azdan sonra, uzunboy, ağ saçlı, ağ saqqallı, göy pencəkli, ağ köynəkli, qara ayaqqabılı orta yaşlı bir adam, bizə yaxınlaşdı.

Qabağımızdakı boş masalara baxdı.

-Müştərisiniz?

-Uşağın dizi burxulub.-mən dedim.

-Müştərisiniz?

Kişi ilə mən, ayağa qalxdıq.

-Uşağa dəymə, ayağı burxulub.

Uşağa sarı baxdı.

-Ambulans lazımdır?

Uşaq, başını sağa-sola çevirdi.

-Həkim lazımdır?-bunu deyib, uşağın üzbəüzündə oturdu.

Musa, ayağa qalxdı.

Mən sol qolundan, kişi, sağ qolundan tutdu.

İrəlilədik.

Musa, boynunu arxaya çevirdi.

Üzümü, uniformalı işçilərə çevirdim.

-Qardaş, uşağın skuterindən, çantasından, göz olun, sən canın.

-Arxayın ol, qardaşım. Buradayıq.

-Qardaşlar, bu yaxınlarda, xəstəxana-filan var?

Ofisiantlardan biri, cavab verdi.

-Var, qaqa. Bax, düz gedin, sağa dönün yolu, metro “Sahil”ə çatın, o yaxınlıqda, 1 Saylı Xəstəxana var.

-Çox sağ olun.

-Sağ olun. Allah köməyiniz olsun.

-Həkim lazım deyil.-Musa dedi.

-Niyə?-mən soruşdum.

Cavab vermədi.

-Pula görə?-yenə mən soruşdum.

Musa, başını aşağı endirib yuxarı qaldırdı.

-Mənlikdir.-mən dedim.

İrəlildədik.

Kafenin yiyəsi bizə, arxadan baxırdı.

Yağış yağırdı.

Getdiyimiz yol, kələ-kötür yol idi. Musa, az qalsın, yıxılırdı.

-Bu yola daş qoyanın!…-mən dedim.

Bu yola daş qoyanın, kefinin çağ vaxt imiş deyəsən…daşlar bir-birinə girmişdi.

İrəliləyirdik.

-Haralısan?

-Füzulidən.

-Day de ki, qarabağlıyam da. Mən də Laçındanam.

Musanın üzü güldü.

Yıxılandan bəridir ki, birinci dəfədir, üzü gülürdü.

İrəliləyirdik.

Küçənin axırına çatdıq.

Yolu düz keçdik.

Dəmir keçidə, barmaqlıqlara çatdıq.

Vıyıltısı başlamamış, zırıltısı başlamışdı zəhrimarın.

Üçümüzə dar idi. Mən arxada qaldım. İkisi keçdi.

Keçid qurtardı.

Mən qoşuldum.

Sağa burulduq.

İrəliləyirdik.

İrəliləyə-irəliləyə, Yeni Azərbaycan Partiyasnın baş qərargahının qapısının qarşısına çatdıq.

-Dincəlmək istəyirsən?-kişi soruşdu.

Musa, başını aşağı endirib, yuxarı qaldırdı.

Dayandıq.

“YAP Yeni Azərbaycan Partiyası” yazılan, boz lövhənin başı üstündən, öndər bizə baxırdı.

Yağış yağırdı.

Üzünə baxdım Musanın. Məğrur baxışı vardı. Yağış, saçını, saqqalını, bığını, kapüşonunu, jaketini isladırdı. Gözləri qıyılmışdı. Elə biləsən, ürəyində deyirdi ki, mən evin böyük oğluyam, anam, atam, qardaşım qapıdan içəri keçəndə, üzümə baxır, gözləri işıldayır onların. Çünki varam, çünki ikisinin böyük oğluyam, birinin böyük qardaşı. Atamdan sonra, evin böyük kişisiyəm. Böyük kişisi. Qurban olum, dəymə mənə, ay Allah! Nə olar, dəymə mənə! Yağış altında qoyma məni! Sınama məni çörəyimlə! Qazanıram axı! Qazanmalıyam! Evimə çörək aparmalıyam! Qardaşım oxuyur, universitetə girməlidir, atam, anam toyumu görməlidir. Arzularım var axı, ay Allah! Nə olar, dəymə mənə, qurban olum!

Elə biləsən, harayla dua edirdi Allaha içərisindən. Amma, məğrurcasına dua edirdi.

Yalvarmadan.

Bilaixtiyar, çantamı açdım.

İncili götürdüm.

Karandaşı əlfəcin qoymuşdum, kitabın səkkizinci səhifəsinə.

Kitaba baxdım.

İlk şagirdlər

(Mark 1:16-20; Luka 5:1-11)

Yağış damlaları. Peterin, Andreyin, Yaqubun, Yəhyanın və Qalileya gölünün üstünə damcılayırdı.

İncil yaşlanırdı.

İsa ağlayırdı.

Yağış yağırdı.

Kitabı, çantaya qoydum.

…Arxaya döndüm. Kişi, yoxa çıxmışdı.

Deyəsən, kişini də yağış aparmışdı.

Bıy, haradadır, ə bu?-mən dedim.

Musa, arxaya çöndü.

-Fırıldaq köpəkoğlu…-Musa dedi-Etibar etmədim onsuz ona. Yalandan danışırdı.

–Gedək həkimə.

-Qaqa, vallah məndə bir şey yoxdur. Dizim yaxşıdır. Mənim dizim çıxmayıb, burxulub.

-Nə edək?

-Gedək, qoyum şeylərimi, gedim evə. Saat biri keçib. Gedib, yemək yeyərəm.

-Gedək.

Qolundan tutdum.

İrəlilədik.

-Gördün, yenə qarabağlıya qarabağlı qaldı.

Musa gülümsündü.

İrəlilədik.

Dəmir barmaqlığı keçdik.

Yolun axırına çatdıq.

-Hara getməli idik, biz?-mən dedim.

Yolun, sağına, soluna baxdım.

-Düz-Musa dedi.

Düz getdik.

Yolu keçdik.

“1952 Brooklyn” kafesinı çatdıq.

-Xəstəxanaya getdiniz?-bayaq, bizi yola salan, ofisiantlardan biri soruşdu.

-Yox.-mən cavab verdim.

İkimiz də, qoyub getdiyimiz şeylərə baxdıq.

Yerində idi.

-Çox sağ olun-Musa dedi.

Asta-aram, şeylərə yaxınlaşdıq.

Götürdük.

Çölə çıxdıq.

-Qaqa,çantanı mən götürüm-Musa dedi.

Razılaşdıq.

O əlində çantda, mən əlində skuter, yola düşdük.

Yağış çisəliyirdi.

-Hara getməliyik?-mən soruşdum.

-Deyəcəyəm.

İrəlilədik.

-Özün harada qalırsan?

-Ramanada-Musa cavab verdi.

-Peşə məktəbin haradadır?

-Koroğlu tərəfdə.

_Özündən kiçik, qardaşın, bacın?

-Qardaşım.

-Neçədə oxuyur?

-Onda?

_Neçəyə hazırlaşır?

-İkiyə.

Yolu sağa burulduq.

_Atan var?

-Var.

-İşləyir?

-İşləyir. Mən də kömək edirəm.

Yolu düz getdik.

_Qaqa, ehtiyatlı ol, maşın keçir.

Səkiyə çıxdım. Skuteri qaldırdım.

-Sən harada oxumusan?

-Universitetdə.

-Harada işləyirsən?

-Heç harada.

-Qurtarandan bəri?

-On bir aydır.

Səki qurtardı.

Yola çıxdıq.

-Tələbə olanda, işləmişdim bir yerdə. Dövlət qurumu idi. Staj keçirdim. Üçüncü kurs tələbəsi idim. İş yaxşı iş idi ey, amma adamları adam deyildi. Sağım yaltaq, solum yaltaq. Qeyrət yox, namus yox. Oğraşdır, qara qəpiklik kişilikləri də yox idi. Rəhbəri görən kimi, ikiqat olurdular. Qabağına çay qoyan kim, pencəyini çiyinlərinin üstündən götürən kim…nə bilim əşi…çox şey…qaçdım oradan. Gördüm, belə yerdə çox, qalsam, şərəf, şəxsiyyət də qalası deyil. Qaçdım.

Danışa-danışa, 1 saylı orta məktəbin binasının qarşısına çatdıq.

Skuteri, səkiyə qaldırdım.

-Bilirsən, qaqa, bu saat iş yerlərinə, ya çurban axtarırlar, ya çoban. Heç kimə savadlı, mərd adam sərf etmir. Savadlı çox bilir, mərd qabağından yemir. Gəl ki, rəhbərə də az bilən, qabaqdan yeyən lazımdır. Fərq etmir ey, dövlət olsun, özəl olsun, maymaq, mağmun lazımdır. Day özünə hörmət qoyan yox.

-Elədir, qaqa. Budur ey, birini mən tanıyıram. Ramanada qalır. Savadlı oğlandır. Universtitet oxuyub. İngiliscə bilir. Mən, o vaxt şəhadətnaməyə hazırlaşanda, onun yanına hazırlığa getdim. İmtahandan da yüksək bal toplamışdım. İxtisası dövlət işi idi, amma, keçdi müəllimliyə. Hazırlığa uşaq götürür, hazırlayır. Öz əli, öz başı.

_Sən öl, düz edir.

Səki qurtardı.

Yola çıxdıq.

Maşın siqnalladı.

-Gözlə! Keçirik də!-üstünə qışqırdım.

Keçib getdi.

İrəliləyirdik.

İrəliləyə-irəliləyə, Lev Tolstoy küçəsinə çatdıq.

Musa, səkinin üstündə, mən səkinin altında idim.

Musa, aşağı düşdü.

Büdrədi.

Qolunu sıxdım.

-İdmanla məşğul olursan, deyəsən?

Musa gülümsündü.

-Hiss olunur?

-Hə.-gülümsündüm.

-Olmuşam. Sərbəst güləşlə, kiqboksla.

-Yarışmalara getmisən?

-Getmişəm. Regional.

-Bəs, ölkə xarici?

-Yox.

-Niyə?

Musa, sol əlinin, şəhadət barmağı ilə baş barmağını bir-birinə sürtdü.

-Məşqçi də dəstək ola bilmirdi sizə?

-Yox.

-Nə deyirdi?

_Deyirdi, yol pulu sizlikdir, qalmaq pulu da.

İrəliləyirdik.

FHN binasını keçdik.

-Belə, özünü tərifləmək kimi çıxmasın, o xaricə gedən oğlanlardan da güclü idim mən, amma, onlar getdi, mən gedə bilmədim. Qaldım burada.

İrəliləyirdik.

Yağış yağırdı.

_Elə olur da. Ay qabaq, bir taksi sürücüsü ilə söhbət etmişdim. Bakılı balası idi. Oğlu, “Səbail” futbol klubunda oynayırdı. Deyirdi, Allahın futbolunda da tanışlıq keçir. Adamın olmasa, qabağa gedə bilmirsən.

-Elədir.-Musa dedi.

İrəliləyirdik.

İrəliləyə-irəliləyə, “Hazz” otelin qarşısındakı zirzəmiyə çatdıq.

Mən skuteri, Musa da “Wolt” yazılmış çantanı, səkinin üstünə qoydu.

Qucaqlaşdıq.

-Allah canını sağ eləsin, qardaşım.-Musa dedi.

-Evə çatanda, mənə xəbər elə.

Hərəmiz öz istiqamətimizə sarı yollaşdıq.

Gəzə-gəzə, erməni kilsəsinin qarşısına çatdım.

Əlimdə sıxıb saxladığım qoğala baxdım.

Qoğal islanmışdı.

Telefonuma zəng gəldi.

-Salam, Emil, necəsən?

-Yaxşıyam, Rüstəm, sən necəsən?

-Yaxşıyam. Yarım saat olar, yazdım sənə. Yəqin, internetin işləmir. Deyirəm, elə indi, vaxtın varsa, gəl kilsəyə, söhbət edək.

-Elə özüm indi, Nizami küçəsindəyəm. Buradan pay-piyada çıxsam, yarım saata, qırx dəqiqəyə, oradayam.

-Oldu. Mən də o vaxta olaram orada.

-Yaxşı.

Zəngi söndürdüm.

İrəliləyirdim.

Kilsəyə doğru irəliləyirdim.

İrəliləyə-irəliləyə, içərimdən Allaha sarı soruşurdum:

-Haradasan, ay Allah?!

…Yağış yağırdı…

Çay Süfrəsi

Elşad, Xətai metro stansiyasının qarşısında idi. Zəng gəldi.

-Alo, Elşad bəylə danışırıq?

-Bəli.

-Salam, Elşad bəy. Siz bizə Linkedindən müraciət etmişdiniz. Məlumat menecerliyi ilə bağlı.

Elşad, yadına salmağa çalışırdı.

-…Bəli…

-İstərdik ki, öz təcrübəniz haqda qısa məlumat verəsiniz.

Elşad əlində telefon, yolu keçdi.

Parka çatdı.

-Təbii ki. Satış sahəsində iki ildən çox təcrübəm olub.

-Hansı məhsulların satışı ilə məşğul olmusunuz?

-Məişət avadanlıqları, texnoloji avadanlıqlar. Həm fərdi, həm də korporativ müştərilərə məhsul satmışam. Paralel, başqa bir şirkətdə, şirkət, holdinq rəhbərləri iıə əlaqə saxlayaraq, onları müqaviləyə cəlb etmiş, üzvlüyə qəbul etdirmiş, forumlara dəvət etmişəm.

-Lap gözəl. Deməli xeyli təcrübəniz var. Yaşınız?

-İyirmi səkkiz.

Elşad, danışa-danışa, metrostansiyanın qarşısındakı parkı keçmişdi. Üzü, Ali Məhkəməyə tərəf gedirdi.

-Özünüzü bizim şirkətdə, hansı işdə görürsünüz?

-Satış rəhbəri, brend meneceri vəzifəsində.

-Lap yaxşı. Sabah istərdik ki, müsahibəyə gələsiniz. Saat on-on bir arası uyğun olar?

-Olar.

-Lap yaxşı. Gözləyəcəyik sizi.

-Aydındır. Bəs ma…?

Qarşı tərəf zəngi söndürdü.

Elşad, Ali Məhkəməyə çatmamış, “Simurq” plazanın qarşısına gəldi. Plazanın səkkizinci mərtəbəsində, artıq yeddi dəqiqə idi ki, Rüstəm Babazadənin “Ssenari yazılışı” master klassı gedirdi.

Plazaya çatan kimi, qeydiyyat şöbəsinə yaxınlaşdı. İşçi, Eldara sarı baxdı.

-Tədbir var, burada. Ssenari ilə bağlı.

İşçi, sağ əli ilə, sağ tərəfi göstərdi.

-Əməkdaşlara yaxınlaşın, sizə köməklik göstərsinlər.

Elşad, işçinin barmağı ilə göstərdiyi yerə getdi. Ağ paltarlı, üstündə qırmızı rəngdə “Mədəniyyət Könüllüləri” yazılmış on səkkiz-iyirmi yaşında gənc bir xanıma yaxınlaşdı.

-Salam. Rüstəm Babazadənin ssenari yazılışı ilə bağlı master klassına gəlmişəm.

-Buyurun.

Xanım, ona lifti göstərdi. “8” yazılmış düyməni basdı.

Elşad, səkkizinci mərtəbəyə çatan kimi, liftdən sağa-tədbir keçirilən istiqamətə sarı buruldu.

Yenə də bir ağ köynəkli gənc xanım, Elşadı qarışladı.

-Tədbirə gəlmisiniz?

-Bəli.

-Ad, soy adınızı, nömrənizi, bir də şəxsiyyət vəsiqənizin fin kodunu qeyd edərdiniz.

!Qabağındakı kağıza, adını, soy adını, əlaqə nömrəsini yazdı.

-Fin kod?-qadın fin kod yazılan yeri, barmağı ilə göstərdi.

-Əhəmiyyəti?

-Sertifikat veriləcək.

-Ehtiyac yoxdur.

-Buyurun.

Elşad, tədbir keçirilən zala keçdi.

Tədbir, iyirmi dəqiqə idi ki, başlamışdı.

Xeyli adam vardı. Rüstəm Babazadə, ssenarisini yazdığı “Olimpia” filmindən danışırdı. Danışa-danışa da, ssenarinin yazılış qaydalarını izah edirdi.

-Təzə nə isə yox imiş.-Elşad öz-özünə dedi.

Babazadə danışdıqca, çəhrayı geyimli, qarayanız, orta boy, dolu bir xanım, yerdən, Babazadənin səsinə səs verirdi.

-Filmdə, əksərən, iki hal olur; ya yaxşı ssenarist olur, pis rejissor, ya da əksinə. İkisi də yaxşı olanda, lap əla.

-Bilirsiniz, Rüstəm müəllim-qadın yerindən dedi-vallah, aktyorlarımız da, çox süni danışır ey. Baxırıq, o ingilis filmlərinə, qulaq asırıq dialoqlara, adama, niyəsə xoş gəlir. Amma, baxırıq bizimkilərə, elə süni, elə saxta….

-O rejissorun işidir. Aktyora necə danışmağı, rejissor izah edir.

-Onda gərək, bizimkilər də, onların səviyyəsində olsun da.

-Yenə deyirəm. Dediyiniz rejissor işidir.

Babazadə, “Olimpia” filmi haqqında danışıb qurtarandan sonra, “Əlvida Şmidt” filminə keçdi. Burada da, ssenaristin, obrazı necə yaratmalı olduğundan danışmağa başladı.

Elşad, Babazadə danışqdıca, telefona baxırdı. Saat 16:35-i göstərirdi.

-Day gəlmişəm. İyirmi beş dəqiqə də keçsin, çıxaram.

Babazadə, obrazlardan da danışandan sonra, keyfiyyətli, keyfiyyətsiz ssenarilərdən danışmağa başladı.

Bu dəfə də, o çəhrayı geyimli xanımın, ürəyi dilə gəldi.

-Bax, onu düz deyirsiniz. Mənim nə qədər ssenarim var, üzə çıxarda bilməmişəm, yatıb qalıb, heç üzünə baxan da yoxdur. Amma, kimlərin ki, adı tanınır, o saat verirlər qabağa onların ssenarilərini.

-Tədbir, manifestə döndü-Babazadə dedi.

Gülüşmə düşdü.

-Xanım, ssenarinizi, prodüserə verin. İndi qayda-qanun başqa cürdür. Prodüserə verin, o baxsın, qiymət versin.

-Necə?

Babazadənin üzü turşudu.

-Necə deyəndə ki…verin, izah edin ssenarinizi qısa şəkildə. Məsələn, Titanik filmini necə izah edərsiniz? Qısa şəkildə?

Qadın, izaha başladı.

-Cek kartda udur, sonra Titanik gəmisinə bilet qazanır, orada Rozla tanış olur, Rozun ayrı nişanlısı var. Onlar bir-birini sevir, axırda da Titanikdə partlayış…ey, Aysberqlə toqquşur, gəmi parçalanır, Cek Rozu xilas edir, özü dənizdə batır.

-Misal üçün belə.-Babazadə dedi-Prodüserə də elə izah etməlisinz ki, o ssenarini almaq, buna pul qoymaq, aktyor, çəkiliş heyəti tapmaq istəsin. Ümumiyyətlə bilirsiniz, ssenarinin kökündə nə dayanır? Yəni nəyə görə bilə bilərik ki, ssenari güclüdür, ya zəif?

-İdeya-Elşad, yerindən cavab verdi.

Babazadə, baş parmağı ilə şəhadət barmağını bir-biri ilə toqquşdurdu.

-Dostumuz düz dedi, ideya. İdeya güclü olmalıdır. Nə qədər kitab oxuyursan oxu, filmə baxırsan bax, xeyri yoxdur. Bilirsiniz, ssenari yazmaq istedad işidir. Hər adam ssenari yaza bilməz. Düzdür istisnalar da var. İsi Məlikzadə, həm yazıçı idi,həm ssenarist. Yazıçı Anar

-Ramiz Rövşən-Elşad yerindən cavab verdi.

-O şairdir.

-İdeya müəllifisiniz?-çəhrayı geyimli xanım,ın bu dəfəki hədəfi Elşad idi.

Elşad, Babazadəyə baxa-baxa, cavab verdi:

-Xeyr.

Elşadın, xanımla danışmağa həvəsi yox idi.

Xanım, Babazadəyə tərəf döndü.

Saat 16:55-i göstərirdi. Elşad, barmağını qaldırdı.

-Rüstəm bəy, icazənizlə, getmək istərdim.

-Buyurun.

***

Elşad, evə çatıb, nahar edəndən sonra, sabahkı müsahibə üçün, geyəcəklərini şkafdan çıxardı.

-Tərtəmizdir.

Qardaşı evə gəldi. Köynək , pencəkləri qardaşının yatağının başında gördü.

-Hara gedəcəksən?

-Müsahibəyə?

-Müsahibəyə? Xeyirli olsun.

Otaqdan çıxan kimi, xəbəri atasına çatdırdı.

-Elşad?-atası çağırdı.

Elşad, qonaq otağına getdi.

-Sabah, müsahibəyə gedirsən?

-Hə.

-Xeyirli olsun, bəs niyə demirsən?

-Soruşdun ki deyəm?

-Gərək soruşam. Xeyirli olsun. Nə işdir?

-Satış işidir.

-Haradadır?

-Jalə Plazada.

Atası, JMR Plazanı köhnə adı ilə tanıyırdı.

-28 Mayda?

-Hə.

Xeyirli olsun. Neçənci mərətəbəyə çağırıblar səni?

-Üçüncü.

-Üçüncü. Bəlkə də, tanıyıram oradakıları. Neçədə?

-Saat onda.

-Hə…Firudindən soruşaram görüm. Xeyirli olsun.

-Sağ ol.

Elşad, yataq otağına keçdi.

***

Elşad. adəti üzrə, səhər erkəndən-saat altıdan oyanmışdı.

Çörək qabına baxdı. Çörək qurtamışdı

Aşağı düşdü.

Yaşadıqları küçədəki “Təndir” adlı dükana getdi.

-Salam, Şimşək, çikonəşi* ? (çikonəşi-necəsən)

-Salam, çokim*, çikonəşi*? (çokim-yaxşıyam)

-Çokim*. Təndir almağa gəlmişəm. Nəğd gəlmişəm.

-Lap yaxşı.-Şimşək, gülə-gülə cavab verdi.

Elşad, təndirdən təzəcə çıxmış, çörəkləri, kağıza büküb, Şimşəyə uzatdı. İki boz manatlığı da qoydu şüşənin üstdə.

-Nəğddir ha.

-Oldu-Şimşək, gülə-gülə dedi.

-Talışca, “Hansı bölgədəsən?” nə deməkdir?

-Kum bölgə koş?

Elşad, Şimşəyin, qabağında çay stəkanını gördü.

-“Mən çay içirəm” nə deməkdir?

-Mı çay mıpeydə.

-Oldu, çox sağ ol.

Belə şərtləşmişdilər. Əgər, indən belə, Elşad bu dükandan çörəkləri nəğd pula alacaqdısa, hər nəğd pulun qabağında, Şimşək, Elşada, iki talışca cümlə öyrədəcəkdi.

Elşad dükandan çıxdı.

Elşad, çörəkləri çörək qabına, çayı da, üç ağ yumurtanı da qaynamağa qoydu.

Çay da qaynadı, yumurtalar da.

Çayın qarası qaynayandan sonra, başladı səhərini yeməyə.

Saat səkkizə on dəqiqə qalmışdı.

Səhərini yeyib, müsahibəyə geyəcəyi pencək-şalvar dəstini, köynəyini şkafdan çıxarıb, qapının qulpunun üstünə qoydu.

Saçını, saqqalını qırxdı.

Hazırlığını tamamlayana kimi, atası oyandı.

-Sabahın xeyir.

-Sabahın xeyir.

-Hazırlaşırsan?

-Hə.

Əyin-başını geyindi.

Atası, qapıya kimi yola saldı.

-Maaş soruşsalar nə deyim?

-Gör nə deyirlər?

Elşad, danışa-danışa liftə yaxınlaşdı. Düyməni basdı.

-Deməyəcəklər. Deyərəm, axırıncı iş yerimdə səkkiz yüz-doqquz yüz alırdım. Mindən yuxarıya razıyam.

Lift açıldı.

-Ab-havaya baxarsan.

Lift bağlandı.

Elşad, yaşadığı məhəllədən JMR Plazaya kimi, pay-piyada getdi.

Plazaya çatanda, saat 09:45-i göstərirdi.

-Hələ vaxta var. Bir az gəzişim.

On beş dəqiqə o baş-bu başı gəzdi. Gəzə-gəzə, bundan əvvəl işlədiyi yerə-World Business Center-ə çatdı. Binaya baxdı.

Bir il əvvəl, buradakı iş yerindən çıxartmışdılar onu.

-Cındırlar-Elşad, ürəyində dedi.

Saat, 09:55-i göstərirdi.

Elşad, plazaya girdi. Üçüncü mərtəbəyə qalxdı.

Mərtəbəyə çatan kimi, Lövhənin üstündə “Tiens Agecny” yazılan qapının qarşısına gəldi. Qapının qarşısındakı yaşlı kişi soruşdu.

-Nəyə gəlmisiniz?

-İş müsahibəsinə.

-Qarşıdadır-barmağı ilə istiqaməti göstərdi.

Elşad, kişin barmağnın göstərdiyi yerə getdi.

İçəri girdi.

-Salam. Nə üçün gəlmişdiniz?-qeydiyyat şöbəsindəki xanım soruşdu.

-İş müsahibəsinə.

-Kimin yanına?

-Zeynəb xanımın.

-Vəsiqəniz?

Elşad, vəsiqəsini masaya qoydu.

Xanım, vəsiqəni qeydiyyata aldı.

-Elşad bəy, gözləyin, Zeynəb xanım sizi qəbul edəcək.

On dəqiqə keçdi. Zeynəb xanım içəri girdi.

-Elşad bəy, buyurun.

Elşad, içəri keçdi.

-Buyurun, oturun.

Göstərilən yerdə oturdu. Qarşısında təxmini altmış-altmış beş yaşlı, girdəsifət bir kişi, sağında isə, təxminən on səkkiz-on doqquz yaşında, qara saçlı, qara eynəkli, qara pencəkli xanım oturmuşdu.

-Salam, Elşad bəy. Adım Bəkirdir. Sizlə tanış olmaq istərdik. Özünüz haqqında qısa məlumat verərdiniz,

Elşad, telefonda dediklərini, təfərrüatı ilə , şifahi şəkildə də, qabağındakı adamalara dedi.

Danışıb, qurtarandan sonra, Bəkir bəy danışığa başladı.

-Lap gözəl. Biznes qurmaq planınız var gələcəkdə?

-Sizin məsləhətinizlə olacaqsa, var.

Bəkir bəy gülümsündü.

-Nə kimi işdə işləmək istəyərsiniz?

-Rəhbər vəzifəsində.

-Neçə yaşınız var?

-İyirmi səkkiz.

-Ay maşallah. Evlisiniz, subay?

-Subay.

-Niyə evlənməmisiniz?

-Stabil işim olsun, evlənim.

-İnşallah, elə burada işləyə-işləyə evlənərsiniz.

-İnşallah.

-Maaş gözləntiniz?

-Axırıncı iş yerimdə, maaşım səkkiz yüz-doqquz yüz manat arası olub.

-Burada?

Elşad, konkret cavab vermədi.

-Yazdım min üstəgəl. Lap yaxşı, Elşad bəy. Şad olduq sizinlə tanış olduğumuza. Auranız da xoşdur.

Bəkir bəy, bunu deyə-deyə, buraxılış vərəqəsinə, Elşadın ad, soy adını, Zeynəb xanımın adını, Elşadın mobil nömrəsini, bura növbəti dəfə gələcəyi günü, saatı yazdı. Vərəqi, Elşada uzatdı.

-Buraxılış vərəqəsi. Sabah yox, birisigün, saat 12-də, olarsınız bu kabinetdə. Gecikmək olmasın.

-Oldu, Bəkir bəy.

Əl verib, sağollaşdılar.

Elşad, otaqdan çıxdı.

-Allah sənə şükür!-Elşad, ürəyində dedi.

On bir aydan, sonra, birinci dəfə idi ki, bir yerdən “hə” almışdı. Sevinci ,ürəyinə sığımırdı.

Sevinə-sevinə, JMR Plazanın beş ildən çoxdur ki, işləməyən eskalatorlarından aşağı düşdü.

Çölə çıxdı.

-Allah sənə şükür!-Elşad, ürəyində dedi.

-Nə edim, görəsən? Gedim, Səxavət dayının çayxanasına.

Elşad, asta-asta, çayxanaya sarı getdi. Ürəyində,bəlkə də, on kərə, yüz kərə “Allah sənə şükür!” dedi.

Şükür edə-edə, Nizami kinotearının qarşısına gəldi. Səxavət dayının çayxanasında işləyən, ağsaqqalı gördü.

-Salam, dayı.

Dayı, “Salam” səsi gələn tərəfə baxdı.

-Salam.

-Gələcəyəm çay içməyə. Şirniyyat-filan alsam, problem olmaz?

-Yox, al, gəl.

-Yaxşı.-Elşad. gülə-gülə cavab verdi.

Elşad, yeraltı keçidib keçib, keçid yuxarı, Bravo mağazasına girdi.

Mağazanın xəmir məhsulları satılan bölməsinə keçib, özü üçün, qoğal, xaçapuri, kəsmikli şirniyyat götürdü.

Dükandan çıxdı.

Çayxanaya getdi.

Çayxana, həyətdən, bir də içəridən ibarət idi. Həyəti geniş idi. Bir tərəfi parka, digər tərəfi Ali Məhkəmənin giriş zalına Elşadın oturduğu yer isə Pedaqoji Universitetə sarı baxırdı.

Pencəyini, stuldan asdı.

Oturdu.

Gözlədi.

Gələn olmadı.

Gözlədi.

Yenə gələn olmadı.

Səxavət dayı, həyətə keçdi. Elşad, ayağa durdu.

-Salam, Səxavət dayı, necəsiniz?

Səxavət dayı, gülə-gülə, Elşada salam verdi.

-Şükür.

Masaya baxdı.

-Çay qoymayıblar?

-Səni gözləyiblər-Elşad, gülə-gülə cavab verdi.

Səxavət dayı gülümsündü.

İçəri keçdi.

Qayıdanda, məcməyidə çaydan çay, armudu stəkan, iki cüt limon, bir çay qaşığı, bir qab qənd və külqabı ilə Elşadın masasına gəldi.

-Çox sağ ol, Səxavət dayı.

Səxavət dayı içəri keçdi.

Elşad, qabağındakı kiçik çay dəstgahına baxdı.

-Allah sənə şükür!-Elşad təzədən dedi.

Elşadın ürəyi sevincdən dolmuşdu. Ürəyinə sevinc ağrı kimi oturmuşdu.. Bilmirdi ki, kimlə bölüşsün. Kiminləsə bölüşməyə də ürəyi gəlmirdi. Ürəkli adam soraqlayırdı bölüşsün. Qanı saf axan, ürəyinin damarı saf vuran adam axtarırdı, Elşad.

…Adam…

Ağlına, Camal gəldi. Telefonu götürdü.

“Qardaşım, salam, necəsən? Dedim, siftəni sənə deyim. Qardaşın işə girib. Həftənin dördüncü günündən, Allahın köməkliyi ilə başlayıram işə. İnşallah, qabağa düşüm, səni də yanımca aparacağam”.

Mesajı yazıb bitirəndən sonra, çayını içməyə başladı. Elə bil, mühüm bir borcunu yerinə yetirmişdi…

***

Elşad, Camalı, bir ay əvvəl, bir tədbirdə tanımışdı. Tədbirə gəlməyinin məqsədi də, yeddi il əvvəl, başqa bir tədbirdə tanıdığı, adaşı ilə görüşmək idi. Onu da nə vaxtdan bəridir, görmürdü. Elə gələndən bəri də, düz-əməlli görə bilmədi. Qismət oldu adaşını görmək, o da atüstü, “Salam-sağ ol”.

Dostunu axtarmağa gəlmişdi, özünə Yunis adda, Camal, Elmir adda qardaş tapdı.

Gəldiyi birinci gün, tədbiri aparan, Xəlil adlı şair, Elşadı, uşaqlara təqdim etmişdi.

-Elşad bəy, istedadlı şair, yazıçıdır. Yaxşı şeirləri var.

Camalgild də, təsadüfən, Elşadın yanında oturmuşdu.

Söhbət oradan-buradan düşdü. Günün mövzusu bu idi:

“Özünüzü Allaha nə vaxt çox yaxın hiss etmisiniz?”

Camal söhbətə başladı.

-…Mən özümü Allaha, həyatımın ən çətin vaxtında yaxın hiss etmişəm…ən çətin…

Elşad, Camalın qırımını aldı. Hiss etdiyini, hiss etdi.

Sual verdi:

-İntihar?

Camalın gözləri böyüdü.

-Nə güclü empatiyanız var?

-Neçə yaşınız var?

-On doqquz.

-İyirmi səkkiz. Doqquz yaş sizdən böyüyəm.

Camal başladı danışmağa. Növbə, Elşada çatdı. İntihara cəhd hekayələri oxşar idi. Qurtuluşları da.

Qurtulub, burada rastlaşmışdılar.

Tədbir bitəndən sonra, Camal Elşaddan soruşdu:

-Şeirlərinizi harada paylaşırsınız?

-Saytda. Nömrənizi deyin, göndərim.

Dedi, Elşad da göndərdi.

-Sonuncu şeirimdir, adı “Mübarizə”dir. Oxuyarsınız.

Camal cavab vermədi.

-İstəyirsiniz, şifahi deyim.

-Deyə bilərsiniz?

-Deyə bilərəm.

Elşadın gözü yan otaqda, Camalın gözü, uşaqların yığıldığı otaqda idi.

Elşad, şeirini hamının qabağında səsləndirmək istəmirdi. Şeirini deməkdən qorxurdu.

Camal, qəflətən qapını açdı, üzünü uşaqlara tutdu.

-Elşad bəy, bizə şeir deyəcək!

Elşad, duruxdu. Özünü itirmədi. Belini divara söykədi. Başladı şeiri deməyə.

“Gözünü açıb, seyr edərkən bu dünyanı,

Boğazından səs qopur, dünyanın eşiyinə,

Dünya, səni salamlayır:

“Xoş gəlmisən beşiyimə”

O şeir dedikcə, Xəlil, içəri girənlərə, barmağı ilə “sus” işarəsi verib, içəri salırdı. Elşad , şeiri oxumağa davam edirdi

Şeir belə bitirdi

“Susma! Susma! Danışgil!

Qorxma! Hələ ki varsan!

Qorxma! Qorxma! İrəli!

Çünki, düşünən başsan!

Dönmə mübarizəndən!

Çünki, sən!

VƏTƏNDAŞSAN!

Alqış-alqış dalınca gəldi. Camal da üç dəfə “Çox sağ ol” dedi Elşada.

-Çox sağ olun ki, sözümü sındırmadınız. Çox sağ olun, çox sağ olun, həqiqətən.

-Dəyməz, var olun. Siz sağ olun.

O vaxtdan bəri. Camal Elşada, Elşad da Camala “qardaşım” dedi.

Bir şeirlə iki yad adam, bir-biri ilə qardaşlaşmışdı.

Bir-birlərinə hörmətləri o yerdə idi ki, Elşad, iş axtarırkən belə, özündən doqquz yaş kiçik tələbəyə, Camala da ağız açmışdı. O da maraqlanmışdı.

Elşad da, Camalın bu kişilyini, qardaşlığını unutmamışdı.

***

Elşad, bunları yada sala-sala çay içirdi.

-Gör nə mərd oğlanmış! On bir aydır iş axtarıram mən, on bir ay…ağız açmadığım yer, adam qalmadı…qohum, dost-tanış…kimlər ki, pullu vaxtımda yanlarında idim, şərində də, xeyrində də…əli paylı gedirdim, heç vaxt da əliboş getməzdim…kimlər kimlər, a kişi…dostum, qubalı balası Hikmət, qohumum, Paşa, Paşanın oğlu, Bəşir, Bəşirin oğlu…Bəşirin oğlu əl çəkmirdi ey məndən, yan-yörəmdə hərlənirdi…”böyük qardaşımızsan” deyirdi…əlim işdən çəkildi, qardaşlıq da getdi, böyüklük də…indi baş üstə dilucu “salam” verib, yanımdan keçir, köpəkoğlu…atası da elə…əlimin çörəkli vaxtında, hörmət-izzətim var idi,..nələr görmədim, ay Allah,..nələr görmədim…yadlaşmağa başladı doğma bildiklərimin, dost bildiklərimin çoxu…belə də namərdlik olarmı, ə…özü də mənə…əl açıb borca pul da istəmirdim kimsədən, ehityacım da var idi, amma, ehtiyacım olduğunu bilən də, pulu üzümə şillə kimi çırpıb verirdi, ağsaqqal bildiyim…ağsaqqalımı da tanıdım, qarasaqqalımı da…dalımca danışanı da, qeybətimi qıranı da, mərdimi də namərdimi də…unutsam, namərdəm, namərdəm, oğraşdır!…Onların namrədliyinin, onların namərdliyinin qabağında, Camalın mərdliyini unutsam, namərdəm! O uşaq da bilirdi işsizəm, bilirdi, amma, əl çəkmirdi məndən…yanımda otururdu, söhbətimə qulaq asırdı…öz-özümə də fikirləşirdim ki, mən nə etmişəm axı bu uşağa? Nə etmişəm ki, gözü məni axtarır, beş adama sual veriləndə, “ondan da fikir alın” deyir. Hörmətə bax! Deməli, belə kişilər də varmış bu dünyada…sözə, şəxsiyyətə hörmət qoyan adamlar….day bəzi pul, vəzifə fahişələri kimi. vara, sərvətə, vəzifənin döşünə yatan qəhbələr kimi yox…adamın özünə, adamlığına hörmət qoyanlar….Sonra çatdı mənə ki, Camal, niyə hörmətimi saxlayır. Mübarizə! Mübarizə! Bu şeirimi oxumuşdum, onun yanında. Mübarizə! Az şey deyil, on doqquz yaşlı tələbənin qabağında, “Mübarizə” şeiri oxumaq! Az şey deyil! “Dönmə mübarizəndən! Çünki sən, vətəndaşsan!” demək! Az şey deyil! Böyük işdir! Böyük iş! Özündən doqquz-on yaş böyük birindən belə bir şeiri eşitmək! Belə bir nidanı eşitmək! Özümü tərifləmirəm yox, mən on doqquz ildir ki, şeir yazıram. Bu sayaq irili-xırdalı şeirləri də, dörd ildir ki, yazıram. Nə olsun ki yazıram, kimə çatır axı…çatanda da, Camal kimi vicdanı, dərrakəsi oyaq adamalara çatır…heç dost-doğmaca qardaşıma da çatmır…o gün “Olmur” şeirimi oxuyur, azdan sonra gəlir yanıma, deyir, işin yoxdur onsuz, otur toy müğənnilərinə toyxana şeiri yaz, dedim, qardaşın o boyda ər, ərən şeirir yazıb, mənə yaraşarmı, ə, toyxana manısına şeir yazım…qabağında nə desə yaxşıdır? Elə şeirlər yazıb, ac-yalavac qalacaqsan…sözə bax ey…sözüm qurtardı,…onsuz da yazdıqlarım ona çatmır, mən də boş-boş göndərirəm…nəyisə….hərədən bir cür zərbə gördüm…doğmadan da, bəzi dostlardan da…təklədilər məni, namərdcəsinə təklədilər, unutmaram, haqqım da halal deyil onlara, nə bu dünyada, nə o….Keçmərəm!

Elşad, çay içə-içə, Xətainin “Söylərəm, ey Padişahlar, Padişahı!” deyişinə qulaq asırdı

Söylərəm ey, Padişahlar Padişahı, çox şükür!

Bəndənin ümidi sənsən, həm pənahı, çox şükür!

Əfv edərsən sən bizi, sirrimizə agah sən,

Çox şükür, birliyinə, ya Rəbbi-Ali, çox şükür!

-Allah sənə çox şükür!-Elşad öz-özünə dedi-məni namərdlərə möhtac qoymadın, öz çörəyimi, öz əlimlə tapdım. Çox şükür, ay Allah, çox şükür!

Çay içilib qurtarmışdı. Elşad yerindən qalxdı. Üç boz bir manatlığı, çaydanın altına qoydu.

Çayxanadan çıxıb üzü Nizami küçəsinə sarı getdi. On bir ayın içində, başına gələnlər bir-bir keçirdi yadından…sancı kimi…çalışırdı ki, ayıq-sayıqlığını itirməsin, getdiyi yola, işıqfora, maşınlara diqqət edirdi. Fikirli idi.

Beləcə fikirli gəzə-gəzə, Azərbaycan prospektində yerləşən, Majesty Optikə yaxınlaşdı.

Eynəyinin bir muncuğu düşmüşdü.

Elşad mağazaya girən kimi, vitrinlərin qarşısında dayanan xanıma yaxınlaşdı.

-Salam, eynəyin muncuğunu dəyişmək istəyirəm.

-Salam. Buyurun keçin o otağa-deyib, qarşıdakı otağı göstərdi.

Elşad, qarşıdakı otağa keçdi.

-Salam, eynəyin muncuğunu dəyişmək istəyirəm.

Usta, iş üstdə idi. Başını qaldırmadan, dedi:

-Çin muncuğu on beş manat, alman muncuğu otuz.

Elşad, otaqdan çıxmağa üz qoydu.

-Bahadır?

-Başqa mağazada iki manata düzəltdirmişəm.

-Tələbəsiniz?

Elşad cavab vermədi.

-Ver-usta dedi.

Əlinə alətlərini alıb, eynəyə təzə, cüt muncuq düzəltməyə başladı.

-Neçəyədir qiyməti?

-Sənə havayı.

-Sağ ol, qardaş

Usta, işini bitirdi. Eynəyi, Elşada uzatdı.

-Adın nədir?

-Tofiq.

-Elşad.

Əl verib, salamlaşdılar.

-Naxçıvanın harasındansan?

-Özündən, sən?

-Laçından.

-Lap gözəl.

-Nömrəni de görüm.

-05….

-Yazdım. İşin avand olsun.

Elşad, dükandan çıxdı.

Pay-piyada Nizami heykəlinin qarşısına çatıb, oradan üzüaşağı-“Misra Book” kafesinə doğru yol aldı.

Yolboyu, çayxanada yadından keçən hər şey, təzədən düşürdü yadına. Bir-bir, sıra-sıra düşürdü yadına. On bir ayın ağrısı, misqal-misqal gəlmişdi, indi batmanla çıxırdı canından. Fikrini cəmləməyə çalışırdı. Fikrini cəmləməyə.

Beləcə fikir içində, çatdı “Misra Book” kafeyə.

Kafenin qapısından bir masa qabaqdakı masada oturdu.

Ofisiant, Elşada yaxınlaşdı.

Menyunu uzatdı.

-Limonad.-Elşad dedi.

Xanım, menyunu götürdü.

Elşad, whatsapp-da paylaşılan statuslara, mesajlara baxırdı. Camaldan cavab gözləyirdi.

Limonad gəldi.

Kafedə, Rübabə Muradovanın ifasında “Unuda bilmirəm” mahnısı səslənirdi.

Elşadın ürəyi daş kimi döyünürdü. Daş kimi. Ürəyi daşa dönmüşdü. Əzizlərinə, doğmalarına qarşı. Ürəyi, daşına sığmırdı.

Çantasından dəftər, qələm götürdü. Yazmağa başladı:

Ürəyim al yanar oddur,

Soyumağa bulaq axtarır,

Barmaqlarım ot acıqlı,

Biçməyə oraq axtarır…

***

… Ürəyimin şadı söndü

Bəxtimin təkəri çöndü,

Doğmalarım yada döndü,

İndi, qulaq, yad adamdan

Doğmaca soraq axtarır…

Telefonunu açdı. Camalın mesajını gördü.

“Salam, qardaşım, şükür, salamatçılıqdır, səndə necədir? Oy da nə yaxşı təbrik edirəm qardaşım, hansı tərəfə düzəldin?”

“Bir azdan, yazacağam, qardaş. Telefonun batareyası ölür.”

Elşad, yerindən götürüldü. Kassaya yaxınlaşdı.

-Nəğd?

-Kartla-Elşad dedi.

-Terminal işləmir.

-İşləmir?

-İşləmir.

-Ən yaxın bankomat haradadır?

-Gözləyin bir dəqiqə.

Xanım, yan otağa keçdi.

Qayıtdı.

-Alınmır.

-Ən yaxın bankomat haradadır?-Elşad. bunu deyib, oturduğu masaya sarı getdi. Xanımın yanına, ağ köynəkli bəy yaxınlaşdı.

-Narahat olmayın, siz daimi müştərisiniz. Gələn dəfə gələndə, ödəniş edərsiniz.

-Çox sağ olun.

Elə bil, hamı Elşadın işə girdiyini eşitmişdi deyə, ona bu yolla xeyir-dua verirdi.

Elşad kafedən çıxdı. Yavaş-yavaş, sonra da qaçaraq özünü “28 May”a çatdırdı.

28 Mall”a çatan kimi, sıra boyu telefon aksessuarlarının olduğu dükanlardan birinə yetirdi özünü.

Vitrinin qarşısında dayanan hicablı gənc xanıma yaxınlaşdı.

-Salam, xanım. Telefonuma düşən adapteriniz varmı?-deyib, telefonunu göstərdi.

-Var-deyib, vitrini açdı.

Ağ rəngdə uyğun adapter tapdı.

-Qiyməti?

-On beş manat?

-On beş?

-Bəli.

Elşad. əlini cibinə atdı.

Qızıl beşlik.

-“28 Mall”a gedib, Kapital Bankdan çıxarım pulu, gəlim.

-Zəhmət çəkməyin ora kimi.”Neptun” marketin yanında da bankomat var.

-A, doğrudan ey. Burada gözləyin, bu saat gəlirəm.

“Burada gözləyin”. Guya, xanımın qaçacaq yeri varmış.

Elşad, xanımı vitrində gözlədib, bankomata qaçdı. Bəxtindən özündən qabaqda kimsə yox idi. Kartı bankomata tutdu.

Nəğd iyirmi manat çıxartdı bankomatdan.

Dükana qaçdı.

-Heç olmasa, on manat.

-On iki.

-Oldu.

Yaşıl iyirmiliyi uzatdı.

Adapteri vitrinin üzbəüzündəki yumşaq oturacağın üstündəki elektrik yuvasına qoşdu.

Batareya “5%” göstərən kimi, yazmağa başladı Camala.

-“Düzü whatsapp söhbəti deyil, səni bir aydır tanıyıram. Kaş üzünə deyə biləm. Camal, sözün bütöv mənasında KİŞİ adamsan. Tay-tuşumun, özümdən yaşda qat-qat böyük adamların edə bilmədiyi kişiliyi etdin, səndən iş xahiş edəndə mənə görə ağız açdın. Düzdür, mənə xəbər başqa yerdən gəldi, amma, sən də mənə görə marketinq şöbəsinin rəhbərinə sözə getdin. Unutmaram yaxşılığını. Dediyim dedikdir. Gücüm, qüvvəm nəyə çatır, yanındayam. Oğlum olsa, adını CAMAL qoyacağam. Kişi olasıdırsa, sənin kimi KİŞİ olsun. Yetişər, böyüyər, əmilik edərsən, adaşına, qardaşının balasına. Var olasan, CAMAL! Var olasan! İnşallah, Alla deyən olsun, düzəlim, iki qardaş, qeyd edərik!”

Elşadın ürəyindəki ağrı, batmanla çıxdı.

Elşad, üçüncü dəfə intihardan qayıtdı.

İki bundan əvvəli, iyirmi ikisində, iyirmi beşində olmuşdu.

Bu da iyirmi səkkizində. İşdən qəbul xəbəri aldığı gündə.

Sevinc ürəyindən haray təki çıxdı. Haray təki.

Ürəyinin dərisinin qabığı dəyişdi Elşadın.

Üçüncü dəfə ölümdən döndü Elşad.

Fikirləşdi öz-özünə:

-Kimin üçün yaşayacağam indən belə? Kimin üçün! Camal üçün!

Dükandan çıxdı.

…Camal üçün…

İndən belə, Camal üçün yaşayacaqdı Elşad. Camal üçün. Həyatının ağır məqamında, yüz səksən yeddi misralıq şeirlə ona qardaş olan, arxa olan Camal üçün yaşayacaqdı indən belə.

İndi də iyirmi səkkizində. İşə qəbul xəbəri eşitdiyi gündə.

Evə qayıtdı. Beş saat idi ki, yazmışdı mesajı. Beş saat. Camal görmüşdü. Cavab verməmişdi.

Şübhəyə düşdü, Elşad.

-Görəsən, artıq nə isə yazmadım? Görəsən, yük altına qoymadım uşağı? On doqquz yaşı var, baxma. Uşaqdır. Tələbədir. Birdənbirə deyəsən ki, uşağım olsa, adını Camal qoyaram. Əmilik edərsən. Bəlkə, qorxdu, çəkindi? Mən niyə qızışdım ey, belə? Səbrim də yoxdur. Gərək, görüşüb üzünə deyəydim. Day belə mesajla yox. Baxma da. Üz-üzə ayrı, mesaj ayrı. Partladım uşağın üstünə. Demirəm ey, pis söz yazmamışam. Amma, baxma da, bir aydır tanıyıram. Bir aydır məni tanıyır. Birdənbirə belə yazmaq…nə bilim ey…

Yazdığından qorxmuşdu, Elşad…qorxmuşdu…o qədər adam cildində şərəfsizlər itirmişdi ki, indi də sidqi-ürəkdən yazdığı bu ismarıcının üstündə, adam cildində, adam ruhunda tapdığı adamı, itirmək istəmirdi…

….Dəhşətli bir şey idi…

Qorxa-qorxa yatdı

Qorxa-qorxa oyandı.

Qorxa-qorxa çayını qaynatdı. Çörək dilimlədi. Yağ-pendir qoydu. Səhər yeməyi yedi.

Qorxusu az da olsa, çəkildi.

Masasına keçdi.

Müsahibəsindən keçdiyi iş yeri üzrə internetdə araşdırma aparmağa başladı.

Üç saat.

Üç saaat keçdi.

On doqquz saat əvvəl Camala yazdığı mesaja, on doqquz saat sonra, Camaldan cavab gəldi.

“Qardaşım, təki sağ salamat işlə, mənim üçün bu kifayətdir, Allah bilən olsun əsəas.

“İnşallah, qardaşım. Allah xeyirlisi nədirsə, onu qismət etsin”.

“Amin, qardaşım”.

-Deməli, qorxmayıb, kişi adammış.

Elşadın ürəyi yerinə gəldi.

01/09/2026-11/09/26