Səkkiz saatlıq maska

Bəlkə də, işə qəbul zamanı

İlk tələb belə olmalıdır:

-İşə maska ilə gəlin!

Səhər saat doqquz olan kimi,

Geyinin maskanızı!

Qapıdan keçən kimi…

Kininiz varsa, udun!

Nifrətiniz varsa, unudun!

Şərəfinizi, ləyaqətinizi

Qapıdan çöldə qoyun!

Ən çox nifrət etdiyiniz insana

Salam verin!

Üzünə tüpürmək istədiyiniz adamın

Üzünə gülə-gülə

“Sabahın xeyir!” deyin,

Gözünüzün görmək istəmədiyi

İnsanın, gözünün içinə baxıb

Əlini sıxın…

Narahat oldunuz, deyəsən?

Narahat olmayın.

Vərdiş edəcəksiniz…

Öyrəşdirəcəklər,

Öyrəşəcəksiniz…

Belə də insan deyilsiniz?

Bir tikə çörək üçün

Hər sifətə düşəcəksiniz!…

Bilirsiniz necədir?

Daxili duyğuları,

Mənəvi dəyərləri

Dərin, ali hissləri…

Bunları…bunları

Saat altıdan sonra

Özünüzlə götürərsiniz…

Hə, bu arada, qapının

Qabağında qoyduqlarınızı da

Unutmayın ha…

O şərəfinizi, ləyaqətinizi deyirəm,

Hə, onları…

Gedəndə götürərsiniz…

Çünki iki yüz kvadrat metrlik

Bu kvadratın içində

Heç nə mənəviyyatla ölçülmür!

Çünki, bir-birimizdən

Keçir işimiz!

Çünki, İŞÇİYƏM!

İŞÇİSƏN! İŞÇİDİR!

İŞÇİYİK! İŞÇİSİNİZ!

Və yaxşı işçisinizsə,

Yaxşı qadın, yaxşı kişisiniz!

…Fərq etmir, alçaqsınız,

Qorxaqsınız,

Satqınsınız, yaltaqsınız!

Amma,

Sadəcə və sadəcə

Yaxşı işçisinizsə,

Yaxşı qadın, yaxşı

Kişisiniz!

Aydın oldu dediklərimiz?!

-Aydın oldu.

-Eşitmədim?!

-Aydın oldu, dediklərimiz?!

-Aydın oldu!

Başqa sualınız var?!

-Yoxdur.

-Yaxşı, oldu. Gedə bilərsiniz.

Hörmətli, bəlkə də,

Hörmətsiz namizədlər,

Unutmayın ha!

Sabah işə maska ilə

Gələrsiniz…

17/03/24