Səhər saat doqquzun yarısı oyanmışdım. Əl-üzümü yuyub, idman etdim. İdmanı edəndən sonra, mətbəxə keçib. üç kənd yumurtasını qaynatdım. Bir stəkan çay, üç yumurta, şor, kərpic çörəklə səhəri yola verib, qardaşımın işlətdiyi obyektə getmək üçün hazırlıq gördüm. Saat on birdə orada olmalı idim. Yediyim qab-qaşığı yuyana, pişiyin yeməyini, suyunu hazır edənə, evə lazım olan şeyləri alıb evə qoyana kimi saat on ikini keçdi. Birə iyirmi dəqiqə işləmiş evdən çıxdım. Evdən çıxan kimi, üzü Nəsimi bazarına tərəf getdim. Bazara gedən yolda, iki gün əvvəl şalvarımın sağ cibini tikdirdiyim dərzi dükanının açıq olduğun gördüm. İki gün idi ki, evdə Rafiq Tağının “Keçmişə yaxın yer” hekayələr kitabını axtarırdım. Fikirləşirdim ki, bəlkə, burada qoyub getmiş olaram. İçəri girdim.Yaşlı bir kişi ilə cavan bir qadın söhbət edirdi. Yanlarından keçib dərziyə tərəf gəldim. Kitabı soruşmaq istəyirdim ki qəhvəyi şkafı üstündə kitabı gördüm.
-Mən də iki gündür bunu axtarırdm.
Kitabın arasına, həm itməsin deyə, həm də əlfəcin kimi konsert bileti qoymuşdum. Cavan xanım biletə baxıb gülə-gülə dedi:
-Deyəsən, bileti axtarırdınız?
Mə də gülə-gülə cavab verdim:
-Elə hər ikisini.
Dərzi məndən soruşdu:
-Nə biletidir o?
-“Duman” qrupu var. Onların konsertinə bilet almışam.
Dərzi dükanından çıxıb, bazara tərəf yol aldım. Bazara çatan kimi, tanıdığım bir taksi sürücüsü ilə görüşdüm. Adını bilmirdim, soruşmamışdım da. O da mənim. O mənə salam verirdi, hal soruşurdu. Mən də onun kimi. Nə mən ona “əmi” deyirdim, nə o mənə “qardaşoğlu”. Bir-birimizə müraciətimiz salam, hal-əhval tutmaqdan ibarət idi. Arada bir-birimizə “siz” deyirdik. Bu dəfə də salamlaşıb, bir-birimizin kefini soruşduq. Cavablar da eyni.
-Yaxşıyam
Oğlunu soruşdum:
-Necədir oğlunuzun vəziyyəti? Hamama su gəlir?
-Hə…yox…indi də Gəncədən Gədəbəyə gedib. Deyir hava yaman qəşəngdir burada. Öz-özümə deyirəm, indi bir az keçsin, qaldırsınlar dağa, gör nə olan şeydir.
-Orada su gəlir?
-Vallah dedim, su gəlmir. gəlməsin də. Çimmə. Çinqa-çuqlar necə, sən də elə, Monqollar necə, sən də elə. Çimmə. Nə məsləhət görürsən?
-Məsləhət odur ki, dövlət baxmalıdır əsgərə.
Ağsaqqal acı-acı üzümə gülümsündü.
Sağollaşıb yola düzəldim. “Music Gallery”-nin qarşısına çatdım. Qardaşımın Whatsappla mənə göndərdiyi ünvanı açıb, yoluma davam etdim.
Xəritənin göstərdiyi yolla obyektə çatdım. Özüm orada bir-neçə dəfə olsam da, ünvan yadımdan çıxırdı. Obyektə çatmamış, “Bazarstore”-dan dörd ədəd “Bonaqua” aldım. Həm özüm üçün, həm də orada işləyən aşpaz-Kamilə bibi üçün.
Suları alıb, gəldim obyektə. Qapını döydüm. İçəridən səs gəldi:
-Kimdir?
-Elnurun qardaşı
Kamilə bibi qapını açdı. İçəri girdim. Salamlaşıb ikinci otağa keçdim.
Obyekt iki otaqdan ibarətdir. Birincisi mətbəx, ikincisi istirahət otağı. Mətbəx otağına keçən kimi, otağın sağında kondisioner, yemək üçün işlənən qabların, qaşıqların, düyü paketlərinin qoyulduğu rəf sırası və soyuducu var. Qaz plitəsi, mikrodalğalı soba da mətbəx otağının solunda yerləşir. Mətbəxin sağ tərəfində düzbucaq şəklində qara və ağ rəngdə iki masa var.
İstirahət otağı da bir böyük, iki kiçik masadan, üç oturacaqdan və yemək üçün işlənən ləvazimatların yığıldığı böyük ölçülü rəflərdən ibarətdir.
-Qardaşım, yəqin, sizə deyib. O gələn ay əsgərliyə gedir, işləri tapşırır mənə.
-Hə, lap yaxşı.
-Elə siz mənə bu işləri öyrədərsiniz. İndən belə mən olacağam.
-Nə deyirəm. Öyrədərəm.
Qadın işi mənə öyrətməyə başladı. Woltla, Boltla necə işlədiyini, hansı yeməklərin menyudan çıxarıldığını, hansıların qaldığını mənə başa saldı. Qaldı o yeməklərin hazırlanması.
Qardaşımın buradakı işləri də elə yaxşı getmirdi. Sifariş verən az idi.
Mən də gördüm iş yoxdur, başladım Rafiq Tağının “Şəkilləri böyüdülənlər sağdılar” hekayəsini oxumağa. Kamilə bibi də telefonunu açıb, seriala baxırdı.
Mənim oxumağımdan, onun baxmağından on beş dəqiqə keçən kimi, sifariş gəldi.
“Toyuqlu plov, ayran”
Sifarişin hazırlanması üçün on dəqiqə vaxt qoyub, keçdik mətbəxə. Bibi, toyuqlu plovu hazırlamağa başladı. Hazırladıqca da, mənə də başa salırdı.
Yemək hazır olan kimi, sifarişin nömrəsini paketə qeyd edib, kuryer gələnə qədər istirahət otağına keçdik. Mən kitab oxuyur, o da seriala baxırdı. Bibinin telefonundan azan səsi gəlməyə başladı.
-Serialdan gəlir azan səsi?
-Yox, telefondan.
-Allah qəbul eləsin.
-Çox sağ ol.
Namaz mənə söhbət yeri verdi.
-Nə vaxtdan bəri namaz qılırsınız? Özünüz öyrənmisiniz, ya öyrədəniniz olub?
Qadın videonu saxlayıb. eynəyini masaya qoyub söhbətə başladı.
-Yox, özüm öyrənmişəm. Otuz ildir ki, namaz qılıram.
-Ailədə sizdən başqa qılan var?
-Böyük, bir də kiçik oğlum.
-Allah qəbul eləsin.
Qapı döyüldü. Qapıya yaxınlaşdıq.
-Kimdir?-mən soruşdum
-Kuryer.
Qapını açdım. Sifarişini nömrəsini soruşdum
-092.
Paketi verdim kuryerə.
Yenə keçdik istirahət otağına. İş doğrudan da zəif idi. Sifarişlər qırx dəqiqədən bir gəlirdi. Kitabı kənara qoyub, özümlə gətirdiyim noutbuku açdım. Dedim, filmə baxım, bir az da vaxtımı belə xərcləyim.
Noutbuku açdım. Başladım filmlər axtarmağa. Neçə aydır ki. detektiv janrında ssenari yazmaq istəyirdim. Elə o mövzuda da filmlər axtarırdım. “Google”-da ingiliscə “Sirli cinayətlər haqqında filmlər” adı ilə filməri axtarışa verdim. Baxdığım, baxmadığım filmər rastıma çıxdı. Mən də baxmadığım filmə-“The Strangers” filmini açdım. Bibi də serialına baxırdı.
On dəqiqə olardı ki, filmə baxırdım. Bir də gördüm, bibi dilə gəldi
-Bu da bir azardır ey…telefonsuz dayana bilmirik. Deyirəm otuz il əvvəl başımızı necə qatırdıq?
Başımı noutbukdan qaldırıb, ona baxdım
-Necə qatırdınız?
-Vallah, nə bilim qatırdıq da birtəhər. Söhbətlə, onunla-bununla
-Söhbət edək də.-deyib, noutbuku bağladım.
-Harada doğulmusunuz?-mən soruşdum
-Saatlıda.
-Saatlıda? Mən sizi İsmayıllıdan bilirdim.
-İsmayıllıdan? Hiss olunur?
-Hə, danışığınızdan. İsmayıllıdansınız?
-Anam oradandır. Atam Saatlıdan.
-Hansı kəndindən?
-Ooo…ucqar kəndindən, Azadkənddən. Əvvəlki adı Beşdekabr idi.
Təəcüblə soruşdum
-Beşdekabr? Niyə elə ad veriblər?
Qadın dodaqlarını büzdü
-Vallah nə bilim. Kənd o vaxt salınıb yəqin. Türmədən qaçan, müharibədən qaçan ora sığınıb. Elə-elə olub kənd.
-Orta məktəbi orada oxumusunuz?
-Orada oxumuşam.
-Ali məktəb?
-Lənkəranda. Tibb bacısı təhsili almışam
-İşləmisiniz tibb bacısı kimi?
-Yox…ailə qurdum, övlad-uşaq…day alınmadı…o vaxt da əlli manatla işə düzəldim…qabağa düşmüşdüm…o vaxtdan bu yana aşpazlıq edirəm…amma, kaş üstünə düşəydim…diplomum yatır kənddəki evimizdə…Allaha şükür, əsas odur ki, uşaqlarım işləyir. Biri hərbçidir. Daxili Qoşunlarda xidmət edir, biri də rabitədə.
Arvad söhbəti qardaşımdan saldı:
-Elnur da Daxili Qoşunlara düşər, boyuna görə.
-Görək də.
-Sən əsgərlikdə olmusan?
-Yox, gedə bilməmişəm. Onurğa sütunumda əyrilik var deyə, göndərməyiblər.
Bibi əsgərlikdən söhbət salanda, mən də səhər taksi sürücüsü ilə etdiyim söhbəti ona danışdım. O da dediklərimə sakitcə cavab verdi
-Dövlətə nə var ey…Oturub-duranda da vətənpərvərlikdən dəm vururlar…Vətənpərvərlik deyəndə də. kasıbın balalarını qabağa verirlər… Müharibə vaxtı iki oğlunu itirən ana-ata var idi…ürəyim də gəlmədi baxmağa…adam nətəhər dözsün axı…min əziyyətlə iki övlad böyüdəsən, şəhid ola…Bizə müharibə lazım idi…
Söhbət ki bundan düşdü, (söhbəti də salan mən oldum) mən də onun dediklərinə qüvvət verdim:
-Hələ neçə qazi də müharibədən sonra haqqını ala bilmədi…intihar etdi…
Qadın köks ötürdü
-Elədir…Allah qalanları saxlasın…
-Sözün düzünü deməyə də imkan vermirlər…deyən kimi, qolu qandallı aparırlar…
Bunu deyəndə, bibinin ürəyi açıldı:
-Bilirsən, bala, bunu da çox yerdə deyə bilmirəm…mən Əli Kərimlinin qohumuyam…
-Hə, o da Saatlıdandır…
-Hə, oradandır…çox savadlı oğlandır…eyni məktəbdə oxumuşuq, məndən iki sinif aşağı idi, onun bacısı ilə bir sinifdə oxumuşam…bilikli idi, riyaziyyat müəlliminə də səhv tuturdu…
-İxtisasca hüquqşünasdır, deyəsən
-Hə, oranı qurtarıb…Ailəlikcə çox insan adamdırlar…ona da imkan vermirlər…nə burada imkan verirlər sözünü desin, nə imkan verirlər xaricə getsin…
-Ona görə, sizə, qohum-əqrabanıza dəyən olmayıb?…
-Olub..bacım oğlu, polisə düzəlmişdi…yaxşı da işləyirdi…məsuliyyətli idi, əliəyriliyi yox…heç nə, biləndə ki. Əlinin qohumudur, şərləyib çıxartdılar…
-Bəs sizin oğlanlarınıza necə?…
-Yox…onlara dəyən olmadı…ərim Biləsuvarlıdır…Mübariz İbrahimova qohum düşür…böyük oğlum o adla Daxili Qoşunlara düzəldi…
Yenə sifariş gəldi
“Qovurmalı plov”
Qadın mətbəxə keçdi.
Beləcə sifarişləri hazırlaya-hazırlaya, söhbət edə-edə vaxtımız keçirdik.
Bu gün üçün həm də tələbə yoldaşım Sərxanla görüşəcəkdim. Saat altının yarısı idi. Qardaşıma zəng vurdum:
-Elnur, axşamın xeyir.
-Axşamın xeyir, Elşad. İşlər necə gedir?
-Yaxşı gedir. Mən saat altı üçün çıxacağam. Sərxanla görüşəcəyəm. Dedim xəbərin olsun.
-Hə, yaxşı.
Xala ilə sağollaşıb obyektdən çıxdım. Sərxana zəng vurdum:
-Alo, Sərxan?
-Salam, Elşad.
-Mən, Azadlıq tərəfdəyəm. Sahil tərəfdə görüşək?
-Alınar.
-Yaxşı. Gələcəyəm ora.
-Oldu.
Obyektdən çıxandan sonra, üzü Koroğlu parkına kimi piyada getdim. Oradan da “88”, “85”, “4” nömrəli avobusların gəldiyi dayancağa. Mən ora çatandan beş dəqiqə sonra, “88” nömrəli avtobus çatdı.
“28 May” metro stansiyasında düşüb, piyada Heydər Əliyev parkına, oradan da Nizami küçəsi tərəfə getdim. Küçəyə çatan kimi, “Sahil” metro stansiyasının yolunu tutdum. Yol gedə-gedə Sərxana da zəng vurdum
-Alo, Sərxan? Çatırsan?
-Taksidəyəm. Çatıram.
Metroya çatan kimi, Sərxanla qabaqlaşdım. Görüşüb yola düzəldik.
-İş-güc necə gedir?-mən soruşdum
-Sən canı, işdən danışma…
-Yaxşı, özün necəsən?
-Yaxşı, sən?
-Belə də…
Danışa-danışa tikilməkdə olan Molokan bağına çatdıq. Addım-addım hasarı keçib “Xaqani” Ticarət Mərkəzinin qarşısına gəldik. “Xaqani” Ticarət Mərkəzinin aşağısı ilə addımlayıb, üzüyuxarı-KFC restoranına sarı qalxdıq. Oradan da yuxarı qalxıb düz “Garden Loft” barına çatdıq. Çatan kimi, Sərxan məndən soruşdu:
-Olmusan burada? Tanıyırsan buranı?
-Hə, niyə tanımıram? Tanımadığım yerə adam gətirərəm?
Keçdik içəri. Səhnədə Şahin Əlizadə “Pəncərə”mahnısını oxuyurdu. İçəri keçən kimi bizi Turan qarşıladı. Turan, deyəsən, bu barın yiyəsi idi. Çünki barın köhnə ünvanında da, mən həmişə Turanı icraçı kimi görmüşdüm.
-Elşad. axşamın xeyir!-Turan dedi
-Axşamın xeyir, Turan! Tələbə yoldaşımdır. Sərxan.
Turan Sərxanla salamlaşıb. bizə yer göstərdi. Barın tən ortasında yer istəmirdik. Səhnədən bir az kənarda, sırf ikiadamlıq masalar var idi. Biz də o ikiadamlıq masalardan birini seçdik. Oturandan iki dəqiqə sonra. ofisiant xanım masaya iki menyu gətirdi. Mən menyudakılara sıra ilə baxsam da, Sərxan eləcə göz gəzdirdi.
-Xırdalan pivəsi içək? Qədəh yox ha, şüşədə.
-İçək.
-Yanında?
Çərəzlərə baxdım
-Yanında…suxarı.
-Yaxşı.
Gözlədik ki, yanımızdan ofisiant keçsin. Üçcə dəqiqə sonra. elə yanımızca. bizə bayaq menyuları gətirən xanım keçdi. Onu çağırdıq.
-Xanım, bizə iki şüşə pivə, yanında suxarı gətirərsiniz.-Sərxan dedi.
-Yaxşı.-xanım bara tərəf getdi.
Şahin indi də türk müğənnisi Yalının “Zalim” mahnısını oxuyurdu.
Masaya pivələrə də, suxarılar da gətirildi. Pivə şüşələrini toqquşdurub, “məclis”sə start verdik.
“Məclis”imizin başlamağından yarım saat keçmişdi. Mən pivəni yavaş-yavaş içirdim. Sərxan yarılamışdı. Təzədən pivə də sifariş vermişdi. Şahin oxuduqca da. Sərxan da zümzümə edirdi. Pivə Sərxanı tutmuşdu.
-Kefin açıldı, deyəsən?
-Açıldı nədir ey….sağ ol ey, Elşad! İndən belə məni belə yerə çağırsan, mən gəlməsəm, məndən əclaf adam yoxdur!
Gülümsündüm
-Yaxşı…sən deyən olsun. Gəl toqquşduraq.
-Bunu içirəm, səni tanımağımın şərəfinə!
-Sağ ol!
Qabda qalan suxarıları da mədəmizə ötürdük. Onsuz da. düz-əməlli pivə içən deyildim, suxarı ilə güclə ötüşdürürdüm. O da qalmamışdı. Sərxan bunu hiss edib. dedi
-Saçaqlı pendir deyək?
-Hə. de gətirsinlər.
Sərxan, bayaq bizə qulluq edən xanıma işarə etdi. Xanım beş dəqiqə sonra, masaya yaxınlaşdı.
-Bizə, zəhmət olmasa, saçaqlı pendir gətirərsiniz. Bir də iki şüşə pivə.
Xanım , başı ilə işarə edib, masadakıları yığışıdırdı. Bara getdi. Mən Sərxandan soruşdum:
-Ə, iki şüşə niyə? Birincisini zorla yarıladım…
-Ə, heç nə olmaz…içərsən…
Şahin fasiləyə çıxmışdı. Mahnıları aparatdan oxudurdular. Oxudulan mahnılar da Tarkanın mahnıları idi. Hamı oynayırdı. Biz də hamıya qoşulub, oxudulaan mahnıları müşayiət etməyə, oynamağa başladıq. Pivə, Sərxanı əməlli-başlı tutmuşdu.
Xanım, masaya sifariş verdiklərimizi gətirdi. Oturduq. Pivə şüşələrini toqquşdurduq.
-Bunu da içək, bu günün şərəfinə!-mən dedim.
-İçək!
Yadıma qardaşım düşdü. Dedim,bəlkə, o da buralarda olar, qoşular bizə. Zəng vurdum qardaşıma
-Alo, Elnur, necəsən? Biz şəhərdəyik Sərxanla. Bardayıq. Həvəsin var, qoşul bizə
-Ə, yox, hamamdayam. Sən neynirsən barda?
-Pivə içirəm.
-Yaxşı, ə…
Sərxan da pivə içməyin başını buraxıb mənə qulaq verdi
-Buna bax ey, mənə inanmır. Deyirəm, pivə içirəm. Gələ bilsən, gəl.
-Yox, başqa yerə gedəsiyəm.
-Özün bilərsən.
Zəngi bağladım.
-Elşad, Elnur yüz faiz başqa işlə məşğuldur.-Sərxan bunu deyib, göz vurdu.
Gülümsündüm.
Bardakı ab-hava canlanmışdı. Hamı rəngli işıqların altında, oxuyur, oynayırdı. Sərxan da kefi istəyən vaxt məndən üzbəüzdəki masada oturan üç nəfər qızdan alışqan istəməyimi xahiş edirdi:
-Bir dənə o qızlara de, alışqan versinlər.
Mən də üzümə salıb, onlara deyirdim:
-Bağışlayın, alışqanı olar?
Məndən sağda oturan qız da da, alışqanı mənə verir, mən də Sərxana ötürürdüm
Sərxan qarşımızda oturan xanımlara baxıb, mənə dedi
-Elşad, o qızı görürsən, qara paltarlı. balaca boy qızı…
Üzbəüzümüzdəki masaya baxdım.
-Hansını deyirsən? Ortada oturanı?
-Hə, onu. O qız səndən kəsir…
Qıza tərəf baxdım. Simaca pis qıza oxşamırdı. Bir də gördüm onlardan sağdakı masadan bir oğlan qızlara yaxınlaşdı. Onlarla söhbətə başladı. Nə danışdıqlarını eşitməsəm də, gülə-gülə söhbət etməklərindən bilinirdi ki, qızlar oğlanı əməlli-başlı tanıyır. Tanış olmağa həvəsim öldü.
Fasilə bitdi. Şahin səhnəyə qayıdıb “Oyuncaq kimi” mahnısını oxumağa başladı. Yenə pivə toqquşdurduq.
-Bunu da içək, burada olmayanların şərəfinə!-Sərxan dedi
-İçək!
Sərxanı kefi ala buludda idi
-Elşad!
-Hə?
-Pivəni içək qurtaraq, gedək dincəlməyə!
Bunu deyib, göz vurdu.
-Sərxan, o dincəlməyi özün bilərsən. Mənə bu günlük pivə bəsdir.
-Ə di, yaxşı da. İçmişik, gəl axıra kimi gedək…
-Sərxan, özün də bilirsən, gedən deyiləm…zorla deyil ha…
-Axır-əvvəl gedəcəksən, xeyri yoxdur…
-Nə isə ey…getmək istəyərsən, gedərsən özün. Gəl çıxaq havaya. Ürəyim sıxıldı.
Çantalarımızı stullara qoyub, çölə çıxdıq. Hava mülayim idi.
Sərxan əlindəki siqareti çəkə-çəkə mənimlə söhbətə başladı.
-Elşad, bu gün olmasa, sabah gedəcəksən. Axır-əvvəl gedəcəksən. İndidən get ki, təcrübən olsun.
-Ay kişi, get də. Sənin qabağını ki almıram.
-Tək gedim?
-Tək deyəndə…tək qoymaram. Day bir gəlmişik, bir qayıdarıq.
-Mənə görə gözləmə.
-Yol getdiyim adamı, yarı yolda qoyan deyiləm. Bir qayıdarıq.
-Sağ ol Elşad…
-Sən sağ ol.
Danışa-danışa, xeyli yol getmişdik. “Old School” kafesindən üzü bara tərəf yol aldıq.
Bardakı ab-hava əvvəlkindən də canlı idi. Oturan adam gömədik. Bardakı işçilər də müştərilərə qoşulmuşdu. Bu dəfə də “oxuyan” aparat idi. Aparatdan, Aygünün “Sağ-salamat” mahnısı gedirdi.
Saat on ikiyə on beş dəqiqə qalmışdı. Sərxan üçüncü şüşəni boşaltmış, mən ikincini birtəhər yarılamışdım. Hesabımız verib, Turanla sağollaşıb, bardan çıxdıq. Bardan çıxan kimi, Sərxana dedim:
-Dincəlmək istəyirdin. Odur bax…
Barın yaxınlığında “Hamam” adlı yer var. Oranı göstərdim.
-Elşad, işdir qalsam, yazacağam sənə.
-Yaxşı
Sərxan içəri girdi.
Getdiyi iki dəqiqə çəkmədi ki, geri qayıtdı.
-Nə oldu?
-Əşi başın burax…mən istəyən deyil…
Səbəbini də dedi.
-Tanıdığım başqa yer də var. Ora gedək.
-Yaxşı.
İslam Səfərli küçəsindən üzü Tolstoy küçəsinə tərəf getdik. 1 saylı tam orta məktəbi keçib, oradan da üzüyuxarı qalxdıq. Bir xeyli yol getdik. Gəlib massaj salonunun qarşısına çıxdıq. Salonun girişində ard-arda “KARAT” “MASSAJ” yazıları gedirdi.
Sərxan içəri girdi. İki dəqiqə keçməmiş, geri qayıtdı.
-Xoşuna gəlmədi?
-Yox.
Salonun üzbəzündə “Play” sağlamlıq mərkəzi var. Ora getdik. Sərxan içəri keçdi.
Bu dəfə tez qayıtmadı. Deyəsən, xoşuna gəlmişdi. Çölə çıxdı.
-Elşad, sənə sürpriz göstərim?
Alnımı qırışdırdım
-Nə sürpriz?
Sərxan əli ilə kimisə çağırdı. Çağrılan da gəldi. Gələn qardaşım idi. Üçümüzü birdən gülmək tutdu.
-Elşad, Elnura deyəndə ki, qardaşın da buradadır, inanmadı.
-Elə mən də inanmadım ki, bu gecə onu burada taparam.
-Sənə dedim, məşğuldur-Sərxan gülə-gülə dedi.
Bir də gördüm ki, ikisi də dirəşib məni içəri dartır.
-Ayə, ay kişi, işinizlə olun, mənimlə işiniz olmasın.
-Ə. gəl, xoşuna gəlməsə, qayıdarsan-Sərxan dedi
-Bir gəl, gör.-Elnur da Sərxanın sözünə qüvvət verdi
Əl çəkmədilər. Girdim içəri.
Növbədə azından on adam dayanmışdı: azərbaycanlı, hindistanlı, pakistanlı…üzbəüzlərində də, arıq, dolu, uzun, balaca boy “ət yığını”… “Ət yığını”nın şefi də, yapışmışdı hindistanlının qolundan. Qabağındakıları ona göstərə-göstərə deyirdi:
-Yalla, habibi, yalla.
Arxa da, barmen içki seti hazırlayırdı. Ekranda da, xarici klip gedirdi.
Sərxana, Turana əlimlə işarə edib, çıxdım.
“Sağlamlıq mərkəzi”ninin üzbəüzündə ağacın altında oturdum. Mən ora oturandan bir az sonra, biri uzunboy, biri ortaboy iki cavan oğlan mənə tərəf gəldi.
-Oturmaq olar?-uzunboy oğlan soruşdu
-Olar.
Oturub, şaftalı yeməyə, “Sirab” içməyə başladılar. “Nuş olsun” dedim.
-Sənə də olsun.-ortaboy oğlan dedi.
-Yox sağ ol.
Uzunboy oğlan mənə şaftalı uzatdı.
-Gəl, qonaq ol
-Sağ ol, yemiş qədər varam.
-A kişi, qonaq ol,
Təzədən “sağ ol” deyib, şaftalın götürdüm. Başladım söhbətə
-Lənkərandansınız?
-Yox, Naxçıvandan-uzunboy oğlan cavab verdi.
-Hə, lap yaxşı…Vəziyyət necədir ey, orada? Vasif xan Talıbovdan sonra?
Ortaboy oğlan cavab verdi:
-Vasifi əli çıraqlı axtarırlar…
-Lap elə…
-Həə…
Uzunboy oğlan dilə gəldi:
-Görürsən Bakını? Sağı-solu fahişəxanadır…Naxçıvanda fahişəxana görmək olardı? Vasif imkan verərdi? İndi Naxçıvanı da Bakının gününə salmaq istəyirlər…
Bunu deyəndə “Chevrolet” markalı maşın yaşıl işığı gözləməyib keçdi. Bu dəfə də ortaboy oğlan dilə gəldi.
-Vasifin vaxtında, qayda-qanun var idi. Vasif getdi, qayda-qanun da getdi.
Elə bu məqam, yanımızdan on səkkiz-iyirmi yaşlarında saçı boyalı, qıvrımsaç, qulağına sırğa taxmış, şortik geyinmiş, qolu döyməli oğlanlar keçdi. Bu dəfə də uzunboy qızışdı:
-Vasifin vaxtında, oğlanlar saat on ikidən sonra eşiyə çıxmırdı! Vasif getdi, oğlanlar eşiyə çıxmağa başladı!
Öz-özümə dedim “Vasifə bax ey, oğlanların da namusunu qoruyurmuş”…
-Yaxşı bu indiki, əvvəl Vasifin yanında işləyib?
Uzunboy oğlan cavab verdi:
-Yox, Bakıda işləyib. Özü də deyəsən, Şərurdandır, ya da Şahbuzdan.
Naxçıvanın Vasif Talıbovun dövrü və onun dövründən sonrakı ictimai-sosial vəziyyətini müzakirə edəndən sonra, söhbəti Naxçıvanın havasından saldım.
-Naxçıvannın istisi məlum…qışı da sərt keçər…
Uzunboy cavab verdi:
-Bə nə…Batabatın qışını görəsən..Naxçıvanda əsgərlik çəkənlər qalın-qalın geyinəndə, bizim dünya-aləm vecimizə olmurdu ey…uşaqlıqdan vərdişkar olmuşduq.
-Burada yaşayansınız?
Uzunboy oğlan cavab verdi:
-Hə.
Bundan sonra da, sırf söhbət getsin deyə, biz-birimizin yaşını, evli, subay olub-olmadığımızı soruşduq. Söhbət bu qədər qıt idi.
Şaftalılar qurtarmış, Sirab içilmişdi. Danışmağa söz yeri də qalmamışdı. Onlar mənimlə sağollaşıb, yollarına düzəldilər. Mən də ağacın altında, qardaşmı, tələbə yoldaşımı gözləyirdim. Saat gecə birə iyirmi dəqiqə qalmışdı. Gün başa çatmış, təzə günün ilk qırx dəqiqəsi başlamışdı. Vaxt keçsin deyə, Rafiq Tağının hekayələrini oxuyur, playlist-də yüklədiyimi mahnılara qulaq asır, “sağlamlıq mərkəz”inə gedən, oradan çıxan adamlara baxırdım…
Saat ikiyə on dəqiqə işləmiş, bir saat əvvəl mənim yola saldığım “pasiyent”lər də, mərkəzdən çıxdılar. Sapsağlam çıxdılar. Sifətləri qıpqırmızı qızarmışdı. Mənim oturduğum yerə gəldilər.
-Necə keçdi?
-Əla!-Sərxan dedi.
-Lap yaxşı.
Qardaşımın maşınına tərəf getdik. Sərxana bizimlə getməyi təklif etdim
-Yox, narahat olma. Taksi ilə gedəcəyəm.
Qardaşıma baxdım. Gördüm ona da sərf etmir, razılaşdım.
-Necə məsləhətdir.
Sərxan bizimlə sağollaşdı.
Qardaşım məni evə yola salıb, təzədən sağlamlıq mərkəzinə qayıtdı…
30.06.2024-02.08.2024