Xoşniyyətli insanların, xoş niyyətlərinə çatması aruzusu ilə…

Gecə keçmiş, yastıq başında

Başlayır xəyallar,

Boy verir arzular…

Arzular ümid cücərdir,

Ümidlər cəhd tomurcuqlayır…

Çatmaq ümidi ilə yaşayırsan,

Çatmaq həvəsi ilə çapırsan

Ümidini, arzuların üstünə…

Ya yetirsən arzuna

Ya da gedir tərsinə…

İl gəlir il üstünə…

Sonra da görürsən ki,

Məktəb də bitirmisən,

Əsgərlik də çəkmisən,

Təzə işə girmisən

(Nə fərqi var, yaxşı, pis)

Axır ailə qurmusan,

Ər evinə köçmüsən…

***

-İstəklidir?

-Yox əşi..elə birin tapdılar,

Dedilər: Məsləhətdir!

-İxtisasın?

-Atam deyən, anam istəyən…

-Bəs peşən?

-Nə bilim “nə”

-Maaşın?

-Pis deyil də…

-İşindən razısanmı?

-…Başımı girləyir də…

-Köçəsiydin Berlinə?

-Qalıram Əhmədlidə…

Yaş gəlir yaş üstünə…

***

Bir ölkənin içində

Bir şəhər dəyişmisən,

Ya bir şəhər içində

Dörd otaq dəyişmisən,

Üç otaq əvəzinə…

Xeyirli olsun, bacım, qardaşım!

Arzu. dilək tutmağa

Ya da peşman olmağa,

Bir otaq yerin artıb

Bir şəhər yerin artıb

Bu ölkənin içində!…

Yenə şükür bu günə!…

…Hə?!…

…Arzular harada idi?

Arzular diri idi,

Arzular cəsur idi…

Ümidlər şirin idi…

Diri arzular ölür,

Arzular qorxaqlaşır,

Ümidlər acılaşır…

Ya sən qurban verirsən,

Keçirsən hünərindən,

Ya da ki sənli, sənsiz,

Eləcə itir, gedir…

Arzular şəhərində

Arzular dəfn edilir…

Ayılırsan fikirdən,

Yan otaqdan səs gəlir:

-Ay oğul, araq hanı?

-Ay qız, bizə çay gətir!

04/01/2025-05/01/2025