Month: Aprel 2023 (page 1 of 1)

Payız gecəsi

Payız…gecə yarısı,

Küləyin uğultusu…

Külək uğultusuna

Qarışmış, sarı, narınc,

Qırmızı payız yarpaqlarının

Rəngli payız qoxusu,

Gecənin səs sirdaşı,

Gecənin söz sirdaşı

Yarpağın xışıltısı…

Səs-səmirsiz küncünəcə qısılıb

Bu xırdaca şəhərin

Küncündə, bucağında

Bir isti qucağında

Şəhərin gecə səsi,

Bir hüznlü nəğməsi

Cavan bir gitaraçı,

Yarımçıq bir sevginin

Yarım qalmış bəstəsi

Bir sevgi, eşq şərqisi

Şəhərin gecə səsi
Bir hüznlü nəğməsi…

Ensiz küçə boyunca,

Yanan, sönən işıqlar,

Bu balaca şəhərin,

Körpə ağaclarının

Qalxan, enən, köndələn,

Əyri döngələrinin

Dalanların, tinlərin,

Balaca insanların,

Balaca insanların
Balaca evlərinin

Üzərinə işıldar

Yanar, sönər işıqlar…

Aha! Yadıma düşdü..

Bir də, dostum, bir də ki
Köhnə məhəllələrin,

Köhnə pəncərəsindən
Neft qoxulu lampalar

O qara, boz daşların

Üzərinə işarar

Bu gecədə bir ayrı,

Ayrı, ayrı gözəllik,

Ayrı bir yaraşıq var!

Yanar, sönər işıqlar…

Neçə-neçə sevginin,

Gör neçə sevgilinin

Neçə sirrin sahibi,

Neçə sirrin şahidi

Köhə, qara divarlar,

Körpə, qoca ağaclar

O qara divarlara,

O yaşıl ağaclara,

Sevgidən bəzək vuran,

Bu yalquzaq şəhərin,

Sonuncu şairinin

Sonuncu misraları…

                       2017 iyul

                             Bakı şəhəri

Ulduzum

Bir yarım var, qərar tutub ay üstdə

Ulduz-ulduz gözlərini qaçırdar,

Gözlərindən işıldayar gecələr,

Göydən yerə ulduzunu uçurdar…

Ürəyimin ulduz boyda sevincin,

Ulduz naxış gözlərinə köçürdər…

Canım, gözüm, özüm, mənim ulduzum,

Ölüm, sənin işığında gor qazım

 Sənə aşiq, sənə həsrət ulduzam

Ulduzundan murad dilər ulduzum

Yerdən-göyə səni gəzər ulduzum…

Gündüz dözər, gecə dözər ulduzum

Hər nə desən, yenə dözər ulduzum

Dözər, gözüm, dözər sənə ulduzum,

Dözər, dözər, axır bezər ulduzum,

Axı səndən küsər mənim ulduzum…

Ay, Ulduzum! Ay, ulduzum!

Ulduzunla öyünmə,

Ulduz ömrü qısa olur, əzizim.

Görərsən ki, ay işıqlı gecədə,

Yar aşıqlı, yar, aşiqli gecədə

Yüz-yüz, min-min aşiq ulduz içindən

 Yerdən göyə iki ulduz ucalar,

Bu gün mənim, sabah sənin ulduzun,

Yerdə yanıb, göydə sönər ulduzum

Bu yer, məni məhvərindən qaçırdar…

Ulduz gözlüm, keçsə məndən ürəyin,

Bir gün məni yerdə gəzəsi olsan,

Gecə göydən Allah məni pıçıldar…

                       7 may 2020

                             Bakı şəhəri