Month: Dekabr 2024 (page 1 of 1)

SƏFƏR

Həftənin şənbə günü idi. Səhər tezdən oyanmışdım. Şamaxıda baş tutacaq texno musiqi festivalı üçün hazırlıq görməyə başladım. İşlərin yarısı geridə qalmışdı. Tədbir üçün bir, nəqliyyat üçün ayrı-ayrılıqda iki nəfərlik bilet almışdım. Bircə qalmışdı iki nəfərlik çadır, mat, yuxu kisəsi almaq. Onları da “Yonja Outdoor” mağazasından iyirmi dörd manata kirayə götürdüm. Hə, bir də tədbirin geyim kodeksi qara dəst idman paltarı idi. Dəst idman paltarını da “Gənclik Mall”-un yaxınlığında yerləşən “Sportline” mağazasından aldım.

Mənə yazmışdılar ki, səfər avtobusu saat yeddidə, Avtovağzaldan Biləcəriyə gedən yolda, “Bazarstore”-un qarşısından yola düşəcəkdi. Həm də məsləhət gördülər ki, saat yarım, bir saat tez çıxım. Dedikləri kimi də etdim. Beşin yarısı evdən çıxdım. Mağazaya çatanda saat altı idi. Mənimlə ora gedəcək dostuma zəng vurdum

-Arif, çatırsan?

-Hə, Emil, indi çıxıram.

-Çalış, tez çıx. Tıxacdır.

-Yaxşı.

Susamışdım. Yola düşməmiş, evimə yaxın mağazadan iki butulka su almışdım. Birinci butulkanı, elə dükanın qabağında, az qala birnəfəsə boşaltdım. Üçüncüsünü də, mağazadan aldım. Saat yedddinin yarısı idi. Avtobus hələ də gəlməmişdi.

Vaxt keçsin deyə, olduğum yerdə var-gəl etdim. Bu mağazadan o mağazaya tərəf getdim. Bir də gördüm ki, elə mənim kimi geyinmiş, beli çantalı bir oğlan yolun qarşısında dayanıb. Yaxınlaşdım

-Bağışlayın, siz də səfər avtobusu gözləyirsiniz?

-Bəli.

-Elə mən də.-deyib. əlimi uzatdım.

-Adınız?-mən soruşdum

-Qəzənfər.

-Mənim də Emil. Şad oldum. Bilet almısınız, ya sizə də hədiyyə veriblər?

-Hədiyyə veriblər.

-Yarışmadan?

-Yarışmadan.

-İntellektual yarışmadan?

Ağlıma birinci bu gəldi.

-Yox. Özləri təşkil etmişdi. Dedi, izləyin, paylaşın, dostlarınızı işarələyin, hədiyyə bilet qazanın. Siz necə?

-Şeir yarışmasından.

-Lap yaxşı

-İşləyirsiniz?

-Xeyir

-Oxuyursunuz?

-Bəli. Üçüncü kurs tələbəsiyəm.

-Harada?

-Bakı Dövlət Universitetində.

-Hansı ixtisas?

-Filologiya

-Ədəbiyyata marağınız var, deməli.

Qəzənfər gülümsündü

-Var idi…öldürdülər…

-Düz etməyiblər…müəllimlər yaxşı dərs keçmir?

-Maraqsız keçir dərslər…müəllimlərin çoxu da yaşlıdır.

-Qismət Rüstəmov dərs keçir sizə?

-Rüstəmov yox. Cəfərov keçir. Cavandır, yaxşı müəllimdir.

Saat yeddiyə on beş dəqiqə qalmışdı. Avtobus hələ də gəlməmişdi. Bu nəqliyyat işini təşkil edən adama-Elvinə zəng vurdum.

-Alo? Biz bayaqdandır ki, avtobus gözləyirik. Nə vaxt gələcək?

-Salam. Avtobus gələcək. Səbirli olun.

-Səbir edirik ey, nə vaxt gələcək?

-Səbirli olunb, gələcək.

On beş dəqiqə də səbir etməyə getdi.

Saat yeddiyə on beş dəqiqə qalmış, Arif “Whatsapp”-dan yazdı

“Avtobusa mindin?”

“Yox”

“Nə axmaq sistemdir”

“Çatmısan sən?”

“Yəqin, gəlməyib. Çatıram. Nə idi ki?”

“Ümumiyyətlə soruşuram”.

“Həə. Avtobus çatanda de”.

“Haradasan sən?”

“Burada, Biləcəri kruqunda. İki dəqiqəyə çatar? Avtobus gəlib?

“Gəlməyib avtobus”

“Həə. Yolda taksidən iki qız düşdü. Yəqin bizim tədbirə gedirlər. Avtobus gələndə de, düşüb piyada gəlim :)”

“Yaxşı…yaman yerdə düşdüm dilinə…”

“Niyə düşdün dilimə ? 🙂 Avtobus görür Arif gəlməyib. ona görə gəlmir”

Yazışmağımızdan beş dəqiqə keçmiş, Arif mənə zəng vurdu

-Emil, avtobus çatdı.

-Çatdı? Haradasan?

-Göndərirəm olduğum yeri.

Olduğu yeri göndərməsə də, olardı. Onunla danışanda təcili tibbi yardım maşının səsi gəlirdi. Səs bizə də yaxınlaşdı. Onda bildim ki, avtobus yolun sağ tərəfindədir. Qəzənfəri, bizdən kənarda dayanan cütlüyü əl edə-edə çağırdım.

Qaça-qaça çatdıq avtobusa. Arifi də düz avtobsun qabağında gördüm. Salamlaşdıq. Qəzənfəri də onunla tanış etdim.

-Bu cavan oğlan da tələbədir.

Arif də mənim ondan soruşduğum sualları, bir-bir soruşdu. Sonra üzünü mənə sarı çevirdi.

-Bu da bizim qalibimiz. Bilet qazanb. gedirik rayona.

Baqaj açıldı. Hamımız yüklərimizi baqaja daşıdıq, mindik avtobusa. Saat səkkizə iyirmi dəqiqə işləyirdi. Avtobus hərəkətə keçməmişdi. Hələ də gələnlər, yüklərini baqaja qoyanlar var idi. Yoldan da maşınlar sürətlə keçir, yeri gəldi-gəlmədi siqnal verir, Əli Vəlini, Vəli Pirvəlini çağırır, kimsə də. düz avtobsun qabağında tütəklə “Dolya Vorovskaya” mahnısını zümzümə edirdi. Bir də gördük ki, həmin tütək çalan girib avtobusa.

-Allah rızası üçün, mənə kömək edin…

Bunu deyib “Dolya Vorovskaya”nı təzədən zümzümə etməyə başladı. Nəzarətçilərdən biri onun dalınca gedirdi. Tütək çalan, təxminən yeddi-səkkiz yaşında, qara saçlı. qarayanız oğlan uşağı idi.

-Ay qaqaş, ay qaqaş, gəl görüm bura…

Nəzarətçi uşağı güc-bəla ilə avtobusdan düşürtdü. Avtobus hələ də hərəkətə keçməmişdi. Birdən qapı açıldı və nəzarətçilərdən biri bizə dedi:

-Uşaqlar, düşün aşağı.

Tütək çalan da onun çağırışına hay verdi:

-Ala, nə diyanmusunuz?! Çıxun! Çıxun!

Təzədən başladı “Dolya Vorovskaya”nı oxumağa.

Mahnının müşayiəti ilə aşağı düşdük. Nəzarətçi də “Dolya”nın həzin sədaları altında adlarımızı yoxlamağa başladı. Elə bil, bizi festivala yox, Qaradağ təcridxanasına aparırdılar. Birinci mənim adım gəldi

-Emil İsmayılov?

-Buradadır.

-Arif Qulamov?

-Buradayam.

-Oldu. Qalxın yuxarı.

Qalxdıq yuxarı. On dəqiqə də yoxlamaya getdi. Mən və Arif də məqamdan istifadə edib yolun üzbəüzündəki “Rahat” marketə getdik. Mağazadan özümüzə su, cipsi aldıq. Alış-verişimizi edib avtobusa qayıtdıq. Biz qalxandan beş dəqiqə sonra. sürücü avtobusu işə saldı və tütək çalan oğlanın ifa etdiyi mahnının sədaları altında yola düşdük…

Uzun yolun dərmanı söhbətdir. Mən də Ariflə söhbətə başladım.

-Arif, bilmək olmaz, bir də gördün. cüt qayıtdım. Düzü…

Arif gülümsündü

-Düzü. ona görə gəlmisən hə?…ay, Emil…deməli, qız tapmadın, mənimlə getdin hə…sərbəst ol əşi…kimlə tanış olmaq istəsən, tanış ol.

Ürəyim açıldı

-Görək də…Zarafat bir yana, biri gərəkdir…belə subay dolanmaq da bir iş deyil…həm də deyək ki lap tapdım..demirəm ha, Allah eləməsin burada tapdığımla…gərək düz-əməlli işim, maşınım, evim olsun…

-Elə şeyləri çox fikirləşmə…evlənməkdə də bir xeyir var…bir də gördün evləndin. iş də oldu. rahat ev də, maşın da…

-Xeyir işdə xeyir var deyirsən? İnanırsan elə şeyə?

-İnanıram. Bəlkə, gəlinin ayağı düşərli oldu?

Belə şeyə inamım yox idi. Arifin də buna inanmağı mənə qəribə gəldi. Hüquqşünaslıq təhsili hara. belə şeylərə inanmaq hara…Söhbət ki evlənməkdən, məhəbbətdən düşdü, mən başıma gələn öz haqq-hesabımdan. o özününkündən danışdı…Beləcə söhbət edə-edə Xırdalanı keçdik. İkimizi də bərk yuxu tutmuşdu. Elə təzəcə yuxuya keçmişdik ki, maqnitofondan texno musiqilər səslənməyə başladı, arada Eyyub Yaqubovun da mahnıları oxudulurdu. Gördük ki, yuxumuz gəlmir, aldıqlarımızı açıb, yeyib-içmək məclisi düzəltdik. Siftə bizdən oldu, avtobus arxa sıralarından da , ön sıralarından da paket səsləri gəldi.

Vaxt dəqiq yadımda qalmasa da, təxminən qırx dəqiqəyə, bir saata Sumqayıtın “Qold Qayalı” supermarketinin qarşısına çatdıq. Avtobusdan düşdüm. Suyumuz qurtarmışdı. Həm su, həm də çərəz almaq üçün mağazaya getdim. Getməyimlə qayıtmağım on dəqiqə çəkdi. Avtobusa qalxan kimi də, avtobus hərəkətə keçdi.

Saat on birin yarısı Şamaxıya, daha doğrusu “Demirchi Shamaxi” sözləri yazılmış lövhənin qarşısına çatdıq Avtobusdan düşüb, üzüyuxarı, tədbirin keçirildiyi yerə doğru piyada yola düşdük. Lövhənin qarşısından ora kimi təxminən yüz pilləkən yol var idi, bəlkə də, ondan da çox. Amil yüküm yüngülləşsin deyə, əlimdəki matları götürdü. Pilləkənlərin sayı artdıqca, Amili gülmək tutdu.

-Elə bil, texno festivala yox, pirə gedirik.

Axır doxsanıncı, ya yüzüncü pilləkəni aşandan sonra, girişə çatdıq. Növbədə xeyli adam var idi. Bizdən qabaqda azı on nəfər, arxada qırx-əlli. Gələnlərin hamısının adları soruşulur, telefonda adlarına baxılır, sonra da təlimatlar verilirdi.

-Qaydaları, yəqin ki, bilirsiniz. Rəqs meydanında video, foto çəkiliş etmək olmaz, içəri yemək, içki daşımaq olmaz. Heç kəsi narahat etməyin, sizi də narahat etməsinlər.

Axırda da çantalara baxır, cipsi, peçenye, şokolad, su ki gördülər, çantadan çıxardıb kənara qoyurdular.

Bizə də növbə çatdı. On beş manatlıq bazarlığımız da, daş üstündə qaldı.

-İçəridə yemək verilir.

Öz-özümə dedim:

-Kaş yolda yeyib-qurtaraydıq.

Addımlaya-addımlaya barı, rəqs meydanının keçib meşəyə çatdıq. Çadır qurmağa yer axtarmağa başladıq. Meşəlikdə bəziləri elə burada çadır kirayə götürmüş, bəziləri də bizim kimi şəhərdən alıb, burada qurmağa başlamışdı. Arif belə tədbirlərdə əvvəllər də olduğundan, məndən fərqli olaraq, çadır qurmaq təcrübəsi var idi. Köməkləşib çadırı qurmağa başladıq. Çadırı qurub, aşağı düşdük.

Rəqs meydanı bardan yuxarıda idi. Bar da üç hissədən ibarət idi. Birinci hissə-pivələrin, araqların, çaxırların verildiyi yer, oradan sağda sendviçlərin, şirniyyatların, çayların verildiyi piştaxta, ondan da sağda xüsusi reseptlə hazırlanan çayların verildyi masa. Bar da, rəqs meydanı da adamla dolu idi. On səkkiz yaşında da iştirakçı var idi, iyirmi yaşında da, otuz yaşında da, qırx yaşında da. Əksəriyyəti də bura tez-tez gedib-gələnlər idi.

-Ooo..nə var, nə yox?

-Üzünü görək! Haralardasan?

-Bəs deyirdin, sabah üçün olaram burada?

Tədbirin geyim kodeksi qara paltar olduğundan, çoxu elə qara geyinmişdi. Elələri də var idi ki, festival üçün xüsusi paltar tikdirmişdi. Bəziləri də köynəklərini bu tədbiri təşkil edənlərdən almışdı. Çünki bir çox qonağın və burada işləyənlərin köynəyinin qabağında “IN Club”, arxasında isə kiçik şriftlə “əbədilik xeyirxahlığa xidmət etməkdədir” cümləsi yazılmışdır. Hərə bir işlə məşğul idi. Bəziləri sakitcə ətrafına baxır, bir başqası təkbaşına pivə içir, yeyir, bəzisi elə bardaca oynayır, bir neçəsi pilləkənin üstündə oturub, meşəliyə baxır, kimlərsə tək-tək, cüt-cüt rəqs meydanına qalxır, qalanları bir-biri ilə söhbət edirdi. Mənlə Arif də müşahidəçi idik. Biz müşahidədə ikən, bizi bura dəvət edən tanışımız Orxan bizə yaxınlaşdı

-Nə dayanmısınız? Oynayın da!

-Baxıram, Orxan. Bəlkə, buradan şeir, hekayə çıxdı-mən dedim

-Bura şeir, hekayə çıxartmaq yeri deyil. Ye, iç, oyna! Siz burada heç kimin vecinə deyilsiniz! Heç nəyi də vecinizə qoymayın! Deyin, gülün, kef edin!

-Orxan, vəziyyətin yaxşıdır?-mən soruşdum.

-… günündəyəm. Qızdan ayrılmışam. Amma, vecimə də deyil! Gəlin yuxarı!

-Gələrik bir azdan-Amil dedi.

Orxan rəqs etməyə getdi. Qayıtdıq yenidən müşahidəmizə. Mənzərə bir az da aydınlaşdı. Bardan solda, üç nəfər qız gözümüzə sataşdı. Yan-yana dayanmışdılar. Kimisi cibindən, kimisi çantasından nələrsə çıxartdı, düzdü taxtanın üstünə. Düzdüklərini şəffaf paketlərə doldurdular. Doldurduqlarını burunlarına çəkdilər. Arif onlara baxa-baxa dedi:

-Şəhərdə də belə festivallar keçirirdilər, bunlardan da var idi. Sonra polis xəbər tutdu, bazarları bağlandı.

-Bəs burada niyə dəyib-dolaşmırlar?

-Şəhər polisi ilə rayon polisi birdir ki?…

Rəqs meydanına qalxdıq. DJ musqini bir az da qızışdırır, musiqi qızışdıqca, rəqs edənlərin ritmi də yüksəlirdi. Başlar aşağı enib, əllər və ayaqlar bir dəfə və bir yerdə sağa və sola hərəkət edirdi. Dəli kimi oynayırdılar. Meydandan yuxarıda, hündürlüyü az qala səkkiz-on metrə yaxın ağaca tərəf proyektor qoşmuşdular. Yaşıl rəngli işıqlar budaqların içindən dairəvi şəkildə işıqlanırdı. Meydanın içində yaşıl, qırmızı rəngli işıqlar, aşağıdakılar kimi sağa-sola fırlanırdı. Beş dəqiqəyə bu səhnəyə baxdım…Arif dedim:

-Arif, belə baxıram…həmyaşıdlarımız boş yaşayır…

Arif gülə-gülə əlini çiynimə uzatdı.

Düşdük aşağı. Bara yaxınlaşdıq. Menyu barın yuxarısından asılmışdı. Menyu da su da var idi, meyvə suyu da, pivə də, viski də. İstədim meyvə suyu götürəm. Gördüm ki, ətrafımda hamı əlində pivə gəzir. Çoxluğa tabe oldum. Arif də özü üçün Xırdalan pivəsi götürdü. Barın sağ tərəfinə keçdik. Arif qədəhi qaldırdı

-Emil, bunu içək bu günün şərəfinə!

Toqquşdurduq. Təzə söhbət də tapmadıq danışmağa. Başladıq yenə ətrafa baxmağa. Eyni adamlar, eyni sifətlər…ürəyim sıxıldı.

Düşdüm aşağı. Yolun aşağısında. daha doğrusu sağında ayaqyolu, solunda boş meşəlik ərazi, bir az da aşağı getdikcə, işlənməyən bar var idi. Hər yanından keçdikcə də, bardan it hürürdü. Bir az da aşağı getdim. Girişə çatdım. Təzə gələnlər var idi. Bura gələndə özümlə gətirdiklərimə baxdım. Bircə vafli qutusu qalmışdı. Paketlərə baxdığımı görən nəzarətçi soruşdu:

-Nə lazım idi?

-Gətirdiklərimizi axtarıram.

-Müdiriyyət deyib, təmizləyiblər.

Müdiriyyət yeyib. Təmizləyiblər.

Aşağı düşməyə həvəsim olmadı. Qayıtdım geri.

Bara çatanda Arifin bir nəfərlə danışdığını gördüm, Dediklərini aydın eşidə bilməsəm də, arada “Nəsimi” “Hələb” adı eşitdim dedi. Amillə danışan təxminən iyirmi yeddi-iyirmi səkkiz yaşında, qarasaqqallı oğlan idi. Oğlan onunla sağollaşandan sonra. Arifin yanına gəldim:

-Kim idi danışdığın?

-Suiriyalıdır. O məni tanımadı, mən onu tanıdım. Onu bir-iki dəfə Flora Hosteldə görmüşəm. Bir-iki dəfə də yox ey. bəlkə də çox, Tanışlıq verdim, o da məni tanıdı.

-Qonaq gəlib?

-Yox əşi..beş ildir burada yaşayır. Qaqan dedi ki, Nəsimi adlı şairmiz var, Hələbdə basdırılıb, onu görməyə gedəcəyəm. Dedi, bu saat vəziyyət orada yaxşı deyil. Sonra gedərsən. Dedim, ə gedəcəyəm ey. sonra-monra bilmirəm…

Arif, deyəsən, pivədən sonra, başqa şey də içmişdi.

-Emil, qalxaq yuxarı ey. kef edək.

Qalxdıq rəqs meydanına. Arif oynamağa başladı. Məni də qoşdu özünə. Mən də xala xətri qalmasın deyə. qoşuldum Arifə. Amma, çox oynaya bilmədim. Oynayanlara baxdım, musiqiyə qulaq asdım…texno musiqi məni o qədər darıxdırdı ki, Tünzalə Ağayevanın “Axar çaylar” mahnısı düşdü yadıma…tərslikdən qulaq asa da bilmirdim, meqabayt yox idi, hələ qulaqlığımın birini də bura gələndə meşədə itirmişdim.

Saat gecə üçə qalmış çadıra qayıtdıq. Səs-küy əlindən yata da bilmirdik. Başımı ora-bura çevirirdim, barmaqlarımı qulağıma tıxıyırdım ki, birtəhər yuxu alam.

Səhər saat doqquz olardı. Arif məndən tez oyandı. Mən də yarı oyaq, yarı yuxulu idim. O çadırdan çıxandan təxminən bir saat sonra mən oyandım. Arif çadırın yanında, altına çadırın qoyulduğu paketi sərib oturmuşdu.

-Day keçmişdi, on ikidə oyanaydın.

-Yata bildim ki…

Mən də paketlərdən birini yerə sərib oturdum. Hava sərin idi. Heç nəyi olmasa da. havasına görə bura gəlməyə dəyərmiş. On-on beş dəqiqə meşənin sərin havasını ciyərlərimizə çəkib, aşağı endik.

Təzə nə isə yox idi. Eyni musiqi. eyni ab-hava…Arif yuxarı-rəqs meydanına qalxdı. Mən də pilləkənin üstdə oturub ətrafa baxdım. Orxanı gördüm. Salamlaşdıq.

-Gecə rahat yata bildin?

Orxan ağzındakı siqareti yerə atdı.

-Hə, rahat yatdım. Sən?

-Mən də rahat yatdım.

-Təsəvvür edirsən, cibimdə bir qəpik də qalmayıb. Dünya-aləm də vecimə deyil!

-Xoşbəxt adamsan.

-Yaxşı, mən gedirəm uşaqların yanına.

-Yaxşı.

Gecə enməyə həvəsim qalmamışdı. Dedim, gündüzkən, görüm aşağıda nə var, nə yox.

Çıxışa çatanda, yenə orada qoyulan yeməklərə baxdım. Paket belə qalmamışdı. Aşırmışdılar. Otuz-qırx pilləkən də enib, avtobusun bizi düşürtdüyü yerə çatdım. İndi orada taksilər dayanmışdı.

-Şamaxıdan Bakıya taksi.. Şamaxıdan Bakıya…ayıq sürücü…

“Ayıq sürücü” deyəndə mənə tərəf baxdı. Mən də gülə-gülə cavab verdim.

-Ayığam.

Sürücülərdən biri dedi:

-Ayığa oxşamırsan.

-Ayığam. Araq-filan içməmişəm.

Bir başqası da söhbətə qoşuldu:

-Çay içmisən?

-Hə, çay içmişəm.

Üçüncüsü də dilə gəldi:

-Hə…bəs edir də…yüz faiz çayına qatıblar…

Gülə-gülə cavab verdim

-Qatsaydılar, bilərdim…

Dördüncüsü başladı danışmağa:

-Haradan bilərdin? Heç xəbərin də olmayıb…qatıblar…

-Dadmısan, deyəsən?

-O qədər…

-Şamaxılıların buradan xəbəri var?

Beşincisi söhbətə qoşuldu:

-Sən öl, deyəsən zır kayfdasan haa…

-Söz soruşuram, xəbəri var. ya yoxdur?

-Niyə olmasın?

-Bəs niyə imkan verirsiniz?

-Biz kimik imkan verməyək?

-Bura kimindir ki?

Beşincinin qaşları qalxdı. Sağ əlini yuxarı qaldırdı:

-Arxalı adamındır.

Onlarla söhbətimi tamamlayıb, yoluma davam etmək istəyirdim ki mənimlə indicə danışan taksi sürücüsü məni çağırdı:

-Qaqaş! Görürəm yaxşı oğlana oxşayırsan. Get yuxarıdan mənə viski təşkil elə də.

-Mən özüm içən deyiləm.

-Demirəm ki özünə, mənə. Yekə oğlansan, səndə qolbaq var, girə bilirsən, mən girə bilmirəm.

Başqa bir sürücü də onun dediyinə qüvvət verdi:

-Yox, yaxşı oğlana oxşayır…alacaq.

Almadım. Yaxşı oğlan olmadım. Yolumu getdim.

Maşın yoluna çıxdım. Burada hava yuxarıdakına nisbətən isti idi. Mənzərəsi yox idi. Bir az da irəli getdim. Yanımdan keçən maşın mənə yaxımlaşdı.

-Salam, qaqaş. Toydur orada?

Özüm də çaşdım. Ora baxdım, sonra da maşına. Sürücü ailəsi ilə bir yerdə idi.

-Yox, festivaldır.

-Hə. Xoş istirahətlər.

-Çox sağ olun.

Yoluma davam etdim. İki lövhə çıxdı rastıma. Birində “Dəmirçi”, digərində də. Çikilçay (deyəsən, adı belə idi) adı yazılmışdı. Körpünün altından da çay axırdı. Körpüyə tərəf gəldim. Axan çaya baxdım.

-Adam burada başını da qata bilmir-öz-özümə dedim

Çox da irəli getmədim ki, həm festivaldan uzaq düşməyim. həm də Arif məni axtarmasın. Geri qayıtdım.

Bara çatanda yenə Orxanı gördüm.

-Emil, mənimlə internetini paylaşa bilərsən?

-Olar.

Mən onunla interneti paylaşandan təxminən on dəqiqə sonra, Orxan bara yaxınlaşdı. Özü üçün pivə götürdü. Yanıma gəldi.

-Çox sağ ol.

-Buyur. Bəs dedin, cibimdə bir qəpik də qalmayıb?

-Evdən istədim, göndərdilər.

Orxan mənimlə uzaqlaşıb, dostlarının yanına getdi. Öz-özümə dedim.

-Xoşbəxt adamsan.

Rəqs meydanına qalxdım. Ön sırada Arifi gördüm. Oynayanları bu dəfə də gündüzkən müşahidə etdim…dediyimə qayıtdım…boş yaşayırdılar…bəlkə də, yaxşı səslənmir. Deyə bilmərəm ki, problemləri yoxdur. qayğısızdırlar…amma. bunların stresini pivə içib, narkotik çəkib, oynaya-oynaya atmaq əxlaqsız istirahət idi. Guya onlardan, ya məndən daha problemlisi. dərdlisi yoxdur? Elə bu Şamaxıda, Bakıda, ya başqa yerdə…bəs onlar necə eləsin? Onlar dərdini-bəli sözün əsil mənasında dərdini, stresini yox-hara at…yox, deyəsən, səhv oldu…onlar dərdinə nə çarə qılsın? İfadələrdəki fərqlərə bax ha..Stressini atmaq, dərdinə çarə qılmaq….. Onlar dərdin yox ey, bəlkə, heç əsil stresin də nə olduğunu bilmirdilər…Onların çoxu üçün stress, səhər doqquzda işə gəlib axşam saat altıya kimi kompüter qarşısında işləmək, iş yoldaşından, idarə rəhbərindən, şöbə rəhbərindən artıq-əksik söz eşitmək, onlarla ağızlaşmaq, ağızlaşa bilməmək, sonra da üzünün suyu süzülə-süzülə işdən çıxıb, stresini atasan deyə, bara gedib musiqiyə qulaq asa-asa pivə içmək, araq içmək, sevdiyin qızdan, ya kişidən ayrılmaq, bunun stresini həftələrlə yaşamaq, sonra bu stresi ya siqaret çəkmək, bəlkə də elə bundan sonra, dost və ya rəfiqə məsləhəti ilə siqaretə başlamaqdan, ya dost-tanışınla görüşüb haradasa doyunca yeyib-içib, işinə, yaşayışına, köhnə sevgilinə, vəziyyət bir az da “ağırdırsa”, ailənə, ölkənə ağır-ağır söyüşlər yağdırmaqdan, ya da “sağlamlıq mərkəzi”nə gedib (bunu sadəcə kişilər edə bilir) “özünü müalicə etmək”dən , ya da yeni sevgili tapmaqdan ibarətdir…

Bəs həqiqi dərdi olanlar. dərdinə necə çarə qılır?…Bəs sözün əsil mənasında dərd nə olan şeydir? Buna verə biləcək cavabım var, amma, heyif ki bu hekayəlik deyil…

Saat iki idi. Çadırı indidən yığışdırmaq üçün yuxarı qalxdım. Arif çadırın yanında. altına matları gətirdiyim paketi sərib yatmışdı. Mən çadırı yığışdırmağa başlayanda, Arif oyandı.

-Haradam bildim burdayam?

-Nə barda gördüm, nə yuxarıda. musiqi oxunan yerdə. Dedim uzağı burada olarsan. Həm də bir saat qalıb. Dedim indidən yığışdırım.

Başladım yğışdırmağa.

Çadırı, yuxu kisələrini. matları yığışdırıb, paketlərə qoyanda saat üçə on beş dəqiqə işləyirdi. Bəzilərini çantaya doldurdum. Matları Arif daşıdı. Aşağıya-bara endik.

Bara çatanda Orxanla rastlaşdıq.

-Orxan, avtobus nə vaxta gələcək?-mən soruşdum.

-Üç üçün. Mənə elə deyiblər. Hələ vaxta var.

Ariflə mən, pilləkənin üstündə oturduq. On dəqiqə sonra. yavaş-yavaş aşağıya doğru getdik. Aşağıda restoran var idi. Arif restorana tərəf baxıb mənə dedi:

-Emil, mən yemək yeyəcəyəm, acam. Sən də istəyirsənsə. qoşul, hesabı mən ödəyim. sonra sən mənə qaytararsan.

-Yox, çox sağ ol. Ac deyiləm

-Yaxşı, sən avtobus gələndə zəng edərsən, ya da yazarsan da mənə.

-Yaxşı.

Düşdüm aşağı.

-Şamaxıdan Bakıya…Şamaxıdan Bakıya…

Bizi Bakıya aparacaq avtobus gəlib çatmışdı. Arifə zəng vurdum.

-Arif, avtobus çatıb.

-Gəlirəm.

Arif beş dəqiqəyə avtobusun qabağına çatdı. Avtobus Arif çatandan beş dəqiqə sonra, dördə iyirmi dəqiqə qalmış. yola düşdü.

Bir saaata yaxın idi ki, yolda idik. Şamaxının çıxışına çatmağımıza təxminən beş-altı dəqiqə qalmışdı. Avtobus dayandı. Sürücü avtobusdan düşüb, təkərlərin yanına gəldi. Ardınca, səfəri təşkil edənlər də onun dalınca düşdü. Onlardan sonra biz də yavaş-yavaş aşağı düşdük.

Dörd nəfər-sürücü və səfəri təşkil edən üç nəfər avtobusu sazlamağa çalışdılar. Kimisi işə salır, o biri mühərrikə baxır, digəri “Whatsapp” qrupuna mesaj yazıb. yolu buralardan keçən sürücülürdən kimisə çağırmağa çalışır, başqa biri də tanış sürücülərə zəng vururdu. Sərnişinlər də , avtobusun üzbəüzündəki daşın üstdə oturub özünü günə verirdi.

Tədbirin və səfərin təşkilatçıları guya problemi həll etmək istəyirdi. Yanımdan keçən oğlana yaxınlaşdım:

-Necədir vəziyyət? İşləyəcək avtobus?

-Çalışırıq ki, işləsin.

-Çalışırıq ki? Tədbiri bəri başdan görəydiniz gərək.

-Fors-major haldır da olub…

-Fors-major….bəs yaxşı, gələn qonaqların yeməklərini götürdünüz, birinin vəziyyəti pisləşsəydi, təzyiqi qalxsaydı, düşsəydi, aldığını yemək istəsəydi, yerində görməsəydi ? O fors-major sayılmırdı?

-Qardaş, malı mala qatma da. O ayrı, bu ayrı, Axı sizə əvvələcədən deyilmişdi ki, yemək gətirmək olmaz.

Oğlan bunu deyib yanımdan getdi. Gedən kimi də, tədbirin mühafizəçisinə mənimlə etdiyi söhbəti xəlvəti ona çatdırdı. O da Firdovsiya xəlvətcə dedi

-Firdovsi, sözü olan gəlsin mənə desin.

Təxminən bir saat, saat yarım vəziyyəti düzəltməyə çalışdılar. Əmələ gəlmədi. Axırda sərnişinlər bir-bir, iki-iki yoldan keçən taksiləri çağırıb yola düzəldi. Arif taksi çağırdı. Taksi gələn kimi məni də çağırdı. Nə vaxtdan nə vaxta səsini eşidib taksiyə çatdım

-Emil, bayaqdan səni çağırıram. Hamı eşitdi. bir sən eşitmədin.

-Fikrim gedib avtobusa, dedim, bəlkə, düzələr.

-Nəyisə. tez ol şeyləri qoy minək, gedək.

Bizimlə bərabər iki xanım da taksiyə mindi və beləcə Şamaxıdan Bakıya olan qayıdış səfərimiz başladı. Sürücü radionun səsini artırdı. Radioda Sara Qədimovanın ifasında “Nə vaxta qaldı?” mahnısı gedirdi.

Yolboyu heç kəs bir-biri ilə söhbət etmirdi, arada mən Ariflə danışdım.

-Emil, bayaqdan çağırırdım səni, heç eşitmədin?

-Vallah, eşitmədim. Fikrim qalmışdı avtobusda… Sən də üzrlü say…mənimlə gəldin Şamaxıya kimi…o da belə…

-Ürəyini sıxma…yaxşı keçdi…Olan şeylərdir…

Söhbətimiz bundan ibarət oldu. Yanımızdakı qızlar telefonla başını qatır, biz də pəncərədən Şamaxı-Bakı yolu boyunca rayon, şəhər mənzərələrinə baxırdıq…

MP3

“Emil, sənin mp3-ün var idi ey, içi mahnı olan, ona bir qara nauşnik alıb (ucuz) onu gətirə bilərsən cibində? Gətirəndə qəti vermə nbmə, cibinə qoyarsan yoxlayan olmayacaq.

-USB var, MP3 yoxdur.

-Hə o. Patrul çıxacağam, tək olanda mahnıya qulaq asmağa. Ya da 7, 8 manatdır. Mp3 ala bilərsən mənə?

-Alaram, niyə almıram.

-Mp3 içində sd kart olur maraqlı mahnılardan yükləyərsən. amma USB kimi olmasın. Çalış qara rəngdə olsun

-Nə mahnılar yükləyim? Nə tərz?

-Kurtlar Vadisi, fars tar musiqisi ondan

-Yaxşı”.

Qardaşımla Whatsapp-la yazışanda saat günorta üçü keçmişdi. İki saat sonra işdən çıxıb “28 May” metro stansiyasına getməyi planlaşdırırdım. Nahar fasiləsinə çıxanda da, mağazada söhbətimin tutduğu satıcılardan biri ilə danışıb MP3 satılan yerləri tanıyıb-tanımadığını soruşdum. O da “28 May” metro stansiyası tərəfdə telefon aksesuarlarının satıldığı mağazalarda tapa biləcəyimi dedi. Beləcə iki saatı gözlədim.

Saat altı olan kimi, WPS-dəki sifariş cədvəlini bir də yoxlayıb şöbə rəhbərinə təhvil verdim. Ofisdən çıxıb, Çıraq Plazaya tərəf getdim. Mən gələn kimi, 65 nömrəli avtobus yaxınlaşdı. Mindim avtobusa.

Avtobus “Nizami” metro stansiyasının qarşısında saxladı. Düşdüm. “Nizami Mall”-un aşağısı ilə “28 May” metro stansiyasına tərəf yol aldım. Sıra boyu telefon aksesuarlarının satıldığı dükanları gördükcə də mağazalara yaxınlaşırdım

-Qardaş, MP3 var?

-Yoxdur.

Dəqiq yadımda qalmasa da, təxmini üç mağazaya yaxınlaşdım. Üçündən də “yox” aldım.

-Cəhənnəmə, uzağı 28 Mayda olar.

Keçidə düşüb, Akademik Milli Dram teatrının qabağından metro stansiyaya kimi pay-piyada yol getdim. Metronun qabağına çatan kimi, rastıma çıxan mağazalara yaxınlaşırdım

-Qardaş, MP3 var sizdə?

-Yoxdur

-Salam, MP3 var sizdə?

-Nə?

-MP3.

-MP3 yoxdur.

-Qardaş, MP3 var?

Gülə-gülə cavab verdi:

-Heç onu axtarma.

Axtarmaya bilməzdim. Qardaşıma söz vermişdim.

Başqa bir mağazaya da yaxınlaşdım.

-Salam, qardaş, MP3 var mağazanızda?

Oğlan gülə-gülə soruşdu:

-Əsgər yanına aparırsan?

Gülə-gülə cavab verdim:

-Hə. Bütün 28 Mayı axtardım, tapa bilmədim. Sən haradan tapmışdın?

-Mən də iki-üç ay olar, əsgərlikdən qayıtmışam. Mənə də uşaqlar tapmışdı,

-Haradan?

-20 Yanvardan.

-20 Yanvardan? Tbilisi tərəfdə idim…bəxtə bax ey…qaqa, gör bir tanış-bilişdə var? İmkan varsa, buradan alım.

-Yaxşı. Qoy zəng vurum görüm.

Üç yerə zəng vurdu. Üç adamdan da eyni cavab gəldi

-Yoxumuzdur.

-Qaqa, salamatı get 20 Yanvara. Azərsu-dan əks istiqamətdə get, orada mağazalalar çıxacaq rastına. Yüz faiz tapacaqsan.

-Yaxşı. Çox sağ ol.

-Sən sağ ol.

Sağollaşıb çıxdım dükandan. 28 Mall -un istiqamətini tutub üzü metroya tərəf getdim. Elə təzəcə yola çıxmışdım ki, qabağımdan skuterlə bir oğlan keçdi. Tez yoldan geri döndüm.

-Dayı, yavaş!

“Dayı”, “əmi” xitabını küçədən keçən çox uşaqdan eşitsəm də, bu dəfəki mənə toxundu. Uşağın deməyi ilə də, getməyi bir oldu. Cavab da verə bilmədim.

Çatdım metro stansiyaya.

Eskalatordan düşüb, Dərnəgül qatarının gəldiyi platformaya yaxınlaşdım. Platformada azından altmış nəfər olardı.

Mən platformaya çatandan beş dəqiqə sonra, qatar gəlib çatdı. Məndən qabaqda gözləyən təqribi on nəfər, məndən arxada da təxmini on nəfər və mən-hamımız BİR NƏFƏR kimi özümüzü qapıdan içəri itələdik. Bir-birimizi itələyə-itələyə keçdik içəri. İçəri keçəndə də, hərmişə adət etdiyim kimi, başladım ciblərimi yoxlamağa. Maşinistin səsi gəldi:

-Qapını saxlama. Saxlama qapını, qatarı gecikdirirsən.

İyirmi ikincinin bəxti gətirmədi.

Qapını saxlayan, qapını buraxdı, Cavab da gəldi.

“Qapılar bağlandı, Növbəti stansiya, Nizami”

Üç stansiya sonra, “20 Yanvar” metro stansiyasına çatdım. “Azərsu” ASC-nin əks istiqamətində gedən yolu tutdum.

Keçidə çatan kimi, keçiddən yuxarı gedən iki cavan oğlandan soruşdum:

-Burada, telefon aksesuarları satılan yerlər var?

-Hə, yuxarıdadır.

-Çox sağ olun.

Qalxdım yuxarı. Azərbaycan Taksi Ansamblı axşam xoruna başlamışdı

-Cəlilabad! Cəlilabad! Biləsuvara iki nəfər! Biləsuvara! Beylaqan! Beylaqan!

Bir-bir mağazaların qapılarını açdım, bağladım.

-Qardaş, MP3 var?

-Yoxumuzdur.

-Qardaş, MP3 var?

-Yoxdur.

Beləcə beş mağazaya “salam-əleyküm” etdim. Axırda altıncı mağaya girdim.

-Qardaş, salam MP3 var?

-Əleyküm-salam. Yox, vallah, yoxumuzdur.

-Qardaşım əsgərdir. Onun yanına aparıram. Heç tapılmaz?

-Hə, qardaşın üçün istəyirsən? Nə olar, taparıq. Biz də əsgər olmuşuq.

Başladı tanışlarına zəng vurmağa. Kimə zəng vurdu “yox” dedi.

-Qardaş, xanım gəlsin, biz çıxaq, tanıdığım bir dükan var, bəlkə, orada olar.

Xanım əlində dönər gəldi, biz çıxdıq.

Təxmini ondan yuxarı obyekt-mağaza, dönərxana, kafe sırası keçib, satıcının dediyi dükana çatdıq. Dükan nə çox böyük idi, nə çox balaca. Telefon kabrosundan tutmuş, Airpods-da kimi mal var idi. Gözüm MP3-ü axtarırdı.

-Qardaş, MP3 var?

Təxminən iyirmi yeddi-iyirmi səkkiz yaşında, saçına çeçensayaq stil vermiş, qara paltarlı, qara jaketli bir oğlan mənə MP3-lərin olduğu sıranı göstərdi. İki formada MP3 var idi; pişik formalı, göy və çəhrayı rəngdə birdə “Minion” cizgi filminin qəhrəmanlarının oyuncaq modelləri.

Düzdür, qardaşıma oyuncaq almırdım, amma, hər necə olsa, oğlan üçün alırdım. Dedim heç olmasa, yaraşan bir şey olsun.

Qardaşıma minionu yaraşdırdım.

Məni bu mağazaya gətirən satıcıya dedim:

-Yenə minion uyğun olar hə?

-Oğlan yanına aparırsan?

-Qaqa, əsgərlikdə qız olur?

-Hə, doğrudan ey…

Götürdüm. Qiyməti altı manat idi. Qalırdı bircə SD kartını almaq. Geqabayt-geqabayt qiymətlərini soruşdum. Axırda on altı geqabayt-da razılaşdım.

-Allah xeyir versin.

Beş manat MP3 üçün, on altı manat SD kart üçün ödədim. Bircə qalırdı, SD kartın işləyib-işləmədiyini yoxlamaq.

Məni bu mağazaya gətirdən satıcı ilə mağazadan çıxdıq. Başladıq proqramçı axtarmağa.

Bayaq MP3-dən qıtlıq çəkirdimsə, indi də proqramçıdan qıtlıq çəkməyə başladım.

-Qardaş, proqramçı var?

-Yerində yoxdur.

-Qardaş, proqarmçı yerindədir?

-Başqa yerdədir.

Axır bir mağazadan bizə “hə” gəldi. Satıcıya-Samirə də mənim üçün çəkdiyi əziyyətə görə, qızıl beşlik verdim. Nömrəsini də aldım.

Elə təzəcə sözə başlayırdım ki, qara saqqallı, qara paltarlı, ortaboy bir kişi, əlində telefon içəri girdi

-Axşamınız xeyir. Telefon satıram.

-İstəmirik.

-Sağ olun

Söz növbəsi mənim idi.

-Qardaş, MP3-üm SD kartının işləyib-işləmədiyini yoxlamaq istəyirəm

-Vallah, bizdə o işdən başı çıxan yoxdur. Sən, ən yaxşısı, Afət xanımın yanına get, altıncı mağazada oturur. Bundan sonra altı mağaza say, oradadır.

-Yaxşı, sağ olun

Çıxdım dükandan, Üzüyuxarı altı mağaza saydım.

…Dörd, beş, altı. Girdim dükana

-Afət xanım buradadır?

Satıcılardan biri sağ tərəfi göstərdi. Göstərdiyi tərəfdə böyük hərflərlə “PROQRAM TƏMİRİ” yazılmışdı, Yaxınlaşdım.

-Afət xanım sizsiniz?

Afər xanım tərs-tərs mənə baxdı:

-Sir-sifətdən kişiyə oxşayıram?

Bir-sıfır. Amma, kişiyə oxşayırdı.

-Nə lazımdır?

-SD kartı yoxlamaq istəyirəm, işləyir, işləmir

-Ver, baxım.

Verdim, baxdı. Səbrim də çatlayırdı. Tezcə bilmək istəyirdim ki, işləyir, işləmir. Bir saata yaxın olardı ki, dükan-dükan daban döymüşdüm. Dözmədim.

-Yanınıza gəlsəm, olar?

Afət xanım bu dəfə gözlərini bərəldə-bərəldə mənə baxdı:

-Yanıma nəyə gəlirsiniz?

-Görüm işləyir, işləmir?

Afət xanım səsini ucaltdı:

-Nə?!

Mən də qarşılıq verdim

-SD kart!

-Yanıma nəyə gəlirsiniz? Hələ heç açılmayıb.

Açıldı. SD kartın o üz-bu üzünə baxıb dedi:

-Format olunmalıdır.

-Nəyə görə?

-Format olunmalıdır da…

-Nəyə görə də?

-Nəyə görə nədir ey…format olunmalıdır….

-Ay xanım, hansı səbəbə görə?

-Yordun ey məni…get başqa yerdə düzəltdir, düzəltmirəm.

Güc-bəla ilə tapmışam səni, hara buraxıram!

-Xanım, nə qədərdir qiyməti? Deyin, verim.

-İşlərim var, başqasına gördür.

-Ay xanım, qiyməti nədirsə, deyin. Əsgər yanına aparıram

-Məşğulam, başqa mağazaya get.

-Qiyməti nədirsə, deyin də?

-Başım qarışıqdır.

İki-bir. O mənə pul ata bilmədi, mən də işimdən qaldım. Təzədən, Samirlə sağollaşdığım dükana girdim.

-Qardaş, Afət xanım yaxın durmadı. Heç başınız çıxmır SD kartdan?

-Vallah başımız çıxmır. Bizdə onu bilən yoxdur.

Nə işə keçdik!….

MP3-ü aldığım mağazaya tərəf getdim. Girdim dükana. Mənə bunu satan satıcıya yaxınlaşdım.

-SD kartı yoxlada bilmədim. Yaxın duran olmadı.

Satıcı MP3-ü götürdü. SD kartı çıxartdı.

-Mobil telefonunu ver.

Verdim telefonu. Telefonumun SD kart giriş yerini mizlə açdı. MP3-ün SD kartını taxdı. Ekranda SD kartın taxılması ilə bağlı bildiriş gəldi.

-Telefonunda mahnı var?

-Yoxdur.

-Səs yazısı var?

-Var.

Səs yazılarından birini SD karta yüklədi. SD kartı çıxartdı, taxdı MP3-ə. Qulaqlığı MP3-ə qoşdum. Səs gəlmədi.

-Səs gəlmir.

-Ver, mən də qulaq asım.

Verdim.

-Səs gəlir?-mən soruşdum

-Gəlmir.-o cavab verdi.

Heç nə…axırıncı qardaşımın dediyi variant olacaqdı. Fləş-kartımı verməli idim.

-Qaqa, onda qaytarıram. Day olmur olmur da. Neynək.

Bayaqdan bəri, daha doğrusu, mən yarım saat əvvəl bu dükana girəndən bəri, mənimlə təmkinlə danışan satıcı, yenə təmkinin pozmadı.

-Qaytarırsan?

-Hə, qaytarıram.

-Yaxşı, onda səni bura gətirənə de ki, qaytrarıram.

Samirə zəng vurdum. Cavab verdi.

-Samir, mənəm. Sənlə MP3 üçün dükana gələn. Mən MP3-ü qaytarıram.

-Qaytarırsan?

-Hə, qaytarıram, işləmir.

Samir duruxdu. Sonra birdən cavab verdi.

-Qardaş, gözlə sənə beş dəqiqəyə yığıram.

-Yaxşı.

Beş dəqiqə dükanı o baş-bu baş gəzdim. Zəng gəldi

-Qardaş, gəl bizim dükana.

Getdim onların dükanına.

Dükanlarına çatdım. Samir dükanında işləyən xanımı mənə qoşdu.

-Xanım, səni proqramçının yanına aparacaq.

Xanım qabağıma düşüb, mağazadan sağ tərəfə getdi. İki dükandan sonrakı dükana girdi. Proqramçıya yaxınlaşdı. Tələm-tələsik nə isə deyib, dükandan çıxdı.

Mən də ona yaxınlaşdım.

-MP3-ün SD kartını yoxlamaq istəyirəm.

MP3-dən SD kartı çıxartdı. Noutbukuna qoşduğu fləş-karta taxdı. Noutbuka bildiriş gəldi.

-Hə, nə istəyirsən?

-Mahnı yükləmək.

-Nə mahnılar?

-Kurtlar Vadisi, fars tar musiqisi. Bir nəfər istəyir. Əsgər yanına aparıram.

-Əsgər yanına aparırsansa, mən mahnıları düz-qoş edərəm.

-Nə mahnılar var səndə?

-Azərbaycan, türk, qarışıq…

-Birini aç görüm.

Açdı. Niyaməddin Musayevin “Dünya sənin, dünya mənim” mahnısı oxunurdu.

“Bir taleyin oyununa cütlənmiş zərik

Yüz il qoşa atılsaq da, qoşa düşmərik…”

Mahnı təzəcə başlamışdı ki, içəri bir nəfər girdi. Saqqallı, qəhvəyi paltarlı, qara jaketli. Əlində telefon.

“Bir zərrənin işığına milyonlar şərik”

-Telefon satıram

“Dünya sənin, dünya mənim

Dünya heç kimin…”

-Neçəyə satısan?

“Bu get-gəllər bazarına dəvədir, dünya”

-Yüz əlli manata

“Bu ömür-gün naxışına həvədir dünya”

-Ver, baxım.

Oğlan telefonu proqramçıya verdi. Proqarmçı telefonun o üz-bu üzünə baxdı

“Əbədiyə qəh-qəh çəkər əbədi dünya”

-Çox bahadır. Dəymir. Yüz iyirmi manat

“Dünya sənin, dünya mənim

Dünya heç kimin”

-Sərf eləmir. Şəhərdə yüz otuz manat verdilər, satmadım.

“Çevrəsindən çıxsa əgər, sevda fırfıran”

-Get şəhərdə sat.

“Bir ümidin ətəyindən tutub da fırlan”

-Sağ ol.

“Eşidirsən pıçıldayır yıxılan, duran”

“Dünya sənin, dünya mənim

Düny heç kimin”

Proqramçı mahnını söndürdü.

Getdi.

-Belə mahnı desəm, yükləyə bilərsən?

-Sifarişlə mahnı yükləmirəm. Özümdə hazır yüz iyirmi səkkiz mahnı var. Onları yükləyərəm.

-Yüklə.

-Yaxşı.

Mən də boş yer tapıb oturdum. Saat doqquzun yarısı idi. İki saat idi ki, bir MP3-ün üstündə oyun gedirdi. Proqarmçıdan başqa, mağazada, iki nəfər də satıcı var idi. Biri dükana getdiyini deyəndə, o biri ona pul uzatdı.

-Əkbər, mənə dükandan “Fanta” ala bilərsən?

-Alaram.

-Al. Vallah çay mənlik deyil. Day burada başqa şey yoxdur deyə, çay içirəm. Yoxsa, çayla heç aram yoxdur. Mənimki sərin sudur.

Əkbər dükandan çıxdı. Kişi təzədən dilə gəldi

-Vallah, Eltun, uşaqlıqdan dədəmi buzluqdan su içən görmüşəm. Elə iyirmi yeddi yaşı olardı, mən körpə olanda. Buzluqdan su içirdi. O necə , mən də elə.

-Dağ adamısızınız?-mən soruşdum

-Yox, dağ adamı deyiləm. Əslimiz zənglianlıdır, amma, mən şəhərdə böyümüşəm.

Beləcə on dəqiqə keçdi.

-Eltun, mahnılar hazırdır?

-Hazırdır.

Noutbukun yanına gəldim. Eltun SD kartı çıxartdı, MP3-ə qoşdu. Qulaqlığı MP3-ə taxdım. Qulaqlıq işləmirdi. Gözüm SD kartın çıxdığı fləş-karta sataşdı.

-Ondan var?

-Var.

-Neçəyədir qiyməti?

-Dörd manata.

-Mahnıların qiyməti?

-İki manat verərsən.

MP3-ü götürüb qutusuna qoydum. Pul qabımı gödəkçəmin iç cibindən çıxartdım. İki manat götürüb Eltuna uzatdım.

-Sağ ol, qaqa, cibinə bərəkət.

Yerə qoyduğum çantanı qoluma vurub, mağazadan çıxdım. Birdən düşdü yadıma

-Fləş-kart alasıydın!

Əkbər torbasında “Fanta”, “Çiko” , “Lays”, “Coca-cola” girdi içəri.

Arxasınca girdim dükana.

-Eltun, fləş-kartı dörd manata dedin də?

-Kart oxuyucunu deyirsən? Hə.

Dörd manatı verdim Eltuna.

Eltun Əkbəri çağırdı.

-Əkbər, qardaş kart oxuyucu alır. Dörd manat demişəm qiymətini.

Əkbər kart oxuyucuya baxdı.

-Mən bunun qiymətini vurmamışam axı…

-Narahat olma, mənlikdir.

-Yaxşı.

Dörd manatı verdi Əkbərə. Onlarla sağollaşıb dükandan çıxdım. MP3-ü aldığım dükana qayıtdım.

-SD kart düzəldi. İndi də qulaqlıq işləmir.

Oğlan gülə-gülə cavab verdi:

-O bekara qulaqlıqdır. Var məndə iki manatlıq, üç manatlıq. Verim?

-Ver.

-Neçə manatlıq?

-İki manatlıq.

Vitrinə keçdi. İki manatlıq qulaqlıq seçib mənə gətirdi.

-Yoxlayım, baxım.

-Yoxla, bax.

Yoxladım, baxdım. İşləyirdi.

-Allah xeyir versin.

-Sağ ol.

Üç saat Tbilisi prospektindən “28 May” metro stansiyasına, oradan “20 Yanvar” metro stansiyasına, və iki saata yaxın mağaza-dükan gəzintimin nəticəsində MP3 işini həll etdim. Həll edib metronun yolunu tutdum. “Həzi Aslanov” qatarı ilə “Gənclik” metro stansiyasına, oradan da piyada evə getdim.

Ac idim. On beş gün əvvəl çıxıb getdiyimiz obyektdən gətirtdiyimiz plovu soyuducudan çıxartdım. Plovdan köhnəlmiş pendir iyi gəlirdi. Çox da vecimə idi. Ac idim

-Uzağı üstündən qatıq içərəm.

Plovu qızdırdım, mal ətini də ayrıca. Plovu qızdırdıqca, tünd iyi əməlli-başlı otağa yayılırdı. Yayıldıqca, aclığım bir az da artırdı.

Yeməklər qızdı. Qab götürüb, plov, üstünə mal ətini qoydum. İkisinin üstündən qatıq tökdüm. Obyektdə sifariş üçün işlətdiyim ayranı da qoydum yanıma. İştahla yeməyə başladım.

Axşam yeməyimi bitirib-axşam saat on birə qalmışdı-getdim otağıma. MP3-dən SD kartı çıxarıb, kart oxuyucuya qoşdum. Qardaşımın yazdığı mesaja yenə baxdım

“Kurtlar Vadisi, fars tar musiqisi ondan”

-Qələt edir, ağır mahnılardır.

Başladım şux mahnılar axtarmağa. Polad Bülbüloğlunun “Həştərxandan gələn gəmi”, Tünzalə Ağayevanın “Axar çaylar”, Aygün Kazımovanın “Bu sevgi”…harada şən-şux mahnı var idi, onları sayıb-seçib karta yüklədim.

Beləcə iki saat keçdi. Saat bir idi.

Arxayınlaşdım. Həm də sevindim. Əlləşib-vuruşub MP3 tapmışdım, mahnılar da yükləmişdim. Bircə qalırdı, qulaq asmaq.

Qulaqlığı taxdım. Səs gəlmirdi. Düymələri işlətdim. Səs gəlmədi. Peşman oldum. Əziyyətim zay oldu. Əsəbiləşdim də.

-Ay, şərəfsizlər! Dedim axı mən bunu əsgər yanına aparıram!

Kor-peşman yer-yatağımı hazır edib girdim yerimə. .

-Sabah Toğrul soruşsa, nə deyəcəyəm axı…

03/12/2024