Nə gözəl gecədir
Bu yay gecəsi
Qara yer üstündə
Yer adamların,
Göydə ulduzların
Yuxusu gəlir…
Canının tapşıra
Adam bu gecə
Qaldırıb əllərin
Göylərə sarı
Dənləyə göylərdən
Ulduz dənəsi…
Göydə də qurtara
Ulduzun sayı
Ulduzlar ardında
Görünə Allah,
Ürəyi dolusu
Baxa dünyaya
Dünyanın halına
Sevinə Allah…
Arayar, soraqlar
Göyün üzündə
Axtara Allahın
İnsan bəndəsi
Allah haraylayan
Yalvarışından
Tərpədə dünyanı
“Allah” kəlməsi.
Oyadıb!…Gecəni
Allahın səsi
Dünyaya Allahın
Nəfəsi gəlir…
Belə, Allahına
Qovuşur insan,
Ulduzu Allahla
Barışır insan.
Cənnət ətirləyir
Yer, göy bu gecə
Gecədən Allahın
Qoxusu gəlir…
30-31 Mart 2021
Bakı şəhəri