Yeri, işığım, yeri
Gecə çoxdan çatıbdır
Günəş yol üstdə batıb
Yol qoynunda yatıbdır.
***
Yeri, sabah gələrsən,
Günəş yolu aşanda
Yola işıq düşəndə
Dünya duyuq düşəndə….
***
Yeri, indi gecdir day
Yeri gecə yarıdır
Yerdə ikimiz ayıq
Göydə Allah oyaqdır.
***
Allah nəzər eyləyir
Bizə, göylərin üstdən
Bizə, yerlərin üstdən
Allah nəzər eyləyir
Torpağın, odun üstdən,
Ayın, ulduzun üstdən,
Yuxulu adamların
Şirin yuxusu üstdən…
Yerin desən, səbri yox,
Göyün desən, səbri yox
Tək Allah səbir eyləyir
Bizə, bizim əvəzdən…
***
Görürsənmi? Yerə bax!
Torpaq ayaqdan qaçır
Görürsənmi? Göyə bax!
Göydən ay-ulduz yağır
Yuxulu, qalaq-qalaq
Dünya yatan vaxtdır day
Bəlkə, biz də yuxulayaq?
***
Yeri, gözüm işığı,
Yeri gələrəsən sabah
Bizdə söhbət qurtarmaz
Təzə söhbət başlarıq
Qorxma, gecəyə qalmaz…
***
Yeri, işığım, yeri
Yeri day, yuxunu al,
Yeri, Ay əmanətim,
Yeri üzü gecəyə
Yeri, gələrsən sabah
Yeri, işığım, yeri
Yeri sağ-salamat qal….
21 Avqust
Bakı şəhəri