Month: Oktyabr 2026 (page 1 of 1)

CAMALIN GÖDƏKÇƏSİ

Həftənin şənbə günü idi. Elşadla Camal, şənbə günü çay içməyə sözləşmişdilər.

Elşad, səhər saat on iki olmamış, universitetə gəlmişdi.

Növbədə tək idi.

Mühafizə xidmətindən açarı götürüb, turniketdən keçdi.

Saata baxdı.

-Hələ on beş dəqiqə var.

“C” binasına yollandı.

Özü üçün fincan çay, su götürdü.

Ödənişi edib, kitabxanaya yollandı.

Kitabxanaya bitişik kafenin qarşısına çatdı.

Sağ qolunu sağa itələyə-itələyə, kafenin qapısını açdı.

İçəri girdi.

-Su ilə çayı hələ ki burada saxlasam olar? Kitabxananı açmalıyam.

-Olar.-barista dedi.

Elşad, çayla suyu, kafenin qapıya yaxın olan oturacaqların sırasındakı masaya qoydu.

Yanınca tələbə çatdırdı özünü kitabxananın qapısına.

-Sabahınız xeyir. Kitabxana işləyir?

Elşad, cibindən açarı çıxartdı.

-Açsam, kitabxana işləyəcək-gülə-gülə dedi.

Açarı içəri saldı.

Açar ilişdi.

-Ay səni!…

Bir də çevirdi.

Yenə ilişdi.

Tələbə, Elşadın üzünə baxdı.

Elşad da tələbənin üzünə.

-Zəhmət olmasa, mühafizə xidmətindən bir nəfər çağıra bilərsiniz?

-Mühafizədən? Çağıraram.

Tələbə üzüaşağı yollandı.

Elşad, əlini saxladı.

-Əmanətdir, açar da kitabaxana da. Qoy hələ ki əl dəyməyim. Gəlsin görək, nə olur.

EElşad gözlədi.

Ətrafa baxdı.

lTələbə gəldi.

-Açılacaq.

Tələbə getdi.

Elşad gözlədi.

Gələn olmadı.

-Bismillah.-deyib, açarı içəri saldı.

Açar, Allahın adı ilə açıldı.

İçəri girdi.

İkinci qapını açdı.

Kitabxananın işığını yandırdı.

İçəri biri girdi.

Mühafizədən idi.

-Bağışlayın, sizə də əziyyət verdim, ilişmişdi açar, açıldı axır.

-Narahat olmayın, müəllim. Tələbə gəldi bizə dedi ki, kitabxana açılmır.

-Mən göndərmişdim. Sağ olsun. Siz də sağ olun, əziyyət çəkmisiniz.

Mühafizəçi getdi.

Elşad, pencəyini oturacaqdan asdı. Çantasını, oturacağın ayağına qoydu.

İkinci mərtbəyə qalxdı.

İşığını yandırdı.

Üçüncü mərtbəyə qalxdı.

İşığı yandırdı.

İşığın siftəsinə tələbə gəldi.

Salamlaşdılar.

Elşad, ən aşağı mərtəbəyə düşdü.

Oranın da işığını yandırdı.

Birinci mərtəbəyə qalxdı.

Siftəsi, tələbə gəldi.

-Elmi kalkulyator var?

-Var.

-Verə bilərsiniz?

-Verə bilərəm.

Elşad, özündən, sağda, aşağıda, üçüncü siyirməni açır. Tələbənin istədiyi kalkulyatoru götürür. Masaya qoyur.

-Tələbə kartınız, zəhmət olmasa.

Tələbə, kartını verir.

Elşad, adı oxuyur.

-Kürşad Əliyev…gözəl adınız var.

Tələbə gülümsünür.

Elşad, kalkulyatoru, tələbənin adına yazır.

-Adınızı kim verib?

-Atam.

Tələbə, kalkulyatoru götürür.

-Bilirsiniz də kimin adı olub?

-Bilirəm.

-Uğurlar, Kürşad bəy!

Tələbə gedir.

Elşad, tək qalır.

Telefona baxır.

Saat birə iyirmi dəqiqə işləyir.

-Hələ vaxta var. Onsuz gec oyanır bəy oğlan. İkinin yarısı yazaram.

TTələbə gəlir.

-Salam, kalkulyatorunuz var?

-Var.

-Verə bilərsiniz?

-eVerə bilərəm. Kartınızın nömrəsini deyə bilərsiniz?

Tələbə, kartın nömrəsini deyir.

Elşad, kartın nömrəsini, sistemə yazır.

Adı oxuyur.

-Toğrul Məmmədli! Oho! Toğrul! Qardaşımla adaşsınız!

-Tələbə gülümsünür.

-Bilirsiniz də, Toğrul kimin adı olub?

-Bilirəm.

-Onun oğlunun da tərbiyəçisi, atabəyisi Şəmssəddin Eldəniz olub. Atabəy də olmaq hər kişnini işi deyildi. Dərin dövlət olmaq demək idi, atabəy olmaq.

Bunu deyib, kalkulyatoru, tələbəyə uzadır.

-Uğurlar, Səlcuq sultanı!

Tələbə gedir.

Bir saat keçir.

Elşad, whatsapp-dan Camala yazır.

“Salam, Camal qaqam, necəsən? İş-güc? İnşallah, bu gün nə vaxta görüşək biz?”

Tələbə gəlir.

Gələn, Kürşaddır.

Bir daha salam, Kürşad bəy!

-Salam-Kürşad, gülümsünür.

-Necə keçdi imtahan?

-Yaxşı.

-Lap yaxşı. Zəhmət olmasa, kalkulyatoru təhvil verin, o biri tələbələrin də imtahanları yaxşı keçsin.

Kürşad, gülə-gülə, kalkulyatoru Elşada verir.

Sağollaşırlar.

Camal yazır.

“Salam, qardaşım. Mən bu gün gələ bilməyəcəyəm Bakıya. Hava çox yağışlıdır. Üstülüyüm də yoxdur.”

“Yaxşı da?”

“cCiddiyəm.”

“Bilirəm”

“Can, qaqam, can. Sağlıq olsun, başqa vaxta, inşallah”.

“İnşallah”.

Tələbə gəlir.

-Salam, Səlcuq sultanı!

Toğrul, kalkulyatoru masaya qoyur.

-Necə keçdi imtahan?

-Yaxşı.

-Lap yaxşı. İxtisasınız nədir?

-Biznesin idarə edilməsi.

-Dekanınız kimdir?

-Hüseyn müəllim. Hüseyn İsmayılov.

-Yanında gedib-gələ bilirsiniz? Məsləhətləşə bilirsiniz?

Toğrul, başını bulayır.

-Çətin adamdır.

-Başa düşdüm. Mən özüm də bura məzunuyam. Dövlət və ictimai münasibətlər ixtriası üzrə məzun olmuşam. İstəyirsinizsə, şəxsi gmail hesabımı verim, nə sözünüz olsa, yazarsınız mənə.

-Olar.

Elşad, qırmızı stikeri üstdən qopardıb, gmail ünvanını yazır. Tələbəyə verir.

Tələbəyə də sarı stikeri uzadır.

-Oldu. Danışarıq, əlaqədə olaq.

Sağollaşırlar.

Elşad, təzədən, Camalın yazdığına baxır. Öz-özünə fikirləşir.

-Özü də bizlə, mənimlə, Elnurla görüşmək istəyirdi. Söz danışmışdıq. Yağış da yağmağa vaxt tapdı da! Üzünə lənət!

Elşad, Camala yazır.

“Camal, sən gələ bilmirsən, mən gəlim sizə tərəf. Qardaş deyilik mi? Söz danışmışıq. Sən igid oğulsan ey, sənin kimi oğlun hayına tufanda da çataram”.

Camal, mesajı oxuyur.

“Qardaşım, bu günün başını burax. Arxayın bir vaxt görüşərik”.

“Yaxşı”.

Elşad, kompüterin qarşısına qoyduğu fotoşəklə baxır-özünün, Camalın, Elnurun şəklinə.

Ürəyi düyün-düyün olur.

-Qaqamdır ey, qaqam, Camal qaqamdır.

Elnura yazır.

-“lnur, mənim işim dörddə bitir. İşdən çıxan kimi, gələcəyəm Yasamala. Oradasan da sən?”

Tələbə girir kitabxanaya.

“Salam, USB var?

-Var.

Elşad, ikinci siyirməni açır. USB-ni götürür.

-Kart nömrəniz?

-2482

Elşad, kart nömrəsini yazır.

Tələbənin adını oxuyur.

“Əlikərim”

-Əlikərim…maşallah, bu gün də məşhur adamların adını eşidirəm, Səlcuq sultanı Toğrul, şair Əlikərim.

Əlikərim gülümsünür.

-Adınızı kim verib?

-Anam.

-Ədəbiyyat müəllimidir?

-Bəli.

-Hiss olunur. Buyurun, USB-niz.

-Sağ olun.

Tələbə gedir.

Elnur yazır.

“Orada olacağam. Gələrsən”.

“Oldu”.

Elşad, təzədən fotoşəklə baxır.

Ürəyi düyün-düyün olur.

-Sənin kimi oğulu yağış altda qoyarammı heç, Camalım. Ay, Allah, sənə qurban olum, məni bu gün Camalın hayına çatdır. Çatdır onun hayına. O, yağış altda qalmasın. Nə olar, qalmasın…

Qeydiyyat şöbəsinin dairəsində var-gəl edir.

Boşluqdur, Gəlib-gedən yoxdur.

Kitablara baxır, tələbələrə baxır.

Saata baxır.

Saat üçə on beş dəqiqə işləyir.

-Bir saat qırx beş dəqiqəyə iş qurtarır. Döz, görək, Elşad.

Birdənbirə tələbələrin gediş-gəlişi sürətlənir. Bir tələbə üç, üç tələbə altı-altı gəlir Elşadın üstünə.

-Kalkulyator var?

-Var. Kart nömrənizi zəhmət olmasa?

-USB var?

-Var. Kart…

-Kitabxana neçəyə kimi açıqdır.

-Dörd…

-Kağız var?

-Yox…

-Adapter var?

-Tax…

-Rezervasiyam var idi.

-Bax…

Elşad, sözün birini qurtarmamış, o birinə keçirdi.

Beləcə saat dörd oldu.

Mühafizə işçisi, kitabxananı bağladı, Elşadla sağollaşdı.

Elşad, yağışın altında, Gənclik metrosu ilə 28 May metrosuna, oradan da M1 avtobusu ilə Yasamala yol alır.

Çatır Elmlər Akademiyası metro stansiyasına.

Oradan da birbaşa, kilsəyə sarı gedir.

Kilsəyə çatanda, dayanır.

Yağış yağır.

DOST mərkəzinin giriş qapısının qarşısında ayaq saxlayır.

-Bəlkə, özünə zəng vurum Elnura.

Zəng vurur.

Cavab gəlmir.

Yenə zəng vurur.

Yenə cavab gəlmir.

-Gözləyim, bəlkə, görər.

Gözləyir.

Yağı yağır.

DOST mərkəzinin işçiləri qapıdan çıxır, qapıdan keçir.

Vətəndaşlar, qapıdan keçir, qapıdan çıxır.

İİt hürür, pişik asqırır.

Elnurdan cavab gəlmir.

-Haradasan, ay Elnur?

Saata baxır.

Saat, beşin yarısını keçir.

-Altı oldu ki…

Elşad, kilsəyə sarı gedir.

Qapıya yaxınlaşır.

Qapı açıqdır.

Qapını aralayır.

Qapıdan keçir.

Aşağı düşür.

Sağdakı birinci qapını açır.

Otaq tələbə ilə dolu.

Gördüyündən, Elnuru soruşur, Elşad.

-Elnuru görməmisiniz?

-Elnur kimdir?

-Elnur burada?

-Hansı Elnur?

-Elnur içəridə?

-Bilmirəm?

-Elnur getməyib?

-Xəbərim yoxdur.

-Xəbərin yoxdur?-Elşad soruşur.

Elşad, öz-özünə fikirləşir.

-Birdən getmiş olar ha?…

Elşad, böyük otağa keçir.

Otaq başdan-boya tələbə.

Tanıyanlar çıxır.

-Necəsiniz, müəllim?

-Necəsən, şair?

-yaxşı.-Elşad cavab verir.-Elnuru görməmisiniz?

-Yəqin, zaldadır.-biri cavab verir.

-Yəqin…-Elşad, öz-özünə deyir.

Tələbələr oyun oynayır.

Elşadın, ürəyi gözləməyə dözmür. Otaqdan çıxır.

Əlini görür.

-Əli, Elnuru orada?

-Hansı Elnur?

Elşad, şəklini göstərir.

-Hə, orada.

-Allah, sənə şükür.

-Çağırım?

-Yox, özü gələcək onsuz.

Elşad, yan otağa keçir. Uşaqlar üçün ayrılmış otağa.

Qapını aralayır. Aralayır ki, çıxanda, Elnuru görsün.

Gözləyir.

Qızlar keçir.

Oğlanlar keçir.

Enur görünmür.

Xəlil keçir. Elşadı görür.

-Ooo, Elşad, salam, necəsən?-deyib, Elşadın üstünə gəlir.

Öpüşüb görüşürlər.

-Bu otaqda nəyə dayanmısan, keç yan otağa. Uşaqlar oyun oynayır, çay iç, şirniyyat ye.

–Çox sağ ol, a Xəlil. Elnuru gözləyirəm, gedəsi yerimiz var.

-Hə, Elnur, zaldadır. Çıxar yəqin. Sən sıxılma ey, rahat ol.

-Yaxşı.

Xəlil gedir.

Elşad, narahatdır.

Saat yeddiyə on beş dəqiqə işləyir.

-Görəsən, çatarıq?

Elnur, otaqdan çıxır.

Elşad, Elnuru görür.

Elnur da onu.

-Gəl bura.-Elşad deyir.

Elnur, Elşada sarı gəlir.

Çıxaq çölə, sözüm var.

Qapıdan çıxırlar.

Elşad, Elnurla bərabər üst pilləkənə qalxır.

Elşad, Camalla yazışmağını, Elnura göstərir.

-Camala gödəkçə alaq. Yoxudur.

-Gödəkçə?

-Hə.

Elnur, cibinə əl atır.

-Ay kişi, varımdır, narahat olma. Uşağın üstlüyü yoxdur. Bizi də bu həftə görmək istəyirdi. Yaman istəyirdi. Yağış yağanda nə olar? O bizə gələ bilmir, biz ona gedərik.

-Bəs haradan alaq?

-Yer bilirəm almağa. Gedək buradan sonra?

-Gedərik.

Yaxşı. Amma, heç kəsə bildirmə orada.

-Oldu.

İçəri keçirlər.

Elnur, böyük otağa keçir.

Oyuna qoşulur.

Ellşad, kənarda oturur.

Nurəddin, Elşadla rastlaşır.

Elşadın, irəlisinə gəlir, əl uzadır.

-Salam, necəsiniz?

Elşad, ayağa qalxır.

-Salam, şükür, siz necəsiniz?

-Yaxşıyam, yaxşı olasınz. İşdən gəlirsiniz, deyəsən?

-Hə, işdən gəlirəm.

-Geyiminizdən hiss olunur. Nə işidir?

-Kitabxanaçılıq.

-Harada?

-Universitetdə.

-Aaa, nə yaxşı. Nə iş görürsünüz?

Elşad, suallara həvəssiz cavab verir.

-Tələbəyə kitab veririk.

-Sonra?

-Yuxarı mərtəbələrə kitab daşıyırıq, yerbəyer edirik, sıra nömrəsi ilə. Tələbənin sualı olur, cavablandırıq, imkanımız olanda, kömək edirik.

-Yaxşı işiniz var.

-Sizdə ixtisas nədir?

-İqtisadiyyat.

-Hə…bu arada, göndərdiyim hekayəni oxuya bildinizmi?

Nurəddin gülümsünür.

-Hələ yox. Dərslərdən imkan tapan kimi oxuyacğam.

Nurəddin, oyun oynayanlara qoşulur.

-Siz də gəlin.-Nurəddin, Elşada deyir.

-Mənə belə rahatdır. Çox sağ olun.

Nurəddin gedir.

Elşad, saata baxır.

Saat yeddiyə iyirmi beş dəqiqə qalıb.

-Görəsən, çatarıq?

Elşad, otaqdan çıxır.

Elşad, qapıya çatır.

Qapıdan çıxır.

Telefonu açır.

Orxanın adını axtarır.

“Orxan 28 May”

Zəng edir.

Cavab gəlir.

-Salam, Orxan, necəsən?

-Saalam, qaqam, sən necəsən?

-Şükür.

-Oradasan?

-Oradayam.

-Neçəyə kimi?

-Səkkizə kimi.

-Nə yaxşı. Orxan, qaqam, bir istəkli əmioğlum var, bu gün bizi görmək istəyirdi. Yağışdır, gələ bilmir. Üstlüyü yoxdur. Sən canın, ona gödəkçə ayır, gəlib səndən alacağam.

-Olar, qaqam. Necə gödəkçə?

-Vallah, hündür oğlandır. Boy-buxununa biçim gödəkçə.

-Oldu, qaqam, ayıracağam gələrsiniz.

-Var ol, ay Orxan, sağ ol. Gələcəyik.

Elşadın ürəyi yerinə gəlir.

-Bu iş də düzəldi.

Elşad, içər keçir.

Zal qapısını açır.

Oyun davam edir.

-Göz bəbəyi sənsən?

-Yox.

-Keçdi. Növbəti.

-Qulaq deşiyi sənsən?

-Yox.

-Keçdi. Sən seç.

-Topuq yarası sənsən?

-Hə.

-Qəşəng! Divanda, Elnura yer edin.

Elşad, saata baxır.

Nurəddin, oyundan ayrılıb, Elşadın yanına gəlir.

-Nurəddin, sənə zəhmət, Elnurun yanına get, məni işarə elə də ona.

-Oldu.

Nurəddin, Elnurun yanına gedir. Elşadı işarə edir.

Elnur, Elşada sarı baxır.

Elşad, biləyini sağ əli ilə sol biləyinin yuxarısını göstərir.

Elnur, başı ilə razılıq verir.

Oyun beş dəqiqə çəkir.

Oyun bitir.

Uşaqlar ayağa qalxır.

-Xəngələ gedirik-Nurlan deyir.

-Gedək.

Elşad, Elnura sarı baxır.

Elnur da ona sarı.

Elşad, ayağa qalxır.

Elnurla, Elşad kənara çəkilir.

-Xəngələ gedək, oradan yollanaq Sumqayıta?

Elşad, saata baxır.

-Gec olar, Elnur. Gödəkçə üçün 28 Maya getməliyik, gec olar.

-Yaxşı. Qoy uşaqlara deyim heç olmaya.

-De. Narahat olma, o xəngəl qonaqlığını Sumqayıtda təşkil edərik üçümüz. Gödəkçə alaq, Camal yağış altda qalmasın.

Elnur, uşaqların yanına gedir.

Elnur, uşaqların yanından qayıdır.

-Dedim.

-Oğulsan, gedək.

Çıxırlar.

Çıxan kimi, metro stansiyanın yolunu tuturlar.

-Atasımısan, babasımıssan Camalın, ay Elşad?-Elnur, gülə-gülə soruşur.

Elşadın, boğazı düyün-düyün olur.

–…Camal…Camal ayrı oğuldur…

Yolu Hüseyn Cavid parkına sarı keçirlər.

Çatırlar parka.

-Sən o vaxt demişdin ki, Camal nə edib sənə?

-…Məni ölümdən qurtarıb, Camal. İntihardan qurtarıb. Camal kişi adamdır, Elnur, ayrı oğuldur. Onun kimi igidi yağış altda qoymaram mən.

Keçid aşağı düşürlər.

Keçid yuxarı qalxırlar.

Metro stansiyaya sarı gedirlər.

Metro stansiyaya çatan kimi, M1 avtobusuna minirlər.

Elnur, Elşadın çantasını əlinə götürür.

Yol uzundur.

Uzun yolun dərmanı da söhbət.

Yoldan it səsi gəlir.

Söhbətə başlamağa da bəhanə.

-İt saxlamısan, Elnur?

-Saxlamışam.

-Nə cins?

-Cinsi yox idi, küçə iti idi. Dişi it. Həyət-bacaya göz idi. Beş yaşımdan bəri saxlayardım o iti. Sarı it idi. Özü kimi də sapsarı balaları. Sonra itik saldılar iti

-_Yaxşı da…

-İtik saldılar. Beş-altı ay olar itmişdi. Yaz ağzı idi. Evimizə sarı gedirdim. Yaxınlaşdım çəpərə. Zingilti eşitdim. Baxdım ora. Bizim sarı it. İyimdən duyuq düşüb, tanıyıb məni. Yazığım gəldi. Aldım qucağıma, gətirdim həyətə.

-Biz də pişik saxlayırıq. Beş il olar, bizlə qalır. Qardaşım gəldi dedi ki, pişik saxlayaq. Dedim, özümüzü güclə saxlayırıq, pişiyi hara saxlayaq. Dedi, yox saxlayaq. Düşdük aşağı. Bir də gördüm dümağ pişik, qorxa-qorxa üzümüzə baxır. Qaldırdıq yuxarı pişiyi. Girdi evə. Sağı-solu gəzdi. Girdi yatağın altına. Gizləndi. Qardaşım girdi yatağın altına. Çağırdı, gəlmədi. Pişik saxlayan tanışlarına yazdı. Dedi, yemək qoyun qabağına, gələr. Qoyduq, gəldi. Sığallamaq istədim, cırmaq atdı. Başladı, xalçadan tutmuş, başmağımıza kimi iylədi. Birinci gecəsi, yuxarıda, pəncərənin qırağında yatdı. Qaldığı bir ay deyildi. bizim evdə çıxmadığımız yerlərə çıxmağa başladı oğraş…

Elnur, gülümsündü.

-Öyrəşmişik sən öl…evə gələndə qarşılayan o, evdən gedəndə, yola salan o. Ağsaqqal kişiyə dönüb evin içində. Arada xeyir-dua da verir.

Gülüşürlər.

Söhbətləşə-söhbətləşə 28 May metro stansiyasına çatırlar.

-Gəl, bura. Dükan, keçid altdadır.

Qabaqlarına ilk keçid çıxır.

-Bu deyil, irəlidəki.

İkinci keçid çıxır.

-Bu da deyil. Bundan irəlidəki.

Üçüncü keçid çıxır.

-Bax, bu. Düşək aşağı.

Düşürlər aşağı.

Düşən kimi, yolu sola burulurlar.

-54-cü mağaza, Oscar Men.

Rəqəmlərə baxa-baxa, 54-cü mağazanın qabağına gəlirlər.

-Oscar Men. Budur bax.-Elnura göstərir.

İmçəri girirlər.

-Salam, ay Orxan. Tapa bildinmi?

-Orxan, Elşadla görüşür.

Elşad, Elnurla Orxanı görüşdürür.

-Qardaşımdır.

-Lap yaxşı. Tapdın nədir? Sən deyəsən, mən tapmayam.

-Var ol, Orxan. Göstər görüm.

Orxan, şalvarların düzüldüyü sıranın üstünə qoyduğu qara gödəkçəni götürüb Elşada göstərir.

Gödəkçəni açır.

Siftəsi, Elşad geyinir.

-Camalın üstünə gələr, Elnur?

-Elnur da geyinir.

-Gələr, yəqin.

-Hamınızdan uzun Hacıdır. Hacı, geyin görüm.-Orxan deyir.

Hacı da söhbət üstündə idi. Söhbət edə-edə, Orxan gödəkçəni, hacının üstünə geyindirir.

-Hacının üstünə gəlirsə, əmioğlunun da üstünə gələr.

-Nə qədərə?

-Qaqamsan, qiyməti yetmiş beş manatdır, sən qardaşsan, sənə altmış.

-Heç olamsa, əlli elə.

-Qaqamsan, bax, sənə altmış deyirəm, Belə vallah, yetmişdən aşağı satmıram.

Elşad, cibindən çəhrayı yüzlüyü çıxardır.

-Buyur, Orxan. Sən ki mənim istəkli əmioğlumu yağışda qoymadın, kişi adamsan.

Pulu verir, malı alır.

Çıxırlar.

Çıxıb, vağzala yönəlirlər.

Vağzala qalxıb, üzü Bakı-Pirşağı-Sumqayıt qatarının qalxacağı P59 saylı sıraya gəlirlər.

Gözləyirlər.

Hamı gözləyir.

Saat səkkizə on dəqiqə qalıb.

Qatarın gəlməyinə iyirmi yeddi dəqiqə var.

-Camal, gələcəyəmizi bilir?-Elnur soruşur

-Yox, deməmişəm.

-Bəs elə şey olar?

Zəng edir.

-Demə ha, gödəkçə almışıq, de ki, səni görməyə gəlirik.

Elnur, başı ilə razılıq verir.

Zəng edir.

Cavab verir Camal.

-Camal, salam, necəsən?

-Axşamın xeyir, qardaşım. Şükür, sən?

–Yaxşıyıq. Elşadla gəlirik Sumqayıta. Mən çağırmışam. Gəlmişkən, dedik, səni də görək.

-İnd gəlirsiniz?

-Hə, indi. Belə oldu.

-Qəfləti oldu, gəlin, qarşılayacağam sizi vağzalda.

-Oldu.

-Nə dedi?

-Bizi qarşılayacaq vağzalda.

-Lap yaxşı. İşimiz düzəldi.

Gözləyirlər.

Saat səkkiz tamamdır.

Yanlarına hərbi forma geyinmiş, ədliyyə işçisi gəlir.

O da gözləyir.

-Qatar niyə gecikir ey?-kişi deyir.

-Yəqin, əsgərlik görməyib.-Elşad deyir.

Kişi gülümsünür.

-Olmusan?

-Səhhət imkan verməyib.

-Sən bəs?

-Tələbəyəm.

-Harada?

-Sumqayıt Dövlət Universitetində.

-Fikrin var?

-Magistrdan sonra.

-Nə üzrə oxuyursan?

-Politologiya.

-Hara qeydiyyatdasan?

-Beyləqanda doğulmuşam.

-Beyləqan qeydiyyatısan?

-Atam bizi Bakıya yazdırıb.

-Bakı qeydiyyatısan?

-Onu bilmirəm.

-Kişinin səs tonu dəyişir.

-Necə yəni bilmirəm? Sən necə studentsən? Nə sayaq politoloqsan? Yazıldığın yeri bilmirsən?

-Atam o vaxtı yazdırıb ey, mən uşaq olanda.

-Uşaq olanda ayrı. İndi ki tələbəsən. Politologiya oxuyursan. Bil elə şeyləri. Dəqiq ol.

-Harada qalırsan?

-Sumqayıtda.

-Dılı”ları görürsən?-kişi gülə-gülə soruşur.

Elnur qaşların çatır. Qıyıq gözləri bir az da qıyılır.

-Kimi?

-Qubadlılıları.-Elşad deyir.

-Hə…görürəm.

Kişi gülümsünür.

-Mən də oradanam.

-Qubadlıdan?-Elşad soruşur.

-Hə.

-Ay kişi, bunu bayaqdan de də. Mən də Laçındanam.

Əl verib, öpüşüb-görüşürlər.

-Sən harada işləyirsən?-kişi, Elşaddan soruşur.

-Kitabxanada.

-Hansı kitabxana?

-Universitet kitabxanasında.

-Hə…

-Məzun olduğum universitetdə kitabxanaçı işləyirəm.

-Hansı universitet?

-BDU.

-Hə…keçən il, qardaşım oğlu da ora girmişdi. Hüquqşünaslıq oxuyur.

-Adı? Bəlkə, tanıyaram.

-Arif. Tağıyev Arif.

-Adı tanış gəlir.

Qatar da gəlir.

Qatara yaxınlaşırlar.

Basabas düşür.

-İmkan verin də çıxaq!-qatardan çıxan orta yaşlı qadın qışqırır.

Çöldəkilər içəri keçir.

Elşad, hərbi forma geyimli kişi, Elşadla yan-yana, Elnur da üzbəüzlərində oturur.

-Hə, deməli kitabxanada işləyirsən. Tələbələr gedir-gəlir?

-Arada…oxuyanı da var, oxumayanı da…tələbədir də…

Kişi, Elşadın saçına baxır.

-Təzə kəsdirmisən, deyəsən?

-Hiss olunur?

-Bəs nə. Harada kəsdirirsən?

-Məhəlləyə yaxın yerdə.

-Neçəyə?

-Ona.

-Ona? Harada qalırsan?

-Nərimanovda. Üçə kəsdirirdim, bərbər naz elədi, dəyişdim bərbəri.

Kişi, gülümsündü.

-Mən də məhəllə bərbərinə kəsdirirəm. Şəhərə gediləsi deyil. Bir dəfə qələt elədim, şəhərdə kəsdirdim, bərbər köpəkoğlu on beş manat pul istədi.

-Verdin?

Kişi, baş barmağın, şəhadət və ikinci barmağının arasına saldı.

-…Verdim…hara verirəm, Dedim, neçə? Dedi, on beş? Dedim, beşdən nə aşağı verirəm nə yuxarı. Formada idim. Bir söz deyə bilmədi. Beşliyi verdim, getdim.

-Şəhəri demə…bir ayda qazandığını bir gündə aparır…

-Bir dəfə, deməli, subay vaxtımızdır, mən, əmioğlu yanımızda da iki ceyran, getmişik bara, şəhərin mərkəzinə. Yeyib-içmişik nəyi var, lül-pey…nəyisə, haqq-hesab vaxtıdır. Qoydular hesabı qabağımıza. Qiymət nə qədər ola?

-Nə qədər?

-Üç yüz manat

Elşad, təəcübləndi.

-Üç yüz?

-Sən öl, üç yüz. Gözümüz kəlləmizə çıxdı. Dedik, yəqin, dəmik, yaxşı oxuya bilmir, bəlkə gözümüzə üç yüz görsənir, bəlkə, otuzdur. Ovuşdurdum gözümü, qoşa sıfır gördüm. Onda bildim, çaxır kəlləmə vurmayıb, qiymət kəlləyə vurub…

Elşad, gülümsündü.

-Nəyisə, əmioğlu başladı tarpa-turpa…ayə, siz kimsiniz, bu nə qiymətdir qoymusunuz, kimə soxuş gəlirsiniz, böyüyünüzü çağırın bura-filan..mən də baxdım ab-havaya, gördüm bura, biz girən kol deyil, başladım, əmioğlunu sakitləşdirməyə ki, çox qatıqlamasın…kişinin oğlu döşəyir ey…axır bu döşəməklə də iş açdı başımıza…

-Nə oldu ki?

-Nə olacaq? Qoltuqladılar bizi qızların qabağında. Apardılar zirzəmiyə. Zirzəmi də nə zirzəmi…qan gölü, oğraşdır…meydan sulu qan…divar qan, daş qan, tavan qan…canıma qorxu düşdü, əmioğluya yavaşca dedim ki, ay oğraş, sənə bu lazım idi…əmioğlunu görəydin,..cücəyə dönüb…bir də gördüm şaqqa-şaqqa oğlanlar şallaqlarlı şaqqıldadıb gəlirlər üstümüzə…

Elşadın qaşları çatıldı.

-Qardaş, obyeki hansı ənkə yekənin obyekti idi ki?

Kişi, göz vurur.

-Kiminsə…kiminsə oğlunun obyekti…dədəsi balaca adam deyildi…nəyisə, dedilər yə ödəyin, ya bu gördüyünüz..şallaqları əllərinə vura-vura soxurdular gözümüzə. Bir də administrator gəlir. Üzdən tanış gəldi, Yaxınlaşdı mənə.

-Qismət? Qardaş nə var nə yox?

Bəhram, əsgər yoldaşım.

-Bəxtə bax ey.-Elşad bunu deyib gülümsündü.

-Nəyisə, öpüşüb-görüşdük. Dedi, bəs, nə məsələdir? Dedim, bəs, belə-belə. Kələlərə gözünü ağartdı, çəkildilər. Haqq-hesab bağlandı.

-Yaxşı qurtarmısan.

-Sən öl, hə. O haqq-hesabdan altı ay sonra evləndim.

Kişi, bunu deyib güldü.

-Ağlın başına gəldi elə mi?-Elşad gülümsündü

Gülüşdülər.

-Oğıudan, qızdan kimin var?

Qatar, Keşlə dayanacağına çatdı.

Adamların sayı seyrəkləşdi.

Elnurun yanında oturan adam da getdi.

Elnur, Elşadgili daha aydın eşidirdi indi.

-İki oğul.

-Neçədə oxuyurlar?-Elnur soruşdu.

-Birisi beşdə, o biri dörddə. Böyüyün oxumaqla arası yoxdur. Deyir, futbolçu olmaq istəyirəm, “Neftçi”də oynamaq istəyirəm. Deyirəm, a bala, oxu, diplomun, təhsilin olsun, deyir yox ey, futbolçu. Deyir, mənim oxumağıma pul xərcləyincə, futbola yazdır, məşqçiyə pul xərclə. Mən də fuutbolçu olum, səninlə anamıı dolandırım.

-Sən öl, kişi adamdır, düzə düz deyir, yalan demir ki. Boş yerə oxuyunca, elə futblçu olsun. Bəlkə, elə o deyən oldu.-Elşad dedi.

Kişi, çiyinlərini çəkir.

-Bəlkə də, nə bilim. Amma, təhsil ayrı şeydir. Mən özüm də univesitet oxumuşam. Qərb Universitetini. Filologiya üzrə. Düzdür ey, hərbçi oldum, amma, ali təhsilim də oldu da. İstəyirəm, uşaqlarım da oxusun. Balaca oxuyur, deyir, böyüyəndə polis olacağam babam kimi.

-Olar inşallah. Böyüyü sıxışdırma. Uşaq da olsa, bəlkə, bilir nə deyir. Elə deyil, Elnur?

Elnur, başı ilə təsdiqləyir.

Qatar Zabrat dayanacağına yaxınlaşır.

-Söhbətimiz şirin getdi ha.-kişi deyir-qonağımız olun.

-Çox sağ ol.-Elşad deyir.

-Sağ olun, olmuş qədər varıq.-Elnur deyir.

-Nömrəmi götür istəyirsən, buralardan keçəndə, xəbər elə. İstəsən, sənə türmədən təsbeh düzəltdirərəm.

Elşad, kişinin nömrəsini alır.

-Adın?

-Zakir.

Nömrəsini qeyd edir.

-Yaz sən də mənim nömrəmi.

Zakir, Elşadın nömrəsini yazır.

AQatar, Zabrat dayanacağına çatır.

Sağollaşırlar.

Elnur, Elşadın yanında oturur.

Elşad, əlini, Elnurun çiyninə qoyur.

Fikrə gedir.

-Rəhmətlik anam, universitetə qəbul olanda, babam anama belə bir şeirə oxşar bir şey demişdi.

İyirmi idim, igid idim,

Otuz idim, topuz idim,

-Nə idim?

-Topuz idim. Topuz olur ey, gərməşov, palıd ağacından.

-Hə.

-Bax, o.

Elşad, şeirim ardını deyir.

Qırx idim, qıvraq idim,

Əlli idim, bəlli idim,

Altmış idim, batmış idim,

Yetmiş idim, yatmış idim,

Səksən idim, səksəndim,

Doxsan idim, nöqsan idim,

Yüz idim, yerlə düz idim.

Şeir bitir.

-İndi sənin igid, mənim də topuz vaxtımdır-deyib, sağ əlini çiyninə vurur.

-Görəsən, Sumqayıta neçə dayanacaq qalıb?-Elşad soruşur.

Elnur, ekrana baxır.

-Dörd dayanacaq.

-Az qalıb. Görək hələ, bəy oğlan özü oradadır mı?

-Gələcək, qarşılayacaq bizi.

Yarım saat keçir.

Dörd dayanacağın dörd dayanacağı da.

Qatar, Sumqayıt vağzalına çatır.

Qatardan düşürlər.

Yağış hələ də yağır

-Burada qarşılayacaq bizi, Camal?

-Yox, orada. Qarşıdakı yolda.

Qatardan çıxıb, vağzalın için girirlər.

Özləri ilə birgə də xeyli adam.

Növbə Elşadgilə çatanda, Elnur, kartını çıxarır.

Kart çıxmır.

Təzədən kartını çıxartmaq istəyir.

Təzədən çıxmır.

-Nə oldu?-Elşad soruşur.

-İlişib.

Elşad, sağa-sola baxır. Nəzarətçini çağırır.

-Xanım, oğlanın kartı işilib pul qabına. Miziniz olmaz?

Xanım, nəzarət otağına keçir.

Qayıdır.

-Yoxumuzdur.

Yanlarından ağsaqqal kişi keçir.

Xanım, kişini çağırır.

-Əmi.

Əmi gəlir.

Xanım, vəziyyəti izah edir.

Əmi də gücünü sınayır.

Kart, əmiyə də qalib gəlir.

Əminin də çarəsi kəsilir.

-Keç, get.

Keçib gedirlər.

Vağzaldan çıxan kimi, gözləri Camalı axtarır hər ikisinin. Səs-küydən, adam sayından, adam seçmək olmur

-Qayalı! Elmar market! Qərb saray! Simurq!

-Neçəyə?

-Əlli qəpiyə!

-Novxanı! Novxanı!

-Neçəyə?

-Neçə nəfərsiniz?

-Camal haradadır?-Elşad soruşur.

-Elnur, gözü ilə Camalı gəzir.

-Odur ha, orada!-Elnur, taksi sürücülərinin dayandığı sıranı göstərir.

Yanına gedirlər.

Qucaqlaşıb, görüşürlər.

Elşad, görüşən kimi, paketi açır.

Gödəkçəni açır.

Paket sürüşür, yerə düşür.

Paketi, su aparır.

Elşad, gödəkçəni, Camala geyindirir.

Camal dartınır.

-Qardaşım!

-Ə, geyin görüm!

-Qardaşım!

-Ə, demirəm, geyin!

-Qardaşım!

-Ay kişi, geyin görüm!

-Sənindir?

-Sənə nə fərqi? Geyin görüm!

Axır, geyinir.

-Qardaşım, gödəkçəm nənəmgildə qalmışdı, sabah gətirəcəkdilər.

-Nə bilim dedin, üstlüyüm yoxdur, gələ bilmirəm. Ürəyim gəlmədi. Ə sən, mənim qaqamsan ey! Qoyarammı yağış altda qalasan.

Təzədən qucaqlaşırlar.

Üçü birdən.

Sumqayıt avtovağzalının çölündə, yağış altında, yağış damcıları, Elşadın, Camalın, Elnurun, üç qardaşın-bir müsəlman iki məsihçinin, birinin cod, birinin qıvrım, o birinin yumşaq telinin başından süzülürdü.

Söz, yerini tutmuşdu.

Görüşmüşdülər.

Ürəkləri gülürdü.

27/10/26

I.

I.;

–

.

DAŞ

O daş binaların daş adamları

Daş pəncərələri, daş otaqları,

İçində oyanan, bəlkə boğulan,

O daş arzuları, daş xəyalları…

Hələ daşdan keçən, divardan keçən,

Yediyi, içdiyi, əppək, çörəyi,

Necə ki daşlaşıb, yumşalmayıbdır,

Necə ki daşlaşıb, bərkiyir hələ..

Adamlar yarışır bu daş içində,

Adamlar axtarır rahatlığını,

Adamlar rahatlıq tapa da bilmir…

Daldan atılan daş topuğa dəymir,

dTopuğa dəyəni ümid bilirlər,

Yerdən götürürlər topuq daşını,

Bir az göz süzdürüb üstü-başına,

Deyirlər “Bu da bir ümiddir, lələ,

Xaraba qalmışdı evim-eşiyim,

Bu daşdan evimi tikərəm elə…”

Tikir daş üstündən evin-eşiyin,

Daş da hazır olur, ev-eşiyi də,

Axır, topuq basır, keçir içəri,

O daşdan tikilən ev-eşiyinə…

…Daldan atılan daş topuğa dəyir,

Daldan atılanı tutur baş üstdə,

Daldan atılana başını əyir…

Başını girləyir o daş içində,

Daş kimi dolanır, dolandırır da,

Arvad-uşağını, oğul-qızını,

Gəzdirir ürəyin bu daş içində

Daş xoşbəxtliyini, o şadlığını,

Daş boyda dərdinin arabasını…

Daşdan pul çıxardır evin kişisi,

Daş ilə külfəti dolanır belə…

Daş kimi oyanır, daş kimi yatır,

Daş kimi ömrünü dolanır belə…

Daşdan çörək bişir təndirin üstdə,

Daşdan çörək yeyir arvad-uşağı,

Daşı da yumşalır, çıxarır suyun,

Xəmirin, yuxasın yoğuru belə…

Daşı artıq düşür, ya əskik düşür,

Külfət “harınlayır” daş tamahından,

Artıq daş tamahı “yarır” başların,

Arvad da daşlayır, ərin, uşağın:

“Sənə gələn günə bir daş düşəydi!

Səni doğan yerə, bir daş doğaydım!”

Deyib də dünyanın bu daş heyfini,

Şıxır, beləsinə çıxır, dincəlir..

Kişinin dözməyə yeri də qalmır,

Tükənir kişinin səbir daşı da,

Daşı da çatlayır, çıxır qapıdan

Çıxır bu dünyanın, bu daş dünyanın,

Ən uca, ən hündür daş nöqtəsinə!

Baxır yer üzünə görür ki. Allah!

Yerin də, göyün də rəngi yeknəsəq,

Yerdən daş süzülür, göydən daş yağır,

Dünyanı daş ilə qarğayır fələk!

Kişi çəkə bilmir bu daş yükünü,

Yıxılır dünyanın daş nöqtəsindən,

Daşı daş aparır, bax, beləsinə,

Daşı daş aparır, canı qurtarır,

Kişinin dünyanın daş həvəsindən…

Hələ indən belə, bərkiyər, lələ,

Hələ çox bərkiyər, hələ yuxalmaz,

Çox izzəti-nəfsi daşlaşanların,

İştahı, tamahı qartlaşanların,

Daş heyfi, daş heyfi, Allaha qalmaz…

SDünyanın daş yükün çəkən kişilər,

Daşdan çəpər tikər o adamlara,

Çox izzəti-nəfsi daşlaşanlara,

İştahı, tamahı qartlaşanlara…

Onda görərsən ki, məqam yetişib,

Dünyanın daş heyfi şölələnibdir,

Közərib, tüstüsü çıxıb Allaha!…

O daş adamların. bu daş hasardan

Qaçmağa macalı, gücü yox daha…

Gün gələr, vaxt keçər o daş adamlar,

Zülmdən, sitəmdən nəqqaş adamlar

Keçərlər mələşə-mələşə onda,

Dünyaya daş üstdə zindan düzəldən

Çəpər çəkənlərin daş ələyindən!

Dünyanın daş heyfi onda çıxılar!

O daş tamahları, daş nəfsləri,

O daş iştahları, daş nəfəsləri

Süzülər onların daş ürəyindən!

25/10/2021-26/10/2021

Bakı şəhəri

DUA

Axşam idi. Elşad saç-saqqalını qırxırdı.

Zəng gəldi.

Whatsapp zəngi idi. Adı oxudu

“Samir Məcidli”

Tanış gəlmədi.

Amma, cavab verdi.

-Alo?

Qarşı tərəf tox səsi ilə cavab verdi.

-Salam, Elşad, necəsən?

Elşad, alnını qırışdırdı.

-Salam, yaxşıyam, siz necəsiniz?

-Yaxşıyam. Deyəsən, məni tanımadın. Samirəm mən, “Caspian” hotelinin meneceri.

-Hə, tanıdım, Samir bəy.

-Lap yaxşı. Elşad, oteldə işləmisən də sən bundan əvvəl?

-İşləmişəm.

-Dünən də eşitdim, Sarvanla bir yerdə işləmisən.

-Bəli.

-Lap yaxşı. İngilis, rus dili necədir?

-İngilis əla, rus yaxşı.

-Lap yaxşı. Bu gecə gəl, qal, növbəyə.

Elşad duruxdu.

Belə cavab gözləmirdi.

Səhər saat altıdan oyaq idi, Elşad.

Öz-özünə dedi:

– Necə oyaq qalacağam səhər saat səkkizə kimi? Nəyin gücünə?

Cavab verdi:

-Bilirsiniz, Samir bəy. Mənim oteldə təcrübəm olub. Onu bilirəm ki, gecə oyaq qalan adamın, gündüzdən tox yuxusu olmalıdır. Bu gecə çətin. Yenə sabah mümkündür.

-Elə? Yaxşı.

Samir zəngi söndürdü.

Elşad, saç-saqqalını qırxıb-qurtardı.

Zəng gəldi.

-Salam, ağam, ayaqyolundasan deyəsən?-Sarvan bunu deyib gülümsündü.

Elşad acıqlı-acıqlı cavab verdi:

-Hər haradayam. Sözün var, söz danış.

-Ay kişi, zarafat edirik də, nə olub?

-Zarafat yeri deyil, sözünü de.

-Bayaq, Samir bəy mənə dedi ki, bəs gecə növbəsinə razı olmamısan.

-Olmamışam. Otellərdə işləmişəm mən. Gecə növbəsinə qalan adamın, gündüzdən tox yuxusu olmalıdır. Bu gecə qala bilməyəcəyəm. Qalsam da, oyaq qala bilməyəcəyəm.

-Qalarsan, ağam, niyə qalmırsan? Elə də qəşəng qalarsan.

-Qala bilməyəcəyəm. Yuxum pozulacaq.

Sarvan boğazını arıtladı. Ağır-ağır danışmağa başladı.

-Pozulmaz, ağam, pozulmaz. İşdir ey bu. Nə olar. Belə də özün bilərsən ey, yerinə başqa adam taparıq.

Söz, Elşad tutdu.

-G[zü ilə görən oğraş…-Elşad öz-özünə dedi-Adamı çörəyi ilə sınayarlarmı ə?!

-Nə deyirsən, ağam?

Sual, Elşadı, fikrindən ayıltdı.

-Gələcəyəm, Sarvan, gələcəyəm.

Sarvan, zəngi söndürdü.

Elşad Samirə zəng etdi.

-Samir bəy, gəlirəm gecə növbəsinə.

-Gəlirsən?

-Bəli.

-Lap yaxşı. Gəl.

Elşad, ürəyində Samiri, Sarvanı söyə-söyə, gecə növbəsi hazırlığına başladı.

Özü ilə oxumaq üçün, İncil, dəri parçadan doxsan altı səhifəlik dəftər, karandaş, Elnur və Camalla çəkdirdiyi fotoşəkili, Qazi Bürhanəddinin divanını, qırx vərəqliq dəftərini, götürüb, çantasına, evdən də əlli manat götürüb cibinə qoydu.

Hazırlığını başlayıb axıra çatdırana kimi, saat yeddiyə çatdı.

Gecə növbəsi, səkkizdə başlayırdı.

Saat yeddidə yola çıxdı.

Beş nömrəli avtobusla 28 May metrostansiyasına çatıb, oradan da pay-piyada, “Caspian” otelə sarı yol aldı.

Yol gedə-gedə də içərisindən söyürdü Samiri, Sarvanı. Söyə-söyə də, ürəyindən bu səkkiz misra süzülürdü söyüş əvəzi:

Kişi, yetər muradına

Kişi, bərkişə-bərkişə.

Yuxa çörək, daş içindən,

Bişə, bərkişə-bərkişə.

Qeyrət qaynar damarında,

Qeyrət bərkişə-bərkişə.

Baş üstündən, papaq getməz,

O baş, bərkişə-bərkişə…

Bəlkə də, on kərə, yüz kərə dedi bu şeiri içində. Dedikcə güc tapırdı özündə.

Gücünü toplaya-toplaya, otelin üzbəüzünə çatdı.

İçəri girdi.

Samir, gündüz növbəsinə gələn İsmayılla görüşdü.

-Samir bəy, dükana baş çəkib gəlirəm.

-Oldu.

Oteldən çıxıb, oteldən iki yüz addım uzaqlıqdakı dükana getdi.

Dükana girdi.

Özünə cüt-cüt, “Snickers”, “Boumty”, “Albeni”, “Kitkat”, “Mars” şokoladları, süd, axşam yeməyi üçün, qoğal, xaçapuri, samsar aldı.

Haqq-hesab edib, dükandan çıxdı.

Otelə çatanda, otelin meneceri. Elşadın əlindəkilərinə baxdı.

-Səhər kimi yeyib-içəcəksən?

Elşadım üz ifadəsi dəyişdi.

-Səhərə kimi, tək başıma qalacağam, gecə növbəsində. Oyaq qalmalıyam.

-Samir bəy, gülümsünə-gülümsünə soruşdu.

-Yeyib-içənsən?

-Xeyr.

-Heç yeyib-içməmisən?

-Heç-Elşad, kəsədən cavab verdi.

İçəri keçdi.

Aldıqlarını yerbəyer etdi.

İsmayıl Elşadla sağollaşıb, növbəsini təhvil verdi.

Elşadın gecə növbəsinə qalacağı otel, iki mərtəbəli, beş otaqdan ibarət, interyeri yaşıl rənglə bəzədilmiş otel idi.

Beş otağın biri işləmirdi.

Pakistanlı turistin hamam kefinin ucundan, otağı su basmışdı. Yatağın matrasını divara söykəmişdilər, döşək üzü bir tərəfdə, yastıq üzü bir tərəfdə idi. Pəncərəni də örttmüşdülər ki, çöldən keçən görməsin.

Tavandan damcı-damcı su, balaca su bidonuna süzülürdü. İşıqların da birisi yanırdı, ikisi yanmırdı.

Samir, Elşada işi öyrətməyə başladı.

–Biz PMS proqramı ilə işləyirik. Proqram, birbaşa Booking.com saytına bağlıdır. Qonaq qeydiyyatdan keçəndə, avtomatik bura yazılır. Bax, bunlar tutulmuş otaqlardır. Yaşıl rənglilər. Qırmızı rənglilər, boş otaqlardır. Qonaqları təzə gedib. Bənövşəyi rəngli otaqlar da, sabah-birisigün gedəcək qonaqların otaqlarıdır.

Bunu başa salandan sonra, başqa proqrama keçdi.

-Bu proqramda da, gələn qonaqların xarici pasport məlumatlarını sistemə qeyd edirik.

Bunu deyib, otelin votsap qrupuna göndərilmiş xarici pasport şəkillərindən bir neçəsini seçib, adlarını, soy adlarını sistemə yazmağa başladı.

_Verin mən də yazım, əlim öyrəşsin.-Elşad dedi.

Samir, mausdan əlini götürdü.

Elşad, qazax turistlərin ad, soy adlarını yazmağa başladı.

-Arada imkanın olanda, yüz ikinci otağa bax. Su kəssə, mənə yaz. Otaqları da çalış, yüksək qiymətə sat. Standart qiymətlər altmış beş-səksən manat arasıdır. Çalış, birinci mərtəbədəki otaqları yemiş manata, yuxarı mərtəbədəki otaqları, səksən-səksən beş manata sat. Nə qədər yuxarı qiymətə satsan, özünə də xeyirdir.

-Başa düşdüm.

Samir yerindən qalxdı.

-Mən nahar edim, qayıdacağam.

–Ye, gəl.

Elşad, mətbəxə getdi.

Mətbəx, yuxarıdan baxanda düzbucaqlı fiqur idi. Mətbəxin baş tərəfində ayaqyolu, ayaq tərəfində soyuducu var idi. Başda-ayağa isə sırası ilə masa, yemək bişirmək üçün yer, işçilərin naharını etməsi üçün yer, sağda qab-qacaqları, stəkanları yerbəyer etmək üçün beş sıra rəf, rəfin üzbəüzündə, divara asıqlanlar bərkidilmişdi. Ağ mələfələr, döşək, yastıq üzləri mətbəxdə ayaq tutub yeriyirdi.

Aldıqlarını açdı. Çayı qızdırdı. Sağ əlininin çeçələ barmağını masaya vura-vura tavana baxdı.

-İşə bax ey, ə…heyif…dünən də o biri meneceri gördüm. Hırı-zırı qanmır. İngiliscə də bilmir. Deyir, qaqa, pakistanlıdır, de ki, rezervini ləğv etsin. De. Özü deyə bilmir, amma, otel işlədir, mənim kimi , Sarvan kimi ali təhsilli nökərləri də yanında. Sarvanda da kişilik yoxdur ey, deyir, mən özüm də alman dili təkrar edirəm, amma, əsas işdir ey, müəllim, iş. Deyirəm, iş geri qalmasın, iş irəli getsin. Vallah, ibirinci işi fikirləşirəm. Özümü tərifləmək üçün demirəm ha, səhv başa düşməyin..Müəllim! Müəllim ha! Axırıncı dəfə, bəlkə də, on altısında müəllim görüb o otel meneceri…o da coğrafiya, riyaziyyat müəllimi…ondan da nə isə öyrənə bilibsə, axır otel işlədib, pul haqq-hesabı bilib…Hələ, ara yerdə, Sarvan, xadiməni də satdı. “Satqınlıq kim olmasın…” dedi, satdı. Çörək üstdə…Heyif…hörmətim vardı ona, kişi kimi…İndi görürsən, məni çörəyimlə sınayır,..görək axırı hara gedir…

Çaydan fit verdi.

Elşad, çaydandakı suyu stəkana süzdü. Üstündən də, bəlkə də, iki günün qara çayını süzdü qaynamış suyun üstünə.

Çay hazır oldu.

Başladı şamı Telmanın.

-Utanmaz-utanmaz da deyir, səhər kimi yeyib-içəcəksən? Yeyib-içəcəyəm, oğraşdır! Bax, sonra! Yaxşı işdir ey, tək qoy, gecə növbəsinə sal, sonra soruş ki, yeyib-içəcəksən? Yox. tövlə toyuğu kimi, gözümü dikəsiyəm tövlənin tavanına, görüm sabah nə vaxt çatır…Güc lazımdır işləməyə. Ay Allah, mənə güc ver.

Şamını bitirdi.

Çantasını da götürüb mətbəxdən çıxdı.

Otelin çıxış qapısına yönəldi.

Samir, çöldə siqar çəkirdi. Gözü, Elşadın əlindəkinə sataşdı.

-Noutbukdur?

-Yox.

-Qioy mətbəxə. Bura iş yeridir.

-Yaxşı.

Çantasını əlinə alıb, geriyə qayıtdı.

-Gedən vaxtın olar, gözlə, oğraş…-Elşad, öz-özünə dedi.

Qaytardı, qayıtdı.

Samir, siqarını səkiyə atıb, ayağının altında əzdi.

-Yaxşı, mən gedirəm. Ayıq-sayıq ol. Tez-tez güd qapını. Yüz ikinci otağa arada bax. Su kəssə, xəbər elə. Votsap mesajlarına nəzarət elə. Yazıb-edən olar. Ola bilər ki, səhər on ikiyə gələcək qonaq, sənin növbəndə gəlsin. Onun otağı doludur. Bəri başdan pulunu al, de ki, otağın saat on ikidə boşalacaq. Hərlənib-fırlansın saat on ikiyə kimi, on iki olsun, gəlsin, ver otağı. On ikidən tez vermə. Oldu?

-Oldu

–Yaxşı. Di sağ ol.

Əl verib, sağollaşdılar.

Telman, tək qaldı.

Mətbəxə sarı getdi.

İndi ora apardığını, mətbəxdən qeydiyyat şöbəsinə qaytardı.

Əvvəl İncili, sonra dəri qapaqlı dəftərini, böyüdücüsünü, iki gün əvvəl, Camalla, Elnurla, Səxavət dayının çayxanasında çəkdirib, çıxartdırdığı foto şəkli, Qazi Bürhanəddinin divanını sıra ilə masaya qoydu.

Başladı İncili oxumağa

Mattanın nəql etdiyi müjdə

“Dəlicə və buğda məsəli

İsa onlara bir məsəl də çəkdi: Səmavi Padşahlıq tarlasına yaxşı toxum səpmiş bir dama bənzəyir. Adamlar yatanda, onun düşməni gəlib buğdaların arasına dəlicə səpib getdi. Buğda böyüyüb bəhrə verəndə dəlicələr də göründü…”

Bir gözü İncildə, bir gözü işdə-qapının çölündə, pilləkəndə idi. Ayağa qalxıb, içəri keçir, votsap mesajlarına baxır, pilləkənlərə baxır. Yüz ikinci otağa keçib, tavandan süzülən suya baxırdı

Dıp…dıp..dıp…

Su kəsilməmişdi.

Geri qayıtdı.

Mehmaxana qonaqları gəldi.

Ata, ana, arabada bala.

-Arabanı, sizin yanınızda saxlasam, olar?-ingiliscə soruşdu.

Telman, qonağın barmağı ilə göstərdiyi yerə-özündən sağda qalan divara baxdı, atrabaya baxdı.

-Yerləşər-öz-özünə dedi.

-Olar-ingiiscə cavab verdi.

Yerləşdi.

Qonaqlar ikinci mərtəbəyə qalxdı.

Onlar yuxarı qalxanda, ata yuxarıdan aşağı Telmanı çağırdı:

-Sizdə üç gözlü adapter var? Bir də mümkündürsə, yastıq verərsiniz.

Telman, alnını qırışdırdı.

-Baxıb, sizə deyərəm.

-Oldu-gülə-gülə cavab verdi.

Qonaq getdi.

Elşad, yenə tək qaldı.

Menecerə yazdı.

“Samir bəy, oteldə üç gözlü adapter var? Bin Khalid istəyir”

Cavab gəldi

“Var. Oturduğun yerdən sağ tərəfdəki siyirtmədədir. Aç, götür, apar pakistanlıya ver. Verəndə də de ki, rezervi ləğv etsin, O vaxtından əvvəl gedir. Ona görə, indidən ləğv etsin.

“Oldu, Samir bəy”.

Elşad,, əvvəlcə, yüz birinci otaqdan təmiz yastıq, siyirtmədən də adapter götürüb, yuxarı-iki yüz ikinci otağa qalxdı.

–Qeydiyyat şöbəsi-Elşad ingiliscə dedi.

Cavab gəlmədi. Otaqda uşaq danışır, ora-bura qaçırdı.

–Qeydiyyat şöbəsi-Elşad, təkrarladı.

İİndi də ana dilə gəlmişdi, uşağını dilə tutub, sakitləşdirmək istəyirdi.

-Elşad, təzədən qapını yavaşca tıqqıldatdı.

–Qeydiyyat şöbəsi.

Bu dəfəki xora ata da qoşuldu

-Fatima, Fatima….

Deyəsən, qızını çağırırdı.

Elşad, atanın səsini eşitdi. Tıqqıltını, nağara ritmi üstə vurdu:

-Cənab, qeydiyyat şöbəsindən gəlmişəm. Sizə, adapter, yastıq gətirmişəm.

Qapı açıldı.

-Çox sağ olun.-Bin Xalid dedi.

-Buyurun. Bir də zəhmət olmasa, siz vaxtından əvvəl gedəcəksiniz deyə, rezervinizi indidən ləğv edə bilərsiniz?

-Baxacağam indi rezervimə.

-Oldu. Baxıb, bizi də məlumatlandırarsınız zəhmət olmasa.

Aşağı düşdü.

Qeydiyyat şöbəsinə gəldi.

İncili açdı.

Camal yadına düşdü

Bir neçə gün qabaq, işlə bağlı demişdi Camala. Demişdi ki, qonşu oteldə onu işə qəbul etməyiblər. O da, ona xeyir-dua vermişdi.

İndi, Elşad, o xeyir-duanın altında ona cavab yazdı.

“Axşamın xeyir, qardaşım, necəsən? Tapmışam. Gecə növbəsindəyəm bu gün”

Yazdı, başladı təzədən İncili oxumağa

“Xardal toxumu və maya məsəlləri

(Mark 4:30-34; Luka 13:18-21)

İİsa, onlara başqa bir məsəl də danışaraq dedi: “Səmavi Padşahlıq bir adamın götürüb öz tarlasında səpdiyi xardal toxumuna bənzəyir. Xardal toxumu, bütün toxumların ən kiçisi olsa da, böyüdükdə bütün bostan bitkilərindən hündür, lap ağac boyda olur. Belə ki göydə uçan quşlar gəlib onun budaqlarında yuva qurur”…

Gözünü qapıya dikir. Telefondakı saata baxır. Saat, 21:29-u göstərir.

Oturduğu yerdən, çöldəkilərə tamaşa edir.

Təkəmseyrək də olsa, adamlar keçir çöldən: tək adamlar, cüt adamlar, dostlar, sevgililər, turistlər, yerlilər, məhəllə adamları, hotel, restoran, mağaza işçiləri, kuyerlər, Kərim və Kərimələr…

-Bir-birlərinə oynatdıqları işvə-naza bax ey…on səkkizini görməmiş qız, belə qələt edə bilməz, özüm ölüm. Hələ bəzək-düzəyə…qaşı sürməli, qulağı sırğalı, teli dalğalı…heyif…

Yerindən qalxır.

Dəhlizə keçir.

Dəhlizin divarları yaşıl rəngdədir. Yuxarıdan baxanda, düzbucaqlı fiqura oxşayır. Sağ tərəfində iki qapı, qapı sırası boyunca iki iki nəfərlik masa, üzbəüzündə də eyni sayda iki nəfərlik masa, başda iki nəfərlik masa, başları üstdə də televizor, o da ancaq Şotlandiyadan, Finlandiyadan təbiət mənzərələri göstərir.

Noutbukun qarşısında oturur.

Mesajlara baxır.

-Yazan yoxdur.-öz-özünə deyir.

Ayağa qalxır. Yüz ikinci otağa keçir.

Qapını açır.

Otaq, kif iyi verir.

Su damcılayır.

Dıp…dıp..dıp…

-Kəsməyib hələ.

Geri qayıdır.

Mətbəxə keçir.

Keçən kimi, mağazadan aldığı şokoladlardan birini-“Snickers”i açır. Çayı qızdırır.

Mətbəxdən çıxır.

Dəhlizdə var-gəl edir. Arada qapıya sarı gedir. Aşağını, yuxarını güdür.

-Sakitlikdir.

Var-gəl edir. Sol qulağı mətbəxdə, sağ qulağı işdədir.

Çay fit verir.

Mətbəxə qayıdır.

Xadimənin, rəfin üçüncü sırasına qoyduğu stəkanlardan birini götürüb, masaya qoyur. Çay süzür.

Çayla bərabər şokoladı da götürüb, qeydiyyat şöbəsinə düşən yolda, dəhlizin qurtaracağında, yuxarısında, divar söykənmiş kresloya oturur. Çayı, şokoladı özündən solda yerləşən suvenirlərin, jurnalların yerləşdiyi şüşə rəfin üstünə qoyur.

Çölə baxır.

Sakitlikdir

Yuxarıya baxır.

Otaqlardan gülüş səsləri gəlir.

Saata baxır.

Saat on tamamdır.

Telefona baxır.

Camal, Elşadın yazdığı mesaja cavab yazıb.

“Hə, qardaşım, hər vaxtın xeyir. Salamatlıqdır, sən neynirsən? Nə yaxşı, çox sevindim. Haradır? Necə tapdın? Necə oldu ki qabağına çıxdı? Necə yerdir? Xoşuna gəlir, bəyənirsən?”

Elşad cavab yazdı.

“Sağ ol, əzizim. Caspian otel. Emalatxana kafesinin yanı. Vaxtın olanda, yellənərsən bura. Bəyənmək deyəndə ki, işdir, qardaşım. Allahdan onu istəyirəm ki, səhərə kimi oyaq qala bilim. Gündüzdən tox yuxum yoxdur. Qəfləti çağırdılar. İncil oxuyuram qeydiyyat şöbəsinin masasının üstdə. Allah da səni sevindirin, Camal”.

Çayını içir, şokoladını çeyniyir.

Telefonunda “YouTube”u açır.

Grup Yorumun “Gel ki Şafaklar Tutuşsun” mahnısını açır.

Qulaqlıqlarını taxır.

Musiqini dinləməyə başlayır.

Karanlıklar içinden, şafakla gel, günle gel!

Kan-revanlık içinden dirençle gel, kinle gel!

Gel, gülüm, gel, gel gülüm, gel!

….Gel ki, geceler çatlasın! Gel ki,

Şafaklar tutuşsun! Bizim olsun,

Alın terimiz hey!….

Mahnını dinlədikcə, qapıya baxır, beş ilin, on beş ilin içində çəkdiyi əziyyətləri düşürdü yadına Elşadın.

-On beşindən anadan yetim böyü, güc-bəla ilə gir ali məktəbə, güc-bəla ilə oxu, bitir, özünü ora vur, bura çap, axırda da yaşının bu çağında desinlər ki, ay ali təhsilli oğlan, gəl, oteldə işlə, gecəsi yaşıl iyirmiliyə…ay blət!…Küçə qəhbəsi gecəsi qızıl əlliliyə işləməz, oğraşdır! Qəhbədən də betər günə qalmışıq…

Musiqi bitir.

Elşad, ayağa qalxır.

Dəhlizə sarı burulur.

Noutbukun qarşısına keçir.

Mesajlara baxır.

-Yazan yoxdur.

Ayağa qalxır.

Yüz ikinci otağa keçir.

Qapını açır.

Su bidonuna baxır.

Tavana baxır.

Su damcılayır.

Otağın dağınıqlığına baxır.

Otağın aşağı, sağ küncündə boş, təmiz yataq var. Yastığı ağ, yorğanı ağ. Döşəkçə, yaşıl parçaya bükülüb.

-Oxqay-Elşad öz-özünə deyir.

Eilşadın gözünə yuxu gəlir, yatmaq istəyir.

Yuxarıdan səs gəlir.

Elşad, səsə sarı gedir.

Pilləkənə çatır.

Pilləkəndən aşağı, gülüşə-gülüşə, iki qazax gözəli düşür.

-Axşamınız xeyir-Elşad, ingiliscə deyir.

Ehmalca başlarını əyib, Elşada, gülə-gülə qarşılıq verirlər.

İkisi də qapqara geyinib, üzləri boyalı, qulaqları sırğalı. Ayaqqabıları da qara rəngdə.

Çölə çıxırlar.

Taksiyə minirlər.

Elşad, çayını, şokoladını da götürüb, qeydiyyat şöbəsinə gəlir.

Oturur.

Təzədən musiqi qoşur.

Bu dəfə də Tünzalə Ağayevanın ifasında “Qəzəl” mahnısını qoşur.

Bilsən sənə ey, gül, nə qədər hörmətimiz var,

Bir gün yetərik vəslə, əgər qismətimiz var.

Heç kimsə bu naz ilə səni bəsləyə bilməz,

Xoşdur sənə qarşı, nə qədər zəhmətimiz var…

-Sizə görə varam, uşaqlar!-Elşad, bunu deyib, çay stəkanını yuxarı, fotoşəklə sarı qaldırdı.

Beləcə iki saat yarımdan çox vaxt keçir…

Saat 00:18-i göstərir.

Elşad, telefona baxır.

Camal, mesaja cavab yazıb.

Mesajı oxuyur

“Qardaşım, Allah sənin yükünü yüngülləşdirsin, Allah sənə xeyir-dua versin ki, bu iiş sənə əziyyətli iş olmasın. İnşallah, bu iş sənə Allahın lütfü olsun. Bu iş səni Allahla münasibətinə maneə olmasın. Allah müqəddəs ruhunu, təmiz qanını sənin üstündən əksik etməsin.

Amin”.

Elşad cavab yazdı:

“Amin, qardaşım, hamımızın”

Elşadın, müsəlman başınınn üstündə, məsihçi duası fırlanırdı.

Qapıdan içəri keçən oldu.

Elşad, ayağa qalxdı.

Qazax gözəli idi.

O biri tayı gəlməmişdi.

Gələn tayı da gülə-gülə yuxarı qalxırdı.

Elşad, biixtiyar, qızın dodağına baxdı.

Dişlək yeri var idi.

Donu qırış-qırış.

Qız, yuxarı qalxdı.

Elşad, yerinə oturdu.

İncili oxumağa başladı

“Dəlicə və buğda məsəlinin izahı

O zaman İsa xalqdan ayrılıb evə girdi. Şagirdləri Onun yanına gəlib dedilər: “Tarladakı dəlicələr məsəlini bizə iza et. Cavabında İsa dedi: Yaxşı toxumu səpən Bəşər Oğludur”…

Qapıya adam girir

–Salam, qardaşım, yorulmayasınız.

Elşad, ayağa qalxır.

-Buyurun.

-Qardaşım, qalmağa otaq maraqlanıram.

-Boş otağımız var, o da birinci mərtəbədə bir otaqdır.

–Qiyməti?

Samirin dediyi düşdü yadına.

“Bacarırsan, baha sat”

-Yetmiş manat.

-Qardaşım, bir gecəlikdir. Bəlkə, heç bir gecə də qalmadım. Qırxa yeri yoxdur?

-Standard yetmiş manat.

-Özüm buranı işlədən oğlanları tanıyıram ey, bu məhəllənin adamıyam.

-Kimləri tanıyırsınız?

Adam duruxdu.

-Buradakı uşaqları da.

-Kimləri də?

Duruxdu, fikirləşdi.

Cavab tapdı.

-Qardaşım, özüm Qarabağ qazisiyəm, kantuziya almışam, yadımda ad-zad qalmır. Veteranam. Sən mənim canım, gəl qırx elə, başımı qoyum yatım.

-Vallah, mənlik deyil, qırxa endirə bilmirəm.

-Özüm burada qalıram, uşaqları da tanıyıram, salam-əleykümüm var.

-Var, lap yaxşı, deyin özlərinə.

Duruxdu. Qapıdan geri çəkildi.

-Sağ ol, qardaşım. Gedirəm. Mənə dair qulluğun?

-Canınızın sağlığı.

Getdi.

Ardınca it hürüşməsi səsi gəldi.

Ardınca maşın səsi.

Elşad, qapıya baxdı, yuxarı baxdı.

-Sakitlikdir.

Yerindən durdu, dəhlizə keçdi.

Var-gəl etdi.

Səs eşitdi.

Səsə sarı getdi.

-Postunu niyə qoyub getmisən?-atası səslədi.

Qardaşı da gəlmişdi.

-Xoş gəlmisiniz-deyib, qeydiyyat şöbəsinin masasının üstündə, balaca kasaya qoyulmuş şüşə konfetləri atasına, qardaşına uzatdı-nuş edin.

Nuş etdilər.

-Postu niyə qoyub getmisən?-atası təzədən soruşdu.

-Boşluqdur onsuz, gəlib-gedən də yoxdur.-üzünü qardaşına çevirdi-tələsmirsiniz?

-Yox-qardaşı dedi.

-Gözləyin, gəlirəm-deyib, içəri keçdi.

Noubukun qarşısına keçdi. Mesajlara baxdı.

-Yazan yoxdur.

Geri qayıtdı. Cibindən iki boz bir manatlıq çıxartdı.

-Badamlı al, qazlı, qazsız. Susuzluqdan ölürəm.

-Məndə var, səndə qalsın pul.

-Burada su içə bilmirsən?-atası soruşdu.

-Qonaqların suyudur, onlar içir.

-Belə yeziddirlər?-qardaşı soruşdu.

-Hə. Get al.

-Başqa?-atası soruşdu.

-Başqa, canınınzın sağlığı.

Getdilər dükana.

Qayıtdılar.

-Badamlı qalmamışdı, Sirab aldım.-qardaşı dedi.

-Canın sağ olsun.

-İçəri keçmək olar?-atası soruşdu.

-Qonaq deyilsiniz.

-Onda sən çıx çölə-qardaşı dedi.

Elşad, çölə çıxdı.

Kameradan kənara çəkildilər.

-Hə, nə deyirlər?-atası soruşdu.

-Deyirlər deyəndə ki, ilk gecə növbəmdir. Bəyənsələr, işə qəbul edəcəklər. Gününə iyirmi manat düşür. Ayına altı yüz manat. Dedi, bu gecəlik işlə, görək, necə işləyə bilirsən, bəyənsək, qəbul edəcəyik, rəsmiləşdirəcəyik işini. Onsuz, məni bilirsiniz də, burada hələliyəm. Universitetdən xəbər gözləyirəm.

-Hə, əsas universitetdir. Oradan bərk yapış, oxuduğun yerdir. Amma, burada heç kəsə bildirmə, heç Sarvana da bildirmə.-atası dedi.

-Oldu.

-Bildirməmisən ki?-atası soruşdu.

-Yox.

Elşad, atasına yalan dedi.

–Yaxşı, möhkəm ol. Nə qulluq edək sənə?

-Canınızın sağlığı. Gecəniz xeyrə.

-Xeyrə qarşı-atası dedi.

Ata-qardaş öpüşüb-görüşüb. sağollaşdılar.

Elşad, atası, qardaşı gözdən itənə kimi, onlara sarı baxdı.

Gözdən itdilər.

Elşad, qeydiyyat şöbəsinə qayıtdı.

Təzədən İncili açdı oxumağa

“Tanrı isə dünyadır. Yaxşı toxum Padşahlığın övladlarıdır. Dəlicə is şər olanın övladlarıdır. Dəlicələri səpmiş olan düşmən iblisdir. Biçin döbrün sonudur və biçinçilər isə mələklərdir. Dəlicələr toplanıb alovla yandırıldığı kimi, bu dövrün sonunda da belə olacaq. Bəşər Oğlu mələklərini göndərəcək, onlar da pis yola çəkən bütün şeyləri və qanunsuzluq edənlərOnun padşahlığından toplayacaq və onları sobaya atacqlar. Orada ağlaşama və diş qıcırtısı oalcaq. O zaman salehlər özlərinin Atasının Padşahlğında günəş kimi parlayacaqlar. Qulağı olan eşitsin!

Telefona səs gəldi.

Elşad da eşitdi.

Bu dəfəki səs, İncildən yox, Whatsapp-dan gəlmişdi.

Səsin yiyəsi də, hotel meneceri Samir idi.

“Elşad, yüz ikinci otaqda vəziyyət necədir?”

Elşad, vəziyyəti yoxlamağa getdi.

İçəri girdi, vəziyyəti gördü, qayıtdı.

Cavab yazdı.

“Su kəsməyib, Samir bəy. Damcılayır”

“Oldu. Su kəsəndə, deyərsən”

“Oldu, Samir bəy”

Telefonu tərsinə çevirdi.

Çölə baxdı.

Çöldən sərin hava gəlirdi. Sərin hava, iyirmi saatdır oyaq qalan Elşadın gözlərinə xumar gətirirdi. Elşadın gözlərı qıyıldıqca, qabağına qoyduğu fotoşəklə-Camala, Elnura sarı baxırdı. Özündə oyaq qalmağa güc tapırdı.

-Varam sizə, qardaşlarım!

Ayılırdı.

Mətbəxə gedir, çayı təzədən qızdırır, bu dəfə də “Mars” şokoladını dişinə vururdu.

Yuxarıdan, üç cüt ayaq səsi gəldi.

Elşad, dəhlizdən üzüyuxarı qalxdı.

-Taksi şaqırdıñ ba?-yaşlı xanım soruşur.

Шақырдым, бес минутта келеді.-qızı cavab verir.

Aşağı düşürlər.

-Sabahınız xeyir.-Elşad deyir.

Saat. dördün yarısıdır.

Доброе утро.- gənc qız cavab verir.

Қайырлы таң, sabahın xeyir-atası qarşılıq verir.

Elşadın üzü gülür.

Elşad, kişinin köməyinə çatır, çomadanını pilləkəndən götürüb, ehtiyatla, qapının qarşısına gətirir.

До встречи!-yaşlı xanım deyir.

Көріскенше, görüşerik!-ağsaqqal, bu dəfə də xanımının səhvini düzəldir.

Taksi qapıya gəlir, yola düzəlirlər.

Elşad, qeydiyyat şöbəsi masasına qayıdır.

Elşad, sol əlini stəkana toxundurur.

Elşad, solaxaydır.

Elşad, sol əlini stəkana toxundurur.

Çay ilıqdır.

Stəkanı götürür, mətbəxə aparır.

Çaydanı qızdırır.

Çaydan qızır, suyu stəkana süzür.

Qeydiyyat şöbəsinə qayıdır.

“Mars” şokoladını çeynədiyi yerdən, təzədən çeyniyir. Fotoşəklə baxır, üzü gülür. Şəklin yerini dəyişdirir, qabağına gətirir.

-Var olasınız.-deyib, çayı bədəninə vurur.

Murad Çobanoğlunun ifasında “Azəri gözəlləməsi”nə qulaq asır.

Yar başına döndüyüm,

Saya, sona, sərvinaz,

Sizin elə gedən, geri gəlməzmi?

Vəlhasıl, başımı saldın bəlaya,

Sizin eldə dərdə çarə olmazmı?

Ay bala, ay bal, ay bal, ay balam…

-Ləzzətdir ey, ləzzət…

Deyir, belə neyləmişəm,

Aman, ay qız, ay qız, ay qız,

Ay qız, o yara mən də,

Dərdinən geymişəm,

Vallah, göy-qara mən də,

Müştaqam qoynunda

Çit nara mən də,

Ayrılırkən biri mənim olmazmı?

Ay bal, ay bal, ay bal, ay bal,

Ay balam….

Gecədən bəri dinlədiyi mahnılar, onun yuxusunu diri saxlayırdı, gözünü ayıq-sayıq.

Saata baxdı.

Saat beşə beş dəqiqə işləyir.

-Çoxu gedib, azı qalıb. Üç saat əlli beş dəqiqə. Dözmüşəm bura kimi, dözərəm.

Gözünə yuxu gəlir. Özünü güclə saxlayır. Yuxu, Elşadın gözünü tutur.

Elşad, dözə bilmir.

Gözünün qabağında, gördükləri-Camalla, Elnurla bir çəkdiyi fotoşəkil, İncil kitabı, Bürhanəddinin “Divan”ı, qələm-dəftərin, qapının çölünün, içərisinin rəngi, bir-birinə qarışır.

-Gedim, gözümü aldadım.

Elşad, ayağa qalxır, dəhlizə keçir. Divanda oturur.

Divana uzanır. Başını, divarın başına söykəyir.

Gözünü, gözəyarı yumur. Qulağını ayıq saxlayır.

Arada, gözünün qabağındakı notubuka baxır.

Şüası, gözünü ayıq saxlayır.

Gözünə çimir verir.

Yalançı yuxu, on beş dəqiqə çəkir.

Yucarıdan səs gəlir.

Elşadın qulağı, səsə oyanır.

Yuxarıdan aşağı, Bin Xalid düşür.

-Mən rezervi ləğv etdim.-ingiliscə deyir.

Elşad, beyni dumanlıdır.

-Nə etdiniz?-təzədən soruşur.

–Rezerv-deyib, əli ilə “X” işarəsi göstərir.

Elşad, başı ilə razılıq verir, turistin, onunla danışdığı dildə,”Çox sağ ol” deyir.

Elşadın yuxusu qaçır.

Oyanır.

Notubuka baxır.

-Təzə mesaj yoxdur.

Yüz ikinci otağa keçir.

“Su damcılayır.

Qeydiyyat şöbəsinə keçir.

Oturur.

Saat baxır.

Saat beşin yarısıdır.

…Beləcə iki saat keçir…

Saat yeddinin yarısıdır.

Telefona baxır. Otelin whatsapp qrupunu açır.

“Caspian İsmayıl qrupdan çıxarıldı

“Caspian Fərid qrupdan çıxarıldı”

Elşadın üz ifadəsi dəyişdi.

-Qaldıq ikimiz?

Sarvana zəng vurdu

Sarvan, yuxulu-yuxulu zəngə cavab verdi

-Sa…laaam,ağam…

-Salam, sabahın xeyir, Sarvan. Necəsən?

-Yax…şıyyam, ağam, sən necəsən? Necə keçdi gecə növbəsi? Yorulmadın?

-Yox, Sarvan, yorulmadım, turp kimiyəm.

Elşad, dil altında mızıldandı.

-Saat yeddiyə qalıb, hazırlaşırsanmı?

-Hazırlaşıram, beş-on dəqiqəyə.

-Gəl, mən də gedim.

-Gedim deyəndə ki, axşam gələcəksən də onsuz?

Elşadın qaşları çatıldı.

-Nə axşam?!

Sarvanın səsi dəyişdi.

-Nə, nə axşam? Axşam növbəsin də.

-Nə axşam növbəsi? Gedirəm evə. Bir də bir gün sonra.

Sarvan, yerindən dik atıldı.

-Onu sənə kim deyib, ağam?

-Necə yəni kim deyib? Mənə heç “həmişə axşam növbəsi işləyəcəksən” deyən də olmayıb. Elə danışmamışıq Samir bəylə.

-Ay, ağam, nə danışırsan? Səni axşam növbəsinə yazdırıb o. Belə də ki sən özün bəri başdan danışmalı idin, sən özün deməli idin ki, mən axşam növbəsinə gəlməyəcəyəm.

Elşadın əsəbdən gicgahları oynayırdı.

-Ay kişi, nə danışırsan sən? Özü deməli idi, bunu mənə. Menecer odur ey, mən deyiləm. Dedi sınaqdır, bu gecə növbəyə qal, görək, sonra necə olur.

-Ay. ağam, elə belə olacaq. Sən hər axşam növbəsi gələcəksən, hər axşam.

-Sən də hər gündüz?

-Hə.

-Yaxşı işdir ey, deyirəm…

-Ağam, belədir də.

-Yox, mən buna razılıq verən də deyiləm Day de ki, işlə, get yat, axşam oyan, bir də gəl işlə…mənə qalsın? Gündüz yuxusu?

-Ağam, iş deyirsən, iş tapmışam, adam heç olmasa, quru da olsa “sağ ol” deyər.

–Sağ ol, Sarvan! Kişi adamsan! Yaman iş tapmısan!

-Ağam, tənə eləmə.

-Sarvan, gəl işə! Səni gözləyirəm.

–Gəlirəm, gözlə məni.

Elşad, zəngi söndürdü.

-Gözü ilə görən oğraş!…

Elşadın, hirsindən gözləri böyüdü.

-Gözü ilə görən oğraş! Şərəfsiz! Mən də deyirəm, mənə iş tapıb! Alçaq oğlu alçaq! Yaxşı işdir ey! Mən gecə,o gündüz! O getsin, yumşaq yastıq-yorğanında yatsın, mən yetim də, var-gəl edim burada səhərə kimi! Özümə də bu işdən qalan gündüz yuxusu olsun! Gəl, al, budur ey!-bunu deyib, baş barmağını, şəhadət barmağı ilə, ikinci barmağının arasına saldı.

Qeydiyyat şöbəsinin qabağında var-gəl etdi.

Keçdi dəhlizə, dəhliz də var-gəl etdi

-Mənim də ağlım yoxdur ki, buna etibar edirəm! Adamın üstündə Allah var, az yaxşılığını da görməmişəm. Dadıma da çatıb. Amma, belə oğraşcasına bir şey gözləmirdim ondan. Böyük deyib üstünə gəldim, a, Sarvan! Heyif!…

Elşadın whatsapp-ına mesaj gəldi.

Mesaj, Samirdən idi.

“Su kəsib?”

Elşad, yüz ikinci otağa getdi.

Tavana baxdı.

Bidona baxdı.

Səs gəlmirdi.

Elşad, otaqdan çıxdı.

Yazdı.

“Kəsib, Samir müəllim. Su kəsib”.

“Yaxşı, oldu”.

Çöl qapıdan səs gəldi.

Elşad, səsə sarı getdi.

Gələn, xadimə idi.

Gövhər xala.

-Qaqaş, sabahın xeyir.

-Sabahınız xeyir, xala.

Xala, içəri-mətbəxə sarı keçdi.

–Bəs, Sarvan, işdən çıxırdı?

-Bir saata işə gəlir.

-Bir saata işə gəlir? Mənə deyirdi işdən çıxacağam. Ay, Sarvan, ay julik…onun ipi ilə heç quyuya da enmək olmaz….

Elşad, köks ötürdü.

-Düz deyirsən, xala, bu səhə gördüm…

Xala, Elşadın üzünə baxdı.

-Xala qurban, kassadan pul götür. alınmalı şeylər var.

Elşad, kassanı açdı.

Kassada on üç manat əlli qəpik pul var idi.

Elşad, pulu götürüb, mətbəxə getdi.

-Nə alınmalıdır, xala?

-Yaz telefona.

Elşad, arxa cibindən kağız, karandaş çıxartdı.

-Xala, soyuducunu açdı.

-Balamsan, yaz. Beş dənə yumurta.

Elşad, telefona yazır

“Beş dənə yumurta”

Xala, təzədən yumurtalara baxır, fikirləşir.

Xala, mətbəxdən çölə sarı baxır.

-Yox, yox, on dənə. Hər ehtimal.

Elşad, “beş”i silir, yerinə “on” yazır.

Xala, aşağıya baxdı.

-Krem şanti, iki dənə.

Elşad yazır.

-Xala, yuxarı baxdı.

Xama…

Xala, soyuducuya sağdan-sola, soldan-sağa baxdı.

-Buralıq bir şey yoxdur.

Xala, yerə baxdı. Yerdə torba-torba, kartof, soğan, pomidor-xiyar var idi.

Xala onlara baxdıqca, Elşad da əlindəki pula baxırdı.

-On üç manat əlli qəpik.-Elşad öz-özünə dedi.

-Kartofla gün aşar. Qaqaş, sən iki yüz qram pomidor, iki yüz qram da xiyar al.

-Oldu, xala. Gedirəm, alam.

Xala, Elşadın üzünə baxdı.

-Sən nə yaxşı oğlansan, qaqaş. Allah, səni var eləsin.

–Gör, yazıq arvad, Sarvanın əlindən nələr çəkib ey…-Elşad, öz-özünə dedi.-xala, otelin ərzağını Sarvan həmişə haradan alır?

Xala, qaz alışqanını plitəyə tutur.

-Düzü bilmirəm, özündən soruş.

-Onun əlinə…-Elşad, pıçıltı ilə dedi.

Sarvana zəng vurdu.

-Qardaşım, vallah, tıxacdır, bayaq sənə də video göndərdim. Bax, Şəhidlər Xiyabanından düşüb, gəlirəm ora.

-Ə, onu bildik. Başqa şey soruşuram.

-Nəyi?

-Mağazanın yerini. Otelin ayın-oyunun haradan alırsan?

-Okeandan.

-Sakit, Atlantik?-Elşadın səs tonu dəyişdi-ay insan, bu “Okean” dükanı haradadır?

-Niyə əsəbiləşirsən ey, söz soruşursan, cavab veririk də.

Elşad, köks ötürdü.

-Üzrlü say…dükan hara yaxındır?

-Old School kafesinə ki çatdın, oradan yolu düz götür, düş aşağı, oradan da sağa.

-Yaxşı. Çox sağ ol.

Elşad,saata baxdı.

Saar səkkizə on beş dəqiqə qalmışdı.

-Özün haradasan?

-Xiyabanı keçmişəm, üzü Axundov bağına sarı gedirəm.

-Oldu

Elşad, oteldən çıxdı.

Hirsi, başı üstündə burulğan təki fırım-fırım fırlanırdı.

Çatlayırdı.

Bilmirdi, kimdən, nədən hirsini çıxsın ki, acığı soyusun.

Kələyə gətirmişdilər Elşadı.

Çörəyi ilə oynamışdılar.

Vəd verib, vədlərinə xilaf çıxmışdılar.

-Gözü ilə görən oğraşlar!-deyib, sağ əlini yumruq edib, atasından, babasında qoca daş binaların daş divarlarına çırpırdı.

Hirsi soyumurdu.

Arada da “Okean” mağazasının yerini yerli camaatdan soruşurdu.

-Okean dükanı haradadır?

-Orada-deyib, şəhadət barmağı ilə qabağı göstərirdilər, o da qabağa gedirdi.

-Okean dükanı hansı tərəfdədir?

-Sağda.

Elşad. yolu sağa burulurdu.

Beləcə, yolu qabağa-dala, sağa-sola burula-burula, Elşad, dükana çatdı.

Əlindəkinı baxdı.

On üç manat əlli qəpik.

Menyuya baxdı.

-Görən, bu pul çatacaq?

Dükana girdi.

Başladı rəf-rəf gəzməyə.

Gözü yumurta axtarırdı.

Yumurta axtara-axtara, yumurtaların sıra-sıra qoyulduğu rəfə çatdı.

-“Səba”, “Giləzi” “Kənd yumurtası”…”Giləzi”

On dənə “Giləzi” yumurtasından götürdü.

Meyvə-tərəvəz bölməsinə keçdi.

Elşad, telefona baxdı

-İki yüz qram pomidor, iki yüz qram xiyar…

Qiymətlərə baxdı. Endirimə düşənlərinin hərəsindən bir az götürdü.

Çəkdirdi.

-Qaldı xama, krem şanti.

Tərəvəzləri çəkən xanımndan soruşdu.

-Krem şantilər hansı sıradadır.

Xanım, şəhadət barmağı ilə meyvə-tərəvəz bölməsindən sağ tərəfi göstərdi.

Elşad, başını azca aşağı qaldırıb, yuxarı endirdi.

Sağa getdi.

Rəfə çatdı.

Krem şanti götürdü.

Ağartı məhsulları satılan bölməni axtardı.

Tapdı.

Endirimə düşmüş xamanı götürdü.

Sarvan zəng vurdu.

Elşad, cavab verdi.

–Çatmısan?

-Çatmışam, gəlirsən?

-Gəlirəm.

-Tez gəl, qonaqlar oyanır yavaş-yavaş.

-De ki, tələsməsinlər. Hələ dükandayam.

Elşad, zəngi söndürdü.

Kassaya keçdi.

Aldıqlarını oxutdurdu.

Dükandan çıxdı.

Hirsi təzədən başına vurdu.

-Gözü ilə görən oğraşlar!…

Bu dəfə də, ərzaq aldığı paketləri sağ əlinə sipər edib, yüz iyirmi il-yüz on il əvvəl fəhlə babaların əli, milyonçu, sələmçi ağaların əməli ilə tikilən daş binaların daş divarlarına çırpa-çırpa otelə sarı getdi.

Daş-divarı çırpdı, bircə “Fantaziya” hamamına qıya bilmədi.

“Fantaziya” hamamına baxdı

“Dövlət tərəfindən qorunur”

Hamamın cındırından cin hürkürdü.

-İmkanın olsa, düzəltdirərdim bu hamamı. Tarixdir ey bu! Heyif…

Otelə çatdı.

İçəri keçdi.

Sarvan, noutbuku qarşısında oturub, excel-ə baxırdı.

Elşadın üzünə baxmamış, Elşaddan soruşdu.

-Ağam, buna niyə baxmamısan.

Elşad da, Sarvanın üzünə baxmamış dedi.

-Nəyə?

-Heç nəyə. Həll etdim.

-Lap yaxşı.

Elşad, mətbəxə keçdi.

Aldıqlarını masaya qoydu.

-Çox sağ ol, qaqaş.

Xala, tavada omlet bişirirdi.

Elşad, dəhlizə keçdi.

-Sarvan, bu nə haqq-hesabdır?

-Nə haqq-hesab?

-Nə, nə haqq-hesab? Mən gecə növbəsi, sən gündüz. Bu haqq-hesab.

-Sarvan, başını noutbukdan qaldırdı.

-Ağam, mən nə edim? Samir bəylə belə razılaşmısınız.

-Mən heç kimlə razılaşmamışam. Beləsinə razılıq olmayıb. Dedi ki, bu gecə qal növbəyə, sonrasına baxarıq.

-Ağam, sən özün danışmalı idin Samir bəylə.

-O mənimlə danışmalı idi.

-Sən onunla danışmalı idin.

-O mənimlə. O, hotelin meneceridir. Mənə işver..məni işə götürəndir.

Sarvan, yerindən qalxdı. Elşada sarı gəldi.

Xala, mətbəxdən çıxdı. Əlində telefon nəyəsə baxırdı.

–Sarvan, mənim ödənişim niyə oturmayıb?

Sarvan, üzünü turşutdu.

–Xala, sən Allah, saxla. Ağam.

Xalanın, səs tonu dəyişdi.

-Yox ey, deyirəm. mənim hesabıma pul niyə oturmayıb?

Sarvan, Elşada baxa-baxa, xalaya cavab verdi.

-Xala, sən İmam Hüseyn…

Adə, nə İmam Hüseyn! Sənə deyirəm, pul niyə oturmayıb!

Sarvan, üzünü Elşaddan xalaya sarı çevirdi.

-Hansı pul, ay xala?! Hansı pul?!

Elşad, saata baxdı.

Saat ona on dəqiqə işləyirdi.

Yuaxarıya, aşağıya baxdı.

-Qinaqlar, görəsən, oyanmadı Sarvanın səsinə?-Elşad, öz-özünə dedi.

-Çəmkirmə ey üstümə! Avazın özünə xoş gəlir, deyəsən? Hansı pul…kəfən pulu! Otuz beş manat!

-Neçə?-Sarvan, sol əlini sol qulağına apardı.

Xala, üzünü turşutdu, elə bildi ki, Sarvan özünü bicliyə vurub.

Ağzını Sarvana sarı tutdu.

-Kar şoğərib! Otuz beş! Otuz beş manat!

Xala, Sarvanın haqqına girdi.

Sarvanın sol qulağı, doğrudan da işləmirdi.

-Nə otuz beş, ay xala?!

Piləkəndən bir nəfər aşağı düşdü.

Bin Xalid.

Elşad, pilləkənə sarı baxdı.

Kişi, səsə oyanmışdı.

-Breakfast will be ready in fifteen minutes, don’t worry-Elşad, gülə-gülə bunu deyib, əllərini Sarvana, xalaya sarı uzatdı.

Bin Xalid yuxarı qalxdı.

Xalanın səs tonu, mezzo-sopranodan, sopranoya qalxdı

-Bax belə, iki gözüvün bəbəyinə girən otuz beş!-deyib, iki barmağını, Sarvanın gözlərinə sarı tutdu-nə otuz beş! nə özünü tülkülüyə vurmusan. ala, yekə kişisən! Hansı otuz beş olacaq?! Avansım, bonusum!

-Ay xala, nə avans, nə bonus?! Mənlik deyil, get onu menecerlə həll elə.

Bunu deyib, noutbukun qarşısına keçdi.

-Alə, nə menecer? Otuz beşo görüm.

-Məndə otuz beş yoxdur! Get, menecerdən istə.

-Sarvan, məni üstünə qaldırma, pulumu ver!

-Ay arvad, yoxdur! Yox başa düşmürsən! Yox! Нет! No!

Xalanın üz ifadəsi dəyişdi. Ağzını büzdü.

-Haram xoşun olsun sənə etdiklərim…

Sarvan başını xalaya sarı çevirdi.ğ

Gözləri böyüdü.

-Mənim haram xoşum olsun ki, səni satmamışam menecerə.

İki gün qabaq, xaladan meneccerə danışırdı Sarvan.

-Mənim haram xoşum olsun ki, qonaq qarışıq, sənin də paltarlarını yuyub, ütüyə çəkmişəm, yemək vermişəm. Haram xoşum olsun elə!

Sarvan təzədən başını xalaya sarı çevirir.

Yerindən qalxır.

Əlinə telefonunu alır.

Zəng edir.

Sarvan, danışmağa başlayır

-Samir bəy, mən işdən çıxmaq istəyirəm, day dözə bilmirəm. Arvad, mənə işləməy imkan vermir, bezmişəm.

-Suka blət!-Gövhər xala deyir-buna bax, anası yaşında ağbirçək arvadı satır. İndi gör, mən səndən nə şikayət edəcəyəm menecerə. Gözlə!

Elşad, çaş-baş qalmışdı.

-Mən hara düşmüşəm, a kişi!-öz-özünə dedi.

Mətbəxə qaçdı. Dünən atası ilə qardaşının aldıqlarını tələm-tələsik paketlərə qoydu. Xala, içəri keçdi.

-Qaqaş, başını götür, qaç!

-Baş üstə. xala! Bu saat!

Elşad, “Badamlı”nı, “Sirab”ı, dünən yemədiyi şokoladları paketlərə qoydu.

Sarvanın üzbəüzündən üzü qapıya sarı qaçdı.

-Hara?

-Evə!

-Niyə?

-Aldadıb deyə.

-Kim?

-Samir.

-Özünə demisən?

-Samirə?

-Yox, nənəsinə.

-Nənəsi də pox yeyir. özü də!

-Ə yavaş!-Sarvan bunu deyib, sağ əlimi ağzına tutur.

-Mənə kələk gəldi o. İşləmirəm, ay kişi! İstəmirəm!

Qapıya kimi, Sarvan onu güddü.

Qapıya çatdılar.

–Ağam, ən azı deməlisən ona, deməlisən ki, bu rejimdə işləməyə razı deyiləm, ya heç, işləmək istəmirəm. Axır bir söz deməlisən.

-Deyəcəyəm özünə.

-Yaxşı. Sağ ol.

-Allah amanında.

***

Elşad, evə çatan kimi, üst-başını dəyişməmiş, yıxılıb yatdı.

Elşad, dünəndən bu günə, iyirmi yeddi saat oyaq qalmışdı.

***

Saat beşə on beş dəqiqə qalmışdı.

Elşadın telefonuna zəng gəldi.

-Salam, Elşad, necəsən?

Salam, Elxan bəy, siz necəsiniz?

-Şükür, yaxşıyam. Elşad, işin var indi? Tapmısan iş?

-Yox, tapmamışam.

-Kitabxanada işləyərsən?

-Elşadın, şadlıqdan, gözləri böyüdü.

-Niyə işləmirəm, işləyərəm.

-Yarımştat iş olacaq, maaş beş yüz manat. Hələ ki. Razısan bu şərtlə?

-Razıyam.

-Lap yaxşı. Allah xeyir versin. Sənə link göndərəcəyəm, Sabah o linkə girib, onlayn görüşə qoşularsan. Gülnur xanım da orada olacaq, İnsan Resursları şöbəsinin rəhbəri.

Elşad, fikrə getdi.

-Gülnur xanım….deyəsən, o mənə karyera planlaşdırmasından dərsd eyib.

-Ola bilər.

-Yox, yüz faiz deyib.

-Nəyisə, sabah müsahibəndir inşallah.

-Çox sağ olun, Elxan bəy. Var olun!

-Buyur, sən sağ ol, Elşad.

Elşadın, şadlıqdan ürəyi sinəsinə sığmırdı.

Xəbərə, atası, qardaşı gəldi.

-Nə xəbərdir?-atası soruşdu.

-Kitabxanaya işə düzəlirəm, universitetin kitabxanasına.

Atasının, qardaşının sevincdən gözləri güldü.

-Allah xeyir versin-atası dedi.

Qardaşı, Elşadı qucaqladı.

***

Bu şad xəbərin üstündən üç saat keçmişdi. Elşad, oteldə qaldığı gecə, Camalın ona verdiyi xeyir-duanı saldı yadına.

Cavab yazdı, həm də şad xəbərini atasından, qardaşından sonra, Camalla böldü

“Mənim ağzı dualı qardaşım! Dedim, bu xeyir xəbərin siftəsini sənə verim. Məzun olduğum universitetin kitabxanasından sabah, məni müsahibəyə çağırırlar. Allah eşidibmiş səsini! İnşallah, sabahkı müsahibə uğurlu keçsin, Allahın köməkliyi ilə, universitetin kitabxanasında xeyirlisi ilə başlayım işə, işlərimi nizama salım, sizi qonaq çağıracağam. Həm gələsiniz, həm də mənə dərs deyən müəllimlərlə tanış edərəm sizi. Dua edərsən yemə mənim üçün, Camal!”

Muştuluğa, üç saat sonra, Camaldan cavab gəldi.

“Can qardaşım, edəcəyəm, sən də et. İnşallah, gələrəm yanına”.

Elşadın müsəlman başının üstündə dolanan məsihçi duası, yerini tutmuşdu.

10/11/2026

Bakı şəhəri

–



–

–

“

“