(İki günlük sərt karantin rejimi dövründə baş vermiş real hadisələrə həsr olunmuş hekayə)

Çörək…Yer ehsanı, göy ehsanı…yerdə insan süfrəsinin, göydə quş dimdiyinin qisməti…çörək…Qurandan qabaq gələn çörək…Süfrəmizin Quranı, çörək…Allah çörəyi ayaqlarımızın altında tapdaladmasın…Allah süfrəmizin Quranını sındırmasın…Allah çörəyi bizə  xor görməsin…Allah çörəyi bizə çox görməsin…

İki çörək davası gördüm…Biri heyvan, biri insan davası…

Bazar günü idi. Hökumətin qoyduğu qadağadan bir gün keçmişdi. İns-cins yox idi. Allahın insan bəndəsi gözə dəymirdi. Tək-tük adamlar gedib-gəlirdi. Bir də asayiş keşikçiləri arada gözə dəyirdi. Hə.. bir də Allahın qanadlı bəndələri, quş bəndələri…Allah dünyanın ixtiyarını insanlardan alıb, qanadlı bəndələrinə vermişdi. Küçələri, yolları, evləri, eyvanları, pəncərələri, yeri, göyü quş uçurdurdu, quş qanadı uçurdurdu. Allahın qanadlı bəndələri göydən yerə quş gözü ilə yeri süzüb yer üstündə dən gəzirdi, çörək gəzirdi…

Allahın bir qanadlı bəndəsi də pəncərəmizin qonağı oldu. Dedik ki, yəqin dincəlməyə oturub, yorğundur. Dincəlməyi az çəkdi, çox çəkdi. Gördük ki, yox bununki dincəlməkdən keçib, bununki dincəlməyə oxşamır. Quş naxoşlayıb. Ya xəstəlikdən, ya aclıqdan, ya da susuzluqdan. Haldan düşüb. Dedik ki, hay verək bəlkə qanad çalar, uçub gedər. Atam hay verdi, dinmədi. Qardaşım hay verdi, dinmədi. Mən də hay verdim, mənə də dinmədi. Bu quş dilidir, bunu Süleyman bilir ancaq…

Süleyman təki peyğəmbərlik edə bilmədik. Allahın dilsiz-ağılsız bəndəsinin dilini bilmədik… Atam dedi, acdır. Qardaşım dedi, acdır. Mən də dedim, acdır. Atam çörəyi tən yarı bölüb, didim-didim edib quşa sarı uzatdı. Quş atamdan mı, çörəkdən mi hürkdü bilmədim, birdən-birə qanad çalıb, yerindən uçdu. Uçmağı ilə, yerə düşməyi bir oldu. Yerə düşməyi ilə bir ala qarğanın dimdiyinə qismət oldu. Allahın qismətinə bax…çörək o quşa qismət olmadı, o bir ala qarğanın dimdiyində çörək oldu…

Çörək ona qismət olmadı, bir iri göyərçinə qismət oldu. Heç… ona da qismət olmadı… Qanadını gərə-gərə qondu pəncərəmizə, başladı çörəyi dənləməyə. Elə təzəcə çörəyi dənləməyə başlamışdı ki, göydən yerə başqa bir göyərçin bunu süzməyə başladı. Gözü göyərçini də, çörəyi də süzdü. Birdən-birə pəncərəyə cumub, başladı göyərçinlə dimdik davasına, çörək davasına. Nə illah elədi, qovdu göyərçini. Başladı çörəyi dənləməyə, hərisliklə, iştahla dənləməyə.

Quşun dimdiyinin səsindən adamın qulağı cingildəyirdi. Görünür, göyərçin səhərdəndir çörək yemirdi, çörək üzünə həsrət qalmışdı….Qovduğu göyərçin ha illah elədi ki, çörəkdən bir tikə alsın, imkan olmadı. Aşağıdan yuxarı, o eyvanda bu eyvana, o pəncərdən bu pənəcərəyə uçdu. Gördü ki, yox aman-güman vermir. Biçarə göyərçin bir şey edə bilmədi. Gözlədi ki, gedər, mən də dənləyərəm. Göyərçin yediyini yedi, doyduğunu doydu. Qarnın toxdadıb, uçub getdi. Qovduğu göyərçinin ürəyi dincəldi. Tez özünü çatdırdı pəncərəyə…

İki əl boyda çörəkdən, yarım ovuc boyda çörək qalmışdı. Yazıq göyərçin, qismətinə nə düşdü, onu dənlədi. Dənləyə bildiyini dənləyə bildi. Arada da görürdüm ki, ağzını açıb-yumub üzünü göyə tuturdu… Elə bil Allahın qanadlı bəndəsi Allaha yalvarırdı. Yalvarırdı ki, ay Allah göydən yerə çörək endir, çörək nazil elə. Elə bil Allahın qanadlı bəndəsi, Allahın qulağına pıçıldayırdı: “Allah, Allah, Allah”…

  Çörək…yer ehsanı, göy ehsanı…yerdə insan süfrəsinin, göydə quş dimdiyinin qisməti, çörək

  Dedim axı, iki çörək davası gördüm. Biri insan, biri heyvan davası..

     Ayın dördü idi. Hökumət cammatın arasına xəbər salmışdı: “Camaat, camaat, duzunuzdan tutmuş çörəyinizə kimi, suyunuzdan tutmuş çayınıza kimi, ətinizdən tutmuş yağınıza kimi, pambığınızdan tutmuş dərmanınıza kimi nə ehtiyacınız, nə tədarükünüz varsa, görün. Elə indidən görün. Cümə gününün gecəsindən bazar ertəsinə kimi, küçələrə çıxmaq qadağandır, əczaxanalar bağlıdır, dükanlar bağlıdır. İndidən ehtiyacınızı görün. Camaat, camaat, iki günlük ehtiyat görün ha, iki aylıq,  iki illik, iki qərinəlik yox, iki günlük. İkicə günlük. İki gecəlik, iki gündüzlük”.

        Biz də tədarükümüzü gördük. Elə tədarükümüzü görüb evə qayıtmağımız bir saat, iki saat çəkmədi ki, qəfildən zəng gəldi: “ Tez, tez gedin, tez gedin ha, çörək alın.Çörəkxanada çörək qalmayıb. Özüm çörək növbəsi gözləyirəm. Beş-altı çörək də artq almışam. Verəcəyəm sizə”. Dedik: “Yox, əziyyət çəkmə. Yenə də çox sağ ol’’. Zəngi eşitməyimizlə, çölə çıxmağımız bir oldu. Çatdıq çörəkxanaya. Gördük ki, nə gördük…Allah, Allah! Allahın insan bəndəsi quşa dönərmiş belə!…Elə bil, Allah göydən yerə çörək tökürdü. Çörək hava ilə gəlirdi. Allahın quşa dönmüş insan bəndəsi də, hava ilə gələn çörəyi quş dimdiyi ilə göydə qapırdı…Allahın quşa dönmüş insan bəndələri də başlamışdır bir-biri ilə yumruq davasına, çörək davasına…

Hələ qədərindən də artıq… “Camaat, camaat! İki günlük ehtiyat görün ha, iki günlük! İki illik, iki aylıq, iki qərinəlik yox! İki günlük, iki gecəlik, iki gündüzlük…

***

        …Həmd olsun Allaha, qadağalar da açıldı. Dünya da azadlığa çıxdı, Allahın insan bəndələri də. Yer üzü insan ayağı tutdu. Allahın insan bəndəsi dünyanın dünya boyda nəfəsini udmağa çıxmışdı. İnsanların üzünə göyərçinlər də, qaranquşlar da, sərçələr də azadlığa çıxmışdı. Zülmdən qurtulmuşdular.

Aclıqdan, susuzluqdan qurtulmuşdular. İnsan əlindən çörək yeyir, su içirdilər. Şükür Allaha, Allaha şükür. Verdiyi dünyaya, verdiyi azadlığa,  yediyimiz çörəyə, içdiyimiz suya şükür, yaratdığı insana, heyvana şükür. Şükür, şükür, amma…

        Azadlığa çıxanlardan da biri mən idim. Köhnə dostum ilə görüşüb, şəhər boyu bir az gəzişdik. Ayağımızın azarını öldürüb, yola düzəldik. Evə getdiyim yol boyunca tez-tez rastıma zibil qutuları, ağaclar çıxırdı… Bir də zibil qutularının dəstəyindən, ağacların budağından, irili-xırdalı evlərin pəncərələrinin divarına bərkidilmiş paslı dəmirləri dəstəyindən  asılmış içi çörək dolu torbalar da tez-tez rastıma çıxırdı. “Camaat, camaat! İki günlük ehtiyat görün ha! İki illik, iki aylıq, iki qərinəlik yox! İki günlük, iki gecəlik, iki gündüzlük…Camaat qədərindən artıq almışdı. Dünyanın çörək boyda günahı xirtləyə çıxmışdı… Çörəkləri didim-didim edib, torbaya doldurub, hərə bir yerdən asmışdı. Elə bil dünyanın başına əngəl-kələf olmuş bu azarın heyfini insanlar çörəkdən çıxmışdı… Torba-torba çörəklər düşmən başı kimi, budaqdan, dəmirdən asılmışdı…. Çörəyi  hava yelləyirdi… Allah göydən yerə nəfəsini üfürürdü üzü çörəyə sarı… Təzədən dirilsin, təzədən cana gəlsin deyə… Çörək insan evindən yetim qalmışdı. Allah yetim qalmış çörək balasını üfürə-üfürə qoruyurdu. Təzədən dirilsin, təzədən cana gəlsin deyə… Maşallah! Əməlimizə bərəkallah!

Çörək…yer ehsanı, göy ehsanı…yerdə insan süfrəsinin, göydə quş dimdiyinin qisməti…çörək…Quranda qabaq gələn çörək,…süfrəmizin Quranı, çörək…Allah çörəyimizi ayaqlarımızın altında tapdaladmasın…yox, əzizim, yox atam, anam, qardaşım, bacım yox…day bizim işimiz Allahdan keçib…biz çörəyi evimizdən yetim saldıq…biz çörəyi ayağımızın altında tapdaladıq… çörəyin yolunu azdıq…süfrəmizin Quranını sındırdıq.. çörəyi süfrəmizə xor gördük…bağışla bizi, çörək, bağışla…biz sənin qiymətini bilmədik…çörək üstə Allahın qulağına pıçıldayan, Allaya yalvaran şükür yiyəsi, dua yiyəsi göyərçin qədər ola bilmədik …

 Bağışla bizi, çörək, bağışla….biz sənin qədrini bilmədik…Allah sənə rəhmət eləsin, çörək, yerin behişt olsun…

                 6-9 iyul

                            Bakı şəhəri