Əzizim, qorxusuz adamlar ki var,

Görsən, adamların ən qorxağıdır.

Görən, neçə qorxu görüb həyatda?

Görən, neçəsinə udub, uduzub?

Neçə qorxusundan sağ çıxıb adam?

Neçə qorxusunun üstündən keçib?

Görən, neçəsindən qaçıb, gizlənib?

Desən, qabağında baş əyib adam?

Görən, neçəsinə düşmən kəsilib?

Hələ neçəsi ilə doğmalaşıb da

Neçə qorxusu ilə dostlaşıb adam?

Qorxular içində yaşayır adam

Qorxular unudur qorxu içində

Gör, necə öyrəşir qorxuya adam?

Köhnə qorxuların itir dadı da

Qorxudan toxtayan can damağında

Təzə qorxulara iştah eyləyir,

Təzə qorxulardan dad alır adam…

Adamı qorxular qorxaq eyləyir,

Adamı qorxular igid eyləyir.

Kiçilir, böyüyür qorxu içində,

Yuxalır, yumşalır qorxu içində,

Qorxular içindən bərkiyir adam…

6 oktyabr 2021

Bakı şəhəri