Nə yükmüş…dünyanın bu sevda yükü?…

Nə ağır yük imiş…ağrısı şirin…

Gör, neçə gözələ, gör neçə gözə,

Gör, neçə gülüşə, gör neçə sözə,

Neçə gözəl qıza sınmaz ürəyim,

Bir gözəl eşqinə sınarmış belə…

Sınarmış o qızın sarı telinə,

O ağ bənizinə, qara bəninə,

O şad nəfəsinə, nəfəs səsinə

Adamın ürəyi sınarmış belə…

Demə, sevməyə də qorxarmış adam,

“Sevirəm!” deməyə qorxarmış adam…

Elə qorxa-qorxa sevərmiş belə,

Deməyə-deməyə sevərmiş belə…

Nə yaman sevərmiş, nə yaman, adam?…

Deməyə-deməyə adam sevdiyin…

Özün də bilirsən, sevdiyin adam

Bir köynək yaxınmış, bir ürək uzaq,

O salam verdiyin, o söz dediyin…

Adam, demədikcə adam sevdiyin,

Sevgin durularmış ürəkdən belə…

Adam, dinmədikcə adam sevdiyin,

Sevgin böyüyərmiş ürəkdən belə…

Uşaqtək sevincək düşərsən, adam,

Adam, sevdiyindən gələn xəbərə

Uşaqtək atılıb-düşərsən, adam,

Bircə kəlməsinə, bircə sözünə…

Elə sevərsən ki, elə sevərsən,

Elə sevərsən ki, adam, sevdiyin,

Özünün gördüyü, sən görmədiyin,

O sən baxmadığın, sən bilmədiyin,

Gözəlin eybi də gözəl görsənər,

O sevən gözünə, vurğun gözünə…

Elə sevərsən ki, adam, sevdiyin…

Na sarı telinə, ağ bənizinə

Gözəlim, gözəlim, dilə gətirib

Bircə söz deməyə qıymaram səni…

Qorxuram, gözəlim, qorxuram, gözüm

Qismətin mən ollam, özgəsi ola

“Sevirəm!” deməyə qıymaram səni

Sevgidən qırılar birdən ürəyin…

Qorxuram, gözəlim, qorxuram, gözüm

“Sevirəm!” deməyə qıymaram səni…

Əgər könlün düşsə, özgə birinə,

Məndən özgəsinə, özgə birinə

“Sevirəm!” deməyəb qorxar ürəyin…

28 Noyabr 2021

Bakı şəhəri