Dünyanın da kefi çağdır,

Dünyanın da üzü gülür,

Dünyanın yaxşı vaxtıdır,

Dünyanın sevən vaxtıdır.

Bu dünyanın içində də

Bizim vaxtımızdır, gözəl,

Sevən vaxtımızdır, gözəl,

Sevib-sevilən vaxtımız…

Yer üzünün eşiyində,

Bu gecənin keşiyində,

Ay-ulduzun beşiyində

Allah da sevgi bələyir,

“Su” deyib də sevgisini

Torpağın üstə çiləyir…

Torpağa bax! Gör, sevgilər

Budaq açır, yarpaq açır

Bitir bu torpağın üstdən,

Yetir bu torpağın üstdən

O yarpaq, torpaq sevgilər

Allaha sarı ucalır…

Dünyanın yarpaq sevgisi,

Dünyanın torpaq sevgisi

Yetdikcə Allaha sarı

Dünyanın qəmi azalır…

Ver əlini, qaragözlüm!

Çıxaq bu gecə seyrinə…

Vallah-vallah, qaragözlüm!

Bu gecə özgə gecədir,

Yer göyü sevən gecədir…

Bu dünyanın məhəbbəti

Allaha gedən gecədir…

Bu dünya day belə sevməz,

Allah göydən sevgi tökməz,

Torpaq da sevgi bitirməz,

Ver əlini, qaragözlüm!

Gəl, gözlətmə, ver əlini

Çıxaq bu gecə seyrinə

Dünyanın sevən vaxtıdır.

Ver əlini, qaragözlüm!

Gəl, gözlətmə, ver əlini!

Keçər ha…!Peşman olarsan

Bu dünya day belə sevməz

Bu gecə keçər beləcə

Keçər…bir də ələ gəlməz…

26 noyabr 2021