Bir qorxulu yuxu gördüm

Gözlərim kəlləmə çıxdı

Şükür, kəlləm üstümdədir

Şükür, ölməmişəm hələ…

Yox, başımı itirmədim

Sağ çıxdım cin yuxusundan

O şər, şeytan yuxusundan…

Ayıldım, gördüm gecədir

Yuxu görsənmir gözümə

Derlər: “Yuxunu suya yoz,

Soraqla, yuxum necədir?”

Deməyə su da tapmadım

Su da dinmədi yuxuma

Su da diksindi yuxumdan

Su məndən də qorxaq çıxdı

Su da qaçdı qabağımdan…

Yuxudan sağ çıxmış idim

Sudan da sağ çıxdım, lələ…

Yox, bu yuxudan qorxmadım

Diri qaldım bu yuxudan

Neçə beləsin görmüşdüm

Bu da öldürmədi məni

Yuxu öldürmədi məni…

Su yuxumu dindirmədi,

Heç məni də dindirmədi

Mən də suyu dindirmədim…

Yola saldım Su Babanı

Yola saldım, su yoluna…

Özümə təzə su gəzdim

Tapam, bəlkə, yuxum yoza?…

Oyaq su da tapammadım

Bu qaranlıq yer üzündə

Bir də gördüm, bu dünyanın

O üzündə, bu üzündə

Gördüm, sular da yatıbdır

Sular da yuxulayıb, yatıb

Yatıb hərə bir daş üstdə

***

…Bir qorxulu röya gəzir?

Xeyir gəzir, ya şər gəzir?

Deyən, təzə yuxu gəzir?

Sular mənim başım üstdə?…

30/01/2022-31/01/2022

Bakı şəhəri