Həftənin şənbə günü idi. Elşadla Camal, şənbə günü çay içməyə sözləşmişdilər.

Elşad, səhər saat on iki olmamış, universitetə gəlmişdi.

Növbədə tək idi.

Mühafizə xidmətindən açarı götürüb, turniketdən keçdi.

Saata baxdı.

-Hələ on beş dəqiqə var.

“C” binasına yollandı.

Özü üçün fincan çay, su götürdü.

Ödənişi edib, kitabxanaya yollandı.

Kitabxanaya bitişik kafenin qarşısına çatdı.

Sağ qolunu sağa itələyə-itələyə, kafenin qapısını açdı.

İçəri girdi.

-Su ilə çayı hələ ki burada saxlasam olar? Kitabxananı açmalıyam.

-Olar.-barista dedi.

Elşad, çayla suyu, kafenin qapıya yaxın olan oturacaqların sırasındakı masaya qoydu.

Yanınca tələbə çatdırdı özünü kitabxananın qapısına.

-Sabahınız xeyir. Kitabxana işləyir?

Elşad, cibindən açarı çıxartdı.

-Açsam, kitabxana işləyəcək-gülə-gülə dedi.

Açarı içəri saldı.

Açar ilişdi.

-Ay səni!…

Bir də çevirdi.

Yenə ilişdi.

Tələbə, Elşadın üzünə baxdı.

Elşad da tələbənin üzünə.

-Zəhmət olmasa, mühafizə xidmətindən bir nəfər çağıra bilərsiniz?

-Mühafizədən? Çağıraram.

Tələbə üzüaşağı yollandı.

Elşad, əlini saxladı.

-Əmanətdir, açar da kitabaxana da. Qoy hələ ki əl dəyməyim. Gəlsin görək, nə olur.

EElşad gözlədi.

Ətrafa baxdı.

lTələbə gəldi.

-Açılacaq.

Tələbə getdi.

Elşad gözlədi.

Gələn olmadı.

-Bismillah.-deyib, açarı içəri saldı.

Açar, Allahın adı ilə açıldı.

İçəri girdi.

İkinci qapını açdı.

Kitabxananın işığını yandırdı.

İçəri biri girdi.

Mühafizədən idi.

-Bağışlayın, sizə də əziyyət verdim, ilişmişdi açar, açıldı axır.

-Narahat olmayın, müəllim. Tələbə gəldi bizə dedi ki, kitabxana açılmır.

-Mən göndərmişdim. Sağ olsun. Siz də sağ olun, əziyyət çəkmisiniz.

Mühafizəçi getdi.

Elşad, pencəyini oturacaqdan asdı. Çantasını, oturacağın ayağına qoydu.

İkinci mərtbəyə qalxdı.

İşığını yandırdı.

Üçüncü mərtbəyə qalxdı.

İşığı yandırdı.

İşığın siftəsinə tələbə gəldi.

Salamlaşdılar.

Elşad, ən aşağı mərtəbəyə düşdü.

Oranın da işığını yandırdı.

Birinci mərtəbəyə qalxdı.

Siftəsi, tələbə gəldi.

-Elmi kalkulyator var?

-Var.

-Verə bilərsiniz?

-Verə bilərəm.

Elşad, özündən, sağda, aşağıda, üçüncü siyirməni açır. Tələbənin istədiyi kalkulyatoru götürür. Masaya qoyur.

-Tələbə kartınız, zəhmət olmasa.

Tələbə, kartını verir.

Elşad, adı oxuyur.

-Kürşad Əliyev…gözəl adınız var.

Tələbə gülümsünür.

Elşad, kalkulyatoru, tələbənin adına yazır.

-Adınızı kim verib?

-Atam.

Tələbə, kalkulyatoru götürür.

-Bilirsiniz də kimin adı olub?

-Bilirəm.

-Uğurlar, Kürşad bəy!

Tələbə gedir.

Elşad, tək qalır.

Telefona baxır.

Saat birə iyirmi dəqiqə işləyir.

-Hələ vaxta var. Onsuz gec oyanır bəy oğlan. İkinin yarısı yazaram.

TTələbə gəlir.

-Salam, kalkulyatorunuz var?

-Var.

-Verə bilərsiniz?

-eVerə bilərəm. Kartınızın nömrəsini deyə bilərsiniz?

Tələbə, kartın nömrəsini deyir.

Elşad, kartın nömrəsini, sistemə yazır.

Adı oxuyur.

-Toğrul Məmmədli! Oho! Toğrul! Qardaşımla adaşsınız!

-Tələbə gülümsünür.

-Bilirsiniz də, Toğrul kimin adı olub?

-Bilirəm.

-Onun oğlunun da tərbiyəçisi, atabəyisi Şəmssəddin Eldəniz olub. Atabəy də olmaq hər kişnini işi deyildi. Dərin dövlət olmaq demək idi, atabəy olmaq.

Bunu deyib, kalkulyatoru, tələbəyə uzadır.

-Uğurlar, Səlcuq sultanı!

Tələbə gedir.

Bir saat keçir.

Elşad, whatsapp-dan Camala yazır.

“Salam, Camal qaqam, necəsən? İş-güc? İnşallah, bu gün nə vaxta görüşək biz?”

Tələbə gəlir.

Gələn, Kürşaddır.

Bir daha salam, Kürşad bəy!

-Salam-Kürşad, gülümsünür.

-Necə keçdi imtahan?

-Yaxşı.

-Lap yaxşı. Zəhmət olmasa, kalkulyatoru təhvil verin, o biri tələbələrin də imtahanları yaxşı keçsin.

Kürşad, gülə-gülə, kalkulyatoru Elşada verir.

Sağollaşırlar.

Camal yazır.

“Salam, qardaşım. Mən bu gün gələ bilməyəcəyəm Bakıya. Hava çox yağışlıdır. Üstülüyüm də yoxdur.”

“Yaxşı da?”

“cCiddiyəm.”

“Bilirəm”

“Can, qaqam, can. Sağlıq olsun, başqa vaxta, inşallah”.

“İnşallah”.

Tələbə gəlir.

-Salam, Səlcuq sultanı!

Toğrul, kalkulyatoru masaya qoyur.

-Necə keçdi imtahan?

-Yaxşı.

-Lap yaxşı. İxtisasınız nədir?

-Biznesin idarə edilməsi.

-Dekanınız kimdir?

-Hüseyn müəllim. Hüseyn İsmayılov.

-Yanında gedib-gələ bilirsiniz? Məsləhətləşə bilirsiniz?

Toğrul, başını bulayır.

-Çətin adamdır.

-Başa düşdüm. Mən özüm də bura məzunuyam. Dövlət və ictimai münasibətlər ixtriası üzrə məzun olmuşam. İstəyirsinizsə, şəxsi gmail hesabımı verim, nə sözünüz olsa, yazarsınız mənə.

-Olar.

Elşad, qırmızı stikeri üstdən qopardıb, gmail ünvanını yazır. Tələbəyə verir.

Tələbəyə də sarı stikeri uzadır.

-Oldu. Danışarıq, əlaqədə olaq.

Sağollaşırlar.

Elşad, təzədən, Camalın yazdığına baxır. Öz-özünə fikirləşir.

-Özü də bizlə, mənimlə, Elnurla görüşmək istəyirdi. Söz danışmışdıq. Yağış da yağmağa vaxt tapdı da! Üzünə lənət!

Elşad, Camala yazır.

“Camal, sən gələ bilmirsən, mən gəlim sizə tərəf. Qardaş deyilik mi? Söz danışmışıq. Sən igid oğulsan ey, sənin kimi oğlun hayına tufanda da çataram”.

Camal, mesajı oxuyur.

“Qardaşım, bu günün başını burax. Arxayın bir vaxt görüşərik”.

“Yaxşı”.

Elşad, kompüterin qarşısına qoyduğu fotoşəklə baxır-özünün, Camalın, Elnurun şəklinə.

Ürəyi düyün-düyün olur.

-Qaqamdır ey, qaqam, Camal qaqamdır.

Elnura yazır.

-“lnur, mənim işim dörddə bitir. İşdən çıxan kimi, gələcəyəm Yasamala. Oradasan da sən?”

Tələbə girir kitabxanaya.

“Salam, USB var?

-Var.

Elşad, ikinci siyirməni açır. USB-ni götürür.

-Kart nömrəniz?

-2482

Elşad, kart nömrəsini yazır.

Tələbənin adını oxuyur.

“Əlikərim”

-Əlikərim…maşallah, bu gün də məşhur adamların adını eşidirəm, Səlcuq sultanı Toğrul, şair Əlikərim.

Əlikərim gülümsünür.

-Adınızı kim verib?

-Anam.

-Ədəbiyyat müəllimidir?

-Bəli.

-Hiss olunur. Buyurun, USB-niz.

-Sağ olun.

Tələbə gedir.

Elnur yazır.

“Orada olacağam. Gələrsən”.

“Oldu”.

Elşad, təzədən fotoşəklə baxır.

Ürəyi düyün-düyün olur.

-Sənin kimi oğulu yağış altda qoyarammı heç, Camalım. Ay, Allah, sənə qurban olum, məni bu gün Camalın hayına çatdır. Çatdır onun hayına. O, yağış altda qalmasın. Nə olar, qalmasın…

Qeydiyyat şöbəsinin dairəsində var-gəl edir.

Boşluqdur, Gəlib-gedən yoxdur.

Kitablara baxır, tələbələrə baxır.

Saata baxır.

Saat üçə on beş dəqiqə işləyir.

-Bir saat qırx beş dəqiqəyə iş qurtarır. Döz, görək, Elşad.

Birdənbirə tələbələrin gediş-gəlişi sürətlənir. Bir tələbə üç, üç tələbə altı-altı gəlir Elşadın üstünə.

-Kalkulyator var?

-Var. Kart nömrənizi zəhmət olmasa?

-USB var?

-Var. Kart…

-Kitabxana neçəyə kimi açıqdır.

-Dörd…

-Kağız var?

-Yox…

-Adapter var?

-Tax…

-Rezervasiyam var idi.

-Bax…

Elşad, sözün birini qurtarmamış, o birinə keçirdi.

Beləcə saat dörd oldu.

Mühafizə işçisi, kitabxananı bağladı, Elşadla sağollaşdı.

Elşad, yağışın altında, Gənclik metrosu ilə 28 May metrosuna, oradan da M1 avtobusu ilə Yasamala yol alır.

Çatır Elmlər Akademiyası metro stansiyasına.

Oradan da birbaşa, kilsəyə sarı gedir.

Kilsəyə çatanda, dayanır.

Yağış yağır.

DOST mərkəzinin giriş qapısının qarşısında ayaq saxlayır.

-Bəlkə, özünə zəng vurum Elnura.

Zəng vurur.

Cavab gəlmir.

Yenə zəng vurur.

Yenə cavab gəlmir.

-Gözləyim, bəlkə, görər.

Gözləyir.

Yağı yağır.

DOST mərkəzinin işçiləri qapıdan çıxır, qapıdan keçir.

Vətəndaşlar, qapıdan keçir, qapıdan çıxır.

İİt hürür, pişik asqırır.

Elnurdan cavab gəlmir.

-Haradasan, ay Elnur?

Saata baxır.

Saat, beşin yarısını keçir.

-Altı oldu ki…

Elşad, kilsəyə sarı gedir.

Qapıya yaxınlaşır.

Qapı açıqdır.

Qapını aralayır.

Qapıdan keçir.

Aşağı düşür.

Sağdakı birinci qapını açır.

Otaq tələbə ilə dolu.

Gördüyündən, Elnuru soruşur, Elşad.

-Elnuru görməmisiniz?

-Elnur kimdir?

-Elnur burada?

-Hansı Elnur?

-Elnur içəridə?

-Bilmirəm?

-Elnur getməyib?

-Xəbərim yoxdur.

-Xəbərin yoxdur?-Elşad soruşur.

Elşad, öz-özünə fikirləşir.

-Birdən getmiş olar ha?…

Elşad, böyük otağa keçir.

Otaq başdan-boya tələbə.

Tanıyanlar çıxır.

-Necəsiniz, müəllim?

-Necəsən, şair?

-yaxşı.-Elşad cavab verir.-Elnuru görməmisiniz?

-Yəqin, zaldadır.-biri cavab verir.

-Yəqin…-Elşad, öz-özünə deyir.

Tələbələr oyun oynayır.

Elşadın, ürəyi gözləməyə dözmür. Otaqdan çıxır.

Əlini görür.

-Əli, Elnuru orada?

-Hansı Elnur?

Elşad, şəklini göstərir.

-Hə, orada.

-Allah, sənə şükür.

-Çağırım?

-Yox, özü gələcək onsuz.

Elşad, yan otağa keçir. Uşaqlar üçün ayrılmış otağa.

Qapını aralayır. Aralayır ki, çıxanda, Elnuru görsün.

Gözləyir.

Qızlar keçir.

Oğlanlar keçir.

Enur görünmür.

Xəlil keçir. Elşadı görür.

-Ooo, Elşad, salam, necəsən?-deyib, Elşadın üstünə gəlir.

Öpüşüb görüşürlər.

-Bu otaqda nəyə dayanmısan, keç yan otağa. Uşaqlar oyun oynayır, çay iç, şirniyyat ye.

–Çox sağ ol, a Xəlil. Elnuru gözləyirəm, gedəsi yerimiz var.

-Hə, Elnur, zaldadır. Çıxar yəqin. Sən sıxılma ey, rahat ol.

-Yaxşı.

Xəlil gedir.

Elşad, narahatdır.

Saat yeddiyə on beş dəqiqə işləyir.

-Görəsən, çatarıq?

Elnur, otaqdan çıxır.

Elşad, Elnuru görür.

Elnur da onu.

-Gəl bura.-Elşad deyir.

Elnur, Elşada sarı gəlir.

Çıxaq çölə, sözüm var.

Qapıdan çıxırlar.

Elşad, Elnurla bərabər üst pilləkənə qalxır.

Elşad, Camalla yazışmağını, Elnura göstərir.

-Camala gödəkçə alaq. Yoxudur.

-Gödəkçə?

-Hə.

Elnur, cibinə əl atır.

-Ay kişi, varımdır, narahat olma. Uşağın üstlüyü yoxdur. Bizi də bu həftə görmək istəyirdi. Yaman istəyirdi. Yağış yağanda nə olar? O bizə gələ bilmir, biz ona gedərik.

-Bəs haradan alaq?

-Yer bilirəm almağa. Gedək buradan sonra?

-Gedərik.

Yaxşı. Amma, heç kəsə bildirmə orada.

-Oldu.

İçəri keçirlər.

Elnur, böyük otağa keçir.

Oyuna qoşulur.

Ellşad, kənarda oturur.

Nurəddin, Elşadla rastlaşır.

Elşadın, irəlisinə gəlir, əl uzadır.

-Salam, necəsiniz?

Elşad, ayağa qalxır.

-Salam, şükür, siz necəsiniz?

-Yaxşıyam, yaxşı olasınz. İşdən gəlirsiniz, deyəsən?

-Hə, işdən gəlirəm.

-Geyiminizdən hiss olunur. Nə işidir?

-Kitabxanaçılıq.

-Harada?

-Universitetdə.

-Aaa, nə yaxşı. Nə iş görürsünüz?

Elşad, suallara həvəssiz cavab verir.

-Tələbəyə kitab veririk.

-Sonra?

-Yuxarı mərtəbələrə kitab daşıyırıq, yerbəyer edirik, sıra nömrəsi ilə. Tələbənin sualı olur, cavablandırıq, imkanımız olanda, kömək edirik.

-Yaxşı işiniz var.

-Sizdə ixtisas nədir?

-İqtisadiyyat.

-Hə…bu arada, göndərdiyim hekayəni oxuya bildinizmi?

Nurəddin gülümsünür.

-Hələ yox. Dərslərdən imkan tapan kimi oxuyacğam.

Nurəddin, oyun oynayanlara qoşulur.

-Siz də gəlin.-Nurəddin, Elşada deyir.

-Mənə belə rahatdır. Çox sağ olun.

Nurəddin gedir.

Elşad, saata baxır.

Saat yeddiyə iyirmi beş dəqiqə qalıb.

-Görəsən, çatarıq?

Elşad, otaqdan çıxır.

Elşad, qapıya çatır.

Qapıdan çıxır.

Telefonu açır.

Orxanın adını axtarır.

“Orxan 28 May”

Zəng edir.

Cavab gəlir.

-Salam, Orxan, necəsən?

-Saalam, qaqam, sən necəsən?

-Şükür.

-Oradasan?

-Oradayam.

-Neçəyə kimi?

-Səkkizə kimi.

-Nə yaxşı. Orxan, qaqam, bir istəkli əmioğlum var, bu gün bizi görmək istəyirdi. Yağışdır, gələ bilmir. Üstlüyü yoxdur. Sən canın, ona gödəkçə ayır, gəlib səndən alacağam.

-Olar, qaqam. Necə gödəkçə?

-Vallah, hündür oğlandır. Boy-buxununa biçim gödəkçə.

-Oldu, qaqam, ayıracağam gələrsiniz.

-Var ol, ay Orxan, sağ ol. Gələcəyik.

Elşadın ürəyi yerinə gəlir.

-Bu iş də düzəldi.

Elşad, içər keçir.

Zal qapısını açır.

Oyun davam edir.

-Göz bəbəyi sənsən?

-Yox.

-Keçdi. Növbəti.

-Qulaq deşiyi sənsən?

-Yox.

-Keçdi. Sən seç.

-Topuq yarası sənsən?

-Hə.

-Qəşəng! Divanda, Elnura yer edin.

Elşad, saata baxır.

Nurəddin, oyundan ayrılıb, Elşadın yanına gəlir.

-Nurəddin, sənə zəhmət, Elnurun yanına get, məni işarə elə də ona.

-Oldu.

Nurəddin, Elnurun yanına gedir. Elşadı işarə edir.

Elnur, Elşada sarı baxır.

Elşad, biləyini sağ əli ilə sol biləyinin yuxarısını göstərir.

Elnur, başı ilə razılıq verir.

Oyun beş dəqiqə çəkir.

Oyun bitir.

Uşaqlar ayağa qalxır.

-Xəngələ gedirik-Nurlan deyir.

-Gedək.

Elşad, Elnura sarı baxır.

Elnur da ona sarı.

Elşad, ayağa qalxır.

Elnurla, Elşad kənara çəkilir.

-Xəngələ gedək, oradan yollanaq Sumqayıta?

Elşad, saata baxır.

-Gec olar, Elnur. Gödəkçə üçün 28 Maya getməliyik, gec olar.

-Yaxşı. Qoy uşaqlara deyim heç olmaya.

-De. Narahat olma, o xəngəl qonaqlığını Sumqayıtda təşkil edərik üçümüz. Gödəkçə alaq, Camal yağış altda qalmasın.

Elnur, uşaqların yanına gedir.

Elnur, uşaqların yanından qayıdır.

-Dedim.

-Oğulsan, gedək.

Çıxırlar.

Çıxan kimi, metro stansiyanın yolunu tuturlar.

-Atasımısan, babasımıssan Camalın, ay Elşad?-Elnur, gülə-gülə soruşur.

Elşadın, boğazı düyün-düyün olur.

–…Camal…Camal ayrı oğuldur…

Yolu Hüseyn Cavid parkına sarı keçirlər.

Çatırlar parka.

-Sən o vaxt demişdin ki, Camal nə edib sənə?

-…Məni ölümdən qurtarıb, Camal. İntihardan qurtarıb. Camal kişi adamdır, Elnur, ayrı oğuldur. Onun kimi igidi yağış altda qoymaram mən.

Keçid aşağı düşürlər.

Keçid yuxarı qalxırlar.

Metro stansiyaya sarı gedirlər.

Metro stansiyaya çatan kimi, M1 avtobusuna minirlər.

Elnur, Elşadın çantasını əlinə götürür.

Yol uzundur.

Uzun yolun dərmanı da söhbət.

Yoldan it səsi gəlir.

Söhbətə başlamağa da bəhanə.

-İt saxlamısan, Elnur?

-Saxlamışam.

-Nə cins?

-Cinsi yox idi, küçə iti idi. Dişi it. Həyət-bacaya göz idi. Beş yaşımdan bəri saxlayardım o iti. Sarı it idi. Özü kimi də sapsarı balaları. Sonra itik saldılar iti

-_Yaxşı da…

-İtik saldılar. Beş-altı ay olar itmişdi. Yaz ağzı idi. Evimizə sarı gedirdim. Yaxınlaşdım çəpərə. Zingilti eşitdim. Baxdım ora. Bizim sarı it. İyimdən duyuq düşüb, tanıyıb məni. Yazığım gəldi. Aldım qucağıma, gətirdim həyətə.

-Biz də pişik saxlayırıq. Beş il olar, bizlə qalır. Qardaşım gəldi dedi ki, pişik saxlayaq. Dedim, özümüzü güclə saxlayırıq, pişiyi hara saxlayaq. Dedi, yox saxlayaq. Düşdük aşağı. Bir də gördüm dümağ pişik, qorxa-qorxa üzümüzə baxır. Qaldırdıq yuxarı pişiyi. Girdi evə. Sağı-solu gəzdi. Girdi yatağın altına. Gizləndi. Qardaşım girdi yatağın altına. Çağırdı, gəlmədi. Pişik saxlayan tanışlarına yazdı. Dedi, yemək qoyun qabağına, gələr. Qoyduq, gəldi. Sığallamaq istədim, cırmaq atdı. Başladı, xalçadan tutmuş, başmağımıza kimi iylədi. Birinci gecəsi, yuxarıda, pəncərənin qırağında yatdı. Qaldığı bir ay deyildi. bizim evdə çıxmadığımız yerlərə çıxmağa başladı oğraş…

Elnur, gülümsündü.

-Öyrəşmişik sən öl…evə gələndə qarşılayan o, evdən gedəndə, yola salan o. Ağsaqqal kişiyə dönüb evin içində. Arada xeyir-dua da verir.

Gülüşürlər.

Söhbətləşə-söhbətləşə 28 May metro stansiyasına çatırlar.

-Gəl, bura. Dükan, keçid altdadır.

Qabaqlarına ilk keçid çıxır.

-Bu deyil, irəlidəki.

İkinci keçid çıxır.

-Bu da deyil. Bundan irəlidəki.

Üçüncü keçid çıxır.

-Bax, bu. Düşək aşağı.

Düşürlər aşağı.

Düşən kimi, yolu sola burulurlar.

-54-cü mağaza, Oscar Men.

Rəqəmlərə baxa-baxa, 54-cü mağazanın qabağına gəlirlər.

-Oscar Men. Budur bax.-Elnura göstərir.

İmçəri girirlər.

-Salam, ay Orxan. Tapa bildinmi?

-Orxan, Elşadla görüşür.

Elşad, Elnurla Orxanı görüşdürür.

-Qardaşımdır.

-Lap yaxşı. Tapdın nədir? Sən deyəsən, mən tapmayam.

-Var ol, Orxan. Göstər görüm.

Orxan, şalvarların düzüldüyü sıranın üstünə qoyduğu qara gödəkçəni götürüb Elşada göstərir.

Gödəkçəni açır.

Siftəsi, Elşad geyinir.

-Camalın üstünə gələr, Elnur?

-Elnur da geyinir.

-Gələr, yəqin.

-Hamınızdan uzun Hacıdır. Hacı, geyin görüm.-Orxan deyir.

Hacı da söhbət üstündə idi. Söhbət edə-edə, Orxan gödəkçəni, hacının üstünə geyindirir.

-Hacının üstünə gəlirsə, əmioğlunun da üstünə gələr.

-Nə qədərə?

-Qaqamsan, qiyməti yetmiş beş manatdır, sən qardaşsan, sənə altmış.

-Heç olamsa, əlli elə.

-Qaqamsan, bax, sənə altmış deyirəm, Belə vallah, yetmişdən aşağı satmıram.

Elşad, cibindən çəhrayı yüzlüyü çıxardır.

-Buyur, Orxan. Sən ki mənim istəkli əmioğlumu yağışda qoymadın, kişi adamsan.

Pulu verir, malı alır.

Çıxırlar.

Çıxıb, vağzala yönəlirlər.

Vağzala qalxıb, üzü Bakı-Pirşağı-Sumqayıt qatarının qalxacağı P59 saylı sıraya gəlirlər.

Gözləyirlər.

Hamı gözləyir.

Saat səkkizə on dəqiqə qalıb.

Qatarın gəlməyinə iyirmi yeddi dəqiqə var.

-Camal, gələcəyəmizi bilir?-Elnur soruşur

-Yox, deməmişəm.

-Bəs elə şey olar?

Zəng edir.

-Demə ha, gödəkçə almışıq, de ki, səni görməyə gəlirik.

Elnur, başı ilə razılıq verir.

Zəng edir.

Cavab verir Camal.

-Camal, salam, necəsən?

-Axşamın xeyir, qardaşım. Şükür, sən?

–Yaxşıyıq. Elşadla gəlirik Sumqayıta. Mən çağırmışam. Gəlmişkən, dedik, səni də görək.

-İnd gəlirsiniz?

-Hə, indi. Belə oldu.

-Qəfləti oldu, gəlin, qarşılayacağam sizi vağzalda.

-Oldu.

-Nə dedi?

-Bizi qarşılayacaq vağzalda.

-Lap yaxşı. İşimiz düzəldi.

Gözləyirlər.

Saat səkkiz tamamdır.

Yanlarına hərbi forma geyinmiş, ədliyyə işçisi gəlir.

O da gözləyir.

-Qatar niyə gecikir ey?-kişi deyir.

-Yəqin, əsgərlik görməyib.-Elşad deyir.

Kişi gülümsünür.

-Olmusan?

-Səhhət imkan verməyib.

-Sən bəs?

-Tələbəyəm.

-Harada?

-Sumqayıt Dövlət Universitetində.

-Fikrin var?

-Magistrdan sonra.

-Nə üzrə oxuyursan?

-Politologiya.

-Hara qeydiyyatdasan?

-Beyləqanda doğulmuşam.

-Beyləqan qeydiyyatısan?

-Atam bizi Bakıya yazdırıb.

-Bakı qeydiyyatısan?

-Onu bilmirəm.

-Kişinin səs tonu dəyişir.

-Necə yəni bilmirəm? Sən necə studentsən? Nə sayaq politoloqsan? Yazıldığın yeri bilmirsən?

-Atam o vaxtı yazdırıb ey, mən uşaq olanda.

-Uşaq olanda ayrı. İndi ki tələbəsən. Politologiya oxuyursan. Bil elə şeyləri. Dəqiq ol.

-Harada qalırsan?

-Sumqayıtda.

-Dılı”ları görürsən?-kişi gülə-gülə soruşur.

Elnur qaşların çatır. Qıyıq gözləri bir az da qıyılır.

-Kimi?

-Qubadlılıları.-Elşad deyir.

-Hə…görürəm.

Kişi gülümsünür.

-Mən də oradanam.

-Qubadlıdan?-Elşad soruşur.

-Hə.

-Ay kişi, bunu bayaqdan de də. Mən də Laçındanam.

Əl verib, öpüşüb-görüşürlər.

-Sən harada işləyirsən?-kişi, Elşaddan soruşur.

-Kitabxanada.

-Hansı kitabxana?

-Universitet kitabxanasında.

-Hə…

-Məzun olduğum universitetdə kitabxanaçı işləyirəm.

-Hansı universitet?

-BDU.

-Hə…keçən il, qardaşım oğlu da ora girmişdi. Hüquqşünaslıq oxuyur.

-Adı? Bəlkə, tanıyaram.

-Arif. Tağıyev Arif.

-Adı tanış gəlir.

Qatar da gəlir.

Qatara yaxınlaşırlar.

Basabas düşür.

-İmkan verin də çıxaq!-qatardan çıxan orta yaşlı qadın qışqırır.

Çöldəkilər içəri keçir.

Elşad, hərbi forma geyimli kişi, Elşadla yan-yana, Elnur da üzbəüzlərində oturur.

-Hə, deməli kitabxanada işləyirsən. Tələbələr gedir-gəlir?

-Arada…oxuyanı da var, oxumayanı da…tələbədir də…

Kişi, Elşadın saçına baxır.

-Təzə kəsdirmisən, deyəsən?

-Hiss olunur?

-Bəs nə. Harada kəsdirirsən?

-Məhəlləyə yaxın yerdə.

-Neçəyə?

-Ona.

-Ona? Harada qalırsan?

-Nərimanovda. Üçə kəsdirirdim, bərbər naz elədi, dəyişdim bərbəri.

Kişi, gülümsündü.

-Mən də məhəllə bərbərinə kəsdirirəm. Şəhərə gediləsi deyil. Bir dəfə qələt elədim, şəhərdə kəsdirdim, bərbər köpəkoğlu on beş manat pul istədi.

-Verdin?

Kişi, baş barmağın, şəhadət və ikinci barmağının arasına saldı.

-…Verdim…hara verirəm, Dedim, neçə? Dedi, on beş? Dedim, beşdən nə aşağı verirəm nə yuxarı. Formada idim. Bir söz deyə bilmədi. Beşliyi verdim, getdim.

-Şəhəri demə…bir ayda qazandığını bir gündə aparır…

-Bir dəfə, deməli, subay vaxtımızdır, mən, əmioğlu yanımızda da iki ceyran, getmişik bara, şəhərin mərkəzinə. Yeyib-içmişik nəyi var, lül-pey…nəyisə, haqq-hesab vaxtıdır. Qoydular hesabı qabağımıza. Qiymət nə qədər ola?

-Nə qədər?

-Üç yüz manat

Elşad, təəcübləndi.

-Üç yüz?

-Sən öl, üç yüz. Gözümüz kəlləmizə çıxdı. Dedik, yəqin, dəmik, yaxşı oxuya bilmir, bəlkə gözümüzə üç yüz görsənir, bəlkə, otuzdur. Ovuşdurdum gözümü, qoşa sıfır gördüm. Onda bildim, çaxır kəlləmə vurmayıb, qiymət kəlləyə vurub…

Elşad, gülümsündü.

-Nəyisə, əmioğlu başladı tarpa-turpa…ayə, siz kimsiniz, bu nə qiymətdir qoymusunuz, kimə soxuş gəlirsiniz, böyüyünüzü çağırın bura-filan..mən də baxdım ab-havaya, gördüm bura, biz girən kol deyil, başladım, əmioğlunu sakitləşdirməyə ki, çox qatıqlamasın…kişinin oğlu döşəyir ey…axır bu döşəməklə də iş açdı başımıza…

-Nə oldu ki?

-Nə olacaq? Qoltuqladılar bizi qızların qabağında. Apardılar zirzəmiyə. Zirzəmi də nə zirzəmi…qan gölü, oğraşdır…meydan sulu qan…divar qan, daş qan, tavan qan…canıma qorxu düşdü, əmioğluya yavaşca dedim ki, ay oğraş, sənə bu lazım idi…əmioğlunu görəydin,..cücəyə dönüb…bir də gördüm şaqqa-şaqqa oğlanlar şallaqlarlı şaqqıldadıb gəlirlər üstümüzə…

Elşadın qaşları çatıldı.

-Qardaş, obyeki hansı ənkə yekənin obyekti idi ki?

Kişi, göz vurur.

-Kiminsə…kiminsə oğlunun obyekti…dədəsi balaca adam deyildi…nəyisə, dedilər yə ödəyin, ya bu gördüyünüz..şallaqları əllərinə vura-vura soxurdular gözümüzə. Bir də administrator gəlir. Üzdən tanış gəldi, Yaxınlaşdı mənə.

-Qismət? Qardaş nə var nə yox?

Bəhram, əsgər yoldaşım.

-Bəxtə bax ey.-Elşad bunu deyib gülümsündü.

-Nəyisə, öpüşüb-görüşdük. Dedi, bəs, nə məsələdir? Dedim, bəs, belə-belə. Kələlərə gözünü ağartdı, çəkildilər. Haqq-hesab bağlandı.

-Yaxşı qurtarmısan.

-Sən öl, hə. O haqq-hesabdan altı ay sonra evləndim.

Kişi, bunu deyib güldü.

-Ağlın başına gəldi elə mi?-Elşad gülümsündü

Gülüşdülər.

-Oğıudan, qızdan kimin var?

Qatar, Keşlə dayanacağına çatdı.

Adamların sayı seyrəkləşdi.

Elnurun yanında oturan adam da getdi.

Elnur, Elşadgili daha aydın eşidirdi indi.

-İki oğul.

-Neçədə oxuyurlar?-Elnur soruşdu.

-Birisi beşdə, o biri dörddə. Böyüyün oxumaqla arası yoxdur. Deyir, futbolçu olmaq istəyirəm, “Neftçi”də oynamaq istəyirəm. Deyirəm, a bala, oxu, diplomun, təhsilin olsun, deyir yox ey, futbolçu. Deyir, mənim oxumağıma pul xərcləyincə, futbola yazdır, məşqçiyə pul xərclə. Mən də fuutbolçu olum, səninlə anamıı dolandırım.

-Sən öl, kişi adamdır, düzə düz deyir, yalan demir ki. Boş yerə oxuyunca, elə futblçu olsun. Bəlkə, elə o deyən oldu.-Elşad dedi.

Kişi, çiyinlərini çəkir.

-Bəlkə də, nə bilim. Amma, təhsil ayrı şeydir. Mən özüm də univesitet oxumuşam. Qərb Universitetini. Filologiya üzrə. Düzdür ey, hərbçi oldum, amma, ali təhsilim də oldu da. İstəyirəm, uşaqlarım da oxusun. Balaca oxuyur, deyir, böyüyəndə polis olacağam babam kimi.

-Olar inşallah. Böyüyü sıxışdırma. Uşaq da olsa, bəlkə, bilir nə deyir. Elə deyil, Elnur?

Elnur, başı ilə təsdiqləyir.

Qatar Zabrat dayanacağına yaxınlaşır.

-Söhbətimiz şirin getdi ha.-kişi deyir-qonağımız olun.

-Çox sağ ol.-Elşad deyir.

-Sağ olun, olmuş qədər varıq.-Elnur deyir.

-Nömrəmi götür istəyirsən, buralardan keçəndə, xəbər elə. İstəsən, sənə türmədən təsbeh düzəltdirərəm.

Elşad, kişinin nömrəsini alır.

-Adın?

-Zakir.

Nömrəsini qeyd edir.

-Yaz sən də mənim nömrəmi.

Zakir, Elşadın nömrəsini yazır.

AQatar, Zabrat dayanacağına çatır.

Sağollaşırlar.

Elnur, Elşadın yanında oturur.

Elşad, əlini, Elnurun çiyninə qoyur.

Fikrə gedir.

-Rəhmətlik anam, universitetə qəbul olanda, babam anama belə bir şeirə oxşar bir şey demişdi.

İyirmi idim, igid idim,

Otuz idim, topuz idim,

-Nə idim?

-Topuz idim. Topuz olur ey, gərməşov, palıd ağacından.

-Hə.

-Bax, o.

Elşad, şeirim ardını deyir.

Qırx idim, qıvraq idim,

Əlli idim, bəlli idim,

Altmış idim, batmış idim,

Yetmiş idim, yatmış idim,

Səksən idim, səksəndim,

Doxsan idim, nöqsan idim,

Yüz idim, yerlə düz idim.

Şeir bitir.

-İndi sənin igid, mənim də topuz vaxtımdır-deyib, sağ əlini çiyninə vurur.

-Görəsən, Sumqayıta neçə dayanacaq qalıb?-Elşad soruşur.

Elnur, ekrana baxır.

-Dörd dayanacaq.

-Az qalıb. Görək hələ, bəy oğlan özü oradadır mı?

-Gələcək, qarşılayacaq bizi.

Yarım saat keçir.

Dörd dayanacağın dörd dayanacağı da.

Qatar, Sumqayıt vağzalına çatır.

Qatardan düşürlər.

Yağış hələ də yağır

-Burada qarşılayacaq bizi, Camal?

-Yox, orada. Qarşıdakı yolda.

Qatardan çıxıb, vağzalın için girirlər.

Özləri ilə birgə də xeyli adam.

Növbə Elşadgilə çatanda, Elnur, kartını çıxarır.

Kart çıxmır.

Təzədən kartını çıxartmaq istəyir.

Təzədən çıxmır.

-Nə oldu?-Elşad soruşur.

-İlişib.

Elşad, sağa-sola baxır. Nəzarətçini çağırır.

-Xanım, oğlanın kartı işilib pul qabına. Miziniz olmaz?

Xanım, nəzarət otağına keçir.

Qayıdır.

-Yoxumuzdur.

Yanlarından ağsaqqal kişi keçir.

Xanım, kişini çağırır.

-Əmi.

Əmi gəlir.

Xanım, vəziyyəti izah edir.

Əmi də gücünü sınayır.

Kart, əmiyə də qalib gəlir.

Əminin də çarəsi kəsilir.

-Keç, get.

Keçib gedirlər.

Vağzaldan çıxan kimi, gözləri Camalı axtarır hər ikisinin. Səs-küydən, adam sayından, adam seçmək olmur

-Qayalı! Elmar market! Qərb saray! Simurq!

-Neçəyə?

-Əlli qəpiyə!

-Novxanı! Novxanı!

-Neçəyə?

-Neçə nəfərsiniz?

-Camal haradadır?-Elşad soruşur.

-Elnur, gözü ilə Camalı gəzir.

-Odur ha, orada!-Elnur, taksi sürücülərinin dayandığı sıranı göstərir.

Yanına gedirlər.

Qucaqlaşıb, görüşürlər.

Elşad, görüşən kimi, paketi açır.

Gödəkçəni açır.

Paket sürüşür, yerə düşür.

Paketi, su aparır.

Elşad, gödəkçəni, Camala geyindirir.

Camal dartınır.

-Qardaşım!

-Ə, geyin görüm!

-Qardaşım!

-Ə, demirəm, geyin!

-Qardaşım!

-Ay kişi, geyin görüm!

-Sənindir?

-Sənə nə fərqi? Geyin görüm!

Axır, geyinir.

-Qardaşım, gödəkçəm nənəmgildə qalmışdı, sabah gətirəcəkdilər.

-Nə bilim dedin, üstlüyüm yoxdur, gələ bilmirəm. Ürəyim gəlmədi. Ə sən, mənim qaqamsan ey! Qoyarammı yağış altda qalasan.

Təzədən qucaqlaşırlar.

Üçü birdən.

Sumqayıt avtovağzalının çölündə, yağış altında, yağış damcıları, Elşadın, Camalın, Elnurun, üç qardaşın-bir müsəlman iki məsihçinin, birinin cod, birinin qıvrım, o birinin yumşaq telinin başından süzülürdü.

Söz, yerini tutmuşdu.

Görüşmüşdülər.

Ürəkləri gülürdü.

27/10/26

I.

I.;

–

.