O daş binaların daş adamları

Daş pəncərələri, daş otaqları,

İçində oyanan, bəlkə boğulan,

O daş arzuları, daş xəyalları…

Hələ daşdan keçən, divardan keçən,

Yediyi, içdiyi, əppək, çörəyi,

Necə ki daşlaşıb, yumşalmayıbdır,

Necə ki daşlaşıb, bərkiyir hələ..

Adamlar yarışır bu daş içində,

Adamlar axtarır rahatlığını,

Adamlar rahatlıq tapa da bilmir…

Daldan atılan daş topuğa dəymir,

dTopuğa dəyəni ümid bilirlər,

Yerdən götürürlər topuq daşını,

Bir az göz süzdürüb üstü-başına,

Deyirlər “Bu da bir ümiddir, lələ,

Xaraba qalmışdı evim-eşiyim,

Bu daşdan evimi tikərəm elə…”

Tikir daş üstündən evin-eşiyin,

Daş da hazır olur, ev-eşiyi də,

Axır, topuq basır, keçir içəri,

O daşdan tikilən ev-eşiyinə…

…Daldan atılan daş topuğa dəyir,

Daldan atılanı tutur baş üstdə,

Daldan atılana başını əyir…

Başını girləyir o daş içində,

Daş kimi dolanır, dolandırır da,

Arvad-uşağını, oğul-qızını,

Gəzdirir ürəyin bu daş içində

Daş xoşbəxtliyini, o şadlığını,

Daş boyda dərdinin arabasını…

Daşdan pul çıxardır evin kişisi,

Daş ilə külfəti dolanır belə…

Daş kimi oyanır, daş kimi yatır,

Daş kimi ömrünü dolanır belə…

Daşdan çörək bişir təndirin üstdə,

Daşdan çörək yeyir arvad-uşağı,

Daşı da yumşalır, çıxarır suyun,

Xəmirin, yuxasın yoğuru belə…

Daşı artıq düşür, ya əskik düşür,

Külfət “harınlayır” daş tamahından,

Artıq daş tamahı “yarır” başların,

Arvad da daşlayır, ərin, uşağın:

“Sənə gələn günə bir daş düşəydi!

Səni doğan yerə, bir daş doğaydım!”

Deyib də dünyanın bu daş heyfini,

Şıxır, beləsinə çıxır, dincəlir..

Kişinin dözməyə yeri də qalmır,

Tükənir kişinin səbir daşı da,

Daşı da çatlayır, çıxır qapıdan

Çıxır bu dünyanın, bu daş dünyanın,

Ən uca, ən hündür daş nöqtəsinə!

Baxır yer üzünə görür ki. Allah!

Yerin də, göyün də rəngi yeknəsəq,

Yerdən daş süzülür, göydən daş yağır,

Dünyanı daş ilə qarğayır fələk!

Kişi çəkə bilmir bu daş yükünü,

Yıxılır dünyanın daş nöqtəsindən,

Daşı daş aparır, bax, beləsinə,

Daşı daş aparır, canı qurtarır,

Kişinin dünyanın daş həvəsindən…

Hələ indən belə, bərkiyər, lələ,

Hələ çox bərkiyər, hələ yuxalmaz,

Çox izzəti-nəfsi daşlaşanların,

İştahı, tamahı qartlaşanların,

Daş heyfi, daş heyfi, Allaha qalmaz…

SDünyanın daş yükün çəkən kişilər,

Daşdan çəpər tikər o adamlara,

Çox izzəti-nəfsi daşlaşanlara,

İştahı, tamahı qartlaşanlara…

Onda görərsən ki, məqam yetişib,

Dünyanın daş heyfi şölələnibdir,

Közərib, tüstüsü çıxıb Allaha!…

O daş adamların. bu daş hasardan

Qaçmağa macalı, gücü yox daha…

Gün gələr, vaxt keçər o daş adamlar,

Zülmdən, sitəmdən nəqqaş adamlar

Keçərlər mələşə-mələşə onda,

Dünyaya daş üstdə zindan düzəldən

Çəpər çəkənlərin daş ələyindən!

Dünyanın daş heyfi onda çıxılar!

O daş tamahları, daş nəfsləri,

O daş iştahları, daş nəfəsləri

Süzülər onların daş ürəyindən!

25/10/2021-26/10/2021

Bakı şəhəri