Dərdini gəzirsən otaq içində
Dinməzcə bu otaqdan
O otağa keçirsən…
Keçirsən otağına,
Bağlayırsan qapını
Səs-səmirsiz, sakitcə…
İşığa, daş-divara,
Pəncərəyə baxırsan…
Deyirsən ki, ay Allah,
Nə yaxşı otağım var…
Dərd yoldaşım yoxsa da,
Bir otaq yoldaşım var…
Dərdimi bölüşürəm
Bu otağın içində
Dərdimlə ağlaşıram,
Deyirəm, gülüşürəm,
Axırda barışıram
Bu otağın içində…
Şükür yenə, ilahi
Vay o gündən, ilahi
Dərdimi ağlamağa
Otağım da olmaya
Dərdim onsuz, ay Allah,
Dost-aşnadan yetimdir.
Qorxuram ki, ay Allah
Özüm boyda dərd-sərim
Elə bu dərdim boyda
Otaqdan yetim qalar…
Arada sözləşirəm
Otağımla dərdimi
Otaq da qulaq asır,
Mənə dinməz-söyləməz
Nə ağzı var, nə dili…
Yaxşı ki heç danışmır,
Yaxşı ki dili yoxdur,
Cavab vermir dərdimə…
Yoxsa, gəlsəydi dilə,
Otaq…qınardı məni
Doğma, dost-tanış kimi,
Yaxın kimi, yad kimi…
Mən də peşman olardım
Dərdimi dediyimə…
Sözləşirəm dərdimi
Sözləşirəm otaqla
Dərdim qurtarmasa da,
Mənim sözüm qurtarır
Day çıxıram otaqdan…
Deyirəm ki, ay otaq?
Görəsən, bu otağın
Görən neçə qonağı
Sənə açıb dərdini?
Atam nəyindən deyib?
De, qardaşım nəyindən?
Anam, bacım nəyindən?…
Mərd imişsən, ay otaq,
Vallah sən mərdimişsən
Doğmadan da mərd imiş,
Dostdan da mərd imişsən
Çoxuna demədiyim
Ürək sözün, dərd sözün
Bircə sənə demişəm
Təkcə sənə açmışam
Ürəyimin dərdini
De, mən haradan taparam?
Elə bax sənin boyda
Otaq boyda dünyada
Fikirdaşın, sirdaşın,
Ya dərddaşın mərdini?
Səndən özgə, savayı
Kimə açım dərdimi?
Tək sənə deyə billəm
Ürəyimin dərdini…
Gündüz keçir, gün keçir,
Dərdləşirəm otaqla,
Otağım da dərdləşir
Dərd dəyişir otağım
Üzü eyvana sarı…
Söykənirəm eyvana
Naçar-naçar baxıram
Adamı dərdlə dolu
Dərdli adamdan toxtaq
Dərdli şəhərə sarı…
Qaralır gözlərimdə
Adamların dərdləri
Bu balaca şəhərə,
Küçələrə, yollara,
Adamlara sığmayan
Dərdlərindən, ay Allah,
Gözlərimə tor gəlir…
Şükür edirəm dərdimə…
Dərdimin səbri çatmır,
Dərdim yaman darıxır…
Dərdim otaq dəyişir…
Bezirəm dərd əlindən
Unutmaqçün dərdimi
Açmaq üçün kefimi
Ürəyimdən də böyük
Arzulara dalıram,
Xəyallara dalıram…
Xoşbəxt-xoşbəxt gəzirəm
Xəyalların içində
Heç vaxt yetəmməsəm də,
Heç vaxt görəmməsəm də…
Unutdurur dərdimi
O baməzə xəyallar…
Nə yaxşı ki, ay Allah,
Bəlkə yetəmməsəm də
Dərd əlindən soyuyan
Əl boyda ürəyimi
Ocaq təki qızdıran
Şirin-şəkər xəyal var…
Eh…Nağıllar qururam
Xəyalların içindən
Gör, nə arzular keçir,
Gör, nə xəyallar keçir
Ürəyimin içindən…
Sonra da görürsən ki,
Baş qarışıb dərdlərə,
Baş qarışıb arzuya,
Gecə keçib yarıdan…
Baş qoyursan yastığa,
Deyirsən: “Bu günüm də
Belə keçdi, nə olar?
Bu günün sabahı var…
Gecə keçər, ay otaq,
Bir təzə sabah olar,
Sabahı yaxşı olar…”
Belə sabah gəzərsən,
Belə sabah ararsan,
Elə belə, beləcə,
Anasını axtaran
Anasız uşaq kimi,
Səhrada sərab gəzən
Susuz kimi, ac kimi…
Belə sabah gəzərsən
Əlin çatmayan sabah…
Bu dərd, xəyal əlindən
Yaman yorğunam, otaq
Qoy mən bir az dincəlim
Qoy mən bir az yuxulayım
Əl götürüm hələlik
Bu dərd, xəyal əlindən…
Gecə keçib yarıdan
Gecə çoxdan çatıbdır…
Yaman yorğunam, otaq,
Yaman yorğunam, yatım
Ay, ulduz da yatıbdır…”
Oyanırsan o sabah
Görürsən ki, ay adam
Sabah həmin sabahdır
Sən də həmin adamsan,
Dünənki, həmin adam
Otaq həmin otaqdır…
4-5 Noyabr 2021
Bakı şəhəri