İnsanlara istedad yox,
İsti dad gərəkdir…

Çörəyin, kababın,

Çaxırın isti dadı…

İnsanlara istedad yox,

İsti ad gərəkdir,

Nüfuzun, vəzifənin

Rütbənin isti adı…

Kim neylər istedadı?

Nə işin keçər ondan,

Nə işin düşər ona,

Nə xahiş eyləyərsən,

Nə minnət vurar sənə…

Quruca bir addır da,

Qupquruca, qaxac ad…

…Filankəsi şairdir,

Bəhmankəsi aktyor…

Dondan dona dəyiş,

Gəl, özünü səhnədə

Yor…

Bir Allahın bəndəsi

Keçməz bığının altdan,

Bir Allahın qulu da,

And da içməz adına…

Adına bax….Adına!

…Artist, şair, müğənni!…

….Tayifeyi-mütrüf! Həri!….

…Gəl, ay şairim, bəri!…

…Gəl, ay xanəndəm, bəri!

Gəl, bəy tərifi oxu,

Nər oğlumun adına…

Qızıl əllilik basım
Sənin cibişdanına,..

Gəl, gəl, yaşın tök ağla,

Ağı de segah üstdə

Özümün çərlətdiyim

O ağbirçək anama…

Gəl, gəl, yaşın tök ağla,

Əyib, şikəst saldığım,

Dövlətin dağıtdığım,
Arın yerə vurduğum

O ağsaqqal atama…

Gəl, gəl, yaşın tök, ağla!

Toyu çevir mağara!

Bir ağıçı da çağır!

Qoşalaş, onunla ağla!

Torpaq üstdə, pul üstdə,

Haramca nəfs üstdə!

“Var” adlı iştah üstdə!

Şişləyib öldürdüyüm!

Malına göz dikdiyim!

Arına göz dikdiyim!

Yetim balalalarını
Bir-pir perik saldığım

O igid qardaşıma!….

…Hara gedirsən, şair!

…Hara gedirsən, hara!

…Gəl, gəl, yaşın tök, ağla!

Əlində böyüdüyüm,

O xan qeyrətim üstdə,

O bəy namusum üstdə,

Bozca papağım üstdə,

Qaraca bığım üstdə…

Sevgisindən,

Eşqdindən,

Məhəbbətindən keçən,

Xoşbəxtliyindən keçən…

Mənə yüz alqış deyən:

“Qardaş, qardaş, a qardaş!

Atama oxşar, qardaş!

Boyuna qurban olum!

Ay, gözünə döndüyüm!

O sən gələn yollara,

Qədəmlərə öldüyüm!

Haradasan? Hayandasan?

Ay, dədəmdən yadigar,

Arxa-dayaq bildiyim!

….Yaş yetmişə yetəndə,

Əl, ayaqdan düşəndə,

Gözləri əyiləndə,

Qapısından döndüyüm,

Xanım-xatın bacıma,

O xan, sultan bacıma…

Gəl, gəl, yaşın tök, ağla…

Mən ağlaya bilmirəm,

Bəbəyim saxta süzür,

Yerimə də sən ağla…

Gəl, ay şairim, bəri!

Gəl, ay xanəndəm, bəri!

Gəl, ay saqiyam, bəri!

Süz, saqiya, süz…

…Asta-asta süz…

Düz…şairim düz…

Düz o qəşəng,

Naxışlı,

O bəzəmə sözləri…

Gəl, ay şairim, bəri,

Gəl , ay xanəndəm, bəri,

Gəl, ay saqiyam, bəri…

***

…Mənimki də gətirmir,

Özümü, bu yaşımda

Şair biləndən bəri…

İtirmişəm başımı

Söz yığını içində…

Olmuşam başdanxarab,

Mən də dəli, sərsəri…

Elə o səbəbdəndir,

Yox sözümün kəsəri….

İşimi də itirdim,

Düz sözümün,

Kəlməmin,

Ləyaqətim uğruna…

İşimdən də olmuşam,

Ləyaqətimdən?! Əsla!

…And içiləsi adım,

Anılası ismim yox,

Nə mal-mülk sahibiyəm,

Nə vəzifə yiyəsi…

-Sərvətin?

-Sərvətim də

Qələmdir,

Ağca vərəq tikəsi…

….Bilmirəm ki,

Neçə il,

Ömür sürəm dünyada

Əgər ki bu dünyadan

Nə vaxt köçəsi olsam,

Kimsə sorsa adımı,

Kiməm? Nəyəm? Nəçiyəm?

Onda…ona deyərsiniz:

“Bu Allahsız dövranın,

Allahlı şairiyəm…”

05/07/2026-26/08/2026