YOL

İncil gecəsindən çıxmışdım. Gecənin təşkil edildiyi yerdən-zirzəmidən yuxarı qalxıb, qapıya çatanda, öz-özümə dedim:

-Metro ilə gedim ya piyada?

Hava sərin idi. Özüm də bir həftə idi ki, şəhərə çıxmamışdım.

Yolumu piyada getdim.

Nərimanov heykəlinə tərəf, oradan da Çəmbərəkənd parkına sarı yönəldim. Parkda hava, aşağıdan da sərin idi. Havadan ləzzət aparırdım. İki günlük qaynar istilərdən sonra, bu hava dərman kimi yayılırdı canıma.

Park boyu yuxarı qalxır, şəhərin axşam işıqlarında, gözümə sataşan, gözə gəlimli mənəzərələrin qarşısında dayanır, əlimə fotoaparatımı alır, şəkillər çəkirdim.

-Yox, başqa vaxt çəkərəm, çox qaranlıq düşür.

Parkda adam sayı çox da olmasa da, az da deyildi.

Uşaqlar skeytbord sürür, cütlüklər ağaclığın altında istirahət edir, park boyu gəzir, rəfiqələr bir-birlərinin şəkillərini çəkir, ailəlilər isə ya ağaclığın altında, ya kafelərdə oturub, qəhvələrini, çaylarını içirdilər.

Çəmbərəkənd parkından aşağı düşüb, üzü İçəri şəhərə tərəf yol aldım.

Yol getdikcə də, ətrafımdakı binalara baxır, çarlıq dövründə tikilmiş binaların yerlərini-nə vaxtsa şəkillərini çəkim deyə-göz yaddaşıma vururdum.

Axundov bağına çatıb, bağdan sağa buruldum.

Muxtarov küçəsinə çatdım. İçərişəhər metrosu, yolumun sağında idi.

-Əşi, piyada gedim ey.

Üzüaşağı düşdüm.

Elsonun bukinist kitab dükanı da yolumun üstündə idi.

-Yolüstü kitablara baxaram. Görüm Elson təzə nə gətirib.

Beş-altı addımlıq yol getmişdim ki kitab dükanının məhəccərinə əlini söykəmiş yaşlı bir qadın gördüm. Yaxınlaşdım.

-Kömək lazımdır?

Başını tərpətdi.

Yanına gəldim.

-Bayaqdan bəri gəzirəm, gözləyirəm ki, bir Allah bəndəsi çıxsın rastıma, mənə kömək etsin.

Qadın bunu deyəndə, İncil gecəsində Cəfərin dediyi söz düşdü yadıma. “Bax onda inandım ki, Rəbb varmış”. Dedim öz-özümə:

-Doğrudan da, Allah varmış.

Qadının yaşı əllidən yuxarı olardı. Boyu bəstə idi, saçları sarı. Sağ əlində əsa vardı. Paltarı qara rəngdə idi, ağzına taxdığı maska da.

-Bayaqdan gəzirəm, bir kömək edən yoxdur. Özüm də səhər saat səkkizdən bəri yollardayam. Yeməyə pul axtarıram. Acam.

-Oğul, qızdan kiminiz var?

Qadın başını buladı.

-Oğul-qızdan heç kimim yoxdur. Ərimi tez itirmişəm. Mənimlə evlənəndən bir il sonra, müharibə düşdü. Qarabağda şəhid oldu.

-Allah rəhmət etsin.

-Sağ ol, keçənlərin rəhmətlik.

-Ondan sonra evlənmədiniz?

Qadın ayaq saxladı. Üzünü mənə sarı çevirdi. Başını qaldırdı. Gözlərini qıydı.

-Bilirsən, bala? Mənim qeyrətim var. Qadın gərək ərini bir dəfə itirsin, day iki-üç dəfə yox.

Deməyə söz tapmadım. Başımla razılıq verdim.

-Heç istəmirdim, getsin. Dedim özünə ki, ay Azər, bax camaat qaçmağa yer axtarır, Moskvaya, Kiyevə qaçır, yalançı xəstəlik kağızı düzəldir, sən niyə gedirsən? Sözümə qulaq asmadı, getdi.

Qadının gözləri yaşardı.

-Vətənə qurban verdim ərimi…Vətən…Vətən…Vətən daş saldı başıma…

Duruxdu. Gözlərini naməlum bir istiqamətə zillədi.

Sükutuna fasilə verib, təzədən sözə başladı.

-O şəhid olandan sonra, dövlət mənə pensiya kəsdi. Qəbul etmədim. Dedim mən ərimi Vətənə satmamışam….bilirsən,bala, bir az dikbaş idim, lovğa idim. İndi görürsən, altını çəkirəm. O vaxt gözüm, ayağmı görmürdü.

Bunu deyib, ayaqlarını göstərdi. Sol ayağı, topuğundan əyilmişdi.

-Bəs necə dolanırsınız? Qohum-əqrabadan kimsə var, xalaoğlu, əmioğlu?

-Xalauşaqları ilə aram yoxdur, heç əlaqə də saxlamıram.

-Niyə?

Qadın köks ötürdü.

-Bala, mənim komplekt brilyantlarım, qızıllarım var idi. Sibir, fransız brilyantları. Min göz istəyirdi dursun tamaşasına. Son vaxtlar özümü yaxşı hiss eləmirdim. Getdim həkimə. Yoxlamalardan keçdim. Həkim dedi ki, Lalə xanım, sizdə xərçəngin ilkin mərhələsi başlayıb.

Sözünə ara verdi. Köks ötürdü.

-Yorulmuşam bala, bir az dayanaq.

Dayandıq. Nəfəsini dərdi.

Yola davam etdik.

-Dedim, hə, Lalə, brilyantlarını, qızıllarını satmaq vaxtı çatıb. Getdim evə, nə qızıl-zinətim vardısa, tökdüm masaya. Bir də gördüm, xalam qızı gəldi. Gözü sataşdı brilyantlara. Dedi ki, xalaqızı, nə edirsən bunları? Dedim bəs, belə-belə də, satmalıyam. Dedi nə edirsən satıb, onsuz iki günə öləcəksən.

Gözlərim böyüdü.

-Elə də dedi sizə? Elə birbaşa üzünüzə?

-Hə, bala, birbaşa üzümə. Dedim, hə öləcəyəm, amma, qəpik-quruşa da olsa, satacağam bu brilyantları. Çünki sənin gözün, nəfsin var bunların üstündə. Dedim, çıx get evdən. Çıxdı getdi. Ürəyimdə özümü yamanladım, qarğıdım özümü. Dedim, Allah məni öldürsün. Bunlardan uzaq, Allaha yaxın olum.

Qadın ayaq saxladı. Nəfəsini dərdi.

Yola davam etdik.

-Nəyisə, getdim Mərkəzi Univermağa. Orada bir qızıl satana yaxınlaşdım. Balaca boy, dolu kişi idi. Qoydum qabağına gətirdiklərimi. Başladı baxmağa. Dedi bu Sibir brilyantıdır, dedim bilirəm. Dedi bu Fransa brilyantıdır. Dedim bilirəm…

-Sizə kimdən qalmışdı bu birlyantlar?

-Ulu nənəmdən. Saydı. Bu ora brilyantıdır, bura brilyantıdır. Dedim, ay kişi, bilirəm ey, bilirəm! Qiymətini de! Əllərini qaldırdı. Əli ilə göstrədi. Dedi səkkiz yüzcə manat

-Səkkiz yüz manat? O boyda komplekt brilyanta? Elə qiymət olar?

-Bilirəm bala,bilirəm. Az demişdi. Amma, mən söz demişdim, xalamqızına, qəpik-quruşa da olsa, satacağam onları. Elə də etdim, Səkkiz yüzə satdım. Dərmana, müalicəyə, kimya terapiyaya getdi brilyantın pulları. Pulum da qurtardı. Bir az dayanaq bala, yoruldum.

Dayandıq. Qadın danışdıqca da, yoldan keçənlər maraqla bizə baxır, eləcə yanımızdan ötüb keçirdilər. Elə bil, birinin ağlına da gəlmirdi ki, bəlkə, qadına, ya mənə kömək lazımdır.

-Gedək, bala.

Yola davam etdik.

-Dövlətin mənə kəsdiyi sosial var idi. Onu da kəsdilər.

-Onu niyə?

-Deyəcəyəm, bala, deyəcəyəm. Mənim kreditlərim var idi. Vaxtı keçmişdi. Bank of Baku-dan zəng etdilər mənə. Dedilər, Lalə xanım, banka yaxınlaşın. Getdim banka. Dedilər ki, Lalə xanım, kredit borcunuz artıb. Dedim bilirəm. Bilirsiniz, lap yaxşı. Sosialınızdan kəsəcəyik. Soruşdum haradan? Sosialdan? Mənim tək qazanc yerim sosialdır, balam, oradan niyə kəsirsiniz? Üzümə qayıdıb deyəsən ki, kredit götürəndə fikirləşərdiniz. Kəsdilər. Bir-iki həftə olar, getdim banka. Dedim nədir, yenə yeyirsiniz pullarımı? Dedi, hələ ödəmə davam edir. Dörd yüz doxsan bir manat altmış qəpik borcunuz qalıb.

Duruxdum.

-Bəs yaxşı, o yox , bu yox. Necə dolandırsınız başınızı? Qonum-qonşu da yaxın durmur sizə?

Qadın acı-acı gülümsədi:

-Durur, bala, durur. Çox mehriban, canıma yanan qonşularım var. Allah canlarını sağ etsin. Deyirlər, Lalə can, narahat olmaginən. Sən ölsən, meyidini biz qonşular qaldıracağıq yerindən.

Bunu deyib ah çəkdi.

-Belə deyirlər sizə?

-Deyirlər, bala, deyirlər. Evim böyükdür mənim. Hər otaqda bir qonşunun gözü var. Mənim ölməyimi gözləyirlər. Keçən dəfə bir qonşu dedi ki, elə, ölüb-eləməmiş bir vəsiyyət yaz, böldür evini. Dedim, Arif, işdir bilsəm ölürəm, evi də tutacağam oda, qoymaram bir qalın divarı qalsın sizə. Dedi, nə? Yandırmaq? Güldü üzümə. Dedi, ay qız, bura Azərbaycandır ey, Bakıdır ey, nəyi oda tutacaqsan sən, nə yandırmaq? Dedim, mən edərəm.

Danışa-danışa Libraff kitab mağazasının qapısına çatdıq. Ayaq saxladı. Lalə xanımın gözləri yaşarmışdı. Fikrini dağıdım deyə, başladım söhbəti yumşaltmağa.

-Ərinizlə necə tanış olmuşdunuz?

-Hospitalda. Atam hospitalda müalicə alırdı. Polkovnik idi. Məni çağırdı. Orada tanış etdi Azərlə məni. O da hərbçi idi. Düzü…düzü, istəmirdim gedəm ona. Axır razı düşdüm. Evlənəndən bir il sonra da, şəhid oldu. O şəhid olandan sonra, anama açdım ürəyimi… nə oldu, ay ana? Nə tez evləndirdiniz məni? Heç xoşbəxtliyim bir il də çəkmədi ki…

Ayaq saxladı. Köks ötürdü.

Yola davam etdik.

-Bakıdansınız?

-Hə, Bakıdanam.

-İçərişəhər, Sovetski?

-Yox, Köhnə Yasamaldan.

-Hə, Yasamal uşağısınız.

-Hə, orada doğulub-böyümüşəm. Orada məktəb oxumuşam, 158 saylı məktəbdə. Sonra da tibbi texnikuma girdim. Dermotolgiya oxumuşam. Uşaq dermotoloqu olmuşam. Həkim işləmişəm.

-Həkim işləmisiniz? Pensiya alırsınız?

-Yox bala, pensiya yaşına çatmamış, işdən çıxası oldum, bu andıra görə-deyib, sol ayağını göstərdi.

-Əsill-köklü bakılısınız?

-Yox, anam gəncəlidir, atam polyak.

-Harada tanış olublar?

-Bulvarda.

Bunu deyəndə, üzü güldü. Sevindim.

-Anam onda, çox cavan idi. Balaca boy qız idi, amma, gözəl idi. Bulvarda oturmuşdu. Əlində də rusca kitab. Rusca da yaxşı bilmirdi.O qədər yaxşı bilmirdi ki, kitabı da tərsinə tutmuşdu. Yay idi. Bir də gördü ki, qabağında üç nəfər ağ paltarlı dənizçi keçir. Ortada da bir oğlan, yarlı-yaraşıqlı. Anamın da xoşuna gəlmişdi. Dedi, nə yaxınlaşa bu oğlan mənə. Yaxınlaşdı anama. Rusca dedi ki, gözəl qız, kitabı belə yox, belə tutarlar.

-Sonra?-gülə-gülə soruşdum

-Sonra…babam icazə vermədi. Dedi, Leyla, mən “həri” vermirəm bu oğlana. Səni qaçırdar Polşaya. İstəmirəm. Vermədi.

-Bəs necə evləndilər?

-Qaçırtdı.

-Polşaya?

-Yox, əşi Yasamala-gülə-gülə cavab verdi.

Məni də gülmək tutdu.

-Evin tək uşağısınız?

-Hə, tək uşağıyam. Əziz-xələf böyümüşəm. Qonşular da xətrimi çox istəyirdi. Bizim qaldığımız mərtəbədə, iki qonşumuz var idi. Biri İrandan idi, Orxanbəyli, o biri də slavyan idi. Skripinskilər idi, Vanya xala. Bayram olurdu, Vanya xala tort bişirib gəlirdi bizə. Deyirdi, Leyla, ver bunu Lalə balaya nuş etsin. Novruz olurdu, Orxanbəylilər şəkərbura, paxlava gətirdirdi bizə. Yaxşı günlər idi. Atam da yayda bizi gəzdiridi. Xarici ölkələrə gedirdik.

-Haralara?

-Polşaya, Çexslovakiyaya, Şərqi Almaniyaya.

-Hara daha çox xoşunuza gəlmişdi?

-Çexslovakiya. Muzeyləri var idi. Amma, adamları çox soyuq idi. Azərbaycanlılar daha mehriban idi o vaxtlar. İstiqanlı idi. Qonum-qonşu bir-birini axtarırdı, bir-birinin əlində tuturdu. İndi gör, bu boyda şəhərdə qolumdan bir sən tutmusan.

Deyib, ayaq saxladı. Nəfəsini dərdi.

-Qonum-qonşu ilə aranız yaxşı idi?

-Çox. Düzdür, anamın çox arası yox idi-gülə-gülə dedi.

-Niyə?

-Atam çox yaraşıqlı kişi idi. Bir dəfə bir qonşumuz anama xəbər çatdırdı ki, bəs Mikayılı Katyanın evində görmüşəm. Anamı saxlamaq olar? Əlinə aldı oxlovu çıxdı çölə. Balaca boy da olsa, yaman arvad idi. Anam atamı çağırdı, “Mikayıl?! Hansı …. xarabasında ölmüsən!?” Atam da qorxusundan çıxdı damın üstünə. Anam, Katyanı başladı axtarmağa. Katya da qorxusundan girmişdi mətbəxə. Evə girdi. Oxlovla o ki var döydü Katyanı.

Gülüşdük.

-Hələ bir dəfə də bir qadın anama liliput demişdi. Onu da döymüşdü. Elə onu döyəndə, döyülənin əri gəldi. Əlində də beş dənə dondurma. İstədi hayına çatsın, anam ərini də qatdı arvadına. Dondurmanı da necə lazımdır nuş etdilər. Anam belə arvad olub.

Gülüşdük.

-Atanız, ananız yaman adam olub. Biri qaçırdıb, bir döyüb.

Bunu deyəndə, gülə-gülə mənə göz vurdu.

-Atam məni də qaçırdıb.

Təəcübləndim.

-Sizi də?

-Hə məni də. Texnikumdan bizi Bərdəyə aparmışdılar. Pambığa. Heç istəmirdim gedəm. Anam dedi, getməlisən. Getdim. Pambıq yığdıq. Darıxdım, istədim qayıdam. Anama zəng etdim, dedi qal. Atama zəng etdim. Dedi, qızım narahat olma, gecə ilə götürürük səni. Atamı gözlədim. Gecə yarı idi. Hamı da yatmışdı. Bir də gördüm oturduğum pəncərənin qabağında, hərbi maşının işıqları pəncərəyə vurur. Özü də iki maşın. Atamı gördüm, hərbi formada gəlmişdi, yanında da bir hərbçi dostu. Gəldilər pəncərəyə tərəf. Yavaşca açdım pəncərəni. Məni pəncərədən götürdülər, qaçırtdılar Bərdədən.

Gülüşdük.

-Hə bala, atam, anam belə adam idi…mən də belə…nənən yaşayır?

-Yox, rəhmətə gedib.

Köks ötürdü

-Allah rəhmət etsin…övladım da olmadı ki, oğul-qız, nəvə-nəticə dadı bilim…

-Mən də sizin bir nəvəniz.

-Allah səni saxlasın bala. Özün haradansan?

-Laçından.

-Laçından. Ağdama yaxındır?

-Yox, Kəlbəcərə yaxındır.

Beləcə yavaş-yavaş Nizami heykəlinin üzbəüzündəki yola çatdıq.

-Babanızı görmüsünüz? Ata babanızı? Nənənizi?

-Yox. Atam beş yaşında olanda, anası ölmüşdü. Babam təzədən evləndi. Sonra müharibə başladı. Babam, atamı da götürdü özü ilə. Ata-bala Polşadan qaçasıydılar.

-Qaça bildilər?

-Qaçdı.

Alnımı qırışdırdım.

-Qaçdı?

-Hə, qaçdı.

-Kim?

-Babam qaçdı.

-Bəs atanız?

-Onu vağzalda qoydu, elə qaçdı.

-Vağzalda qoydu?

-Hə, vağzalda.

-Hara?

-Amerikaya.

-Amerikaya?

-Hə, Amerikaya. 77-də öldü, Çikaqoda. Ögey nənəmin də üzünü bir dəfə görmüşəm. Kök, balaca bir arvad idi.

-Kimə daha çox oxşadırdılar sizi? Ananıza ya atanıza?

-Anama. Gözlərim onun gözlər kimi, zümrüdü-yaşıldır-bunu deyib gözlərimə baxdı.

-Əriniz Azər haradan idi?

-Anası Özbəkistandan idi, atası da. O vaxt bizə elçiliyə gələndə, anası dedi, bizlə gedəcək Özbəkistana. Anamın üzünə baxdım. Dedim, getməyəcəyəm. Azər də eşitdi dediyimi, anasına dedi ki, Lalə istəmirsə, getmirik. Anası əsəbiləşdi.

Bunu deyib, nəfəsini dərdi.

-Nəyisə, razı saldı Azəri. Köçdüm Özbəkistana. Anası zülm verirdi mənə. Səhər saat dörd olan kimi, oyadırdı məni. İnək sağ, həyəti təmizlə, o işi gör, bu işi gör. Atama məktub yazdım. Kişi məni Özbəkistandan da qaçırtdı. Azər əsəbiləşdi mənə. Amma, axır razı düşdü. Köçdü Bakıya.

-Harada dəfn olunub əriniz?

Bunu deyəndə, Lalə xanım ayaq saxladı. Gözlərini boşluğa, naməlum bir istiqamətə zillədi. Gözləri yaşardı. Özümdən asılı olmadan, onun baxdığı istiqamətə baxdım.

-Harada dəfn olunub, əriniz?

Alçaq səslə cavab verdi:

-Özbəkistanda.

Elə bil, dediyi cavab qulağıma çatmamışdı.

-Harada?

Boğazını arıtladı.

-Özbəkistanda.

-Özbəkistanda?

-Hə, Özbəkistanda….

Susduq. Zümrüdü yaşıl gözləri, şəhər işıqlarının altında par-par parıldayırdı. Çantasından cib dəsmalını çıxartdı.

Danışmağa başladı.

– Azərin şəhid xəbərini alandan sonra, qaynanam gəldi Bakıya, götürtdü oğlunun nəşini. Dedi oğul mənimdir, mən bilərəm harada basdıraram! Basdırdı Özbəkistanda.

Gözlərindən zümrüd-zümrüd yaş gəlirdi.

-Ağlasam, getməyə qəbir yeri də yoxdur…

Sağ əlində tutduğu suyu içdi. Sağ əli ilə qolumdan yapışdı. Dayandıq.

Təzədən yolda düşdük. Söhbətinə davam etdi.

-Ərim şəhid olandan sonra, ata qohumlarımı axtarmağa başladm. Polşa səfirliyinə getdim. Dedim, atam polyakdır. Soruşdular ki, polyakca bilirsən? Dedim, yox. Soruşdular ki, soy adın nədir? Dedim, Məmmədova. Kəsədən cavab verdi. Get, Məmmədovları axtar.

-Atanızın soy adı nə idi?

-Bilmirəm. Mən atamın yox, anamın soy adını götürdüm. Ərə də gedəndə, soy ad dəyişdirmədim, ərimin də soy adı Məmmədov idi.

Ayaq saxladıq. Nizami heykəlinin üzbəüzündə idik. Nizami bizə baxırdı, biz də Nizamiyə.

-Acam bala,çox acam. Səhərdən bəri bir şey yeməmişəm. Pişiklər də acdır.

-Pişik də saxlayırsınız?

-Hə, balaları ilə bir yerdə.

-Nə cinsidir?

-Türk Van cinsidir.

-Biz də saxlayırıq pişik.

-Nə cinsidir?

-Britaniya cinsi.

-Hə. Acdır pişiklər də. Evdə hazır yemək də yoxdur, gedib yemək bişirməliyəm. Hələ kommunal borcları var. İşığı da söndürüblər.

Əl atdım cibimə. Onca manat pulum var idi. Göy onluğu uzatdım ona.

-Bala, sənin özünə pul lazımdır.

-Heç nə olmaz. Götürün.

Xanım pulu balaca çantasına qoydu.

-Çox sağ ol, bala. Allah canını sağ eləsin, Allah səni saxlasın. Muradına çatasan.

-İşsizəm. Allahdan istəyin, iş tapım.

-İnşallah, işin rast gəlsin. Uzağı bu həftənin cümə axşamısına, cüməsinə iş tapacaqsan.

-İnşallah.

-Get, bala. Səni yolundan etməyim. Mən onsuz yavaş-yavaş gedəcəyəm. Burada da dükana girib nə isə alacağam. İyirmi manat da verən olsa, heç olmazsa, otuz manat düzəldərəm. Özümün, pişiklərin yeməyə nəyisə olsun. Sonra da “6” nömrə ilə gedəcəyəm evimə. Get. Allah amanında.

Sağollaşdıq.

29/07/2026