Gözünü açıb seyr edərkən bu dünyanı,
Boğazından səs qopur
Dünyanın eşiyinə…
Dünya, səni salamlayır:
“Xoş gəlmisən beşiyimə”.
Səslə tanıyırsan həyatı,
İnsanları, neməti…
Qışqırırsan, bağırırsan…
Ya yuxu ehtiyacı,
Ya da ki xörək acı…
Və belə başlayır mübarizən
Həyata qarşı…
Böyüyür yaş,
Səs sözə verir
Yerini
Ağzın boyda sözlər öyrənirsən
“Ata, ana, akka, bıva”…
Öyrənirsən, eşidirsən,
Eşitməli olduğun,
Eşitməli olmadığın sözləri…
Alqışları, qarğışları,
Söyüşləri…
Xəlvəti söhbətləri…
Və beləcə başlayır
İlk qadağan,
İlk cərimən…
-Məbadə bu
Söhbəti kiminsə
Yanında deyəsən, ha!
Dondurma almaram ha sənə!
Gəzməyə aparmaram ha səni?
Razılaşdıq?
-Bəli.
Xeyirli olsun,
Bu da ömründə
İlk dəfə aldığın rüşvətin…
Boy atır yaş,
Söz cümləyə verir yerini
“Mən planşet istəyirəm
Mənə velosiped alın,
Mənim ondan xoşum gəlmir,
Mənim bundan zəhləm gedir,
Anam deyir, gəlməsinlər,
Atam deyir salam vermə,
Danışma, dinmə!
Sus! Kəs!”
Və beləcə tanıyırsan
Özünün, atanın, ananın
Doğmanın, yadının
Xasiyyətini,
İnsanların xislətini
Bir az da böyüyür
Mübarizən…
Yavaş-yavaş sərtləşirsən…
Yetişirsən…Cümlələr
Yerini daha geniş cümlələrə verir
Cümlələrin də yetişir
Fikirlərin də…
Yarısı məktəbdə,
Yarısı məhəllədə,
Yarısı evdə,
Xeyirdə, şərdə…
Tanıdığın adamların
Sayı da artır,
Adamlar tanıyırsan
Yaşında artıq,
Hətta bir az “qocalırsan”
Başından artıq…
“Kimsən? Atan kimdir?
Baban kimdir?
Anan kim?”
Cavab verirsən:
“Əliyəm, Sarayam, Tahirəm
Qoçəlinin oğluyam,
Əlövsətin qızıyam
Əkbərin də nəvəsi,
Saranın da balası…”
Adlar necə tanışdır…
Qoçəli, Əkbər, Sara,
Rişxəndlə gülür sana:
“Xoş gəlmisən! Nə yaxşı!
Ay, Qoçəlinin oğlu!
Ay, Əlövsətin qızı
Ay, Əkbərin nəvəsi!
Ay, Saranın balası!
Çay iç bizlə, qadası!”
Beləcə duyursan
İlk saxta mehribanlığı,
İlk saxta səmimiyyəti…
Duyursan, amma, susursan…
Bir az da bərkiyirsən…
…Böyüyürsən,
Məktəblisən,
Tələbəsən,
Oxuduğun,
Kitabların, tanış
Olduğun müəlliflərin,
Hekayələrin,
Sətir-sətir əzbər bildiyin
Dərsliklərin
Əzbəri də
Məhvərindən
Dəyişir…
Artıq hər şeyi
Və hər kəsi
Tanıyırsan,
Dünyanı, bəşəri…
Hər şeyin
Və hər kəsin dadına baxırsan….
Kinin, nifrətin, xəyanətin
Vətənə, anaya, bayrağa ataya
İncilə, Tövrata, Qurana,
Tanrıya
Cümlə bəşərə
Duyduğun
Məhəbbətin…
Və ən çox sevdiyin
Şeylərdən,
Ən çox vurğunu olduğu
Kəslərdən iyrənməyə başlayırsan…
Və beləcə başlayır
Ən böyük mübarizən!
Müqəddəs bildiyin,
Toxunulmaz sandığın
Bütün dəyərlərə qarşı!
Çünki iç üzünü görürsən!
Müqəddəsliyin altındakı
İyrəncliyin!
Çünki iç üzünü görürsən!
Toxunulmaz bildiyin
Dəyərlərin altındakı
Bəşər heysiyyətinin
Zorlanmış bəkarətini!
Ve beləcə böyüyür mübarizən!
Bütün “sus”lara
Və bütün qorxulara
Qarşı!
Və böyüməlidir də,
Əzizim!
Qulaq ver! Gör nə deyir
Babaların nəfəsi:
“Danışmaq gümüşdürsə,
Susmaq qızıldır,
Oğlum, qızım”.
Nə gözəl sözdür bu söz…
Demə, ilk qadağamız
Bəri başdan qoyulmuş,
Demə, ilk rüşvətimiz
Bəri başdan verilmiş…
Sükut qızıla bərabərmiş…
Susma! Susma! Danışgil!
Qoy sözünün qiyməti
Düşsün gümüşdən belə!
Çünki sənin “sus”undan,
O qızıl sükütündan
Nə qızıllar qazanır,
Kiçik böyük adamlar!
O böyük siyasilər!
Əbalı ruhanilər!
Nəhəng kapitalistlər
Nüfuzlu bürokratlar,
Ləndlordlar, o maqnatlar!
Onlardan hər yerdə var!
Ankarada, Bakıda,
Təl-Əvivdə, Tehranda…
Bax belə varlanırlar…
Bizim kimi adamların
Beynini və ruhunu uda-uda!…
Susma! Susma! Danışgil!
Qorxma, hələ ki varsan!
Qorxma! Qorxma! İrəli!
Çünki , düşünən başsan!
Dönmə mübarizəndən!
Çünki , sən,
VƏTƏNDAŞSAN!…
06/07/2026/-07/07/2026
Rasim says:
Əla şeirdir!
İyul 31, 2026 — 5:27 axşam
Emil says:
Çox sağ olun, Rasim bəy.
Avqust 5, 2026 — 5:42 səhər
S says:
Gözəl şeirdir
Avqust 10, 2026 — 5:23 səhər
Emil says:
Çox sağ olun, Selcan xanım.
Avqust 14, 2026 — 11:25 səhər