İş təlimindən qayıtmışdım. Günorta idi. JMR Plazadan aşağı düşüb, üzü Nizami küçəsinə tərəf yol aldım.
Hava yağışlı idi.
Pay-piyada çatdım Nizami kinoteatrının üzbəüzündəki keçidə.
Ac idim.
Keçid aşağı düşüb, keçid yuxarı qalxdım.
Bravo marketə girdim. Un məmulatları satılan bölməyə keçib, qoğal, xaçapuri, samsar aldım.
Dükandan çıxıb Gənc Tamaşaçılar Teatrı istiqamətində yol aldım.
Keçid aşağı düşdüm, keçid yuxarı qalxdım.
Hava yağışlı idi.
Oturmağa quru yox, çox da yaşlanmamış yer axtarırdım.
Axır, tapdım.
Üstündə “1952” yazılmış, geniş arkalı binanın sağ tərəfində, pizza kafesinin üzbəüzündəki oturacaqlardan birində oturdum.
Aldıqlarımı yeməyə başladım.
Xaçapurini nuş etdim. Keçən həftə, məsihçilərin toplaşdığı bazar duasından sonra, mənə hədiyyə verilən ağ üz qapaqlı, üzərinə qızılı hərflərlə yazılmış “İncil, Xoş Xəbər” adlı kitabından Peter və Andreyin hekayəsini oxumağa başladım.
“İlk şagirdlər
(Mark 1:16-20; Luka 5:1-11)
İsa Qalileya gölünün sahilində gəzərkən, suya tor atan iki qardaşı-Peter adlanan Şimonu və qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi. İsa onlara dedi: “Ardımca gəlin, Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız”.
Səs eşitdim.
Səsə səksəndim.
Skuter səsi idi.
Hava yağışlı idi.
Skuter düz ayağımın altına düşdü. İncili çantama qoydum. Qoğalı ovcumda sıxdım. Samsarı çantaya qoydum.
Skuteri yerindən götürdüm. Skuter sürənin qabağınca qaçdım.
“Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız”
Mark 1:16-20; Luka 5:1-11
Yağış, diri insan ovuna çıxmışdı.
Məndən sonra, bir-iki nəfər də başımıza toplaşdı.
Uşağı yıxıldığı yerdən götürdük. Oturacağa oturtduq.
-Su lazımdır, qaqa?-bir nəfər soruşdu.
Uşağın danışmağa halı yox idi. Başını qaldırıb, sağ əlini iki dəfə ürəyinə sarı apardı.
-Nə isə kömək lazımdır, qardaşım?-biri də soruşdu.
-Yox, qaqam çox sağ ol-uşaq cavab verdi.
Ovcumdakı qoğalı, uşağa uzatdım.
beş barmağının beşini də qaldırıb, əlinin içini qoğala sarı uzatdı.
Başımıza yığılanlardan biri, qollarını çirmələdi. Əlini, uşağın burxulan dizinə toxundurdu.
-Dizin burxulub. Bax, sıxasıyam dizini. Qışqırmayacaqsan?
Uşaq, başı ilə razılıq verdi. Əlini sıxdım. Kişi, uşağın burxulmuş dizini sıxmağa başladı. Sinəsini sıxdım. Uşaq qışqırmasın deyə, dişini dişinə bərk-bərk qıcırdı.
Kişi, uşağın dizini boşladı.
-Dizini dəbərtmə ha.-kişi dedi.
Uşağın başını qatım deyə, sorğu-suala başladım.
-Adın nədir?
-Musa.
-Neçə yaşın var?
-On altı.
Duruxdum. Kişi soruşdu.
-On altı?-kişinin qaşları çatıldı.
Uşaq, başı ilə təsdiq etdi.
-Bax, bu yağışlı havada, nə sürürsən bu skuteri?-kişi soruşdu.
Uşaq cavab vermədi.
-Evin böyük oğlusan?-mən soruşdum.
Başı ilə təsdiq etdi.
-İndi bildin niyə?-üzümü kişiyə sarı çevirdim.
Kişi susdu.
Sonra təzədən sözə başladı.
-Yağışlı havadır, canından artıq deyil ha.-kişi dedi.
-Neyləsin ey! On altı yaşında, evinə çörək qazanır, yaşıdları da şəhərin ortasında yekə bir dənə burgerxana açır, var-yoxunu…
-Dizini dəbərtdin-kişi dedi.
Kişi təzədən qollarını çirmələdi.
Əllərini dizinə toxundurdu.
Əlini sıxdım. Əlimi sıxdı. Sinəsini sıxdım. Dişini dişinə qıcdı.
On altı yaşındakı ürəyi ilə dözürdü ağrıya.
Hava yağışlı idi.
Kişi, uşağın dizini boşladı.
-Harada oxuyursan?
-Peşə məktəbində.
-Nə üzrə?
-İnformasiya texnologiyaları.
Gözüm skuterinə, “Wolt” yazısı yazılmış göy çantaya sataşdı.
-Neçə aydır “Wolt”da işləyirsən?-mən soruşdum.
-Altı ay.
-Nömrəni de görüm.
Nömrəsini dedi.
-Sənəd işi görə bilərsən?
-Nə sənəd işi?
-Kağız-kuğuz işi, ərizə-filan…
-Nə bilim, qaqa…
-Ə, yox, oxumağa gedir ey bu, nə sənəd işi?
-Bilirəm ey, kuryer işləməkdən ki yaxşıdır.
şaq cavab vermədi.
-Gəl, burada oturma. Yaşlanacaqsan. Gəl, keçək o üzə.
İkimiz, “Ya, Allah” deyib, uşağı qaldırdıq. Uşaq da güc toplayıb, güclə yeriməyə başladı.
Asta-aram, “Brooklyn 1952” kafesinə çatdıq.
Kafenin üzbəüzündə üç oturacaq vardı.
Ortasında, Musa, solunda qarasaqqal kişi, sağında mən oturdum.
Kafe işçilərindən biri, bizə yaxınlaşdı.
-Kömək lazımdır, qardaşım?
-Uşaq başını sağa-sola çevirdi.
-Çox sağ olun.-Musanın əvəzinə dedim.
Azdan sonra, uzunboy, ağ saçlı, ağ saqqallı, göy pencəkli, ağ köynəkli, qara ayaqqabılı orta yaşlı bir adam, bizə yaxınlaşdı.
Qabağımızdakı boş masalara baxdı.
-Müştərisiniz?
-Uşağın dizi burxulub.-mən dedim.
-Müştərisiniz?
Kişi ilə mən, ayağa qalxdıq.
-Uşağa dəymə, ayağı burxulub.
Uşağa sarı baxdı.
-Ambulans lazımdır?
Uşaq, başını sağa-sola çevirdi.
-Həkim lazımdır?-bunu deyib, uşağın üzbəüzündə oturdu.
Musa, ayağa qalxdı.
Mən sol qolundan, kişi, sağ qolundan tutdu.
İrəlilədik.
Musa, boynunu arxaya çevirdi.
Üzümü, uniformalı işçilərə çevirdim.
-Qardaş, uşağın skuterindən, çantasından, göz olun, sən canın.
-Arxayın ol, qardaşım. Buradayıq.
-Qardaşlar, bu yaxınlarda, xəstəxana-filan var?
Ofisiantlardan biri, cavab verdi.
-Var, qaqa. Bax, düz gedin, sağa dönün yolu, metro “Sahil”ə çatın, o yaxınlıqda, 1 Saylı Xəstəxana var.
-Çox sağ olun.
-Sağ olun. Allah köməyiniz olsun.
-Həkim lazım deyil.-Musa dedi.
-Niyə?-mən soruşdum.
Cavab vermədi.
-Pula görə?-yenə mən soruşdum.
Musa, başını aşağı endirib yuxarı qaldırdı.
-Mənlikdir.-mən dedim.
İrəlildədik.
Kafenin yiyəsi bizə, arxadan baxırdı.
Yağış yağırdı.
Getdiyimiz yol, kələ-kötür yol idi. Musa, az qalsın, yıxılırdı.
-Bu yola daş qoyanın!…-mən dedim.
Bu yola daş qoyanın, kefinin çağ vaxt imiş deyəsən…daşlar bir-birinə girmişdi.
İrəliləyirdik.
-Haralısan?
-Füzulidən.
-Day de ki, qarabağlıyam da. Mən də Laçındanam.
Musanın üzü güldü.
Yıxılandan bəridir ki, birinci dəfədir, üzü gülürdü.
İrəliləyirdik.
Küçənin axırına çatdıq.
Yolu düz keçdik.
Dəmir keçidə, barmaqlıqlara çatdıq.
Vıyıltısı başlamamış, zırıltısı başlamışdı zəhrimarın.
Üçümüzə dar idi. Mən arxada qaldım. İkisi keçdi.
Keçid qurtardı.
Mən qoşuldum.
Sağa burulduq.
İrəliləyirdik.
İrəliləyə-irəliləyə, Yeni Azərbaycan Partiyasnın baş qərargahının qapısının qarşısına çatdıq.
-Dincəlmək istəyirsən?-kişi soruşdu.
Musa, başını aşağı endirib, yuxarı qaldırdı.
Dayandıq.
“YAP Yeni Azərbaycan Partiyası” yazılan, boz lövhənin başı üstündən, öndər bizə baxırdı.
Yağış yağırdı.
Üzünə baxdım Musanın. Məğrur baxışı vardı. Yağış, saçını, saqqalını, bığını, kapüşonunu, jaketini isladırdı. Gözləri qıyılmışdı. Elə biləsən, ürəyində deyirdi ki, mən evin böyük oğluyam, anam, atam, qardaşım qapıdan içəri keçəndə, üzümə baxır, gözləri işıldayır onların. Çünki varam, çünki ikisinin böyük oğluyam, birinin böyük qardaşı. Atamdan sonra, evin böyük kişisiyəm. Böyük kişisi. Qurban olum, dəymə mənə, ay Allah! Nə olar, dəymə mənə! Yağış altında qoyma məni! Sınama məni çörəyimlə! Qazanıram axı! Qazanmalıyam! Evimə çörək aparmalıyam! Qardaşım oxuyur, universitetə girməlidir, atam, anam toyumu görməlidir. Arzularım var axı, ay Allah! Nə olar, dəymə mənə, qurban olum!
Elə biləsən, harayla dua edirdi Allaha içərisindən. Amma, məğrurcasına dua edirdi.
Yalvarmadan.
Bilaixtiyar, çantamı açdım.
İncili götürdüm.
Karandaşı əlfəcin qoymuşdum, kitabın səkkizinci səhifəsinə.
Kitaba baxdım.
İlk şagirdlər
(Mark 1:16-20; Luka 5:1-11)
Yağış damlaları. Peterin, Andreyin, Yaqubun, Yəhyanın və Qalileya gölünün üstünə damcılayırdı.
İncil yaşlanırdı.
İsa ağlayırdı.
Yağış yağırdı.
Kitabı, çantaya qoydum.
…Arxaya döndüm. Kişi, yoxa çıxmışdı.
Deyəsən, kişini də yağış aparmışdı.
Bıy, haradadır, ə bu?-mən dedim.
Musa, arxaya çöndü.
-Fırıldaq köpəkoğlu…-Musa dedi-Etibar etmədim onsuz ona. Yalandan danışırdı.
–Gedək həkimə.
-Qaqa, vallah məndə bir şey yoxdur. Dizim yaxşıdır. Mənim dizim çıxmayıb, burxulub.
-Nə edək?
-Gedək, qoyum şeylərimi, gedim evə. Saat biri keçib. Gedib, yemək yeyərəm.
-Gedək.
Qolundan tutdum.
İrəlilədik.
-Gördün, yenə qarabağlıya qarabağlı qaldı.
Musa gülümsündü.
İrəlilədik.
Dəmir barmaqlığı keçdik.
Yolun axırına çatdıq.
-Hara getməli idik, biz?-mən dedim.
Yolun, sağına, soluna baxdım.
-Düz-Musa dedi.
Düz getdik.
Yolu keçdik.
“1952 Brooklyn” kafesinı çatdıq.
-Xəstəxanaya getdiniz?-bayaq, bizi yola salan, ofisiantlardan biri soruşdu.
-Yox.-mən cavab verdim.
İkimiz də, qoyub getdiyimiz şeylərə baxdıq.
Yerində idi.
-Çox sağ olun-Musa dedi.
Asta-aram, şeylərə yaxınlaşdıq.
Götürdük.
Çölə çıxdıq.
-Qaqa,çantanı mən götürüm-Musa dedi.
Razılaşdıq.
O əlində çantda, mən əlində skuter, yola düşdük.
Yağış çisəliyirdi.
-Hara getməliyik?-mən soruşdum.
-Deyəcəyəm.
İrəlilədik.
-Özün harada qalırsan?
-Ramanada-Musa cavab verdi.
-Peşə məktəbin haradadır?
-Koroğlu tərəfdə.
_Özündən kiçik, qardaşın, bacın?
-Qardaşım.
-Neçədə oxuyur?
-Onda?
_Neçəyə hazırlaşır?
-İkiyə.
Yolu sağa burulduq.
_Atan var?
-Var.
-İşləyir?
-İşləyir. Mən də kömək edirəm.
Yolu düz getdik.
_Qaqa, ehtiyatlı ol, maşın keçir.
Səkiyə çıxdım. Skuteri qaldırdım.
-Sən harada oxumusan?
-Universitetdə.
-Harada işləyirsən?
-Heç harada.
-Qurtarandan bəri?
-On bir aydır.
Səki qurtardı.
Yola çıxdıq.
-Tələbə olanda, işləmişdim bir yerdə. Dövlət qurumu idi. Staj keçirdim. Üçüncü kurs tələbəsi idim. İş yaxşı iş idi ey, amma adamları adam deyildi. Sağım yaltaq, solum yaltaq. Qeyrət yox, namus yox. Oğraşdır, qara qəpiklik kişilikləri də yox idi. Rəhbəri görən kimi, ikiqat olurdular. Qabağına çay qoyan kim, pencəyini çiyinlərinin üstündən götürən kim…nə bilim əşi…çox şey…qaçdım oradan. Gördüm, belə yerdə çox, qalsam, şərəf, şəxsiyyət də qalası deyil. Qaçdım.
Danışa-danışa, 1 saylı orta məktəbin binasının qarşısına çatdıq.
Skuteri, səkiyə qaldırdım.
-Bilirsən, qaqa, bu saat iş yerlərinə, ya çurban axtarırlar, ya çoban. Heç kimə savadlı, mərd adam sərf etmir. Savadlı çox bilir, mərd qabağından yemir. Gəl ki, rəhbərə də az bilən, qabaqdan yeyən lazımdır. Fərq etmir ey, dövlət olsun, özəl olsun, maymaq, mağmun lazımdır. Day özünə hörmət qoyan yox.
-Elədir, qaqa. Budur ey, birini mən tanıyıram. Ramanada qalır. Savadlı oğlandır. Universitet oxuyub. İngiliscə bilir. Mən, o vaxt şəhadətnaməyə hazırlaşanda, onun yanına hazırlığa getdim. İmtahandan da yüksək bal toplamışdım. İxtisası dövlət işi idi, amma, keçdi müəllimliyə. Hazırlığa uşaq götürür, hazırlayır. Öz əli, öz başı.
_Sən öl, düz edir.
Səki qurtardı.
Yola çıxdıq.
Maşın siqnalladı.
-Gözlə! Keçirik də!-üstünə qışqırdım.
Keçib getdi.
İrəliləyirdik.
İrəliləyə-irəliləyə, Lev Tolstoy küçəsinə çatdıq.
Musa, səkinin üstündə, mən səkinin altında idim.
Musa, aşağı düşdü.
Büdrədi.
Qolunu sıxdım.
-İdmanla məşğul olursan, deyəsən?
Musa gülümsündü.
-Hiss olunur?
-Hə.-gülümsündüm.
-Olmuşam. Sərbəst güləşlə, kiqboksla.
-Yarışmalara getmisən?
-Getmişəm. Regional.
-Bəs, ölkə xarici?
-Yox.
-Niyə?
Musa, sol əlinin, şəhadət barmağı ilə baş barmağını bir-birinə sürtdü.
-Məşqçi də dəstək ola bilmirdi sizə?
-Yox.
-Nə deyirdi?
_Deyirdi, yol pulu sizlikdir, qalmaq pulu da.
İrəliləyirdik.
FHN binasını keçdik.
-Belə, özünü tərifləmək kimi çıxmasın, o xaricə gedən oğlanlardan da güclü idim mən, amma, onlar getdi, mən gedə bilmədim. Qaldım burada.
İrəliləyirdik.
Yağış yağırdı.
_Elə olur da. Ay qabaq, bir taksi sürücüsü ilə söhbət etmişdim. Bakılı balası idi. Oğlu, “Səbail” futbol klubunda oynayırdı. Deyirdi, Allahın futbolunda da tanışlıq keçir. Adamın olmasa, qabağa gedə bilmirsən.
-Elədir.-Musa dedi.
İrəliləyirdik.
İrəliləyə-irəliləyə, “Hazz” otelin qarşısındakı zirzəmiyə çatdıq.
Mən skuteri, Musa da “Wolt” yazılmış çantanı, səkinin üstünə qoydu.
Qucaqlaşdıq.
-Allah canını sağ eləsin, qardaşım.-Musa dedi.
-Evə çatanda, mənə xəbər elə.
Hərəmiz öz istiqamətimizə sarı yollaşdıq.
Gəzə-gəzə, erməni kilsəsinin qarşısına çatdım.
Əlimdə sıxıb saxladığım qoğala baxdım.
Qoğal islanmışdı.
Telefonuma zəng gəldi.
-Salam, Emil, necəsən?
-Yaxşıyam, Rüstəm, sən necəsən?
-Yaxşıyam. Yarım saat olar, yazdım sənə. Yəqin, internetin işləmir. Deyirəm, elə indi, vaxtın varsa, gəl kilsəyə, söhbət edək.
-Elə özüm indi, Nizami küçəsindəyəm. Buradan pay-piyada çıxsam, yarım saata, qırx dəqiqəyə, oradayam.
-Oldu. Mən də o vaxta olaram orada.
-Yaxşı.
Zəngi söndürdüm.
İrəliləyirdim.
Kilsəyə doğru irəliləyirdim.
İrəliləyə-irəliləyə, içərimdən Allaha sarı soruşurdum:
-Haradasan, ay Allah?!
…Yağış yağırdı…
Röyal Nəsirli says:
Cox gözəl ve maragli yazilib
Sentyabr 16, 2026 — 1:43 axşam
Emil says:
Rəyiniz üçün təşəkkür edirəm, Röyal bəy.
Sentyabr 16, 2026 — 1:57 axşam
Jvharr says:
Çox təsirli hekayədir və hər bir hadisə kimi bu hadisəni də hansısa səbəb üçün yaşayırıq, ümid edirəm bu hadisə sizə yaxşı mənada yaxşı təsir göstərir edib
P.S. lokasiyaların dəqiqliyi çox maraqlı bir nüansdır 😀
Sentyabr 16, 2026 — 8:46 axşam
Emil says:
Rəyiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Lokasiya, hekayənin canlı xəritəsidir. Onsuz olmur.
Sentyabr 17, 2026 — 8:30 səhər