Payız…gecə yarısı,

Küləyin uğultusu…

Külək uğultusuna

Qarışmış, sarı, narınc,

Qırmızı payız yarpaqlarının

Rəngli payız qoxusu,

Gecənin səs sirdaşı,

Gecənin söz sirdaşı

Yarpağın xışıltısı…

Səs-səmirsiz küncünəcə qısılıb

Bu xırdaca şəhərin

Küncündə, bucağında

Bir isti qucağında

Şəhərin gecə səsi,

Bir hüznlü nəğməsi

Cavan bir gitaraçı,

Yarımçıq bir sevginin

Yarım qalmış bəstəsi

Bir sevgi, eşq şərqisi

Şəhərin gecə səsi
Bir hüznlü nəğməsi…

Ensiz küçə boyunca,

Yanan, sönən işıqlar,

Bu balaca şəhərin,

Körpə ağaclarının

Qalxan, enən, köndələn,

Əyri döngələrinin

Dalanların, tinlərin,

Balaca insanların,

Balaca insanların
Balaca evlərinin

Üzərinə işıldar

Yanar, sönər işıqlar…

Aha! Yadıma düşdü..

Bir də, dostum, bir də ki
Köhnə məhəllələrin,

Köhnə pəncərəsindən
Neft qoxulu lampalar

O qara, boz daşların

Üzərinə işarar

Bu gecədə bir ayrı,

Ayrı, ayrı gözəllik,

Ayrı bir yaraşıq var!

Yanar, sönər işıqlar…

Neçə-neçə sevginin,

Gör neçə sevgilinin

Neçə sirrin sahibi,

Neçə sirrin şahidi

Köhə, qara divarlar,

Körpə, qoca ağaclar

O qara divarlara,

O yaşıl ağaclara,

Sevgidən bəzək vuran,

Bu yalquzaq şəhərin,

Sonuncu şairinin

Sonuncu misraları…

                       2017 iyul

                             Bakı şəhəri