“Emil, sənin mp3-ün var idi ey, içi mahnı olan, ona bir qara nauşnik alıb (ucuz) onu gətirə bilərsən cibində? Gətirəndə qəti vermə nbmə, cibinə qoyarsan yoxlayan olmayacaq.

-USB var, MP3 yoxdur.

-Hə o. Patrul çıxacağam, tək olanda mahnıya qulaq asmağa. Ya da 7, 8 manatdır. Mp3 ala bilərsən mənə?

-Alaram, niyə almıram.

-Mp3 içində sd kart olur maraqlı mahnılardan yükləyərsən. amma USB kimi olmasın. Çalış qara rəngdə olsun

-Nə mahnılar yükləyim? Nə tərz?

-Kurtlar Vadisi, fars tar musiqisi ondan

-Yaxşı”.

Qardaşımla Whatsapp-la yazışanda saat günorta üçü keçmişdi. İki saat sonra işdən çıxıb “28 May” metro stansiyasına getməyi planlaşdırırdım. Nahar fasiləsinə çıxanda da, mağazada söhbətimin tutduğu satıcılardan biri ilə danışıb MP3 satılan yerləri tanıyıb-tanımadığını soruşdum. O da “28 May” metro stansiyası tərəfdə telefon aksesuarlarının satıldığı mağazalarda tapa biləcəyimi dedi. Beləcə iki saatı gözlədim.

Saat altı olan kimi, WPS-dəki sifariş cədvəlini bir də yoxlayıb şöbə rəhbərinə təhvil verdim. Ofisdən çıxıb, Çıraq Plazaya tərəf getdim. Mən gələn kimi, 65 nömrəli avtobus yaxınlaşdı. Mindim avtobusa.

Avtobus “Nizami” metro stansiyasının qarşısında saxladı. Düşdüm. “Nizami Mall”-un aşağısı ilə “28 May” metro stansiyasına tərəf yol aldım. Sıra boyu telefon aksesuarlarının satıldığı dükanları gördükcə də mağazalara yaxınlaşırdım

-Qardaş, MP3 var?

-Yoxdur.

Dəqiq yadımda qalmasa da, təxmini üç mağazaya yaxınlaşdım. Üçündən də “yox” aldım.

-Cəhənnəmə, uzağı 28 Mayda olar.

Keçidə düşüb, Akademik Milli Dram teatrının qabağından metro stansiyaya kimi pay-piyada yol getdim. Metronun qabağına çatan kimi, rastıma çıxan mağazalara yaxınlaşırdım

-Qardaş, MP3 var sizdə?

-Yoxdur

-Salam, MP3 var sizdə?

-Nə?

-MP3.

-MP3 yoxdur.

-Qardaş, MP3 var?

Gülə-gülə cavab verdi:

-Heç onu axtarma.

Axtarmaya bilməzdim. Qardaşıma söz vermişdim.

Başqa bir mağazaya da yaxınlaşdım.

-Salam, qardaş, MP3 var mağazanızda?

Oğlan gülə-gülə soruşdu:

-Əsgər yanına aparırsan?

Gülə-gülə cavab verdim:

-Hə. Bütün 28 Mayı axtardım, tapa bilmədim. Sən haradan tapmışdın?

-Mən də iki-üç ay olar, əsgərlikdən qayıtmışam. Mənə də uşaqlar tapmışdı,

-Haradan?

-20 Yanvardan.

-20 Yanvardan? Tbilisi tərəfdə idim…bəxtə bax ey…qaqa, gör bir tanış-bilişdə var? İmkan varsa, buradan alım.

-Yaxşı. Qoy zəng vurum görüm.

Üç yerə zəng vurdu. Üç adamdan da eyni cavab gəldi

-Yoxumuzdur.

-Qaqa, salamatı get 20 Yanvara. Azərsu-dan əks istiqamətdə get, orada mağazalalar çıxacaq rastına. Yüz faiz tapacaqsan.

-Yaxşı. Çox sağ ol.

-Sən sağ ol.

Sağollaşıb çıxdım dükandan. 28 Mall -un istiqamətini tutub üzü metroya tərəf getdim. Elə təzəcə yola çıxmışdım ki, qabağımdan skuterlə bir oğlan keçdi. Tez yoldan geri döndüm.

-Dayı, yavaş!

“Dayı”, “əmi” xitabını küçədən keçən çox uşaqdan eşitsəm də, bu dəfəki mənə toxundu. Uşağın deməyi ilə də, getməyi bir oldu. Cavab da verə bilmədim.

Çatdım metro stansiyaya.

Eskalatordan düşüb, Dərnəgül qatarının gəldiyi platformaya yaxınlaşdım. Platformada azından altmış nəfər olardı.

Mən platformaya çatandan beş dəqiqə sonra, qatar gəlib çatdı. Məndən qabaqda gözləyən təqribi on nəfər, məndən arxada da təxmini on nəfər və mən-hamımız BİR NƏFƏR kimi özümüzü qapıdan içəri itələdik. Bir-birimizi itələyə-itələyə keçdik içəri. İçəri keçəndə də, hərmişə adət etdiyim kimi, başladım ciblərimi yoxlamağa. Maşinistin səsi gəldi:

-Qapını saxlama. Saxlama qapını, qatarı gecikdirirsən.

İyirmi ikincinin bəxti gətirmədi.

Qapını saxlayan, qapını buraxdı, Cavab da gəldi.

“Qapılar bağlandı, Növbəti stansiya, Nizami”

Üç stansiya sonra, “20 Yanvar” metro stansiyasına çatdım. “Azərsu” ASC-nin əks istiqamətində gedən yolu tutdum.

Keçidə çatan kimi, keçiddən yuxarı gedən iki cavan oğlandan soruşdum:

-Burada, telefon aksesuarları satılan yerlər var?

-Hə, yuxarıdadır.

-Çox sağ olun.

Qalxdım yuxarı. Azərbaycan Taksi Ansamblı axşam xoruna başlamışdı

-Cəlilabad! Cəlilabad! Biləsuvara iki nəfər! Biləsuvara! Beylaqan! Beylaqan!

Bir-bir mağazaların qapılarını açdım, bağladım.

-Qardaş, MP3 var?

-Yoxumuzdur.

-Qardaş, MP3 var?

-Yoxdur.

Beləcə beş mağazaya “salam-əleyküm” etdim. Axırda altıncı mağaya girdim.

-Qardaş, salam MP3 var?

-Əleyküm-salam. Yox, vallah, yoxumuzdur.

-Qardaşım əsgərdir. Onun yanına aparıram. Heç tapılmaz?

-Hə, qardaşın üçün istəyirsən? Nə olar, taparıq. Biz də əsgər olmuşuq.

Başladı tanışlarına zəng vurmağa. Kimə zəng vurdu “yox” dedi.

-Qardaş, xanım gəlsin, biz çıxaq, tanıdığım bir dükan var, bəlkə, orada olar.

Xanım əlində dönər gəldi, biz çıxdıq.

Təxmini ondan yuxarı obyekt-mağaza, dönərxana, kafe sırası keçib, satıcının dediyi dükana çatdıq. Dükan nə çox böyük idi, nə çox balaca. Telefon kabrosundan tutmuş, Airpods-da kimi mal var idi. Gözüm MP3-ü axtarırdı.

-Qardaş, MP3 var?

Təxminən iyirmi yeddi-iyirmi səkkiz yaşında, saçına çeçensayaq stil vermiş, qara paltarlı, qara jaketli bir oğlan mənə MP3-lərin olduğu sıranı göstərdi. İki formada MP3 var idi; pişik formalı, göy və çəhrayı rəngdə birdə “Minion” cizgi filminin qəhrəmanlarının oyuncaq modelləri.

Düzdür, qardaşıma oyuncaq almırdım, amma, hər necə olsa, oğlan üçün alırdım. Dedim heç olmasa, yaraşan bir şey olsun.

Qardaşıma minionu yaraşdırdım.

Məni bu mağazaya gətirən satıcıya dedim:

-Yenə minion uyğun olar hə?

-Oğlan yanına aparırsan?

-Qaqa, əsgərlikdə qız olur?

-Hə, doğrudan ey…

Götürdüm. Qiyməti altı manat idi. Qalırdı bircə SD kartını almaq. Geqabayt-geqabayt qiymətlərini soruşdum. Axırda on altı geqabayt-da razılaşdım.

-Allah xeyir versin.

Beş manat MP3 üçün, on altı manat SD kart üçün ödədim. Bircə qalırdı, SD kartın işləyib-işləmədiyini yoxlamaq.

Məni bu mağazaya gətirdən satıcı ilə mağazadan çıxdıq. Başladıq proqramçı axtarmağa.

Bayaq MP3-dən qıtlıq çəkirdimsə, indi də proqramçıdan qıtlıq çəkməyə başladım.

-Qardaş, proqramçı var?

-Yerində yoxdur.

-Qardaş, proqarmçı yerindədir?

-Başqa yerdədir.

Axır bir mağazadan bizə “hə” gəldi. Satıcıya-Samirə də mənim üçün çəkdiyi əziyyətə görə, qızıl beşlik verdim. Nömrəsini də aldım.

Elə təzəcə sözə başlayırdım ki, qara saqqallı, qara paltarlı, ortaboy bir kişi, əlində telefon içəri girdi

-Axşamınız xeyir. Telefon satıram.

-İstəmirik.

-Sağ olun

Söz növbəsi mənim idi.

-Qardaş, MP3-üm SD kartının işləyib-işləmədiyini yoxlamaq istəyirəm

-Vallah, bizdə o işdən başı çıxan yoxdur. Sən, ən yaxşısı, Afət xanımın yanına get, altıncı mağazada oturur. Bundan sonra altı mağaza say, oradadır.

-Yaxşı, sağ olun

Çıxdım dükandan, Üzüyuxarı altı mağaza saydım.

…Dörd, beş, altı. Girdim dükana

-Afət xanım buradadır?

Satıcılardan biri sağ tərəfi göstərdi. Göstərdiyi tərəfdə böyük hərflərlə “PROQRAM TƏMİRİ” yazılmışdı, Yaxınlaşdım.

-Afət xanım sizsiniz?

Afər xanım tərs-tərs mənə baxdı:

-Sir-sifətdən kişiyə oxşayıram?

Bir-sıfır. Amma, kişiyə oxşayırdı.

-Nə lazımdır?

-SD kartı yoxlamaq istəyirəm, işləyir, işləmir

-Ver, baxım.

Verdim, baxdı. Səbrim də çatlayırdı. Tezcə bilmək istəyirdim ki, işləyir, işləmir. Bir saata yaxın olardı ki, dükan-dükan daban döymüşdüm. Dözmədim.

-Yanınıza gəlsəm, olar?

Afət xanım bu dəfə gözlərini bərəldə-bərəldə mənə baxdı:

-Yanıma nəyə gəlirsiniz?

-Görüm işləyir, işləmir?

Afət xanım səsini ucaltdı:

-Nə?!

Mən də qarşılıq verdim

-SD kart!

-Yanıma nəyə gəlirsiniz? Hələ heç açılmayıb.

Açıldı. SD kartın o üz-bu üzünə baxıb dedi:

-Format olunmalıdır.

-Nəyə görə?

-Format olunmalıdır da…

-Nəyə görə də?

-Nəyə görə nədir ey…format olunmalıdır….

-Ay xanım, hansı səbəbə görə?

-Yordun ey məni…get başqa yerdə düzəltdir, düzəltmirəm.

Güc-bəla ilə tapmışam səni, hara buraxıram!

-Xanım, nə qədərdir qiyməti? Deyin, verim.

-İşlərim var, başqasına gördür.

-Ay xanım, qiyməti nədirsə, deyin. Əsgər yanına aparıram

-Məşğulam, başqa mağazaya get.

-Qiyməti nədirsə, deyin də?

-Başım qarışıqdır.

İki-bir. O mənə pul ata bilmədi, mən də işimdən qaldım. Təzədən, Samirlə sağollaşdığım dükana girdim.

-Qardaş, Afət xanım yaxın durmadı. Heç başınız çıxmır SD kartdan?

-Vallah başımız çıxmır. Bizdə onu bilən yoxdur.

Nə işə keçdik!….

MP3-ü aldığım mağazaya tərəf getdim. Girdim dükana. Mənə bunu satan satıcıya yaxınlaşdım.

-SD kartı yoxlada bilmədim. Yaxın duran olmadı.

Satıcı MP3-ü götürdü. SD kartı çıxartdı.

-Mobil telefonunu ver.

Verdim telefonu. Telefonumun SD kart giriş yerini mizlə açdı. MP3-ün SD kartını taxdı. Ekranda SD kartın taxılması ilə bağlı bildiriş gəldi.

-Telefonunda mahnı var?

-Yoxdur.

-Səs yazısı var?

-Var.

Səs yazılarından birini SD karta yüklədi. SD kartı çıxartdı, taxdı MP3-ə. Qulaqlığı MP3-ə qoşdum. Səs gəlmədi.

-Səs gəlmir.

-Ver, mən də qulaq asım.

Verdim.

-Səs gəlir?-mən soruşdum

-Gəlmir.-o cavab verdi.

Heç nə…axırıncı qardaşımın dediyi variant olacaqdı. Fləş-kartımı verməli idim.

-Qaqa, onda qaytarıram. Day olmur olmur da. Neynək.

Bayaqdan bəri, daha doğrusu, mən yarım saat əvvəl bu dükana girəndən bəri, mənimlə təmkinlə danışan satıcı, yenə təmkinin pozmadı.

-Qaytarırsan?

-Hə, qaytarıram.

-Yaxşı, onda səni bura gətirənə de ki, qaytrarıram.

Samirə zəng vurdum. Cavab verdi.

-Samir, mənəm. Sənlə MP3 üçün dükana gələn. Mən MP3-ü qaytarıram.

-Qaytarırsan?

-Hə, qaytarıram, işləmir.

Samir duruxdu. Sonra birdən cavab verdi.

-Qardaş, gözlə sənə beş dəqiqəyə yığıram.

-Yaxşı.

Beş dəqiqə dükanı o baş-bu baş gəzdim. Zəng gəldi

-Qardaş, gəl bizim dükana.

Getdim onların dükanına.

Dükanlarına çatdım. Samir dükanında işləyən xanımı mənə qoşdu.

-Xanım, səni proqramçının yanına aparacaq.

Xanım qabağıma düşüb, mağazadan sağ tərəfə getdi. İki dükandan sonrakı dükana girdi. Proqramçıya yaxınlaşdı. Tələm-tələsik nə isə deyib, dükandan çıxdı.

Mən də ona yaxınlaşdım.

-MP3-ün SD kartını yoxlamaq istəyirəm.

MP3-dən SD kartı çıxartdı. Noutbukuna qoşduğu fləş-karta taxdı. Noutbuka bildiriş gəldi.

-Hə, nə istəyirsən?

-Mahnı yükləmək.

-Nə mahnılar?

-Kurtlar Vadisi, fars tar musiqisi. Bir nəfər istəyir. Əsgər yanına aparıram.

-Əsgər yanına aparırsansa, mən mahnıları düz-qoş edərəm.

-Nə mahnılar var səndə?

-Azərbaycan, türk, qarışıq…

-Birini aç görüm.

Açdı. Niyaməddin Musayevin “Dünya sənin, dünya mənim” mahnısı oxunurdu.

“Bir taleyin oyununa cütlənmiş zərik

Yüz il qoşa atılsaq da, qoşa düşmərik…”

Mahnı təzəcə başlamışdı ki, içəri bir nəfər girdi. Saqqallı, qəhvəyi paltarlı, qara jaketli. Əlində telefon.

“Bir zərrənin işığına milyonlar şərik”

-Telefon satıram

“Dünya sənin, dünya mənim

Dünya heç kimin…”

-Neçəyə satısan?

“Bu get-gəllər bazarına dəvədir, dünya”

-Yüz əlli manata

“Bu ömür-gün naxışına həvədir dünya”

-Ver, baxım.

Oğlan telefonu proqramçıya verdi. Proqarmçı telefonun o üz-bu üzünə baxdı

“Əbədiyə qəh-qəh çəkər əbədi dünya”

-Çox bahadır. Dəymir. Yüz iyirmi manat

“Dünya sənin, dünya mənim

Dünya heç kimin”

-Sərf eləmir. Şəhərdə yüz otuz manat verdilər, satmadım.

“Çevrəsindən çıxsa əgər, sevda fırfıran”

-Get şəhərdə sat.

“Bir ümidin ətəyindən tutub da fırlan”

-Sağ ol.

“Eşidirsən pıçıldayır yıxılan, duran”

“Dünya sənin, dünya mənim

Düny heç kimin”

Proqramçı mahnını söndürdü.

Getdi.

-Belə mahnı desəm, yükləyə bilərsən?

-Sifarişlə mahnı yükləmirəm. Özümdə hazır yüz iyirmi səkkiz mahnı var. Onları yükləyərəm.

-Yüklə.

-Yaxşı.

Mən də boş yer tapıb oturdum. Saat doqquzun yarısı idi. İki saat idi ki, bir MP3-ün üstündə oyun gedirdi. Proqarmçıdan başqa, mağazada, iki nəfər də satıcı var idi. Biri dükana getdiyini deyəndə, o biri ona pul uzatdı.

-Əkbər, mənə dükandan “Fanta” ala bilərsən?

-Alaram.

-Al. Vallah çay mənlik deyil. Day burada başqa şey yoxdur deyə, çay içirəm. Yoxsa, çayla heç aram yoxdur. Mənimki sərin sudur.

Əkbər dükandan çıxdı. Kişi təzədən dilə gəldi

-Vallah, Eltun, uşaqlıqdan dədəmi buzluqdan su içən görmüşəm. Elə iyirmi yeddi yaşı olardı, mən körpə olanda. Buzluqdan su içirdi. O necə , mən də elə.

-Dağ adamısızınız?-mən soruşdum

-Yox, dağ adamı deyiləm. Əslimiz zənglianlıdır, amma, mən şəhərdə böyümüşəm.

Beləcə on dəqiqə keçdi.

-Eltun, mahnılar hazırdır?

-Hazırdır.

Noutbukun yanına gəldim. Eltun SD kartı çıxartdı, MP3-ə qoşdu. Qulaqlığı MP3-ə taxdım. Qulaqlıq işləmirdi. Gözüm SD kartın çıxdığı fləş-karta sataşdı.

-Ondan var?

-Var.

-Neçəyədir qiyməti?

-Dörd manata.

-Mahnıların qiyməti?

-İki manat verərsən.

MP3-ü götürüb qutusuna qoydum. Pul qabımı gödəkçəmin iç cibindən çıxartdım. İki manat götürüb Eltuna uzatdım.

-Sağ ol, qaqa, cibinə bərəkət.

Yerə qoyduğum çantanı qoluma vurub, mağazadan çıxdım. Birdən düşdü yadıma

-Fləş-kart alasıydın!

Əkbər torbasında “Fanta”, “Çiko” , “Lays”, “Coca-cola” girdi içəri.

Arxasınca girdim dükana.

-Eltun, fləş-kartı dörd manata dedin də?

-Kart oxuyucunu deyirsən? Hə.

Dörd manatı verdim Eltuna.

Eltun Əkbəri çağırdı.

-Əkbər, qardaş kart oxuyucu alır. Dörd manat demişəm qiymətini.

Əkbər kart oxuyucuya baxdı.

-Mən bunun qiymətini vurmamışam axı…

-Narahat olma, mənlikdir.

-Yaxşı.

Dörd manatı verdi Əkbərə. Onlarla sağollaşıb dükandan çıxdım. MP3-ü aldığım dükana qayıtdım.

-SD kart düzəldi. İndi də qulaqlıq işləmir.

Oğlan gülə-gülə cavab verdi:

-O bekara qulaqlıqdır. Var məndə iki manatlıq, üç manatlıq. Verim?

-Ver.

-Neçə manatlıq?

-İki manatlıq.

Vitrinə keçdi. İki manatlıq qulaqlıq seçib mənə gətirdi.

-Yoxlayım, baxım.

-Yoxla, bax.

Yoxladım, baxdım. İşləyirdi.

-Allah xeyir versin.

-Sağ ol.

Üç saat Tbilisi prospektindən “28 May” metro stansiyasına, oradan “20 Yanvar” metro stansiyasına, və iki saata yaxın mağaza-dükan gəzintimin nəticəsində MP3 işini həll etdim. Həll edib metronun yolunu tutdum. “Həzi Aslanov” qatarı ilə “Gənclik” metro stansiyasına, oradan da piyada evə getdim.

Ac idim. On beş gün əvvəl çıxıb getdiyimiz obyektdən gətirtdiyimiz plovu soyuducudan çıxartdım. Plovdan köhnəlmiş pendir iyi gəlirdi. Çox da vecimə idi. Ac idim

-Uzağı üstündən qatıq içərəm.

Plovu qızdırdım, mal ətini də ayrıca. Plovu qızdırdıqca, tünd iyi əməlli-başlı otağa yayılırdı. Yayıldıqca, aclığım bir az da artırdı.

Yeməklər qızdı. Qab götürüb, plov, üstünə mal ətini qoydum. İkisinin üstündən qatıq tökdüm. Obyektdə sifariş üçün işlətdiyim ayranı da qoydum yanıma. İştahla yeməyə başladım.

Axşam yeməyimi bitirib-axşam saat on birə qalmışdı-getdim otağıma. MP3-dən SD kartı çıxarıb, kart oxuyucuya qoşdum. Qardaşımın yazdığı mesaja yenə baxdım

“Kurtlar Vadisi, fars tar musiqisi ondan”

-Qələt edir, ağır mahnılardır.

Başladım şux mahnılar axtarmağa. Polad Bülbüloğlunun “Həştərxandan gələn gəmi”, Tünzalə Ağayevanın “Axar çaylar”, Aygün Kazımovanın “Bu sevgi”…harada şən-şux mahnı var idi, onları sayıb-seçib karta yüklədim.

Beləcə iki saat keçdi. Saat bir idi.

Arxayınlaşdım. Həm də sevindim. Əlləşib-vuruşub MP3 tapmışdım, mahnılar da yükləmişdim. Bircə qalırdı, qulaq asmaq.

Qulaqlığı taxdım. Səs gəlmirdi. Düymələri işlətdim. Səs gəlmədi. Peşman oldum. Əziyyətim zay oldu. Əsəbiləşdim də.

-Ay, şərəfsizlər! Dedim axı mən bunu əsgər yanına aparıram!

Kor-peşman yer-yatağımı hazır edib girdim yerimə. .

-Sabah Toğrul soruşsa, nə deyəcəyəm axı…

03/12/2024