İlk dəfə tərcümeyi-halımı yazarkən, yəqin ki, beşinci sinifdə oxuyardım. Azərbaycan dilini sinfə Şəhla müəllimə keçirdi. Əməli yazı nümunələrindən tərcümeyi-halı öyrədirdi şagirdlərə. O zaman yazmışdım ilk tərcümeyi-halımı :

Mən Emil İsmayılov Ədalət oğlu, 1998-ci il yanvarın 15-də Bakı şəhərində doğulmuşam. 2003-2004-cü illərdə 183 saylı uşaq bağçasında təhsil almışam. 2004-cü ildə “Ankara məktəbi-məktəb liseyi”nə daxil olmuşam…

Adamın özü haqqında yazmağı o qədər də çətin deyil. Belə götürsək, adamın iki tərcümeyi-halı olur. Bir adi vətəndaş kimi, bir də özün kimi…Özüm haqqında elə özüm kimi tərcümeyi-halı belə yazaram, daha doğrusu elə belə də yazıram:

Mən, Emil. Bu dünyanın adamı. 4,54 milyard yaşlı bu dünyanın 24 yaşlı adamı…Bu dünyanın nə oğlu yaşındayam, nə nəvəsi, nə nəticəsi, nə də kötücəsi.. Dünya mənim atamdan da böyükdür, babam da qocadır, ulu, ulu babamdan da…Yaşım da dünyanın 0,18-si qədərdir…Yəqin elə dünyadan qandığım da bu qədərdir…Yaxşısından, pisindən, xeyrindən, şərindən, acısından, şirinindən qandığım, daddığım da bu qədərdir…Nə qədər də yaşaşam, onun yaşına çata bilmərəm…altmış il də yaşasam, yetmiş il də…Amma neynək…az da olsa dünyanı qansam, yaxşıdır…heç qanmamaqdansa, heç olmaya az-maz qanmaq yaxşıdır…4,54 milyard yaşlı dünyada yaşayacağım ömür qədər, dünyanın qatını aça bilsəm, böyük işdir…qanmaz getmərəm buradan naşı getmərəm…Deyərlər ki “Allah rəhmət eləsin.. qandı getdi, qafil getmədi dünyadan…”

Nə deyim, adamlar…dünyanı qanmağa gəlmişəm…Ömrüm yetsə, ağını,bozunu, əvvəl sözünü, axır sözünü, bu babalarımdan qoca dünyanın özü qədər yatıb qalmış, yozulmamış qoca yuxularını yozmağa, ayıltmağa , oyatmağa gəlmişəm… Nözəmbillah, Yusif peyğəmbər deyiləm…hələ ki cavanam, çox cavan… amma nə deyim. lovğalıq kimi çıxmasın, dünənki uşaq da deyiləm…az-çox bu dünyanın gedişinə bələdəm..indən belə də Allah möhlət versə, dünyanın içində yəqin çox yol gedərəm… Yol gedə-gedə azaram da , itərəm də, itirərəm də, taparam da….Dünyanın işini bilmək olmaz…Allah eləməsin, özümü itirsəm, yəqin məni də haradasa, haradansa taparlar…Bax bircə bu sayaq özümü itirməyim…özümün sorağına özgələri çıxmasın…elə özüm özümü tapım, işdir, özüm-özümü itirsəm….

Nəyisə adamlar…bu da mənim özüm kimi tərcümeyi-halım…

***

Bu mənim tərcümeyi-halım…bu bir tərəfə….Mən də sizin kimi dünyanın sorağına çıxmaqda olum, siz də mənim söz sorağıma çıxmaqda….Söz məclisimə xoş buyurmusunuz, adamlar.

Hörmətlə,

Sizdən biri